Fikrət Ayvaz oğlu Məmmədov

GÖZƏL DAĞI, QOLLARINI BİRCƏ AÇ…

Hər dəfə onun haqqında dü­şünəndə insan ömrünün tək­­cə yaşadığı illərlə ölçül­mə­diyini deyənlərin nə qədər haq­lı ol­du­ğu­nu görürəm.  80-90 il yaşayıb  bu dünyadan iz­siz köçənlərin az­mı şahidi ol­muşuq. Amma elə insanlar da var ki, yaşadıqları qısa ömür­də bir neçə ömrə belə sığ­ma­yacaq qədər böyük işlər görə­rək xatirələrdə əbədiləş­miş, ölməzlik qazanmışlar. Sevimli xalq şairimiz Zəlimxan Yaqub demiş, “diri ölülərin” dünyası ola bilməz, “bu dünya əbədi dirilərindi”.

Mənim üçün əbədi diri olanlardan biri də Fikrət Məm­mə­dovdur. Təkcə ona görə yox ki, o, mənim qardaşımdır. Həm də ona görə ki, o, ruh adamıydı, söz adamıydı. Cəmisi iyirmi illik ömrünü elə yaşadı ki, vaxtsız ölümü ilə doğmalarına bir ömür­lük nisgil verməklə yanaşı, həm də özündən sonra yadigar qalan sözü ilə, daim minnətdarlıqla xatırlanacaq izi ilə təsəlli də verdi. Bir qardaş kimi təsəllini həm də onda tapıram ki, bu gün Fikrəti xatırlayan təkcə biz qohum-qardaşları deyilik. Bor­çalıdan olan qələm əhli – nisbətən yaşlı nəslin nümayəndələri bir şair kimi onu yaxşı xatırlayırlar.

Doğma qardaş haqqında keçmiş zamanda danışıb yazı yaz­maq asan iş deyil. Elə mən də bu yazını uzun tərəddüddən son­ra qələmə aldım. Daha doğrusu, mənə təkan verən, köməyimə çatan elə onun özü oldu: 1997-ci ildə işıq üzü görmüş “Bir dur­na ayrıldı öz qatarından” adlı kitabı ilə. İlk dəfə əlimə alırmış kimi kitabdakı şeirlərini və barəsində deyilənləri yenidən bir­nə­fəsə oxudum. Və gördüm ki, Fikrəti oxuculara təqdim etmək üçün mənim üzərimə heç bir yük düşmür.  Elə haqqında vaxtilə deyilmiş fikirlər onu tanıtmaq üçün kifayətdir. Gürcüstanın Əməkdar jurnalisti, bu ölkənin “Şərəf” ordeninə layiq görülmüş Dünyamalı Kərəm yazır:

“Fikrət Məmmədov Bolnisi rayonunun ən böyük, abad və axar-baxarlı kəndlərindən biri olan Faxralıda anadan olmuşdur. Uşaq vaxtlarından laləli-nərgizli “Gözəl dağı”na, kəndin lap yaxınlığındakı meşəyə, dağların zümrüd sinəsindən süzülüb gələn nəğməli bulaqlara vurulmuşdu. Bəlkə də elə ana təbiətə aludəçilik onu şair qəlbli etmiş, saf və təmiz sinəsini ilhamla coşdurmuşdu.

1978-ci ildə kənddəki orta məktəbi müvəffəqiyyətlə bitirən Fikrət sənədlərini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat-uçot fakültəsinə təqdim edir. Müsabiqədən keçib instituta qəbul olunur, tələbə bileti alır. 1981-ci ildə institutun ikinci kursundan ordu sıralarında xidmət etməyə gedir… Lakin vaxtsız ölüm Fikrətin neçə-neçə arzusunu yarımçıq qoyur, yazacağı ürək nəğmələrinə həmişəlik xitam verir. O, yaşasaydı Vətəninə, xalqına daha çox fayda verərdi, onları özünəməxsus sənətkarlıqla tərənnüm edərdi!.. Yaşayasıydı!..”

Yaşasydı… Həyatdan vaxtsız köçən əzizlərimizdən söz düşəndə ağlımıza ilk gələn bu olur ki, əgər yaşasaydı…  Amma yaşamadı Fikrət. Vurğunu olduğu Gözəl dağının gülünü-çiçəyini doyunca sinəsinə taxa bilmədi, “gəzək binələri, lap əldən düşək, yağışda islanaq, gün altda bişək”, – desə də, nə o binələri gəzə bildi, nə də yağışda islanıb gün altda bişmək ona nəsib olmadı. “Dələver, nə səsdi belə sübh çağı”, – dedi, amma nə dözümdə, iradədə bənzədiyi qızılquşlar oylağı olan Qızıl­qa­yanı istədiyi kimi gəzib vəsf edə bildi, nə də “dərdlərə dərman” olan “Möylə bulağı”nın suyundan doyunca içdi.

Hələ neçə illər öncə onun vaxtsız ölümündən təsirlənən  şair Əli Səngərli “Ağla, Gözəldağı, a Qızılqaya, yad et zaman-zaman bu ağır dərdi”, – deyərək  yazırdı:

Yaşasaydı gözəl şair olardı,
Sinəsi söz dolu, saz oldu getdi.
Gənclik illərinin ilkindi çağı
Ömrü çiçək yüklü yaz oldu getdi.

O, bu dünyadan erkən getdi. Faxralılar elin igid oğlunu, şeirsevərlərsə gözəl bir şairi itirdi. O şairi ki, ilhamını doğma yurdundan, el-obasından alırdı:

Gözəl dağı, qollarını bircə aç,
Öz balantək qucağına atılım.
Nə ki, sağam, qoy asılım boynundan,
Öləndə də torpağına qatılım.

Həyatdan vaxtsız köçəcəyi ürəyinəmi dammışdı, yoxsa bu, bir şair duyumuydumu ki, “öləndə də torpağına qatılım”, – deyirdi Fikrət.

Böyük türk şairi Nəcib Fazil Qısakürək yazırdı: “Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur”. Poeziyanın çətin yollarında ilk addımlarını atan Fikrət də hələ otuz il bundan əvvəl sanki Borçalının bu günkü narahat anlarını görürmüş kimi yazırdı:

Arzum budur, uca, məğrur başından
Dünya varkən qara yellər ötməsin!

İyirmi yaşındaydı Fikrət. Bu yaş segi yaşıdır, sevib-sevilmək yaşıdır. Qoca Faxralının cavan şairinin də sevgiyə, məhəbbətə özünəməxsus baxışı, özünün sevgi dünyası vardı:

İstəmirəm məhəbbətin
Yollarında duman ola.
Ulduzumuz barışmağa,
İstərəm ki, güman ola.

Məhəbbətin yollarını dumansız görmək istəyir, ulduzlarının barışmasına güman diləyir, “Fikrət Eyvaz gedər bada, sevgisini verməz yada”, – deyirdi. Amma sevgisinə qovuşmağa, ulduz­la­rı­nın barışmasına güman çox olsa da, aman olmadı. Taleyin vaxtsız əsən acı yelləri ona bu amanı, imkanı vermədi. Vaxtilə Bolnisi rayonunda çıxan və Fikrətin də əməkdaşlıq etdyi “Qə­lə­bə bayrağı” qəzetinin şöbə müdri vəzifəsində çalışmış Xəlil Allahverdiyevin  onun vaxtsız itgisindən təsirlənərək yazdığı ki­mi: “… hayıf ki, yaşıdı olduğu baharların ömrünü ömrünə qatmaq, yaşamaq mümkün olmadı. Hayıf ki, doğma yerlərin yeni baharlarına şirin gənclik heyrəti, hey­ran­lığı ilə gözüdolusu baxmaq, gül-çiçəyinə doğru can atmaq, çeşmələri üstə diz qatlamaq, bulaqlarıyla öpüşmək ona müyəssər olmadı. Axı, o, bu təbiəti necə də sevir, necə də məhəbbətlə tərənnüm edirdi. Necə də şirin arzular, ümidlər bəsləyirdi Vətəninə, elinə, obasına, vurğunu olduğu qələm qaşlı Borçalı sonasına”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu isə bu nakam şair haqqında belə deyir: “Nağıl ömrünün iyirminci ilini yaşayırdı Fikrət. O, layiq olduqlarını göstərə bilmədi. Özündən başqa heç kəsin yaza bilməyəcəyi neçə şeiri, neçə məqaləni köksünə sığmayan qəlbində apardı Fikrət. Onun gördüyü işlər, yazdığı şeir və məqalələr, görmədiyi işlərin, yaz­ma­dığı şeir və məqalələrin təmizliyindən, möhtəşəm­liyindən, səmimiliyindən xəbər verirdi”.

Bu yazıda Faxralının həyatdan vaxtsız getmiş bir şair oğ­lun­dan söhbət açmaq istədim. Daha doğrusu, vaxtilə onun ba­rə­sində deyilmiş fikirlərə söykəndim, heç bir şərhsiz-filansız bu fikirləri oxuculara da çatdırmaq qərarına gəldim. Və elə sonda da bu yazını   Xəlil Allahverdiyevdən sitatla tamamlayıram:

“Bir durna ayrıldı öz qatarından. Sim kimi tarıma çəkildi, gərildi qanadlar. Son vida nəğməsi harayı qopdu, bir ömrün sarayı qopdu. Arzular, istəklər, şirin gümanlar səhər şehi kimi tər çəmənlərə, bir də çox sevdiyi, vurğun olduğu ana torpağa hopdu. Hopdu ki, hər bahar  üzü günəşə boy atan güllər-çiçəklər oxuya bilmədiyi nəğmələri ötsün, yaza bilmədiyi şeir­ləri yazdırsınlar. Onda ayrılıq əbədiliyi də uzaq dolanar, gəzər.

Bir durna ayrıldı
               öz qatarından,
Uçub öz səfinə
                çata bilmədi.
Uzatdı əlini
               Günəşə, Aya,
Əlləri yoruldu,
                  tuta bilmədi.
Bir durna ayrıldı
                 öz qatarından,
Ayrıldı, özü də
                 vədəsiz, vaxtsız”.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

 

Yusif YUSİFLİ

 FİKRƏT  MƏMMƏDOV (1961-1981)

1960-2008-ci illərdə Gürcüstan azərbaycanlılarının yaşadığı bütün bölgələrdə apardığım araşdırmalara, tədqiqatlara əsasən Azərbaycan ədə­biy­yatı tarixinin ayrılmaz tərkib his­səsi olan Borçalıda yaranan ədə­biy­yatın tarixinin XVIII əsrdən baş­lanmasını dəqiqləşdirdim. Bu araşdır­malar zamanı Səməndər Məmmə­dovun “Faxralı tək ağır elim var mə­nim” kitabı mənim yardımçım oldu. Faxralı kəndi XVIII əsr ədəbiy­ya­tı­mıza Allahverdi İbrahimi, Fatma Alı qızını, XIX əsrdə Güllər Pərini, Səhnə Alməmmədlini, İsmayıl Orucoğlu Gülləri, Kərbəlayi İbrahimi, XX əsr ədəbiyyatımıza iyirmi yeddi nəfərdən çox qüdrətli söz sənətkarlarını bəxş etmişdir.

Şair, maarif xadimi və ədəbiyyatşünas Səməndər Məm­mədov Faxralı ədəbi məkanı, Azərbaycanın və Borçalının yaradıcı ziyalıları haqqında doqquz kitab yazıbdır. O, on dörd bənddən ibarət olan “Faxralı” rədifli şeirində yazır:

Bu torpaqdı sazın, sözün mahalı,
Hər çəməni, hər talası bir xalı.
Dağları var yapıncılı, çalmalı,
Kitab tutmaz min dastanım, Faxralı! 

İstedadlı şair Fikrət Məmmədov 1961-ci ildə belə zəngin ədəbi məkanda, təbii gözəlliyə malik olan şairlərin könül rübabını dilə gətirən Faxralı kimi nurlu bir məkanda anadan olmuşdur. Faxralı orta məktəbini 1978-ci ildə əla qiymətlərlə bitirən Fikrət Məmmədov D.Bünyadzadə adına Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun mühasibat-uçot fakül­tə­sinə daxil olur. 1981-ci ildə ikinci kursdan hərbi xidmətə çağrılır. İlha­mının yeni-yeni coşduğu bir dövrdə yazıb-yaratmağın fərəhli anlarını yaşadığı gənclik çağında eşqli-sevdalı ürəyində ən saf, ən zərif, ən pak arzularının qanad açdığı bir zamanda Bor­ça­lıdan çox uzaqlarda Vətən qarşısındakı borcunu yerinə yetirdiyi qayğılı günlərdə amansız ölüm Fikrətin böyük arzularını ürə­yində qoydu. Bu böyük kədər Fikrətin doğmaları üçün, Faxralı ki­mi bir böyük el üçün nə qədər ağır idisə, Borçalı ziyalıları üçün də bir o qədər ağır idi. Borçalının söz dünyasının üfqqlərində şölə saçan bəxt ulduzunun gənc şairlərimizdən Məmmədəli Zənginin 18 yaşında, İsa Sadiqin 30 yaşında, Fikrət Məmmədovun 20 yaşında sönməsi təkcə bir ailənin, bir kəndin kədəri deyildi, belə kədər, həm də Borçalı ədəbiyyatının, Borçalı qələm sahiblərinin kədəri idi. Görkəmli şair, tanınmış maarif xadimi, Fikrətin ədəbiyyat müəllimi Əli Səngərli “Fikrət Məmmədovun əziz xatirəsinə” şeirində yazır:

Çita… Borziya… Əsgəri xidmət,
Mayda öz qoynuna aldı Fikrəti.
Dərd amansız oldu, zaman qayğısız,
Ölüm caynağına saldı Fikrəti.

Ağrıya-ağrıya gəzdi neçə gün,
Vaxtında halına yanan olmadı.
Torpaq yad, komandir ögey – amansız…
Dərdlinin dərdini qanan olmadı!

… Beləmi göndərdi ana oğlunu?!
Gələndə laçını qutuda gördü.
Ağla, Gözəl dağı, a Qızılqaya,
Yad et zaman-zaman bu ağır dərdi.

Yaşasaydı gözəl şair olardı,
Sinəsi söz dolu, saz oldu getdi.
Gənclik illərinin ilkindi çağı,
Ömrü çiçək yüklü, yaz dolu getdi.

Əlvida, əlvida, balamız Fikrət,
Doğma torpağındır, öz elində yat.
Nə qədər cavanlar nakam gedibdir,
Neyləyək, belədir vəfasız həyat.

Görkəmli Borçalı şairi Əli Səngərlinin şeirlərində qəddar sovet rejiminə, onun qeyri-humanist qanunlarına, qanlı rep­ressiya olaylarına qarşı ciddi tənqidi iradlar var. Bu qorxmaz, bu cəsarətli şairin qələmi qılınc kimi həmişə kəsərli olmuşdu, çünki bu qələmin arxasında insan­pərvər Əli Səngərlinin məğrur şəxsiyyəti, əyilməz vüqarı, qeyrəti durur­du. Uzun müddət onun çoxşaxəli yaradıcılığını tədqiq edəndə, zəngin yaradıcılığının dərin qatlarına nəzər yetirəndə onun polad iradəsinə, cəsarətinə valeh olurdum.

Gənc şair Fikrət Məmmədovun ömrünün ən coşğun, ən qay­­nar bahar çağında, arzularının, eşqinin, ilhamının qönçə­ləndiyi bir vaxtda, uzaq Çitada hərbi xidmət borcunu yerinə yetirdiyi məqamlarda həlak olması Əli Səngərlinin kövrək şair qəlbini həm yandırıb-yaxır, həm də hərbi his­sədəki koman­dirlərin qayğısızlığı, diqqətsizliyi onu qəzəbləndirir! Be­lə ağır dərdə “gələcəyin gözəl şairinin” ölümünə dözə bilməyən şair göz­yaşları içində, Fikrətin Faxralıda doğma torpağa tapşırılan rəsmi dövlət dəfn mərasimində, rayon partiya rəhbərliyinin və hərbiçilərin qar­şı­sında bu odlu-alovlu şeirini oxuması o dövr üçün çox nadir hadisə idi. Əli Sən­gərlini həmişə bu qeyrət, bu cəsarət, bu qorxmamazlıq yaşadacaqdır!…

Unudulmaz Fikrət Məmmədovun 1981-ci ildə 20 yaşında dünyasını dəyişməsi xəbəri Borçalı qələm sahiblərini də sarsıtmışdı. Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu “Ölüm sevinməsin qoy…!”, Əməkdar mədəniyyət işçisi, şair Dünyamalı Kərəm “O, yaşasaydı!…”, “Qələbə bayrağı” qəzetinin  şöbə müdiri Xəlil Allahverdiyev “Bir dünya ayrıldı öz qatarından…” məqalələrini yazdılar. Fikrətə ithaf edilmiş şeirlər, məqalələr gənc qələm sahibinə, vətənpərvər Azərbaycan oğluna, onun mənsub olduğu ocağa, bir də Fikrətin nakam, pak ruhuna hörmət və ehtiram idi.

Fikrətin “Qələbə bayrağı” qəzetində yazdığı məqalələri, “şeirlər dəftərini” oxuyan Arif Əmrahoğlu yazır:

“Bir gənc tanıyıram….

Elə bir gənc ki, xidməti borcunu, vətəndaşlıq borcunu yeri­nə yetirərkən həlak oldu. Nağıl ömrünün 20-ci ilini yaşayırdı Fikrət. O, layiq olduqlarını göstərə bilmədi. Özündən başqa heç kəsin yaza bilməyəcəyi neçə şeiri, neçə məqaləni köksünə sığ­mayan qəlbində apardı. Onun gördüyü işlər, yazdığı şeir və məqalələr, görmədiyi işlərin, yazmadığı şeir və məqalələrin təmizliyindən, möhtəşəmliyindən, səmimiliyindən xəbər verir­di.” (“Bir durna ayrıldı öz qatarından” kitabından səh. 5-9, Bakı, 1997-ci il.)

Fikrət Faxralı toy-nişan şənliklərində saatlarla aşıqlara qulaq asa-asa, sazın alışıb-yanan pərdələrində Kərəmlərin, Əslilərin dərdinə şərik ola-ola saz havalarını, aşıq mahnılarını ana laylası kimi ürəyinin tac damarına hopdururdu. O, orta məktəb illərindən başlayaraq Azərbaycan dastan­larını, Vaqifin, Səməd Vurğunun şeirlərini ardıcıl oxumağa başladı, Faxralı kimi ağır bir elin şeir-sənət bağça-bağından şirə çəkə-çəkə özü də bu sənət bağının iştirakçısına çevrildi.

Fikrət, Bolnisinin rayon qəzeti “Qələbə bayrağı” ilə əməkdaşlıq etməyə, öz canı qədər sevdiyi Faxralıdan, onun zəngin təbii gözəlliklə­rindən, fədakar əmək adamlarından, uzunömürlü nurani şəxslərdən oçerklər, publisist məqalələr yazmağa başlayır: “Faxralının dünəni və bu günü”, “Bahar ömürlü qoca”, “Mexanizator Camal” və b.

Ulu Borçalının Faxralı kəndi İlahinin yaratdığı ən şəfalı, ən axar-baxarlı, zirvəsi qartallı dağları, keçilməz meşələri, insana sağlamlıq bəxş edən çağlayan  bulaqları, insanın ruhunu oxşayan bir məkanda yerləşir. Belə zəngin təbiət gözəllikləri əhatəsində yaşayan Fikrət ,,Faxralının dünəni və bu günü” oçer­kində ilk öncə doğma kəndinin göz-könül oxşayan gözəl­liklərinin bədii təsvirini verir. Sonra müəllif Faxralıya başu­ca­lığı gətirən, kəndi hər yerdə, hər yanda tanıtdıran, məşhur­laşdıran, bütün respublikada adları dillərdə əzbər olan qazilər, şeyxlər, elm-maarif xadimləri, qəhrəman oğulları, XVIII əsrdən başlanan ədəbi mühitimizin nümayəndələri, çoxsaylı alimlərinin tərənnümü müqayisəli şəkildə Fax­ralının dünəninin və bu gününün bədii xəritəsini yaradır.

Azərbaycanın aqil və müdrik kişiləri demişlər: sağlam ab-havada, dağlar, meşələr, diş göynədən buz bulaqlar, ətir saçan gül-çiçək əhatə­sində məskunlaşan el-oba tarixə böyük şəxsiy­yətlər, qəhrəman oğullar, çoxlu sayda uzunömürlü adamlar bəxş edir. Faxralı kəndinin simasında biz bu deyimin real oldu­ğunu görürük. Mərhum Fikrətin “Bahar ömürlü qoca” oçerki Faxralının uzunömürlü qocası İsmayıl babanın 115 yaşının ta­mam olması münasibəti ilə yazılmışdır. Yazıçı İsmayıl babanın ömür yolunun ən fərəhli məqamlarını qələmə alandan sonra, qocanın son il­lərdə ömür-gün yoldaşını itirməsini, İsmayıl babanın həyatının kədərli anlarını bu bayatı ilə yekunlaşdırır:

Əzizim, qara dağlar,
Kəkilini dara, dağlar.
Vəfalı yar itirmişəm,
Bir onu ara, dağlar!

Unudulmaz Fikrət Məmmədov çox az yaşadı. Bu az ömürlə, coşqun ilham sahibi Gürcüstan azərbaycanlılarının ən yeni dövr ədəbiyyat tarixinə yeddi məqalə və səkkiz lirik şeirlə daxil olubdur. Onun qələ­mindən, fikir-düşüncə dünyasından süzülüb gələn əsərlərin azlığı bir tədqiqatçı kimi məni qətiyyən narahat etmir. Çünki onun əsərlərindəki yüksək sənətkarlıq, peşəkarlıq, bir bədii əsər kimi dəyəri, sözlərin mis­ra­lara mirvari kimi düzülməsi, Azərbaycan dilinin zənginliyindən, incəli­yin­­dən məharətlə istifadə etməsi ilk andan oxucunun qəlbinə, ru­huna qo­nur, yaddaşlara hopur. Nəğmə kimi, mahnı kimi könül sazının pərdə­lərində, simlərində gənc aşiqlərə, sevənlərə fərəh bəxş edir:

İstəmirəm məhəbbətin,
Yollarında duman ola.
Ulduzumuz barışmağa,
İstərəm ki, guman ola.

Möhnətini çəkə-çəkə,
Tay olmuşam pərgu-tükə.
Həsrətimə bircə tikə,
Mərhəmətin dərman ola.

Suya gəlsən – bulaq ollam,
Seyrə çıxsan – oylaq ollam.
Yolunda göz-qulaq ollam,
Kaş işimiz səhman ola.

Fikrət Eyvaz gedər bada,
Sevgisini verməz yada.
Küpəgirən qarılarda
İnsaf ola, iman ola.

Tədqiqatlar göstərir ki, sevgi və məhəbbət motivli şeirlər Azər­baycan şairlərinin əksəriyyətinin yaradıcılığının ilk dövrü­nü təşkil edir. Yəqin ki, şair Fikrət də səkkiz şeirindən ikisini  – “Ola” və “Xoş gəldin” rədifli şeirlərini sevdiyi Azərbaycan gözəlinə ithaf etmişdir. “Ola” rədifli şeirində Fikrət arzu edir ki, onun sevgi və məhəbbət yolu işıqlı, nurlu olsun, bu pak, saf, təmiz yolda bunların istək və arzularına mane olan nə duman, nə çiskin, nə də aravuran, sözgəzdirən, küpəgirən qarılar olmasın. Çünki artıq xeyli vaxtdır ki, sevdiyi qızın möhnətini çəkə-çəkə, “pərgü-tükə” saçları, hörükləri qu quşunun tükləri kimi yumşaq bir gözələ tay-tuş, sirdaş olmuşam, – deyir. Onun bircə tikə, bircə damcı mərhəməti şair üçün dərman olduğunu bu şeirində sevgilisinə bəyan edir.

Şeirin üçüncü bəndində şair cəsarətlə sevdiyi gözəlin nəzə­rinə çat­dı­rır ki, dağlar ətəyində çağlayan bulaqlardan su apar­mağa gəlsən, sənin xət­rinə bulaq olaram, əgər eşqli könlünü açmaq üçün oylaq yerlərini gəz­mək istəsən, sənin üçün turaclı, qırqovullu, kəklikli, marallı, ceyranlı oy­laq olaram, Faxralının gözəl oylaq yerlərini gəzəndə sənin keşiyində duraram.

Şeirin dördüncü bəndində şair sevgilisinə özünün səda­qə­tini, məta­nə­tini bildirərək yazır: “Fikrət Eyvaz gedər bada, sevgisini verməz bada!”

“Ola” rədifli şeirində şair sevgilisini bulağa, Faxralının gəzməli, görməli yerlərinə dəvət edirsə, “Xoş gəldin” şeirində isə sevdiyi gözəlin bulaq başında yolunu gözləyir, bulağa yaxınlaşan gözələ “Ay qız, xoş gəldin”, – deyə müraciət edir:

Bulaq üstə gələn gözəl,
Ay qız, xoş gəldin, xoş gəldin.
Gəl oduma bələn, gözəl,
Ay qız, xoş gəldin, xoş gəldin.

Ətirim var, əllərində,
Bihuş olum tellərində,
Məhəbbətin sellərində,
Ay qız, xoş gəldin, xoş gəldin.

Yaraşıqdı xal üzünə,
Can qurbandı bal üzünə,
Gəl Fikrəti sal gözünə,
Ay qız, xoş gəldin, xoş gəldin.

Ulu Tanrının Borçalıya, Faxralı tək ağır bir elə bəxş etdiyi təbiət gözəlliyini, bu gözəlliyin bir çox nişanələrini bu elin qüdrətli qələm sahibləri böyük fərəh hissi ilə poeziyaya gətir­mişlər. Peyzaj lirikasının, təbiət lirikasının ən gözəl nümunə­lə­rini şair Nəbi Borçalı, Qara Qərib, İsmayıl Güllər, Hüseynqulu Məmmədov, Əli Səngərli, Məmmədəli Əlləzov, Səməndər Məm­mədov, unudulmaz Fikrət Məmmədov və b. yaratmışlar. Bu şairlərin şeirlərinə qol-qanad verən, ilhamını coşduran başı qar­tallı Gözəl dağı, Səngər dağı, Qızılqaya, Haçaqaya, Qara­qaya, Kəmərqaya, Təhməzin bulağı, Molla Qurbanın bulağı, Qoşa­bu­laq, Möylə bulağı, Sarıbulaq, Əli Xəlilin bulağı, Fik­rətin bulağı, Ördəkli, Divsiz gölləri, Ballı dərə və b. gözəlliklər olmuşdur.

Şair Fikrətin sevdalı könlü qartal kimi qanad açıb Gözəl dağının ətəyində dayanır. O, Gözəl dağına hörmət və ehtiram göstərərək, dağın zirvəsində yox, ayağının altında dayanıb, dağdan rica edir ki, qollarını aç, öz övladın kimi məni ağuşuna al, nə qədər ki, sağam boynundan asılıb sənin xidmətində, qulluğunda olmaq, öləndə də sənin doğma torpağına qovuşmaq, qatılmaq istərdim, – deyir.

Gözəl dağı, qollarını bircə aç,
Öz balantək qucağına atılım.
Nə ki, sağam, qoy asılım boynundan,
Öləndə də torpağına qatılım.

Arzum budur, uca, məğrur başından,
Dünya varkən qara yellər ötməsin!
Ətəyin dolu olsun çiçəklə,
Səngərində bircə mərmi bitməsin!

Gözəl dağım, ulu babam oylağı,
Fikrətəm, adına şeir yazıram.
Harda olsam, tərlan könlüm oyaqdı,
Lazım gəlsə, keşiyində hazıram!

Fikrətin yaradıcılığında vətənpərvərliyin, insanpərvərliyin, sülhse­vər­liyin, təbiətsevərliyin, İlahinin  bəşəriyyətə bəxş etdi­yi gözəlliyin tərən­nümü əsas yer tutur. Azərbaycan ədə­biyya­tın­da “qara” sözü böyük, möhtəşəm mənasında işləndiyi kimi, “qara” sözü bədxəbər, qara gün, dağıdıcı qasırğa, tufan gətirən qara yel mənasında da işlənir. “Gözəl dağı” şeirinin ikinci bən­din­də şair arzu edir ki, Gözəl dağı, nə qədər ki, dünya var, bə­şə­riyyət var, sənin həmişə məğrur dayanan uca başından qara yellər əsməsin, əl-ətəyində ətir saçan güllərin həmişə dolu ol­sun, el-obanı müdafiə edən səngərlərində heç bir vaxt mərmi bitməsin.

Şeirin sonuncu bəndində şair oxucuların da nəzərinə çatdırır ki, gö­zəllər gözəli bu məğrur dağ ulu babamın ən çox gəzib dolandığı oylaq məskəni olubdur. Ulu babamın ən çox sevdiyi, ayağı dəymiş, nəfəsi hop­muş bu dağlar, dərələr, meşələr, bulaqlar mənim ata-baba yurdum oldu­ğuna görə, bu doğma yerlərin həmişə keşiyində ayıq dayanmışam, vətən­dən uzaq düşsəm belə, tərlan könlüm həmişə o yerlərdə olacaqdır, – deyir şair.

Fikrətin şeirlərinin dili bədii cəhətdən, fəlsəfi-estetik cəhət­dən əlvan və axıcıdır. Bu şeirlər oxucunun zövqünü, ruhunu oxşayır. Onun müraciət etdiyi mövzular  incədir, zərif sözlərlə tərənnüm etdiyi bədii obrazlar didaktik-tərbiyəvi qüdrətə ma­lik­dir, həm də bu deyimlərin gözəlliyi orijinallığındadır. Bunun sirrini şairin az sözlə daha çox sahələri tərənnüm etmək iste­da­dına malik olmasında axtarmaq, araşdırmaq lazımdır. Onun səkkiz şeirinin altısı üç bənddən, ikisi isə dörd bənddən iba­rətdir. Üç bənddən, səkkiz hecadan ibarət olan “Ovçu” şeirində möcüzələrlə dolu olan doğma təbiəti Fikrət sevə-sevə tərənnüm edir, digər tərəfdən də şairlərin ilhamını pərvaz­lan­dıran, yatmış duyğuları oyadan, qədəhlənmiş dilləri açan, tavar sazı ruha gətirən, insanların əkiz qardaşı hesab etdiyimiz təbiət gözəl­liklərini, bu gözəlliyə pənah gətirən, aşiq olan, bülbülü, kəkliyi, durnaları, turacı, maralı, ceyranı, cüyürü və b. ovçulardan, təbiətin düşmənlərindən müdafiə etməyə səsləyir bəşəriyyəti.

Mahnılarımızın şairi, bəstəkarı və müğənnisi kimi, şeirlə­rimizdə tərənnüm etdiyimiz şeyda bülbül, meşələrə, tarlalara, dağların ayna sinəsində çağlayan bulaqlara yaraşıq verən, tək­rarsız gözəllik nişanəsi kimi şeirimizdə tərənnüm edilən bülbül, kəklik, turac, maral, ceyran və cüyürlərin bədii obrazlarını yara­dan şair Fikrət, canlı təbiətə qənim kəsilən ovçuların mənfi obrazını yaratmışdır “Ovçu” şeirində.

Yenə qondu körpə bülbül,
Qızılgülün sinəsinə.
Zalım ovçu, gözəlliyi
Nişan alma, sinə-sinə!

Ay insafsız, bir az ləngi,
Dabanından sal tüfəngi!
Ovla belə döyüş cəngi,
Yaraşarmı heç o sinə?!

Cüyür gələr yorğun-yorğun,
Quşlar ötər oğrun-oğrun.
Fikrət ala gözə vurğun,
Daş ürəksən sən əksinə.

Axıtdığı günahsız qanların hesabına özünə ruzi toplayan, şərəfli həyat tərzindən – zəhmətdən, əməkdən, qabarlı əlləri ilə yaşamaqdan imtina edən, sinə-sinə, oğrun-oğrun Allahın yarat­dığı təbiət gözəllərinin al qanını axıdan, qan içməkdən doy­mayan mənfi ovçu obrazından sonra, şair “Meşəbəyi” şeirində təbiətin dostu, meşələrin, ətir saçan gül-çiçəyin, durnagözlü bulaqların, quşların, maral və cüyürlərin qoruyucusu, onların keşiyində mərdanə dayanan, qansız ovçuların, meşələrə qənim kəsilən­lərin barışmaz düşməni, sülh, əmin-amanlıq, kef-damaq eşqilə yaşayan müsbət Meşəbəyi obrazını yaradır. Bu şəxs meşəbəyi İlyas Məm­mədovdur.

“Meşəbəyi” şeirinin birinci bəndində şair meşəbəyini sözünün ağası, əhd-peymanına sədaqətli, mərdanə bir şəxs kimi oxuculara təqdim edir. Borçalı cavanlarına Əzgilli talasında kef məclisi qurmağa söz verən meşəbəyi vədini yerinə yetirir, quzu kəsir, palıd közündə kabab çəkir, telli saz sinəsində gənclərə Koroğlu havalarını oxuyur.

Söz vermişdi, sözü üstə,
Möhkəm durdu meşəbəyi.
Əzgillidə cavanlara,
Məclis qurdu Meşəbəyi.

Quzu əti, soyuq bulaq,
Bu dağ-aran, bu quzqulaq.
İstəyənlər gəlsin qonaq,
Dedi, umdu meşəbəyi.

Gözü sərraf, bığı şeşə,
Yağlı əti çəkdi şişə.
Közdə kabab bişə-bişə,
Yüz-yüz vurdu meşəbəyi.

Təbiətdən ilham aldı,
“Koroğlu”nu sazda çaldı.
Əli sığal, sözü baldı,
Çölə nurdu meşəbəyi.

Ulu Borçalının bütün məclislərində nişan, toy, milli bayram­la­rı­mız, dostların, kirvənin şərəfinə təşkil olunan məclislər aşıqsız keçməzdi. Aşıqlara Borçalıda həmişə böyük hörmət və ehtiram olmuşdur. Borçalının möhtəşəm aşıq məclisləri keçirilən kəndlərindən biri də ağır məclisli Faxralı kəndi olmuşdur. Faxralı məclislərində çalıb-oxuyan yerli aşıqlıardan aşıq Oruc, aşıq Həsən, aşıq Bayram, aşıq Müsəllim, aşıq Nəsiblə yanaşı, Çıldırlı aşıq Şenlik, Şəmkirli Pərvanə Həsən, aşıq Hüseyn Saraçlı, aşıq Xındı Məmməd, aşıq Əmrah, aşıq Kamandar və b. Faxralıda ağır məclislər aparmışlar.

Faxralı kəndində deyişmə o qədər dəbdə olmuşdur ki, Fax­ralı aşıq­ları və şairlərinin əksəriyyəti aylarla davam edən çox maraqlı deyişmələri ilə saz və sözsevərlər kəndində elə bil ki, deyişmə məktəbi yaratmışlar. “Mehdi bəy” dastanının və aşıq­ların dastanlaşdırdıqları on beş rəvayətin yaradıcısı, Azər­baycan aşıq şeirinin bütün janr və növlərində gözəl lirik şeirlər yaratmış şair Nəbi Borçalının  müxtəlif  bölgələrin aşıq və şairləri ilə deyişmələri təqdim etməklə kifayətlənirik:

Şair Nəbi Borçalının Çıldırlı aşıq Şenliklə, Cənubi Azər­baycan aşığı Heyli ilə, Göyçəli aşıq Dost Pirməmmədlə, Ağstafa bazarında nar satan şair Abdulla ilə, Başkeçidli şair Balakişi ilə, şair Təhləli Novruzla, şair Kərbəlayi İbrahimlə deyişməsi, eləcə də bütün Borçalı aşıq və şairlərinin deyiş­mə­ləri aşıqlarımız tərəfindən dastanlaşdırılıb, məclislərdə oxunur. Çağdaş dövrümüzdə dastanlarımızın bir qolu da bu yolla yaranmaqdadır.

Faxralının belə aşıq və şairlərinin deyişmələrində, dastan gecə­lə­rin­də, toy nişan məclislərində uşaq yaşlarından ardıcıl iştirak edən, bu poetik ənənənin təsiri altında ilhamı, eşqi coşan gənclərdən biri də unu­dulmaz Fikrət Məmmədov idi. Borçalı aşıqlarının, şairlərinin, Borçalının yaradıcı gənclərinin yaradı­cılığına təsiri olduğu kimi, Fikrətin şeirlərinə də təsirini araşdırdıq. Bunun parlaq nümunəsini aşıq Kamandara ithaf etdiyi “Kamandar”, “Dillənir” rədifli şeirlərində də gördük.

Ay ustad Kamandar, sazın dinəndə,
Yurdumun hər qarış çölü dillənir.
Nərə çəkib hay salanda dağlara,
Möhtəşəm xalqımın dili dillənir.

Aşıq Qərib yaddan çıxmır bir anda,
Şahsənəmi ana-ana çalanda,
“Kərəmi”ni yana-yana çalanda,
Vətənin yamacı, yalı dillənir.

Ucalır sinəndən Abbasın səsi,
Sadığın, Şenliyin şirin nəfəsi,
Bil, Fikrətdi hər kəlmənin xəstəsi,
Əlində qəlbimin teli dillənir.

Azərbaycan dastanlarına, klassik aşıqlarımızın poeziya­sı­na, saz havalarına min bir könüldən bağlı olan Fikrət Kaman­dara ithaf etdiyi hər iki şeirində Kamandarın məlahətli səsinə, böyük ustalıqla çaldığı saz havalarına, məclis aparmaq iste­da­dı­na vur­ğun­luğunu bildirir. Aşıq Ka­man­darın vaxtı ilə Azər­bay­can tele­viziyasında “Aşıq Qərib” dastanının nəsr hissəsini danışmasına, qoşmaları çalıb-oxumasına bütün dünya Azər­­bay­canlılarının heyran qalmasını bir daha oxuculara xatırladır Fikrət.

Şair, Kamandarın möcüzə yaratmasının əsas səbəbi kimi, haqlı olaraq Tufarqanlı aşıq Abbasın, Türkiyənin Çıldır maha­lından olan Çıl­dırlı aşıq Şenliyin səsindən, saz çalmasından, məclis aparmaq üslu­bun­dan öyrəndiyini, eləcə də Borçalı aşıq­larından aşıq Əmrahın, aşıq Sadığın şagirdi olmasını ön plana çəkir. Şair bu meyarları ona görə şeirində tə­rənnüm edir ki, Bor­çalı aşıqları Türk-Azərbaycan ustad aşıqlarının klas­sik ənənəsindən, təkrarsız sənətindən öyrənmiş, kamilləşmiş və klassiklərimizin bu möhtəşəm sənətini gənclərə öyrətmişlər. Bu müqəd­dəs ənənə aşıqlıq sənətini öz kökündən, öz soyundan ayrılmağa, uzaq­laşmağa, yad meyillərə üz çevirməyə imkan ver­məmişdir. İstedadlı şair üç bənd şeirlə necə də zəruri, həyat əhəmiyyətli mətləbləri gələcək nə­sil­lərə, gənc aşıqlara bir daha xatırlatmağı zəruri saymışdır. Aşıq Kamandar sənətinin kamil­liyinin, təkrarsızlığının sehri, sirri nə ilə bağlı idi?!

Əvvəla, Kamandarın səsindəki şirinlik, məlahət, sazın bütün pər­dələrində səsinin dağ şəlaləsi kimi aşıb-daşması Allah vergisi idi. İkin­cisi, aşıqlıq sənətinin klassiklərindən aşıq Qurbaninin, Tufarqanlı Ab­basın, Xəstə Qasımın, aşıq Alının, aşıq Ələsgərin və b. möhtəşəm sənətini kamil öyrənməsi idi. Üçüncüsü, Borçalı aşıq mühitinin kori­fey­ləri – aşıq Sadıq, aşıq Əmrah, aşıq Xındı Məmməd, aşıq Hüseyn Saraçlı, aşıq Musa Qaraçöplü, aşıq Əlixan Qarayazılının yaratdıqları Borçalı aşıq mühitindən yetərincə bəhrələnməsi, bu gənc istedadın yaşadığı ulu torpağın yetirdiyi bu ustadlarla birlikdə ağır məclislər aparması, ustad-şagird ənənəsinə hörmət və ehtiram göstərməsi Kamandarı aşıq sənətinin zirvəsinə ucaltmışdır.

Oxucuların da nəzərinə çatdırmaq istərdim ki, aşıq Kamandar haqqında Fikrətin yazdığı “Dillənir” rədifli üç bənd­dən ibarət olan bu kiçik şeirə nə üçün belə geniş şərh verdim. Məni bu şeirə möhkəm tellərlə bağlayan nə idi?! 20 yaşlı gənc şairin Türkiyə, Azərbaycan və Borçalı aşıq mühitlərini mü­kəm­məl bilməsi, üç bənd şeirdə bu mühitlərin Kamandar sənətinə təsirini düzgün qiymətləndirməsi idi.

Bu gənc istedad sahibi kiçik həcmli “Dillənir” şeirinin ikinci bəndində Kamandarın Azərbaycan dastanlarını kamil bilməsini, “Aşıq Qərib” dastanını Azərbaycan televiziyasında görkəmli, ustad aşıqlarımıza məxsus dadlı-duzlu dastan, nağıl dili ilə məharətlə danışması, dastanın nəzm hissələrini ən çox sevilən Azərbaycan aşıq havaları üstündə tək­rar­sız oxuması, bu dastanın ifası ilə bütün sənətsevərlərin, folklorşünasların, ədə­biy­yat­şünasların, bəstəkarların, əlli milyonluq Azərbaycan xal­qının hörmət və ehtiramını qazanması, 16-17 yaşlı bu gəncin eşqli qəlbinə hopduğuna görə, sonralar Kamandara, Türk-Azər­baycan aşıqlıq sənətinə olan rəğbətini bildirməsinin tərən­nü­münü iki misrada şah beyt kimi təqdim etməsi oxucuların ruhu­na, sevdalı ürəyinə qonmasına, yaddaş­larda müdrik kəlam kimi uzun müddət yaşamaq hüququ qazanmasına səbəb olmuşdur:

Ucalır sinəmdən Abbasın səsi,
Sadığın, Şenliyin şirin nəfəsi.

Bu iki misranın qüdrəti, məna dərinliyi, tərənnüm və təsvir dairəsinin geniş areal təşkil etməsi, Türkiyə, Azərbaycan və Borçalı aşıq mühitlərinin klassiklərini – aşıq Tufarqanlı Abbası, aşıq Şenliyi və aşıq Sadıq Sultanovu düzgün, dəqiq seçməsi üç qardaş dövlətin sənətinin də bir kökdə, bir pərdədə, bir milli mənəvi dəyərlər üstündə köklənməsini oxucuların da nəzərinə çatdırır Fikrət Məmmədov.

Ömrünün bahar çağında, ilhamının coşqun anlarında, arzu­larının tuğyan etdiyi, aşıb-daşdığı may ayında şair Fikrətin dün­yasını dəyişməsi doğmalarını yandırıb-yaxdığı kimi, Bor­çalı qələm sahiblərini də kədər­ləndirdi. Borçalının yaradıcı ziyalıları Fikrətin şəxsiyyətinə, qələ­minə, ilhamına öz şeirləri, məqalələri ilə ehtiramlarını bildirdilər.

Fikrətin böyük qardaşı Səməndər müəllim “Gözəl dağı, qollarını bircə aç…” məqaləsində yazır: “Mənim üçün əbədi diri olanlardan biri də Fikrət Məmmədovdur. Təkcə ona görə yox ki, o, mənim qardaşımdır. Həm də ona görə ki, o, ruh adamıydı. Cəmisi iyirmi illik ömrünü elə yaşadı ki, vaxtsız ölümü ilə doğmalarına bir ömürlük nisgil verməklə ya­naşı, həm də özündən sonra yadigar qalan sözü ilə, daim minnət­darlıqla xatırlanacaq izi ilə də təsəlli verdi. Bir qardaş kimi təsəllini həm də onda tapıram ki, bu gün Fikrəti xatırlayan təkcə biz qohum-qardaşları deyilik. Borçalıdan olan qələm əhli nisbətən yaşlı nəslin nümayəndələri bir şair kimi onu yaxşı xatırlayırlar.” (“El sevəni aləm sevər” kitabı. Səh.198.)

“Salamat qal” şair Fikrətin son şeiridir. Uzaq Çitaya hərbi xidmətə gedən Fikrət əvvəlcə doğmalarıyla, dostlarıyla, sevgilisi ilə, eşqini, ilhamını coşduran dağlarla, bulaqlarla, meşələrin ətəyində bitən güllərlə, çiçəklərlə vidalaşmaq üçün Bakıdan Faxralıya gəlir. Şair əvvəlcə vurğunu olduğu Gözəl dağına müraciət edir:

Vurğunu olduğum, a Gözəl dağı,
Gülünü sinəmə tax, salamat qal.
Bağçadı bu yerlər, bağdı bu yerlər,
Bağça salamat qal, bağ salamat qal.

Gəzək binələri, lap əldən düşək,
Yağışda islanaq, gün altda bişək,
Dağların alovu, odu, a şimşək,
Gurulda, nərildə, çax, salamat qal.

Qızılqaya qızılquşlar oylağı,
Dərmandı dərdlərə Möylə bulağı.
Dələver, nə səsdi belə sübh çağı,
Çağla, salamat qal, ax, salamat qal.

Fikrətin səkkiz şeirinin dördü “Meşəbəyi”, “Ovçu”, “Ola”, “Xoş gəldin” rədifli şeirləri aşıq şeirinin gəraylı növün­də­dir. Şair bu şeirlərin misra və misradaxili (4+4=8) heca­la­rı­nın bölgüsünü dəqiq aparması, şeirə gözəllik verən, ahənk ve­rən, musiqi kimi çağlamasına şərait yaradan gözəl qafiyələr seç­məsi oxucuların da, aşıqların da sevincinə səbəb olmuşdur. Məs:

Gözü sərraf, bığı şeşə, (4+4=8)
Yağlı əti çəkdi şişə,      (4+4=8)
Közdə kabab bişə-bişə, (4+4=8)
Yüz-yüz vurdu meşəbəyi. (4+4=8)

Ədəbiyyatımızda çox geniş yayılmış, aşıqların mahnı­la­rın­da, sazının şah pərdələrində şahanə yer tutan qoşma növündə də şair dörd şeir yazmışdır. Bu qoşmaların üçü on bir hecalı, 6-5 bölgüsündə, “Gözəl dağı” qoşması isə 4+4+3=11 bölgüsündə yazılmışdır.

Sazın hal əhlinə dindi, imandı,  (6+5=11)
Xalların, güllərin canlara candı, (6+5=11)
Bizi özümüzdən alma, amandı,    (6+5=11)
Laylalı sonadı sazın, Kamandar. (6+5=11)

Amansız ölüm Fikrətə yaşamaq üçün ömür versəydi, indi onun çoxsaylı kitabları işıq üzü görmüşdü. Cəmi iyirmi il yaşamış şair Fikrət Məmmədov Gürcüstan Azərbaycanlılarının ədəbiyyat tarixinin ən yeni dövrünə 7 sanballı məqalə, ruh­larda, könüllərdə, yaddaşlarda ədəbi məskunlaşan, uzunömürlü səkkiz şeirlə daxil olmuşdur. Faxralı kəndini abadlaşdıran – məktəb binası, mədəniyyət evi, məscid tikdirən, kəndə uzaq məsafədən bulaq çəkdirən xeyirxah şəxslərin, uzunömürlü, aqil kişilərin, nağıllaşan müdrik qocaların ümumiləşmiş parlaq ob­ra­zını 115 il ömür sürmüş İsmayıl babanın şəxsində yarat­mışdır. Onun bu məqalədə Faxralının din və maarif xadimləri, çoxsaylı şairləri, alimləri, tarixi şəxsiyyətləri haqqında apardığı ilk araşdırmaları bu günkü və gələcək nəsillər üçün çox gərəkli və dəyərlidir.

Fikrətin şeirləri Azərbaycan aşıq şeirinin qoşma və gəraylı növündə yazılmışdır. Bu səkkiz şeirin, yeddi məqalənin əsas ideya-məfkurə istiqa­məti,  fəlsəfi-didaktik dəyəri bütün dövrlər üçün aktual və yeni olma­sındadır. Çünki  vətənpərvərlik, insan­pərvərlik, yurdsevərlik kimi milli-mənəvi dəyərlərə bağlılıq, Borçalının, Faxralının təbiət gözəlliklərinə və gözəllərinə vur­ğun­luq onun yaradıcılığının əsas ruhunu, canını təşkil edir. Onun şeirlərinin gözəlliyi, cazibə və nüfuzetmə təsiri Azər­baycan dilinin, Azərbaycan şeirinin incəliyindən, zərifliyindən, əlvan­lığından, estetik-bədii dəyərindən səmərəli istifadə etmə­sin­dədir. Bu şeirlər Azərbaycan sazının pərdələrinə, gümüşü tüllərinə tez qonan, aşığın səsinə, ruhlara hakim kəsilən hava­la­rına çox uyğun gələn şeirlərdir. Bir də gənc şairin atalar sözlərindən, bədii ifadə və təsvir vasitələrindən, çox oynaq, çox zəngin çalarlara, musiqi ritmlərinə, ladlarına uyğun gələn doğma heca vəznimizin ruhuna, coşqun təbinə, sevdalı, eşqli könlünə hopdurduğuna görə, onun şeirləri necə də saf, necə də səmimidir.

Nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan şairləri, aşıqları yaşayır, sədəfli saz yaşayır, nə qədər ki, “Ədəbiyyat tarixi” kitabları və gənc şair haqqında yazılan məqalələr, şeirlər yaşayır, elə o qədər də Vətəni uğrunda canını fəda edən xalqımızın vətənpərvər oğlu şair Fikrət Məmmədov da yaşayacaqdır!…

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur