Səkinə Namazova (1961)
Yaradı
(Cığlı təcnis )
İnsan gərək sevgisində mərd ola,
Etibarsız adanmaya yar adı.
Əzizinəm yaradı,
Hicran da bir yaradı.
Təmiz ad baş tacıdı,
Yaxşı qoru, yar, adı.
Lağ etmə kimsəyə, başına gələr,
Hamını Tanrının özü yaradı,
Xəzan vurdu, bağçam oldu qara, bax,
Kim vurubdu əllərinə qara bağ?
Əzizinəm Qarabağ,
Əsir düşdü Qarabağ.
Ürəyimdə – atəşə,
Gözlərimdə qara bax.
Yad əllərdə dərman gəzən Qarabağ,
Könüllərdə Vətən adlı yaradı.
Könül, sonulama ya qış, ya da yaz,
Qorxutmasın səni şaxta, ya da ayaz.
Əziznəm yaza yaz,
Qarşı gələn yaza-yaz.
Haqdan dilə bəxtini,
Xoş taledən yaz-ha-yaz
Köçərsən, ömürün çoxdu, ya da az,
Deməsinlər: Gəldi, kimə yaradı?
Atası – İlyaz Namazov və Səkinə Namazova
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından