Nəbi Ayvazov (1914-2002)
Dağlar
Yaz gələndə həsrətim tək,
 Əriyəcək buzun dağlar.
 Sızqı çıxıb göyərəndə
 Mələyəcək quzun, dağlar.
Ağuşunda gen sinəndə,
 Yorğun yolçu isinəndə,
 Boran, çovğun silkinəndə
 Yaman dönür üzün, dağlar.
Yaz ağızı dəstə-dəstə
 Gələnlərdən ülfət istə.
 Xəstə qonaq dönməz xəstə,
 Məlhəm olar üzün, dağlar.
Kəkliklərin qonar, uçar,
 Başlarını öpər, qucar.
 Göz dodurar, könül açar,
 Yal yamacın, düzün, dağlar
Nəbi səndə bir yarpaqdı,
 Nə deyrsə düzdü, haqdı.
 O da köçsə, bir qonaqdı,
 Nə olacaq sözün, dağlar?
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından


 
   
   
  