Şair Hamlet Kazımoğlu

Hamlet Kazımoğlu 1970-ci ildə Faxralıda anadan olmuş və ürək çatışmazlığı nəticəsində 2001-ci ildə rəhmətə getmişdir.

Texniki Univesitetı bitirib (1989). AVP Mərkəzi aparatında işləyib. Azərbaycan poezıyasınm yeni nəslinin ümidverici gənçlərindən olub. Gənc şairlər arasında keçirilən şeir müsabiqəsinin qalibi olub (1997). “Ağ çadır” şeirlər kitabı nəşr olunub (B. 1997).

Hamlet Kazımoğlunun şeirlərindən nümunələrə buradan tanış olmaq olar.

Salam, hər vaxtınız xeyir olsun əziz dostlar.Sizlərə yenidən mərhum şair Hamlet Kazımoğlu qələmindən bir əsəri təqdim etmək istəyirəm. Bu əsər o əsərdir ki, vətən həsrəti və nakam məhəbbət nəticəsində ərsəyə gəlmiş bir əsərdir.Buyurun dinləyin və fikirlərinizi yazın.RUHUN ŞAD OLSUN ŞAİR

Gepostet von Azər İqrar Bağırov am Freitag, 27. Dezember 2019

 

İlqar İlkin : “Ulduz” jurnalı, No8, 2001.

BAYRAQ…VƏTƏN

Allahın izni ilə şahidlik edə bilərəm ki, sonuncu nəfəsin avazıyanda uzun donlu bir bayrağın ətəyindən öpüb gedə bilmədin, sən istəyən bayraqların bu dünyada nə rəngini tapmaq olar, nə də onu sancmağa bir qarış torpaq tapılar. Sən öz bayrağını azadlığa sancmaq istəyirdin. Məxmər baldırlarını düzə qoymuş xanımlar kimi abrını yuxarı dartışdırmış bayraqların ətəyindən öpməyi isə Tanrı sənin mübarək ruhuna qıymazdı. Şükürlər olsun ki, qıymadı da. Amma mən Tanrının mərhəmətlilərin ən böyüyü olduğuna şahidlik edərəm ki, o sənə doğulduğun, yaşadığın və son nəfəsini tapşırdığın bu üç qürbət ölkədən də üstün bir ağ çadır vermişdi. Yadındamı ağ çadır? Uca bir bayrağın başında durmuşdun. Sonra sənin bir oğlun da oldu. O ağ çadırın eşqinə doğmuşdular sənə. Kürəkləri bayraq sancılmalı oğul idi. Yox! Yox! Deyəsən sənə oğul doğulmadı… Sənin heç ağ çadırın olmamışdı axı!

Mən azadlığam dedin, sən bayraq! Bir gecə küçənin ortasında qəfil vurdular səni, içində öldürdün onu da. İçinə alıb apardığın o bayrağın qüruruna və namusuna and olsun ki, sənin o ağzı süd qoxulu bayrağının Tanrı dərgahında şərəfli və imanlı bir yeri mütləq olacaq. Çünki bu dünyadan bayrağına tamarzı gedənlərə o mərhəmət və can yiyəsi öz ətəklərini bayraq kimi səcdə qılmağa hələ heç bir mübarək üzlüyə qızırğanmayıb.

Sənin cütbaşlı qartal caynağından güclə qoparıb qaldırdığın o gözəlin bayrağının önündən sürüldüyünü mən Tanrı dərgahında mütləq dilimə gətirəcəm. Uc-uca calaq vurulmuş ipək parçaların altında sümüksüz koramal kimi sürünməkdən torpaq olmuş kürəklərini çırpdırıb, üzünü qürbətə səsləyirdin hələ şərəfınin və qürurunun ağası ola bilənləri… Amma o gözəlim Allah sənə uzunbarmaqlı bir dost vermədi ki, sənin torpaq kürəklərini çırpsın. Çünki ayaqlarına yox, sürünməkdən kürəklərində damğa kimi qalmış Ata torpağını bütün qürbət boyu üzqarası kimi gəzdirməyi Tanrı sənin açıq alnına bir cəza yazmışdı. Amma sən o yolu da getmədin, gedə bilmədin, geri döndün Vətənin qırağından. Özü də yanımıza qayıtmadın, ruhunu Tanrının nurlu və işıqlı məkanında əbədi dincə qoydun. Sənin Vətən deyib səcdə qıldığın bəlkə elə bu imiş. Yoxsa sən də mənim kimi Tanrı nemətlərinin üstündə bir-birinin gözünü tökən bu insan yığnağının daraşdığı torpaq bölgüsünə deyirdin Vətən? Burda torpağa atılan buğda dənələrində məzlumların nəfəsi qaldığından bir damla yaş düşmür zəmilərə. Yox! Sən buna Vətən deməzsən. Çünki bütün ruhların nəfəsini doyura bilən Tanrı ruhunun dolaşdığı əbədi bir VƏTƏNdə yaşay1rsan…*

*  “ Ulduz” jurnalı. No8, 2001. Məqalənin müəllifi İlqar İlkindir.

Onun barəsində aşağıdakı saytlardan tanış ola bilərsiniz:

Sayt 1
Sayt 2

Yazar Əkbər Qoşalının Hamlet Kazımoğlu barədə xatirələrindən:

SƏBRİ ÖMRÜNDƏN UZUN (nakam şair Hamlet Kazımoğlu)

“Olum, ya ölüm” dilemması yoxdur, “olum, ya ölüm” hökmü var əslində! Çünki

“Tanrı ölüm hökmü kəsib,
doğulmaq günahımıza” (Salam).

Zatən

“Ömrümüzdə iki dəfə gözümüzə işıq gəldi: anamızdan olmuşuq bir, bir də ki, ruh çıxıb getdi”.

“Olum”, “ölüm” …və bu iki məqam (qapı) arasındakı yol –“Ömür” bir gerçəklik və yaşam məhkumluğudur. O Ömür ki, “duayla göz yaşı arası”dır. Ömür ki, Hamlet onu yazılı bir kitab bilib, üzünü köçürmək istəyirdi. O Hamlet ki, 31 illik ömründən 31 şeirlik “Ağ çadır” və “Ağ çadır” eşqi bəxş etdi onsuz qalanlara. “Ağ çadır” Dədəm Qorquddan Hamletədək bu qədər təsirli mövzu olmamışdı elə bil… Əli qaşının üstə günəşə sarı boylanan şair təkcə “üstünə gün düşən çadır”ı – “Ağ çadır”ı axtarmırdı, o sanki Oğuzun öləziyən mənəvi energetikasını bərpa etmək, ruhumzu dirçəltmək istəyirdi.

***
Mənim dostluq dünyamın ən əziz həqiqətiydi Hamlet Kazımoğlu! Yaşasaydı bu kitab onun özünün iştirakı ilə keçirəcəyimiz 40 illik yubileyi münasibəti ilə hazırlanmış olacaqdı və də “Nakam şairin şeirlər kitabı” adlanmayacaqdı… (Görəsən şair ikinci kitabına nə ad verəcəkdi?)

“Dörd yanım, dörd yanım adamla dolu.
İlahi, nə varmış adam olmağa” (Səhər)

pıçıldayıb, “qara çadırın adamlarına qarışmışıq” yazan Hamlet, yenə öz təbirincə desək, köhnəlib getdiyini düşünür, təzələnmək istəyirdi. Həm də necə? – “Sizə gəlmək istəyirəm” şeirini mənə ilk oxuduğunda olduğu kimi “qayıdıb bir qız bətninə” təzə gəlmək isəmirdi. – O elə bil alın yazısına düzəliş edirmiş kimi, kitabını çapa verərkən

Geriyə dönüb bu ömrü
Təzə gəlmək istəyirəm

diləyini dilə gətirdi. Bəlkə ona görə ki, şairin

“Mənə halallıq ver, sevirəm səni,
daha bu sevgini götürüb gedim.
Adam sevdiyinə borclu qalırmış
Bəs bu borcu nəylə bitirib gedim?”

sualı və o suala özü tərəfindən verilmiş cavabı vardı:

Nə bilim könlümü şum kimi əkdim,
gördüm həsrətimin boyu dik çıxdı.
Düşündüm yolunu sənə çatmağın
ağlımın içindən dəlilik çıxdı.

***

Hamlet “Səbrim ömrümdən uzundu” deyirdi. Deyirdi “Yaşamağın dadını gördüm, yolunu tapmadım”

1997-ci ildən Rusiyada yaşayan Hamletlə sonuncu telefon söhbətimizdə o başa düşülməmək dərdindən danışdı. Dərdi nə qədər ürəyinə salsa da mənə də pay saxlayırdı. Bilirdim onun üçün çətindi Rusiyada yaşamaq, bilirdim, amma bu onun taleyi idi.
Onunla sonuncu dəfə telefon danışığımız gecədən xeyli keçmiş baş tutdu. “İlahi, İlahi, Tanrım” (V.B.Önər) bir də mənə saatın həmin məqamında zəng qismət eləmə. Çünki “aldada bilmirəm özümü daha” (V.İsaqoğlu) və bilirəm, o daha zəng etməyəcək, heç bir zəng edən o olmayacaq.

Hamleti bir də nə vaxt YETİRƏRSƏN, İlahi?!  Ona xitabən “Sən gəlmişdin keçmiş adlı nağıldan” (H.Şəmi) deyən də düz deyir. O özü etiraf etmirdimi:

…Bir dəfə yaşamışam, gör yaddaşınmda nələr var,
Çəkir məni o ilk yuvam – qaranlıq daş mağaralar
İstərəm dönüb ən qədim insanlar olaq,
Qədimdə yaşamağın mən bilirəm dadını,
yar…

***

…Borçalı. Faxralı köyü. İbrət bağçası qəbirstanlıq. Hələ “il”i tamam olmamış atasının tək qalmasına qıymayan Hamlet uyuyur orda. “Tanrım, Tanım, İlahi” ona niyə hələ 4-5 il öncədən orda mənim qəbrim bunu bir haqq san dedirtmişdin?!.

Orda danışmaqdan çox düşünməyi xoşlayan, ürəyi sirr yuvası cavan – məni bir dost kimi bəlkə də hamıdan çox istəyən, mənim isə “bəlkə”siz hamıdan çox istədiyim şair Hamlet dəfn olunub. Mən onun gözünü yumulu gördüm, dostlar. Onun “Gəlib mən ölmüşə bir sən də baxsan” sözünü tutmaq yazılıbmış alnıma…
O məni tək qoydu, – “qara çadırın adamları” içində. Özü isə “yenidən ağ çadırda yaşamaq ümidi ilə” getdi.

Hamlet KAZIMOĞLU

Gəzəndə sahili bir qürub çağı
Qanıydı Günəşin üfüq yatağı,
Pıçıldadı birdən, əsdi dodağı
Sevgilim anamtək yalvardı mənə.*

Bu görüş anında həsrət olmadı,
Ayrı söz olmadı, söhbət olmadı,
Mənə yalvarmaqdan heç o doymadı
Sevgilim anamtək yalvardı mənə.

Mənə yalvarmağa gəlmişdi, nədi,
Doğacaq oğlumu bilmişdi, nədi?
Yoxsa daha anam ölmüşdü, nədi, –
Sevgilim anamtək yalvardı mənə.

…Mənmi tələsmişdim tez doğulmağa,
Omu gecikmişdi ana olmağa?
Qayıtdım bir bətnə mən yığılmağa
Sevgilim anamtək yalvardı mənə

* burada: sevgilim məni anamtək oxşadı, boyumu sevdi, nəvaziş göstərdi, dil tökdü anlamında

ÜZÜNDƏ GÖZƏLLİK QAYMAQLAYACAQ

Könlümüzdə dilə gəlməz sevgi var
Susacağıq illər boyu, deyəsən.
Nə vaxtsa dünyada ikimiz qalsaq,
Bir axşam qapımı gəlib döyəsən.

Döyəsən qapımı… açıb görəm ki,
Yüz illər qabaqca gördüyüm sənsən.
Bütün sevdiklərim arada qalsın,
İlk dəfə, son dəfə sevdiyim sənsən.

Ötən illər səni dəyişməyəcək,
Nəyin varsa elə, elə qalacaq.
Uzağı, uzağı, ey gözəl, sənin
Üzündə gözəllik qaymaqlayacaq.
BAKI

***
T.üçün

Uzun ayrılıqdan sonra
Sehr dolu uzaq bir gecənin zülmətindən
Bu zülmətdə boğulurmuş kimi
Səsləsən məni sənin arxanca qaçaram, sənin arxanca uçaram
Qorumaq istərəm səni şərlərdən
Aparmaq istərəm şəhərlərdən
Uzaq kəndlərə…

***

…O yatıb içinə girdiyin yuxu,
ömründə əksidir bir heçin, qadın.
Sənə düşməyəcək gördüyün yuxu,
görə bilmədiyin yuxun çin, qadın.

Üzükdən qapım var, barmağın dəyər,
döyüb bu qapını yormağın dəyər,
Uçmaq sevincinə qonmağın dəyər,
əllərin əlimdə göyərçin, qadın.

Getsən də həsrətin bir sərt dayaqdı,
ölməyib qalaram, şərt – yaşamaqdı.
Sevgim göyə çıxıb, dedilər, haqdı,
söylə qalarsanmı mənimçün, qadın?!.

Mənbə: Facebook-dan (https://www.facebook.com/permalink.php?story_fbid=1088300931214204&id=439707949406842)

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur