“HƏR UCALIQ BIR ALÇAĞA DƏRD OLAR”
İnsan dünyaya gələndə fikirləşmir ki, onun qarşısına hansı faciələr və çətin günlər çıxacaq. Fikirləşsə də buna heç cür əlac tapa bilməz. Ən azından Allah-Təaladan başqa heç kim deyə bilməz ki, insanı qarşıda nə gözləyir. Olacaqlardan asılı olmayaraq, hər bir insan özünün Allah-Təala tərəfindən bəxş edilən ömrünü yaşayır. Ömür var ki, onu yaşamağa görə insan heç vaxt peşmançılıq hissi keçmir. Ömrün göz yaşları, sevinc yaşları, faciəsi və ağır günləri də var. Bu ağır günləri və ağır anları iradəcə və xaraktercə möhkəm olan insanlar zaman-zaman arxada qoyur. Amma bir də görürsən ki, sənin iradəndən, gücündən və savadından asılı olmayaraq, zaman səni uçurumun dibinə yuvarlayıb. Uçurumun özü də hardasa dərin olsa belə, göy üzü görünəndə insanda ümid yaranır ki, ordan çıxa biləcək. Məhz Abbas Hüseyn oğlu Poladov da həyatın hər cür çətinliyini və faciəsini yaşamış insanlardandır. O, Borçalının Faxralı kəndində Dadaş Hüseynin ailəsində dünyaya göz açıb. Anadan olduğu il dəqiq bilinməsə də, təxmini hesablamalara görə, Abbas Poladov 1886-1888-ci illərdə anadan olub. Deyilənlərə görə, çox bacarıqlı, savadlı və mərd insan olub. Harda olmasından və kiminlə dostluq eləməsindən asılı olmayaraq, Abbas Poladovun əsl kişilərə məxsus bir sifəti olub. Həmişə hər hansı bir adamın nöqsanını, günahını və səhvlərini üzünə şax deyib. Çəkinməyib ki, acı, amma düz söz dediyi üçün nə vaxtsa onun başı ağrıya bilər. Bircə onu fikirləşib ki, haqq sözü deyən insanı Allah da sevir.
O, orta məktəbdə ibtida isinif müəllimi işləyib. Sonradan Abbas Poladovun istedadını, əməksevərliyini və bacarıqlı mütəxəssis olduğunu görüb, Bolnisi rayon maliyyə şöbəsinə müdir təyin ediblər. Elə bundan sonra onun həyatında faciəli və ağır günlər başlayıb. Burda böyük şairimiz Musa Yaqubun aşağıdakı misraları yada düşür:
Dünyanın zəmisi heç imiş demə,
Dəryanın gəmisi köç imiş demə,
Heçimi, köçümü indi bilmişəm,
İndi bilməyim də gec imiş, demə.
…Günlərin birində Abbas Poladovu həbs edirlər və ona qarşı böyük təzyiqlər göstərməyə başlayırlar. Hətta ona ən ağır işgəncələr və əzablar verməkdən belə çəkinməyiblər. Nə verilən əziyyət, nə də əzab ziyalı insan olan Abbas Poladovu heç vaxt sındıra bilməyib. O, hər dəfə kəndə at belində gələndə çoxları deyirmiş ki, Şah Abbas gəlir. Elə buna görə də bəzi insanların, daha doğrusu, nadanların, cahillərin və qeyrətsizlərin gözü onu götürmürmüş. Ağır əzab-əziyyətdən sonra Abbas Poladov dünyasını həbsxanada dəyişir. Ancaq onun yaşadığı mərd və kişi ömrü əbədi olaraq, insanların yaddaşına və hafizəsinə hopur.
Onun üç qardaşı olub: Məhərrəm Dadaş oğlu, Oruc və Alı. Onlardan Məhərrəm kişi 101 il ömür sürüb. Övladı isə olmayıb. Amma övladı olmasa da, insanların ürəyində özünə elə bir kişilik və mərdlik heykəli ucaldıb ki, 100 illər keçsə də bu heykəli nə zamanın tufanı, nə çovğunu, nə də seli-suyu yuyub apara bilib. Çünki Abbas Poladov kimi kişilər az yaşasalar da, öz əməlləri ilə başqalarının 100 ildə, 150 ildə görə bilmədikləri işləri həyata keçiriblər. Elə bunun nəticəsidir ki, Faxralılar bu gün də Abbas kişidən ağzıdolusu danışırlar.
Abbas kişi sərt qaya dözümü yaşayıb. Sözünü həmişə mərdi-mərdanə deyib. Əyilməyib, sınmayıb. Və hər dəfə onu xatırladıqda adama elə gəlir ki, böyük şairimiz Zəlimxan Yaqub aşağıdakı bəndi məhz Abbas kişi üçün yazıb:
Hər ucalıq bir alçağa dərd olar,
Üzdə gülər, ürəyində pərt olar,
Ömrü boyu mətin olar, mərd olar,
Sərt qayalar əyilməz ki, əyilməz.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.