Çərçi qızı -Balaxanım Abbasəli qızı

ÇƏRÇİ QIZI BƏDÖY MİNİB ÇAPIBDI

Dünyada elə qadınlar var ki, igidliyinə, mərd­liyinə və cə­sur­lu­ğuna görə, heç də kişi­lər­dən ge­­ri qalmırlar. Onlar da lazım gə­­ləndə əlinə silah götürür, qı­lınc alır, at belinə qal­xaraq ya­ğı­lara qarşı vuruşurlar. Və elə vu­ru­şurlar ki, onların döyüşkənliyi uzun zaman tarixin yaddaşında qalır. Deyirlər ki, tarix ən gözəl şa­hiddir. Bəli, bu, həqiqətən be­lədir.

Tarix hər şeyi olduğu kimi görür və oldu­ğu kimi də yad­daşa yazır. Sadəcə olaraq, hər zamanın öz ölçüsü-biçişi var. Əgər bir zaman­lar Azərbaycanda Tomris kimi, Həcər kimi, Nigar kimi mərd, döyüşkən qadınlar olubsa, təbii ki, sonrakı dövrlərdə də onun davamı olmalı idi.

Belə qeyrətli, cəsur, millətini sevən qadınlardan biri də el arasında Çərçi qızı kimi tanınan Balaxanım Abbasəli qızı olub. Balaxanım  Çərçi qızı 1888-ci il­də Borçalının Faxralı kəndində dünyaya gəlib. Özü də bu in­san elə-belə və adi bir qadın olmayıb. Onun qardaşları Borça­lının çox qeyrətli və tanınmış kişilərindən olub. Qardaşı Çərçi oğlu Hümbət sərrast atıcı, qürurlu, Borçalıda döyüş­kən və igid qaçaqlardan biri kimi sayılıb-seçilib. Çərçi oğlu Hümbətin adı gələndə ermənilər tülkü deşiyi axtarıb ki, orda gizlənsinlər və onun gözünə görünmə­sinlər. Özündən deyən erməniləri həmişə yerində otur­dan Çərçi oğlu Hüm­bət onu hökümətə satan erməni Solomanın oğlunu bir güllə ilə cəhən­nəmə göndərib. Belə qorx­maz oğlu eldə-obada qoru­yan, ona dayaq olan kişilər olub. Onlardan biri Nəsiboğlu Nadir kişi də Çərçi oğlu Hümbətin ələ keçmə­məsinə çox çalışıb, onun qeyrətinə, çevikliyinə həsəd aparıb. Çərçi oğlu kimi şir ürəkli, şir biləkli igidi ələ vermək satqınlıqdı, – deyib. Heç təsadüfi deyil ki, ömrü boyu Borçalıda yaşamış el şairi İsmayıl Güllər yazırdı:

Orcunnu Hasanmış bir ətdən qala,
Çərçi oğlu bənzərmiş Rüstəmi-Zala,
Ordular dağıdıb düşəndə dara,
Görənlər danışır, eldə söylənir.

Hümbətin bacısı Balaxanım Çərçi qızı da elə igidlikdə və qeyrətdə qardaşı Çərçi oğlu Hümbətdən geri qalmayıb.

Bəzən məqam gəlib ki, o, ağır gündə el-obasına –  kəndli­lə­ri­nə arxa durub. Yağı düşmənlərdən qorxmayıb, ümumən qor­xu­nun nə olduğunu bilməyib. Bu da təsadüfi deyil. Çünki Ba­laxanım Abbasəli qızı sözünün yiyəsi olub. Bütöv xasiyyətli bir insan kimi hamının yaddaşında əbədi iz qoyub. Vaxt olub ki, kənd camaatı soyuqdan yaylağa çıxa bilməyib, amma o boranlı havada Çərçi qızı çəkinmədən həmin il hamıdan qabaq yaylağa qalxıb.

Balaxanım yaxşı at minməklə, tüfəng atmaqla Borçalıda ad çıxardıb. Dumanlı havalarda at belində yaylağa qalxanda tüfəngi çiynindən yerə qoymazdı. Deyərdi ki, dünyanın işini bilmək olmaz, bu yerlərdə yaramaz əclaflar ola bilər. Birdən qa­ba­ğıma çıxar, yaraqsız olaram, onların cava­bını verə bilmə­rəm. “Ehtiyat igidn yaraşığıdır”, – deyə həmişə Bala­xanım Çərçi qızı tüfəngi yanında gəzdirib. Bu qədər comərd, döyüş­kən və mübariz bir insanın son dərəcə yumşaq, ipək kimi bir ürəyi olub. Bu bir faktdır ki, Balaxanım Çərçı qızı ağır vəziy­yətdə olan xəstə insanları özü ilə yaylağa aparıb, onlara qulluq edib və sağalandan sonra yenidən həmin adamları öz ailələrinə göndərib. El şairi İsmayıl Güllər Balaxanım Çərçi qızı haq­qında yazdığı şeirlərdən birində deyir:

Səfalı yaylağın, sona kəkliyi,
Necədir əhvalın, mehriban bacı!
Eşitdim yaylaqlar boranlı keçir,
Qorxma, havasına döz, dayan, bacı!

Əzəldən öyrənib Çərçinin qızı,
Üşütməz heç onu dağların buzu.
Üşüyəndə kəsər bir əmlik quzu,
Bir də geri dönməz bu, dövran, bacı…

Xoş olur dəyələr qatar düşəndə,
İsmayıl Güllərəm, gəzmişəm mən də.
Şəfalı yaylaqda, o göy çəməndə,
Hər otundan olur bir dərman, bacı!

Balaxanım Abbasəli qızı kimi igid xanımlar dünyaya az-az gəlirlər. Amma az-az gəlmələrinə baxmayaraq, adlarını bu tari­xə qızıl həriflərlə yazırlar. İllər ötsə də, onların igidliyi dildən-dilə, ağızdan-ağıza keçir. Balaxanım Abbasəli qızı 1971-ci ildə dünyasını dəyişib. Ancaq bu gün də o, faxralıların xatirəsində kişi qeyrətli, kişi hünərli qadın kimi qalıb. Bəli, Çərçi qızı heç vaxt yağılardan, düşmənlərdən qorxmayıb, namusunu və qey­rə­tini hər şeydən üstün tutub. İsmayıl Güllər haqlı olaraq yazırdı:

Cinsin qadın oldu, özün ər kişi,
Tay olmaz qeyrətdə sənə hər kişi.
Yaraşır deməyə bircə nər kişi,
Pozmasın yaradan halın, ay xala.

Eldə-obada da xüsu­­si hörmət və nüfuzu olub. Bu hörmət və nü­fuz bünövrəsindən, tə­­məlin­dən gəlirdi. Çün­ki təmə­li qey­rət idi, Çərçi oca­ğı­nın mayası kişi­likdən yoğrulmuşdu. Bor­ça­lı­nın Qaraarxac yay­la­ğın­da iki qanlı tay­falının bir-birini ölüb-öl­dürmək məqamına gəldikdə Çərçi qızı özünü ortalığa  ataraq – mənim xatirimə əl saxlayın, siz birlikdə güclüsünüz, – deyə­rək qanlıları barışdırır.

Çərçi qızının ömür tarixçəsində qeyrətlə yoğ­rulmuş epizodlar çoxdur. İndinin özündə də bu epizodları görənlər danışır, eldə söy­lənir. Vaxtilə Çərçi qızı  haqqında yazdığım şeirdə demi­şəm:

Həssas idi həm haraya, həm küyə,
Mat qaldılar onda olan ürəyə.
Kişi kimi at da sürdü sürəyə,
Kim vurulmaz bu hünərə, bu soya,
Halal olsun belə igid anaya.

Hər yaylaqda, hər bulaqda izi var,
Ürəklərdə söhbəti var, sözü var.
Ocağında heç sönməyən közü var,
Ona heykəl olub o Qızılqaya,
Halal olsun belə igid anaya.

Çərçi qızı ömür-gün yoldaşı Alməmmədli İsmayıl kişi ilə birlikdə şərəfli bir ömür yaşayıb. Ömürləri bulaqlar başında, yaylaqlarda keçib. Bir-birilərinə çox etibarlı və sədaqətli olub­lar. Elə bunun  nəticəsidir ki, şair İsmayıl Güllər Çərçi qızını “Dəllək İsmayılın könül sultanı” adlandırıb. Borçalının digər çox savadlı və səviyyəli şairi Əli Səngərli işə Çərçi qızına həsr etdiyi “Unudulmuş yerlər” poemasında onu “analar anası, sonalar sonası” adlandırır.

Aba, İlyas, Oruc, mən,
Bir can idik, dörd bədən.
Qayğımız çəkilərdi,
Baxalamın1  yanında.

O, analar anası,
O, sonalar sonası,
Qadın kimi örpəkli,
Kişi kimi papaqlı.
Nigar kimi mehriban,
Həcər kimi yaraqlı.

Yaylaqda, binədə yurd yeri bəlli,
Anamın dayısı İsmayıl kişi.
Əsli, nəcabəti qeyrət təməlli,
Çərçinin qızıdı hünər gərdişi.

Namərd təkləyənə dayaq idi o,
Fələk təkləyənə təsəlli, ürək.
Qonaq qismətiydi, ac toxluğuydu,
Açıq süfrəsində halal duz, çörək.

Çərçi qızı haqqında nə qədər yazsaq, yenə azdır. Fakt  fakt­lı­ğında qalır ki, onun haqqında nə yazılıbsa, özü qazanıb. Uzun müddət rəhbər vəzifədə işləmiş kənd ağsaqqallarından biri ol­muş Aslan Alı oğlu deyərdi ki, yaylaq Baxalama yaraşırdı, Ba­xalam da yaylağa. Aslan Əliyevin bu deyimi reallığa və həqi­qətə söykənirdi. Həqiqətən o, yaylaqların anası və sonasıydı. Elimizin belə cəsur, qorxmaz qadınları bu gün də var, sabah da olacaq. Çərçi ocağınını törəmələri bu gün Bakıda, Sumqayıtda, Gəncədə,  Rusiyada, Türkiyədə və  Borçalının Faxralı, Qoçulu, Daşlıqullar, Həsən­xo­calı və digər yerlərində yaşayıb, fəaliyyət göstərirlər. Demək həyat davam edir. Mən bu yazımı mərhum el şairi, rəhmətlik cənnəti-məkan İsmayıl Güllərin “Faxralının torpağıdı bu yerlər” poemasından bir bənd şeirlə tamamlamaq istəyirəm:

Çərçi qızı bədöy minib çapıbdı,
Yaraqlanıb Babaş qızını tapıbdı.
Hər ikisi nişan qoyub atıbdı,
Faxralının torpağıdı bu yerlər.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

1 Baxala – Balaxanım sözünün qısa formasıdır.

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur