Həzi Həsənli (Həzi Aslan oğlu Həsənli)

Həzi Aslan oğlu Həsənli – azərbaycanlı şair, jurnalist.

O, Borçalının Faxralı kəndində doğulub.

Bakı Dövlət Universitetini və İstanbul Universitetini bitirib.

Böyük Britaniyanın “Britaniya evi”ndə ingilis dili üzrə təhsil alıb.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ayrı-ayrı ədəbi və media mükafatlarının laureatıdır.

Kitabları:

  • “Kəhər at nalı neylər?..”
  • “Düşüncənin yaşı”
  • “Ömür körpüləri”
  • “Siz ey sevdiklərim”
  • “Dağlar Əlinin təbəssümü”
  • “İşıq əlifbası”

Bakıda yaşasa da içində Borçalı havası ilə yaşayır Həzi müəllim. O, doğma Faxralını bir an belə unutmur:

Səni Kremilə dəyişmərəm mən,
A mənim kərməli, təzəkli kəndim.
“Ağ ev” ağ olsa da, üzü qaradı,
Ağüzlü, ağ günlü – bəzəkli kəndim.

Həzinin poeziyası haqqında tanınmış ədəbi tənqidçilər, tədqiqatçı alimlər çox yazıblar. Məşhur Argentina şairi Armando Qomes “Siz poeziyaya hansı tələblərlə yanaşırsınız” sualına cavab verərkən demişdir: “Ən başlıca tələb odur ki, poeziya əsl poeziya olsun… Şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyildir, şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir.”

Həzinin poeziyası da əsl poeziyadır, onu şeirlərində meşələrdən əsən mehin pıçıltısını, quşların səsini, bulaqların zümzüməsini, təndir çörəyinin ətrini duymaq olur. O, təkcə poetik nümunələrinə deyil, publisistik düşüncələrinə də təbiətin bütün çalarlarını, şirinliyini qata bilir və folklor nümunələrindən, atalar sözlərindən, təşbeh və epitetlərdən yerli-yerində istifadə edir.

Həzi Həsənli, pərvanə şamın başına dolanan kimi, sözün, sazın başına dolanır, oxucusunu, dinləyicisini lirik duyğularının ucalığına qaldırır…

Həzi Həsənlinin qəlbi hər zaman Vətən, el-oba, torpaq, yurddaş sevgisilə döyünür. Hələ qarşıda onun söz dünyasını və öz dünyasını daha mənalı edəcək böyük yaradıcılıq illəri var…

Biz Həzi Həsənliyə yeni yaradıcılıq uğurları arzulayırıq!

Haqqında yazılanlar:

REDAKTORDAN

 

Həzi Həsənlinin bəzi deyimləri

Yurd həsrəti, 26.01.2023Harda qaldı o çağlar?!

Ağaclar qol açıb anam – bacım tək,

Yarpağı, torpağı mən öpüm gərək…

Ömür ani, dünya fani,

25. 01. 2023

Könlüm illər ayrısı…

Könlünə boylanan Günəbaxandım,

Günə baxa – baxa yandım ha, yandım…

Ağlı – qaralı dünya, 24.01.2023Bu dünya bir dərs evidir…

Ağardı mənim də saçım qar kimi,

Dolandım dünyanı ixtiyar kimi…

Tanrı dağları, 23.01.2023.Tanrı dağlarına salam olsun!..

Səndən qeyrisini axı, neylərəm?!

Tanrım, istəyimi sənə söylərəm…

Vətənin qıraqda qalan yerləri, 22.01.2023.“Göyçəgülü” poemamdan bir əsinti:

Dünyanın sevdalı bəxtəvəriydim,

Ömrümün atalı – analı vaxtı…

Söylə, yadındamı, nətəhəriydim?!

“Göyçə gölü”müzün sonalı vaxtı…

Vətənin qıraqda qalan yerləri, 20.01.2023.Araz qırağında dillənən sazım,

Bəmdə bağrı yanan, zillənən sazım…

Ağrımız hər teldən gələr,

Hər xaldan, hər güldən gələr.

Göz yaşı könüldən gələr,

Nə sızlarsan, Araz könlüm?!

Vətənin qıraqda qalan yerləri, 16.01.2023.Yenə tərlan könlüm arzular səni,

Faxralım – könlümün əzəl məskəni!…

Ömrün fəsilləri, 14.01.2023Bir qönçə gülqotaz çətirlənibdir,

Könül duyğularım sətirlənibdir…

Ömür vadisi, 13.01.2023Vədəsi çatanda başa qar yağar,

Kipriyə qar yağar, qaşa qar yağar.

Min dəfə bir qara daşa qar yağa,

“Bu dünyanın qara daşı göyərməz…”

Könül paytaxtım, 12.01.2023Hər şairin öz səsi var,

Oxuyar öz nəğməsini.

Nəvaxt şair unudular,

Yaşadar söz nəğməsini…

Könlümün paytaxtı,

11.01.2023

Ömürün fəsilləri…

Yağdı qarı, yağışları,

Çox görmüşəm bu qışları…

Qış bağçamız, 10.01.2023Bağçamızı qar almasın,

Yeməyə ki var alması…

Ömür yolu, 07.01.20232023 – cü ilin ilk günlərində də ömür yoluma boylanıram:

Belə boylana – boylana –

Yola boylana – boylana,

Yaram hoylana – hoylana…

Ən böyük Türkiyəm, 06.01.2023İstanbul gündəliyimdən…

Sinəsi dastan dolu,

Yükünü xasdan bulub –

Dolanır İstanbulu,

Gör Həzi nerdən gəlib?!

04.01.2023Ay ötür, il ötür, xatirəm qalır…
03.01.2023İllər üstən xəyal dolanıb gəlir…
02.01.2023Gəlib üstümüzdən ötüşür illər…
Ömürləşən ovqat, 01.01.2023Hələ söz həvəsi varsa canında…

İsinər şeirimin oduna hərdən,

Keçmişin boylanar xatirələrdən…

Öz ömrüm – söz ömrüm, 30.12.2022Şairin ən doğma, müqəddəs yeri…

Səndədir ömrümün xeyir duası,

A yazı masası, şeir masası!..

Vətən bağı, 29.12.2022Hardasan, eheey?!

Yüz xurma yetişib bir budaq üstə,

Təki sən arzula, təki sən istə…

Balaca dünyam, 26.12.2022Gözümə – könlümə köçürdüklərim…

Güclə qaldırmışam hələ yerindən,

Necə də şirindir biri – birindən…

Balaca dünyam, 25.12.2022Körpə budağımda açan çiçəksən…

Məndən nə umursan, axı, nəyim var?!

Gül qönçəsi kimi bir ürəyim var…

Qış bağçam, 24.12.2022Duyğumun dərmanı, fikrimin fərmanı…

Bəmbəyaz bağçama naxışlar vuran-

Sayrışan lalələr çiçək – çiçəkdir.

Kövrələn könlümdə gülüstan quran-

Duyğuma yaraşıq, sözə bəzəkdir…

Ömür vadisi, 23.12.2022Dəyişir fəsillər, dəyişir nəsillər…

Dəyişir fəsillər bir – bir yerini –

Saralmış yarpağı, bəyaz qarıyla.

Dəyişir nəsillər biri – birini,

Zaman gəlib keçir öz axarıyla…

Bəyaz dünya, 22.12.2022Bəyaz nəğməli dünya…

Bağları, bostanı yenə qar alıb,

Qar altda qalanın qanı qaralıb…

Vətən bağı, 21.12.2022Bu da cənnət xurması…

Yaşıllandı, allandı,

Budaqlarda ballandı…

Ömür təqvimi, 20.12.2022Ömrün macalı…

İl geri dönməyir, zaman dayanmır,

Ömür də tez keçir, insan inanmır…

Payızdan – payıza, 19.12.2022

 

Sükutun səsini dinləyərkən:

Ömürlərin payızı,

Fəsillərin payızı.

Nəhs illərin payızı,

Nəsillərin payızı…

Barlı budaqların bağbanı, 18.12.2022Dərmək də var, dərmək də…

Yeyirsən, dər dəymişi,

Ağacdan dər dəymişi,

İncitmə dərd əymişi…

Ömür təqvimi, 17.12.2022Günlərin bir günü…

Nələr düşünürəm, nələr bu haqda,

Görməli günlər var hələ qabaqda…

Gözəl Vətən, 16.12.2022Gözəl Vətən, gözəllərin var olsun!..

Ruhuma gözəllik çilənib yenə,

Baxıb sevinirəm Tanrı verənə…

Vətən dağları, 11.12.2022Dağlar gözləyir məni…

Mənə qucaq açır dağlar baharda,

Min hikmət görmüşəm uca dağlarda…

Ömür təqvimi, 10.12.2022Bu da bir biçim duyğudur…

Ömrüm yarı yaşında,

Könlüm dağlar başında…

Hər halımın ovqatı, 08.12. 2022İnsanı ovqat yaşadır…

Nə xoşdur könlümün arzusu, Tanrım!

Şirindir süfrənin ruzusu, Tanrım!..

Vətənin qıraqda qalan yerləri, 07.12.2022Doğma ocağın istisi –

Doğma qucağın istisi…

Ay elim Faxralı, səndən uzaqda,

Canım isinərmi odsuz ocaqda?!

Vətənin qıraqda qalan yerləri, 06.12.2022Bu yolların o başında Faxralı…

Yurda bağlı oğulları

Səslər Faxralı yolları…

İlin təqvimi, 05.12.2022Qarlı qış günü…

Qış gəldi, qar eylədi,

Güllər qübar eylədi…

Gözəl dünya, 04.12.2022İlahi gözəllik

Nə sirdisə, üstələyib,

Səni Tanrı bəstələyib,

Gözəlliyin məst eləyib…

Vətənin qıraqda qalan bağları, 03.12.2022Çağırır bağlar məni…

Könlümü dağlar mənim…

Ay barlı bağçamız, qarlı bağçamız,

Qışlı, baharlı bağçamız…

Almalı, narlı bağçamız,

Yollarımız bağlıdır,

Ay intizarlı bağçamız!..

Vətən bağı, 02.12.2022Təbiətin təbii özəllikləri…

Yağış yağar,

meyvələrə mirvari düzər,

Qar yağar,

almaları ağ duvaqla bəzər…

Vətənin qıraqda qalan yerləri, 01.12.2022Könlümün əzəl məskəni…

Faxralım – könlümün əzəl məskəni,

Hələ də könüldən sevirəm səni…

Mələk vadisi, 30.11.2022Daşlardan boy verən, qayalardan boylanan…
Çiçəklərin – mələklərin təbəssümü…
Sal daşları, qayaları
Qırıb gəldin zülüm – zülüm?
Yarıb gəldin, dilim- dilim?..
Mələkmisən, çiçəkmisən,
Gülüm, gülüm?!
Bir təbəssüm bəxş edincə –
Nur təbəssüm bəxş edincə
Nə çəkmisən, bir de, bilim?!
Dağ çiçəyim, ağ çiçəyim, ağ gülüm!!!
Vətənin qıraqda qalan yerləri, 29.11.2022Yurd həsrəti…

Ovuda bilmirik həsrətimizi,

Torpaq da dil açıb səsləyir bizi…

Vətən bağı, 28.11.2022Alma ətirli bağçamız…

Barlı budaqlardan asılıb qalan,

Ağacın qoynuna qısılıb qalan

Almaların dadı sanıram baldı,

Heç dərib yemədim, budaqda qaldı…

27.11.2022Alçala – alçala əyilənlər, əyilməyən insanları heç sevməzlər…
Həsrət vadisi, 26. 11.2022Gözlərim yollara baxar… hey baxar…

Saçlarında meh mənəm,

Gözlərində şeh mənəm.

Gözüm gözündən ayrı,

Özüm özündən ayrı…

Könül dünyam, 25.11.2022H ə s r ə t n o t l a r ı…

Yenə misra – misra dolub ürəyim,

Yenə göynəm – göynəm, könül göynəyim…

Vətənin qıraqda qalan yerləri, 24.11.2022Ana kəndim – Faxralım…

Çoxdandır görmürəm gözəl üzünü,

Kəndim, qəlbimdəsən ömrüm uzunu…

23.11.2022D o v ş a n n a m ə…

Yovşanı “dovşan” yesin, haxışta!

Yemşanı “dofşan” yesin, naxışta!

Kövşəni “doşan” yesin, yağışda,

Ay sizi xoxan yesin, baxışta!!!

Ömür – gün vadisi, 15.11.2022Özün yaxşı bilirsən ki…

Şərəflə qocalmaq qismətdən gəlir,

Şərəflə ucalmaq xislətdən gəlir…

Ömür təqvimi, 12.11.2022Günlərin töhfəsi…

Bir gün də insan ömrüdür:

Ömrə ömür qatan günlər,

Öz könlümə yatan günlər…

Könül dünyam, 11.11.2022Könül dəftərimdən sətirlər…

Sən ki gözəliydin güldən- çiçəkdən,

Mən ki vurulmuşdum sənə ürəkdən…

Ömrün baharı, 10.11.2022Həyat eşqi…

Həyat eşqi varsa əgər canında,

Çatarsan arzuna öz zamanında…

Dünya düzəni…09.11.2022

 

İnsan elə, dünya belə…

Tanrına şükr eylə, sıradan səni

İnsan yaradıbdı, YARADAN səni…

Ömür təqvimi, 08.11.2022İllər illərə qovuşar…

Hər kəs öz ömrünü yaşar…

Həyatda çox bərkə – boşa düşmüşəm,

Ömrün mənasını başa düşmüşəm.

Ömür vadisi, 07.11.2022Həyat səhifələri…

Ömür kitabımdan sətirlər:

Vədəsində ağartmışam başımı,

Soruşmayın, neynəyirsiz yaşımı?!

Könül dünyam, 06.11.2022Qəlbimin gözü, Tanrının sözü…

Yaz, yarat, ürəyin, canın sağ olsun,

El – oba yanında üzün ağ olsun!..

Dünya düzəni, 05.11.2022Dərdli dünyamız…

“Dünya düzəlmir ki, düzəlmir, baba!”

İnsanı nə zəhər, nə qəhər boğa,

Dünyamız davasız bir səhər doğa…

Ömür vadisi, 04.11.2022Ömür hekayəti…

Beləcə, ömürdən illər ötüşür,

Ömür hekayəti dillərə düşür…

Ömür vadisi, 03.11.2022İnsan və zaman…

Bizi yolda qoyub, ötüşür zaman,

Gör necə zalımdır, zaman, ay aman!..

Mənəvi dünyamız, 24.10.2022İnsanlığın dəyəri…

Saflıq, təmizlik, düzlük, doğruçuluq kimi keyfiyyətlər insanlığı bəzəyən mənəvi dəyərlərdir…

Görünə biləsən olduğun kimi,

Niyyətin saf ola, özün səmimi…

Ömür vadisi: 23.10.2022Yaxınlardan – uzaqlardan…

Xatirələr ötənləri soraqlar,

Ömrümüzü kitab kimi varaqlar…

***

Öz dünyamı belə duyub yaşadım,

Ürəyimi girov qoyub yaşadım…

Ömür vadisi, 22.10.2022Ömür təqvimi…

Yenə də quşların köç vaxtı çatdı,

Yenə də qəlbimin qübarı artdı…

***

Ürəyə buraxma, qübarı belə,

Ömrün qışı elə, baharı belə…

Urfanı anı, 21.10.2022Qovuşan ayrılıqlar…

Böyük ayrılıqlar böyük fikirlərlə izah olunur…

Burdaca oturub dincimi aldım,

Ruhum rahat oldu, xəyala daldım…

Könül ərmağanı, 20.10.2022Bir könüldən min könülə…

Heyranam könlünün min dəyərinə,

Ömür dəyərinə, gün dəyərinə…

***

Hara səsləyirsən, ünlüm, sən məni?

Ümidim, sən məni, könlüm, sən məni?!

Könül dünyam, 19.10.2022Bağ sevincim- ağ sevincim…

Öz könül dünyamdır balaca bağçam,

Ruha sığal çəkir hər səhər- axşam…

***

Ruhumun dincliyi bağ ünvanlıdır,

Ömrümün gəncliyi ağ ünvanlıdır…

İnsan mənzərələri, 18.10.2022Sükutun səsi…

Hanı həyat ətri, insan nəfəsi?!

Könlümü göynədən qəribəliyə…

Könlümdən keçəni duyğular deyə…

Ömür vadisi, 17.10. 2022Ömrün bu çağında…

Buraxma qəlbinə xırda hissləri,

Unut naqisləri, unut pisləri!..

Doğma evim, eşiyim, 16.10.2022Doğma ocağın istisi…

Doğmadır tavan da, bu divarlar da,

İllərdən bəridir hey görürəm mən.

Ruhum elə yaxşı dincəlir burda,

Rahatlıq tapıram doğma evimdən…

Həm sakit, həm uzun, dərin gecədə

Oxudum necə də, yazdım necə də…

Gəlimli- gedimli dünya, 14.10.2022Hər könüldən bir nida…

Ömrümboyu ağır – ağır ellər gəzdim. Hər könüldən bir nida gəldi. Sazdan – sözdən ömrümə naxış vurdum. Amma “Dost bildiyim adamları” da vaxtında tanıdım…

Boşa ötürmədim qızıl anları,

Yaxşı ki, tanıdım çox nadanları…

Sənsiz dünya, 12.10.2022Xəbər alsan əhvalımı…

Yarpaqlar saraldı, soluxdu bağlar,

Sən ki gəlməz oldun, gəldi sonbahar…

Ömür körpüləri, 11.10.2022Ömür körpüləri…

Körpüdən – körpüyə çəkib yükümü,

Mən belə keçirəm ömür körpümü…

***

Keçir ömrüm, keçir günüm, darıxma,

Görüşərik, başına dönüm, darıxma!..

Ömrün fəsilləri, 10.10.2022Ömürdən ötən günlər…

Son baharın kövrək olur notları… Vaxt daralır, ağacda yarpaqlar saralır, çılpaq ağaclara baxırsan… gözün qaralır.

Ağacdan tökülən yarpağın əvvəli gözəl olur, sonu xəzəl olur. Xəzəl də xəzəldir axı, pul deyil ki…

Sən hardan biləsən, ürək nə çəkir?! –

Könüldə min istək, başda min fikir…

Yovşanlı çöllərimiz, 09.10.2022Yovşan ətri…

Ötən gəncliyimdə balıncımın altına bir dəstə yovşan qoyub yatardım. Yovşan ətrindən şirin yuxu tapardım.

Yovşan “yovuşan”, “qovuşan” anlamına gəlir. Yovşan ətri həsrətə tablamaq nişanasıdı həm də…

Həsrətin ki ürəyimə dağ olub,

Balıncıma yovşan ətri dağılıb…

Könül dünyam, 08.10.2022Bir könül göynərtisi…

Sənli dünyam yada düşdü,

Yenə könlüm oda düşdü…

Vətənin qıraqda qalan yerləri, 07.10.2022Bizim elli duyğular, hicran telli duyğular…

Gündüzünüz yaraşıqlı, axşamınız gur işıqlı olsun, a bizim ellilər!..

Yenə el – oba ovqatına köklənmişəm. Yenə könlüm quşu Faxralının payız binələrinə sarı qanad açıb:

Salam, a Həzinin ana Vətəni,

Yenə könlüm quşu arzular səni…

***

Ağac torpaq üstə mətinləşir, bax!..

Yarpaq budaq üstə vətənləşir, bax!!!

Payız binəsi, 06.10.2022Payız havası…

İlin hər çağının öz havası, öz səfası, öz cəfası var. Payız da belədir…

Payız küləyinin ağacları üşütdüyünü, saralıb solan yarpaqların torpağa düşdüyünü görəndə kövrəlirəm;

Əssə külək, yarpaq töksə ağaclar,

Ana torpaq yarpaqları qucaqlar…

***

Açıb yaxasını payız köynəyi,

Ağır olur miskin ömrün göynəyi…

Ömrün fəsilləri, 05.10.2022Payız lövhələri…

Qarşımı kəsən payız lövhələri:

Bağlara bir payız havası düşüb,

Yarpağın küləklə davası düşüb…

***

Payız havasına solan yarpaqlar,

Sənin də könlündə yaz həsrəti var…

Nigaran dünya, 03.10. 2022Gəlimli – gedimli dünya…Son ucu ölümlü dünya…

Ağ günə çıxdımı saçının ağı?!

Min sual doğurur ömrün bu çağı…

***

Hələ ki yaxşısan, təsəlli deyil,

Nədən nigaransan, o, bəlli deyil…

Tanrı dünyası, 02.10.2022Ağlı, qaralı dünya…

Ömrüm halallıqla haşiyələndi,

Nə yaxşı, yaxşılar qədirbiləndi…

Pislərin başına daş düşdü, kül ələndi…

***

Yaxşılar ki ürəklərə yol tapdı,

Pislər də atını köndələn çapdı…

Ömür vadisi, 01.10.2022Həyat eşqinin mənası…

İnsan yaşa dolduqca ömrünün ziyası üzünə düşür. Nurcamal da, pürkamal da o zaman bəllənir…

Kimin kim olduğu hələ sualdı,

İnşAllah, bəllənər, sona nə qaldı?!

Ömür vadisi, 28.09.2022Keçir, ömür – gün keçir…

Hər ömür bircə anlıq… O da yaxşı – yamanlıq…

İllər, fəsillər ötüşdü,

Saçlarıma qırov düşdü…

Duyğu dünyası, 25.09.2022Zərif duyğular dünyası…

Heyranam təbiət gözəlliyinə! Təbiətlə ünsiyyət insanın qəlbində zərif duyğular oyadır:

Gəzək ana yurdu, gəl, qarış- qarış,

Çiçək əlvan – əlvan, gül naxış- naxış…

Könül vadisi, 24.09.2022Könlümün öz təranəsi – söz təranəsi…

Könlümü söz dindirir. Dindirir, həm sevindirir…

Axır duyğularım coşqun çay kimi,

Dinir pərdə – pərdə könlümün simi…

Vətən torpağı, 23.09.2022Təbiətin füsünkar qoynunda…

Vətənimizin sərvəti, yerin gözəllik örtüyü, ana yurdun təbiəti. Nədənsə həmişə təbiətin qoynunda olanda könlümdən təklənmək keçir:

Ruhuma gözəllik bəxş edir hər gün,

Bu gözəl həyatdan zövq almaq üçün…

Vətən dağları, 21.09.2022Vətən eşqi…

Zirvəli dağların zirvəsi gözəl,

Meyvəli bağların meyvəsi gözəl,

Şır – şır bulaqlarda su səsi gözəl,

Suların səsiylə pıçıldaşaram,

Mən Vətən eşqiylə belə yaşaram…

Vətən torpağı, 20.09.2022Bir ovuc Vətən torpağının “ürəyi”…

Vətənin bir ovuc torpağı da, bir yaşıl ağacın yarpağı da məni maqnit kimi özünə çəkir. Bu ki Vətən torpağıdır, bu ki könlümə doğmadır, əzizdir. Bu qara torpağın “ürəyi” qəlbiqara adamların ürəyindən qat – qat təmizdir. Üzü qara olsun qəlbi qara adamların!!!

Könlümə bir eşqin gümanı gəlir,

Nə yaxşı ömrümün davamı gəlir…

Tanrı dağları, 19.09.2022Belə öc olmuşam, öc olanda da…

Bu həyatda sevinci də, dərdi də, namərdi də, mərdi də çox görmüşəm. Amma bu təzadlı dünyada öz əqidəmdən dönmədim, dönmərəm də… Mərdlərə can dedim, namərdlərlə qan – qan dedim.

Belə öc olmuşam, öc olanda da:

Aylar , illər ağ saçıma əl çəkdi,

Kim deyər ki, əqidəmdən əl çəkdim?!

Vətən dağları, 11.09.2022Çölümdə payızdı, könlümdə yazdı…

Yurdumuza qızılı payız gəlir. Xəzan soraqlı payızın gəlişiylə ağaclar əsim – əsim əsir, payız öz hökmünü verməyə tələsir. Yarpaqların bağrına xal düşür. Yarpaqlar saralır, yarpaqlar solur…

İnsan bu mənzərəni seyr edir, kövrəlir, dolur…Payız kövrəldəndir axı…

Ağacların yarpaq tökümü başlayır…

Hər insan ömrünün də öz payızı var. Mənim çölümdə payızdı, könlümdə yazdı…

Yaşayırıq, dörd fəsilli dünyadı,

Hər fəsilin öz nişanı, öz adı…

Eşq vadisi, 10.09.2022Ömür çeşməsi…

(Sən eləsən, mən belə…)

Saçındakı dən də bilir,

Səsindəki bəm də bilir,

Gözündəki nəm də bilir…

Mən divanə, sən utancaq!..

***

Kim deyir həyatdan sən bac alırsan?!

Şair cavanlaşır, sən qocalırsan?!

Duyğu dənizi, 09.09.2022Bu da belə bir ömürdü, həyatdı…

Dan yeri söküləndə, Gün qüruba enəndə, Ay gözəlləşəndə, Göydə Ulduzlar sayrışanda ürəyimi saf duyğular, kövrək hisslər bürüyür…

Belə ola həmişə…Suyumuz axsın, otumuz bitsin…Suyumuz başdan bulanmasın, könlümüz odlara yanmasın:

Bu da belə bir ömürdü, həyatdı,

Yaş artdıqca duyğular da boy atdı…

Gözəlliklər vadisi, 07.09.2022Yaxşılıqla yamanlığın fərqi bu…

Həyatımda yaddaqalan yaxşılıqlar etmiş nurcamallı, pürkamallı, mələksima İNSANLARI heç unutmadım. Əlinə fürsət düşəndə insanlara pislik edən əqrəb xislətli, iblis sifətli nadürüstləri, pambıqla baş kəsən NADANLARI da unutmayıb qələmimlə qamçılayıram…

Yaxşıları min bir budaq olsun, yamanları yaman dərdə düşüb saralsın, solsun:

Salam, məndən ötrü darıxanlarım!!!

Evləri yıxılsın ev yıxanların –

Harın müdirlərin, “səfeh xanların..”.

Uzaq ellər – yad ellər, 07.09. 2022Uzaq yad diyardan salamlar…

Vətən torpağında zövqə qanad verən o qədər gözəlliklər var ki…Gün doğandan Ay batanacan təbiət qoynunda gördüklərin göz oxşayır. Gözəllik əsarətində ömr edən, gözəllikləri göz dolusu, könül dolusu seyr edən gözlər gözəldir… Bizim yerlərin görkəmi gözəldir…

Sizsiz yad diyarda darıxdım yaman:

Salam, Xan çinarlar, xanım bulaqlar,

Ay əsgər qayalar, ay dədə dağlar!!!

Gülşən bağçamız, 06.09.2022Gül – çiçəyin isməti, sevənlərin qisməti…

Dörd yanımda gül kolları çiçək açıb. Gül kolları çiçəyini göyçək açıb. Bu gözəllik könül açıb, ürək açıb…

Hər yan gül qoxuyur, təzədi, tərdi,

Görənlər də deyir nə bəxtəvərdi…

Vətən torpağı, 05.09.2022Yaxşını yaman incidər…

Qar kimi ağappaq saçlar da mənalı yaşanmış bir ömrün bəhrəsidir. Düşünüb duyduqlarım da ürəyimin zərrəsidir.

Yoxsa, “yaşın neçədir, başın necədir” kimi primitiv suallar kimə gərəkdir?!

Nə xəbər al yaşımı,

Nə də ağrıt başımı…

Vətən torpağı, 30.08.2022Gündoğandan – Günbatana…

Nəvaxtdan sənə yol gəlirəm, Ana Torpaq!… Ömür nur çeşməsitək axıb gedir, axı!

…Ana təbiət, şır – şır axan bulaqlarının suyundan süzülüb gələn torpaq qoxusu, biçənəklərində biçilmiş ot ətri məni şəhərdən çəkib sənin qoynuna gətirir…

” Qoy böyük şəhərlər çox öyünməsin,

Bizim də atamız, anamız kənddir…”

Beləcə, Gündoğandan- Günbatana səfərdəyəm:

Yenə qucağını açmısan, Vətən!

Yenə səfərim var, yola çıxıram…

Nəvaxtdan qoynunda – yollardayam mən,

Gəzib ürəyinə yol axtarıram…

Vətən torpağı, 29.08.2022“Şair, nə gec qocaldın sən?!”

Təklənəndə sığındığım bir könül dünyam var…Fikrimdə, duyğularımda özünə yer alıb. Ömrümün nəğmə beşiyidir bu yer. Axşamlar Ay işığında anadillər oxuyur. Hər tərəf yaz havası qoxuyur… Ömrümün hansı fəslində olsam da, könlümə həmişə yaz ətri gəlir, fikrimə təzə – tər söz ətri gəlir:

Səni soraqlaram ötən gəncliyim,

Dağlar da qocalar mən qocalanda…

Gedər cavanlığım, gələr dincliyim,

Çağlar da qocalar mən qocalanda…

Vətənin qıraqda qalan yerləri, 25.08.2022Ruhuma şeh çiləndi…

Şəhərdə qəribsəmişdim. Yenə güzarım kəndə düşdü. Məndən nigaran allı – güllü bağçamız mənə qucaq açdı. Mehrə bax, qəhrə bax, ilahi!..

Bağça gül – çiçək qoxuyur, anadillər oxuyur… Günlü yağış yağırdı, sular məcrasından çıxmışdı. Suların zümzüməsi nanə, yarpız, reyhan ətrinə bələnmişdi…

Ruhuma şeh çiləndi,

Sularda güzgüləndim…

***

Yaradan nə gözəl bir lövhə cızıb,

Suların nəğməsi könlümə sızıb…

Vətən torpağı, 19.08.2022Ana yurdun təbiəti, doğmalığın qüdrəti…

Məndən soruşurlar ki, təbiətə bu qədər vurğunluğunun sirri nədədir? Deyirəm ki, bu “sirri” gözümdə, könlümdə gəzdirirəm, gizlətmirəm ki…

Bunun sirri elə ANA TORPAĞA bağlıdır. Mən körpəliyimdən təbiətin qoynunda böyüyüb pərvəriş tapmışam. Köküm ANA TORPAĞA bağlıdır:

Mən ki bağlamışam ona meylimi,

Torpaq da ANA tək doğma deyilmi?!

Yardımlı yaylası, 18.08.2022Yardımlı şəlaləsi – nə gözəldir haləsi!..

Vətənimizi kənd – kənd, el – el, oba – oba, oymaq – oymaq gəzib dolaşdıqca ilhamıma qanad verən o qədər gözəlliklər görürəm ki… Duyğularım quş kimi qanad açıb budaqdan – budağa qonur…Misraların söz düzümü gözəlliklərin söz sığalından yaranır. İnşəAllah, şeirlərim və səfər qeydlərim yaxın aylarda kitab halında görüşünüzə gələcək.

Bu səfərim zamanı Yardımlı şəlaləsini yenidən gördüm. Yardımlı şəlaləsi hər dəfə buraya gələnləri öz füsünkar görkəmi ilə heyran qoyur:

Burda zirvələrin büllur suları

Axır qayalardan torpağa sarı…

Vətən torpağı, 12.08.2022Könül sərvətlərim…

Sazım- sözüm mənim könül həmdəmimdir. Həyatımın bir mənasını da bunda gördüm. Sazın, sözün işığında gözəl arzuların dalınca getdim və kamala yetdim. Yaşadığım həyatın gözəlliyini mənəvi zənginlikdə tapdım. Elə könül sərvətləri var ki, onları heç bir pulla almaq mümkün deyil. Ləyaqət, sədaqət, məhəbbət, etibar pulnan alınmaz ki…

Əziz dostlarım, mənim saz – söz dünyam var, öz dünyam var. Bağım – bağçam behiştin bağçası tək, buraxmaz ki, çıxaq gedək… Bax, bu yaşamaqdır, bax, bu həyatdır:

Belədir könlümün eşqi, həvəsi,

Titrədir qəlbimi sazımın səsi…

Vətən torpağı, 11.08.2022Ümid ağacım…

Yel əsdikcə saçaqları titrəşən, quş qonduqca budaqları tərpəşən ümid ağacım – salxım söyüdüm! Sənin necəliyini mən bilirəm. Sənin necəliyini rəssam belə çəkməyə cürət etməz. Hələ könül ərmağanını, nəğmələrini demirəm…

Xoş gördük, pərişan saçlarını küləklərə bağışlayaraq nəğmə yağışına bələnənim! Könül nəğmələri ilə dillənənim! Sənin nəğmə dillərinin səsini, azman köklərinin nəfəsini mən duyuram:

Salxım söyüdün kölgəsi,

Duysan dadlıdır nəğməsi…

Dəniz sahili, 06.08.2022Dənizdən bir bayatı əsinti…

Mən dağlar oğluyam, dağların vurğunuyam. Dədəm- bavam dağlara, qayalara arxalanıb…

İndi evim dəniz qırağında olsa da, dəniz dağlar qədər mənə yavuq deyil. Dənizə cəsurlar gedir. Heyif ki, gedənlərin hamısı qayıtmır sahilə.

Dənizi sevməsəm də, dəniz məni sevir. Dəniz məni çağırır, mən də gedirəm. Dənizi seyr edirəm. Dənizin səsinə səhər – axşam səs verirəm:

Ceyranlar çöldə süzər,

Sonalar göldə üzər,

Şair dənizdə üzməz,

Qumlu sahildə gəzər…

Vətən dağları, 05.08.2022Gündoğandan – Günbatana yol gedirəm…

Ömür payım məni gözləyir. Hər kəs adına yazılan və yaraşan ömür payını yaşayır…

Taleyimə “pensioner” olmaq qisməti də yazılıbmış.

Ötən gəncliyimi indiki “dincliyim”dən dadlı – duzlu xatirələr ayırır. Amma dincliyi heç eynimə də almıram, yazıb yaratmaq vərdişimdən qalmıram. Oxuyuram, yazıram, təbiət qoynunda gəzirəm, gözəllikləri sezirəm:

Bircə gün də dayanmıram qərarsız,

Deməsinlər “pensioner” yararsız…

Vətən torpağı, 23.07.2022” Aranda tutdan olduq, dağda qurutdan…”

Övladları yurddan izini döndərəndə yurd da övladlarından üzünü döndərər. Gürcüstanla sərhəddə quru yolların bağlı olması bizi belə bir vəziyyətlə üzləşdirib. Bu, bizim dönüklüyümüz deyil… Yollar açıq olanda, ürəyimiz istəyəndə yollar yorğunu olardıq, könül şadlığımız köksümüzə cığmazdı.

… Ana kəndim Faxralının tutu və qurudu da adnandı. Təəssüf ki, bu yay da ” Aranda tutdan olduq, dağda qurutdan…”

Əlim sənə çatmır, anam Faxralı,

Həsrət qəlbə yatmır, sonam Faxralı!..

Vətən dağları, 22.07.2022Dağ çayının şəlaləsi – nə şirindir təranəsi…

Könlümün səsinə qulaq asıb üzü dağlara getdim. Həsrətin tilsimi dağlarda sındı. Ürəyimin sarı simi dindi, nə dindi… Qayalar yaraqlı idi. Dağlar soraqlı idi. Meh əsdikcə otlar sığallanırdı, otlar daraqlı idi. Gözəlliklər önündə lal dayanıb durmuşdum, hər yan maraqlı idi. Dağ çayının havası canıma sərinlik yayır, məni yayın şəhər bürküsündən qoparır. Suların zümzüməsi fikrimi çəkib aparır:

Sənsən dağların töhfəsi,

Dağ çayının şəlaləsi…

Tale dünyası, 21.07.2022Zərif duyğuların ağuşundayam…

Yaş ötsə də ruhuma cavanlıq çilənir. Ömrün payızında yaşasam da, könlümdə bahar çağını seyr edirəm…. Amma həsrətin son sərhəddində olduğumun da fərqindəyəm. İllər ömrü kitab kimi varaqlayır:

Ötdü yuxu kimi ömrün illəri,

Ağardı ay şair, qara tellərin…

Vətən torpağı, 20.07.2022İlahi duyğular, zərif naxışlar…

Təbiət zərif çiçəklərdən çəmən toxuyur, hər tərəf gül – çiçək ətri qoxuyur, anadillər oxuyur…Bu ilahi duyğular, zərif naxışlar könül oxşayır. Beləcə, Vətən ətrinin mehrinə, sehrinə düşürəm:

Heyrət gözlərimdən asılı qalıb,

Güllər heyrətimə qısılı qalıb…

O çiçəyin ətri,

Bu gülün xətri…

Vətənin qıraqda qalan yerləri,

17.07.2022

Saf suların səsi – qumruların səsi…

Bir ömür yolunun döngələrində nələr, nələr varmış… Vətən torpağını qarış – qarış gəzərkən, hər qarışında təsvirəgəlməz gözəlliklər gördüm; axar suyun göyçəyi, ətrini yayan dağlar çiçəyi…

Çayın zümzüməsi könlümdə ötər,

Ömrümün bu anı min ömrə yetər…

Vətən torpağı, 11.07.2022Gözəllik qoymaz ki şair qocalsın…

Təbiət mənim könül həmdəmimdir. İnsan heç könül həmdəmindən gen düşərmi?! Torpağın töhfəsi, təbiətin gözəl guşəsi və təbiət aşiqinin kövrək tənhalığı…Duyğularım əriş – arğaclanır, dilimdə sözlər də ilmələnir – qafiyələnir…Anlayanlar sözdən anlayar, duyanlar sazdan duyar məni…Gözəllik qoymaz ki, şair qocalsın:

Bu yerdə hər tərəf güldür, çiçəkdir,

O bundan, bu ondan necə qəşəngdir!!!

Vətən torpağı, 10.07.2022Suların səsi – sükutun səsi…

Təbiətlə iç – içə qalmaq mənim təbiətimdədir. Gözdən – könüldən uzaq olmaq, qumru suların səsini dinləmək, ucqar bir yerdə tək bir ağacın kölgəsinə sığınmaq elə bir qərib duyğudur ki… Bax, burda öz könül nəğməmi oxuyuram, öz səsim, öz nəfəsimlə baş – başa qalıram. Bu qərib duyğunun nə olduğunu şairlər bilər:

Bu qərib duyğunu kim ünlər belə?!

Könlümdə bir sarı sim inlər belə…

Vətən torpağı, 06.07.2022Yurd həsrəti könül göynədir…

Təbiət insanın pərişan halında ürəyini ovudur. Təbiət qoynunda olanda həsrəti, möhnəti, hicranı unudursan…

Könlüm quşu Vətənimizin cənnətməkan yerlərinə, füsünkar təbiətli dağlarının qoynuna qonur. Ona görə vaxtaşırı təbiətlə təmasda oluram. Amma “Vətənin qıraqda qalan yerləri”nə – öz dədə – baba yurdumuza gedə bilmirik. Yazda kəndimiz behiştin bağına bənzəyir. İndi o gözəl yerlərə həsrət qalmışıq. Doğma Faxralımızla baş – başa qalan qartallı, başı qarlı dağlar yolumuzu gözləyir. Beləcə yurd həsrəti könül göynədir. Gürcüstanla sərhəddə quru yollar isə hələ də açılmır:

Belə davam edir ömrümün yolu,

Könlüm həsrət dolu, sinəm söz dolu…

Bakı şəhəri, 02.07.2022Könül ərmağanım…

Dəyərli dostlarım, şirin xatirələrlə dolu uşaqlıq və gənclik illəri sanki yaddaşımı zənginləşdirən bir xəzinədir. O xatirələr ömrümün yazı, payızı boyunca mənimlə yanaşı yol gedir. Bu şeirim də o xatirələrin mayasından yoğrulan, yaddaşımda xumarlanan bir könül ərmağanımdır.

Ay Xumar, Xumar!..

Gecə ulduzlarla qalıb göz – gözə,

Göydə Ulduz xumar, Ay xumar – xumar,

Ana laylası tək şirindi bizə,

Suları çağlayan Çay xumar – xumar…

O həzin, o körpə yaranışından,

Beləcə böyüdü uşaq yaşından,

Cavanlıq sevdası getməz başından,

Günlər yel qanadlı, ay xumar – xumar.

O şən günlər ötüb keçib nəvaxtdı,

Əlçatmazdı, ünyetməzdi, uzaqdı,

Yasəməndi, gülqotazdı, qovaqdı,

Güllü yaz ayında May, xumar – xumar.

Quşlar oyadardı hər səhər onu,

Bir qələm yenərdi, bir dəftər onu,

Duyanlar sayardı bəxtəvər onu,

Deyərdi səsini yay, xumar – xumar…

Ruhu sultan idi, eşqi xan idi,

Nəğməli könlü də bir kaman idi,

Onda Həzi dayın bəynişan idi,

İndi qocamandı, ay Xumar, Xumar!..

Vətən torpağı, 28.06.2022Gəzməli, görməli və bilməli…

Vətən torpağını qarış – qarış gəzdikcə həm ruhum dincəlir, həm də ki canım:

Azərbaycan ölkəsi də,

Ölkəmin hər bölgəsi də,

Bir ağacın kölgəsi də

Bir ömürlük xatirədir…

Vətənin saf suları, 27.06.2022

 

Xoşca qal, Ömrüm! Ruhum, xoş gördük!!!

İnsanın ömrü sular kimi qayğılar içində axıb gedir. Sular gümüldənib çağladıqca, dalğalar qabarıb çəkildikcə, ürək nələrisə pıçıldayır, insan kövrəlir, ruhu tərpənir. Biz olmayanda da ruhumuz bu dünyada olacaq. Xoşca qal, Ömrüm! Ruhum, xoş gördük!..

Nur çilər ömrümə saf sular mənim,

Ömrümün sonuna biraz var mənim…

Vətən torpağı, 26.06.2022Sözlə könüllərə vardım…

Daxili dünyamda öz – özümlə danışmaq, özümlə tək qalmaq üçün gözdən – könüldən uzaqlaşıram. Bütün varlığımla söz sehrinə, söz mehrinə, sözün cazibəsinə düşürəm. İlahi söz könlümdə çiçək kimi açılır, sözlə könüllərə varıram:

Yenə söz eşqində, söz sorağında,

Nələr düşünmədim çay qırağında…

Vətən torpağının cənnət yuvası…

26.06.2022

 

Ruhumun cənnət laylası…

Ötən gəncliyimdən bu yana sazsız bir günüm olmadı. Saz ömrü, söz ömrü yaşadım. Saz – söz ömrümü naxışladı, ömrümü dürlü – dürlü ovqata köklədi. Sazla ömürləşən ovqatım indi də “Hüseyni” havasına, cənnət yuvasına, ruhumun cənnət laylasına köklənib…

Vətən torpağı, 24.06.2022Borçalı elləri, Faxralının çölləri…

Uşaqlıq illərində yazın gəlişini ana kəndimiz Faxralının səfalı çöllərində, ucsuz – bucaqsız meşələrinin qoynunda qarşılayardıq. İndi ömrün o xoşbəxt çağları əlçatmaz, ünyetməz uşaqlıq illərində qalıb. Bir yandan da Gürcüstanla sərhəddə quru yollar hələ də açılmayıb. Yollarımızı bağlayanlar bizi doğma yurd – yuvamızdan ayrı saldılar. Ömür bitər, yol bitməz… Yol müqəddəsdir, yolumuzu bağlayanlar bizə yaşatdıqlarına görə Allahdan qorxmurlar ki?! Hər qarışında ayaq izlərimiz qalan çöllərimizi indi şəkillərdə görüb köks ötürürük:

Yenə duyğulandı könlüm dedikcə,

Çöllərdən doymadım göz işlədikcə…

Vətən torpağı, 23.06.2022Saz eşqi, söz eşqi…

Saz eşqi, söz eşqi ilə belə bir ömür yaşayıram. Kaş həyatın üfüqlərinə, ömrün sonunadək belə olaydı:

Könlündə saz eşqi, söz eşqi ola,

Özün də eşq ilə çıxasan yola…

22.06.2022Könül çırpıntıları…

Könlümün çırpıntıları İlahidən gələn söz örnəkləridir. Bizim Faxralı dağlarının gül – çiçəyi də şeir qoxuyur. Faxralı dağlarının çəmən çiçəyi də, meşə ətəyi də cazibəli təsir bağışlayır. Həmişə o doğma yerləri gəzməyə çıxardıq.

O yerlərin hər qarışı ilə bağlı xatirələrimizi könlümüzdə yaşada – yaşada yaşa doluruq. O yerlərin hikməti də dərindir, həsrəti də… O yerlərin ormanı, xırmanı, yalı – yamacı, torpağı, yarpağı, ağacı da yolumuza göz dikib. Amma neynəyək ki, yollar bağlıdır…

Bağlıdı kəndimə aparan yollar,

Həsrətdi boynuma uzalı qollar…

20.06.2022Həyatda gör nələr görüb gəlirik,

Ürəyi beləcə yorub gəlirik…

Ayrılıq insanı dirigözlü öldürür. Ayrılıq ölümdən betərdir. Ölüm ölmək deyil ki, torpağa qayıdışdır. Elə ayrılıqlar var ki, həsrəti könlümüzü göylərə çəkir. O həsrətdə ömrümüzün unudulmaz anları, ürəyimizin həyəcanları yaşayır. Ürək ayrılıqların sürgün yeridir. Dağ boyda ayrılıqların yükünü götürən, həsrətlə köksünü ötürən ürək…

Sinədə şimşəktək çaxır, dağlayır,

Həsrətdən ürəklər qübar bağlayır…

19.06.2022Şeirimin nəfəsi içimdən gəlir…

…Yazdığım hər misranın, hər beytin, hər bəndin məna çalarına, əlvanlığına diqqət yetirəndə görürəm ki, əzablı günlər də ömrümdən yan keçməyib.Yaxşı günlər də, yaman günlər də ömürdən ötür… Duyub düşündüklərim də, qələmə aldıqlarım da ömrümün tərcümanlarıdır:

Ay könül qayğısı, mənə deyirlər:

– Nə üçün yazırsan dərdli şeirlər?!

Vətən torpağı, 18.06.2022Könül təbiətlə mehrləşəndə…

Ürəyin duyub düşündüyünü, hiss etdiyini hər zərrədə görmək olar. Bir ovuc münbit Vətən torpağında, bir ağacın kölgəli yarpağında, bir çiçəyin ləçəyində, meh əsdikcə bir taxıl zəmisində yırğalanan sünbüllərin nəğməsində, çayların zümzüməsində, suların səsində və s.

Doymadım bu çayın zümzüməsindən,

Ana laylasıtək suyun səsindən…

17.06.2022Suların səsi, duyğu – düşüncənin nəfəsi…

Ürəyimin əzablarını, könlümün qayğılarını, şirin duyğularını şeirə çevirdiyim anlar ömrüm boyu səyahət zamanı yol yoldaşım olur.

Gecənin bir vaxtında yazdığım hər şeirim ömrümün yuxusuz gecələrində doğulur. Könlümün gözü ilə gördüklərimi yazmayanda gözlərimə yuxu getmir:

Ömrümün hər anı xatirəm olur,

Şeirimin havası könlümə dolur…

02.06.2022Duyğu yarpaqları…

Keçdi yuxu kimi ömrün illəri,

İnsanın dünyadan yoxmu xəbəri?!

01.06.2022Ürəyim və kürəyim…

Köksümdə ürəyim ölkəyə sığmaz,

Əksimdə kürəyim kölgəyə sığmaz…

31.05.2022Bu gidi dünyanın qoca bəndəsi…

Nə elə kam aldım, nə də bac aldım,

Dünya da qocaldı, mən də qocaldım…

30. 05. 2022Faxralının Təhməz bulağı…

Təhməz bulaq Borçalıda, mənim doğulduğum Faxralı kəndində, təbiətin səfalı qoynunda yerləşir. Pandemiyadan əvvəl hər yay Təhməz bilağına gedərdik, təbiətin o cənnət guşəsində dincələrdik, xoş anlar yaşayardıq. Artıq üç ildir öz doğma kəndimizə gedə bilmirik. Səbəb də Azərbaycanla Gürcüstanın quru sərhədinin bağlı olmasıdır. Aidiyyəti qurumların rəhbərləri nə düşünür, görəsən?!…

A Təhməz bulağı, sənin suyundan

İçəndə adamın dişi göynəyir.

Hələ görüşünə gələ bilmirəm,

Hələ də gözümün yaşı göynəyir.

Gözlərimin kökü saralı, neylim?

Olmuşam ürəyi paralı, neylim?

Qaldım ata yurddan aralı, neylim?

Yurdumun torpağı, daşı göynəyir.

Nələr qoyub gəldik, o yurdda nələr…

Hanı o xoş günlər, o xatirələr?

Ötüşür beləcə həsrətli illər,

Adamın ağılı, huşu göynəyir…

Ətrini almağa bir çiçək göndər,

Əlvan güllərini bir – bir çək, göndər,

Həziyə dözümlü bir ürək göndər,

Vallah, ürəyimin başı göynəyir…

29.05.2022Yetim- yetim…

Göndər məni Qaf dağına,

Həmdəm olum laf dağınan,

Döndər məni gül şaxına,

O dağlarda bitim, bitim…

Nəfəsi buluddan alım,

Qüvvəti palıddan alım,

Qanadı Qıratdan alım,

Uzaqlara yetim, yetim…

Dağlara yüyürüb gedim,

Yolları əyirib gedim,

Atımı səyirdib gedim,

Sazaqlarda ilim- itim…

Həzin Həzi, bu nə dəmdi?

Könül duyğuların kəmdi?

De, niyə gözlərin nəmdi?

Nə sızlarsan yetim – yetim?!

28.05.2022Çiçək düzüm tellərinə…

Elə şirin dillənərsən,

Dil çatarmı dillərinə?!

Qönçə – qönçə güllənərsən,

Çiçək düzüm tellərinə…

Kaş ömrümün bu çağında,

Məhəbbətin ocağında,

Qızınaydın qucağımda

Aylar ilən, illər ilən…

Ürəyin eşq ilə dolu,

Həzidir eşqinin qulu,

Qoy uzansın sevda yolu,

Ver əlini əllərimə!..

Borçalı, Faxralı kəndi, 26.05.2022

 

Bu sevdanın xoş halına…

Yuxuna danış, söylə ki,

Yuxuna gələ bilmirəm.

Nə səndən ayrı dözmürəm,

Nə də ki ölə bilmirəm.

Ağlasan, başına dönnəm,

Gözündə yaşına dönnəm,

Ya ocaq daşına dönnəm,

Ya da ki külə … bilmirəm

Vurğunam Aycamalına,

Gecikmişəm yığvalına,

Bu sevdanın xoş halına,

Özün bük, bələ… bilmirəm.

Borçalı, Faxralı kəndi, 25.05.2022Nənəmsən, axı…

(Təcnis)

Dastanlar, nağıllar bildim nə ki var,

Bunu sən öyrətdin, nənəmsən, axı!..

Məni kiridənin özü hey ağlar,

Deyirəm gözləri nə nəmsən, axı…

Balbulaq ağzımı balla yaxadı,

Yaxam çeşmələrdə qalan yaxadı,

İstəsən sərinlət, istər yax, aadı

küsmərəm, yarpızım, nanəmsən, axı…

Minəndə qarğını Ağ at yerinə,

Kişnəyib titrətdi Ağ at yeri nə…

Əlvan çeşnilərin ağ at yerinə,

Gəvə toxuyansan, nənəm, sən axı!..

Borçalı, Faxralı kəndi, 24.05.2022Qanlı Faxralımın Qızılqayası…

Qanlı Faxralımın Qızılqayası,

Ləl – gövhər qalası, qızıl qalası,

Sənsən Ay nurunun qızıl talası,

Yanar dağlar kimi nurlu göründün.

Nağıllar yaşıdı, sənə baxanda,

O qızıl zirvəndə şimşək çaxanda,

Əzəmət sinəndə, vüqar yaxanda,

Bilirsənmi necə sirli göründün?!

Səngərlə Gözəldağ – əkiz qardaşın,

Siz ki şahidisiz cəngin- savaşın,

Qalib əsgər kimi məğrurdu başın,

Nə vüqarlı, nə qürurlu göründün!..

Çırağban mayaksan, kəhkəşanında,

Baxıb heyrətləndim həyəcanımdan,

Bəlkə daşa döndü Həzi yanında

Çox əsrarlı, çox sehirli göründün…

23.05.2022Yuxuma nə gəlsə, başıma gəlir…

İllərlə gözlədim Tanrı püşkünü,

İlahi qismətdi, istədi verdi.

Nəğməylə süslədi könül köşkünü,

Ünlü havacatdı, bəstədi, verdi.

Qəflət yuxusundan xudam ayıltdı,

Əksimi əks etdi nurlu çöhrəndə.

Kim deyə bilər ki, məni yanıltdın,

Özümü tanıdım səni görəndə.

Sənin gözlərində gözümü gördüm,

Gözünü gəzirdi yuxum qonmağa,

Sənin varlığında özümü gördüm,

Tək sənə meyl etdi ruhum qonmağa.

Bir şirin nəğməsən, hər şirin sözün,

Bal kimi şirindir, şirin nübardır.

Yolunu gözlərdim hər gələn yazın,

İndi ki sən varsan, könlüm bahardır.

Borçalı, Faxralı yaylağı…21.05.2022O görünən Yırğançaydı, Atilla!..

Yaylaq havası üstündə

O görünən Yırğançaydı, Atilla,

Dörd tərəfi xırmançaydı, Atilla,

Çəməndə yatan oğlana

Gül – çiçək də yorğançaydı, Atilla!..

Min atını, yəhərlə get, Atilla,

Qamçıla get, dəhmərlə get, Atilla,

Dağlar yolunu gözləyir,

Dördnala çap, cantərlə get, Atilla!

Ötən günlər heyifdimi, Atilla,

Dədən belə deyifdimi, Atilla,

Qoca dağlara bənzəyən

Bavan qəddin əyifdimi, Atilla?!

Sözlərin nə xurmayıdı, Atilla,

Saçların nə burmayıdı, Atilla,

Saraçlı Söyünnən qalan

Sazın sədəf – şirmayıdı, Atilla!..

O yerlər də mənalıydı, Atilla,

O göylər də durnalıydı, Atilla,

Yetim qalmış Həzi əmin

Atalıydı, analıydı, Atilla!..

O görünən Yırğançaydı, Atilla,

Dörd tərəfi xırmançaydı, Atilla,

Çəməndə yatan Həziyə

Gül – çiçək də yorğançaydı, Atilla!..

20.05.2022Babamın Göydəmir atı…

Yalmanı gülzar ifçində,

Yəhəri də zər içində,

Yoxuydu Çini Maçində,

Bir atıydı Göydəmir at…

O, babamla qoşa döndü,

Həm əkiz qardaşa döndü,

Sanki qızılquşa döndü,

Dambatıydı Göydəmir at…

Ot bitməzdi izlərindən,

Bükülməzdi dizlərindən,

Gün doğardı gözlərindən,

Sayadıydı Göydəmir at…

İgid, ərən oğuldu ki,

Ərdən ərən doğuldu ki,

Babam özü nağıldı ki,

Bayatıydı Göydəmir at…

19.05.2022Sən eləsən, mən belə…

(Bəzi harın rüşvətxorların menyusuna)

Çox da öyünmə haa…saraylarınla,

Bir de, sarayından kimə pay düşüb?!

Özümə taxtadan kümə qurmuşam,

Sənin qismətinə Ağ saray düşüb?!

O dərd sarayıdır – qan sarayıdır,

Nəfsin faciəsi – xan sarayıdır,

Divin şüşədəki can sarayıdır,

İçinə nə qədər gör ah – vay düşüb…

Sarayların qoşa – qoşadır, harın!

Bir ömrü mənasız yaşadın, harın!

Kasıbın payını daşıdın, harın!

Sanırsan üzünə gülən Ay düşüb?!

Harınlar pulunu sayar, bağlıyar,

Kasıbın dərdi də ürək dağlıyar,

Sənin sümüklərin sınar, ağrıyar,

Mənim sümüyümə ” Şinanay” düşüb…

18.05.2022İnsan və dünya…

Sən Ay boyda dünya, Gün boyda dünya,

Mən də darı boyda, dən boyda, dünya!

Dərdli ürəyimdə qəm boyda dünya,

Gidisən, özünü taymı tutursan,

Mən boyda insana, sən boyda dünya?!

Bəs, kim soracaqdı səndən hesabı?

Verirsən mələyə şeytan əzabı,

Elə sızladırsan könül rübabım,

Cəlladsan, canisən, toymu tutursan,

Mən boyda insana sən boyda dünya?!

Gözümü güldürən nur da vermədin,

Qışda buz istədim, qar da vermədin,

Bağbanam, bağ saldım, bar da vermədin,

Dərd verib, ağladıb zuymu tutursan,

Mən boyda insana sən boyda dünya?!

Elə cənnət kimi göründün, gəldim,

Məkkəmdin, Mədinəm, pirimdin, gəldim,

Ehram libasına büründüm, gəldim,

Öldürüb, dirildib vaymı tutursan,

Mən boyda insana, sən boyda dünya?!

Qeyrət qılıncını paslı qoyansan,

Milyon ürəkləri yaslı qoyansan,

Mərdi ki namərddən asılı qoyansan,

Başımda çətir tək göymü tutursan,

Mən boyda insana, sən boyda dünya?!

Yaltaq olmaq üçün kursamı gedim?

Alçaqlıq öyrənim? Dərsəmi gedim?

Yoxsa insanlıqdan tərsəmi gedim,

Kələfin dolaşıb, iymi tutursan,

Mən boyda insana, sən boyda dünya?!

İnsanam, sadağa – nəzir deyiləm,

Nə də saraylarda vəzir deyiləm,

Öldür, alçalmağa hazır deyiləm,

Oxunu gizlədib, yaymı tutursan,

Mən boyda insana, sən boyda dünya?!..

17.05.2022Könül dostum

(Dövranın ironiyası)

Könül dostum, qadan alım,

Həncəriyəm? Soruş halım,

Quruduram nəm dəsmalı,

Aseram yaş – yaş, beləcə…

Mən dünyadan yaza – yaza,

Dünya məndən bezə – bezə,

Yazdığımı təzə – təzə

Aseram boş – boş, beləcə…

Yolları geyib əynimə,

Dərdi almıram eynimə,

Dünyanı yığıb beynimə,

Aseram baş – baş, beləcə…

Gözlə görünməz iynəyəm,

Gözə gərəkməz eynəyəm,

Gecənin qara köynəyin

Aseram qardaş, beləcə…

Kimin məndən xavarı var?

Evimin qırx divarı var,

Qapımın qırx açarı var,

Aseram sirdaş, beləcə…

Könül dostum, qadan alım,

Həncəriyəm? Soruş halım,

Quruduram nəm dəsmalı,

Aseram yaş – yaş, beləcə…

Borçalı, Faxralı kəndi,16.05.2022Yaylaq havası

Mənim uşaqlığım yaylaqlarda keçib. Faxralının Tənəkli, Qızılqaya, Əzgilli, Daşlı Gəzdək kimi səfalı yurd yerlərində keçən uşaqlığım heç xatirimdən silinmir. Axşamlar böyüklü – kiçikli, tonqal qalayıb ocaq başına yığışardıq. Sazda və qarmonda ifa etdiyim havacatların səsi pərdə – pərdə hər tərəfə yayılar, meşələrin dərinliklərinə qədər gedərdi. Qonşumuz Sənəm nənə üçün bu, əsil toy – bayram demək idi. Yaylaq havasının sədasına elə oynayardı, elə sındırardı ki…O, tək – tənha yaşayırdı. Övladı olmadığına görə qonşu uşaqları

çox istəyirdi, əzizləyirdi. Biz də Sənəm nənəni çox istəyirdik. Bu şeiri onun dilindən eşitdiyim sözlərə uyğunlaşdırıb yazdım. Ruhu şad olsun!..

Çal, oynasın Sənəm nənən!

Əəədə a aşıq, “Telloyu” çal,

Qarmoyu çal, zurnoyu çal,

Qonşunuzam mən də üç ay,

Çal, oynasın Sənəm nənən,

Bol oynasın nənən – nənən

Heç baxmadım ağıla, huşa,

Süzdüm o başdan bu başa,

Oynaram qonşumnan qoşa,

Çal, oynasın Sənəm nənən,

Dul oynasın nənən – nənən.

Yükdədi barım – barxanam,

Qurulsun mağar – toyxana,

Girif meydana yayxanam –

Çal, oynasın Sənəm nənən,

Kal oynasın nənən – nənən.

Elə oynasın, oynasın,

Belə oynasın, oynasın,

Yelə oynasın, oynasın –

Çal, oynasın Sənəm nənən,

Lal oynasın nənən – nənən.

Əəədə a aşıq, ” Telloyu” çal,

Bu şirmayı qarmoyu çal,

Qonşunuzam mən də üç ay,

Çal, oynasın Sənəm nənən,

Bol oynasın nənən – nənən…

15.05.2022

Məni…

Onda ki əməzik idim,

Qamçı kimi nəzik idim,

Uşaqların gözü idim,

Qucaqlar gəzdirdi məni.

Bir oğlandım çilink kimi,

Heç doymurdum ləlik kimi,

Cüyür kimi, əlik kimi

O çağlar azdırdı məni.

Bir gülümsər göz görəndə,

Şellənirdim qız görəndə,

Nazlı – nazlı üz görəndə

Yanaqlar qızdırdı məni.

Aşıq atdım, şeş durmadı,

Ötdü yazım, qış durmadı,

Bir gün dilim dinc durmadı,

Qoçaqlar əzdirdi məni…

Yıxılanda dizi qanlı,

Bərk ayaqda gözü qanlı,

Subay vaxtı sözü qanlı

Bucaqlar bezdirdi məni…

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur