Mirzə Həbibulla bəy Əlizadə

MAARİF FƏDAİSİ

Müxtəlif dövrlərdə elimli, savadlı və dünyagörüşlü insanlar olub. Ancaq onlar heç də bir-birinə bənzəməyiblər. Elə insan olub ki, millətin maariflənməsi yolunda bir qəpik pul xərcləməyib. Adətən belə insanlar var-dövlət toplamaq və özlərinə xoş güzəran yaratmaq haqqında fikirləşiblər. Millətdən və xalqın taleyindən çox özləri haqqında fikirləşiblər. Elə istəklərinə də nail olublar. Onların nə qədər var-dövləti, pulu olsa da bu insanlar dünyasını dəyişəndən sonra heç kimin yadında qalmayıblar. Əgər xalqın xoş rifahı naminə onlar bir yol çəkdirsəydilər, bir məktəb tikdirsəydilər və bir yetimə arxa dursaydılar yüz illər boyu onları kimlərsə xatırlaya bilərdi.

Amma gözəl ziyalı Mirzə Həbibulla bəy Əlizadə o qədər var-dövlətli olmasa da, mənən çox pullu adamlardan varlı, qeyrətli və təssübkeş insan olub. Onun o qədər böyük ürəyi və qəlbi var idi ki, həmişə öz millətini, xalqını savadlı, vətənpərvər və gözüaçıq görmək istəyirdi. Onun üçün də ömrünün sonuna qədər şam kimi millətin yolunda yanıb xalqına xeyirxahlıq və kömək göstərmək istəyib.

O, 1875-ci ildə Tiflis Quberniyasının Yekatirinfeld qəzasının Faxralı kəndində ziyalı-əsilzadə ailəsində anadan olub. Atası Axund Ələsgər Əlizadə İstanbul Universitetinin ilahiyyət fakultəsini bitirib. Onu da qeyd edək ki, atası Axund Ələsgər 1875-ci ildə Tiflis şəhərindəki ruhani məclisinə dəvət edilib və 1885-1895-ci illərdə Tiflis Quberniyası və Gürcüstan Ruhani Məclisinin sədri vəzifəsində çalışıb.

Qori Müəllimlər Seminariyası o dövrünün ən müqəddəs və tanınmış təhsil ocaqlarından sayılırdı. Mirzə Həbibulla bəy Əlizadə də 1896-cı ildə bu məşhur seminariyanı bitirir. Təbii ki, o seminariyada müəllimlik ixtisasına yiyələnir. Onun savadı və qabiliyyəti ilk gündən özünü biruzə verir. Yəni sinif otaqlarında şagirdlərə başqa müəəlimlərdən fərqli olaraq, daha böyük ideyalar və elmi biliklər aşılaya bilir.

Bir müddət Mirzə Həbibulla bəy Əlizadə Naxçıvanda müəllimlik edir. Müəyyən zaman keçəndən sonra Borçalı qəzasında maarif şöbəsinə müfəttiş təyin edilir. Paralel olaraq, Sarvan (indiki Marneuli) kəndində rus-tatar məktəbində müdir işləyir. O fikirləşir ki, millətin gözünü təkcə dərs deməklə, elm öyrətməklə açmaq mümkün deyil. Mirzə Həbibulla çox gözəl bilirdi ki, insanların, xüsusən də gənclərin savadlı yetişməsi üçün yeni məktəblər və o dövrün tələblərinə cavab verən kadrlar hazırlamaq lazımdır.

Mirzə Həbibulla bəy az bir vaxtda bir neçə kənddə yeni məktəblər açdırır. Bu məktəblərin savadlı kadrlarla təmin edilməsində böyük rol oynayır və eyni zamanda dərs vəsaitlərinin tapılmasında və məktəblərə gətirilib tədris edilməsində böyük zəhmət çəkir. Bir tərəfdən gənclərə dünyəvi elmlərin, mədəniyyətin sirlərini öyrədir, digər tərəfədən isə maarifçilik ideyalarının yayılması üçün daha geniş əhatə dairəsi axtarır. Mirzə Həbibulla bəy yaxşı bilir ki, bir kənddə məktəb açmaqla savadsızlığı aradan qaldırmaq olmaz. Ona görə də bu məktəblər neçə-neçə kənddə açılmalı, əhatə dairəsini genişləndirməli və insanlara elmi biliklər aşılamalıdır.

O, yay aylarında Başkeçiddə (indiki Dumanisi) Qocorda müəllimlər üçün kursları təşkil edir və özü də həmin kurslarda ziyalı kimi iştirak edirdi. İbtidai məktəb dərsliklərinin hazırlanmasında dövrünün böyük ziyalıları sayılan Əlyar Qarabağlı və Həsən  Məcruhla böyük işlər görür.

Onu da qeyd edək ki, Mirzə Həbibulla bəy rus dilini gözəl bildiyinə görə, tərcüməçilik də edir. O, bir çox rus yazıçılarının hekayələrini tür dilinə və türk dilindən rus dilinə çevirir. Ən böyük arzusu isə doğma kəndi Faxralıda məktəb açmaq idi. Şükürlər olsun ki, o bu arzusunda da çatır. Belə ki, 1921-ci ildə onun təşəbbüsü ilə Faxralıda ilk dünyəvi məktəb, 1927-ci ildə isə kəndli-gənclər məktəbi açılır. Həmin kənddəki məktəbə Başkeçid də daxil olmaqla 16 kənddən ibtidai məktəbi bitirmiş uşaqlar gəlir və burda təhsillərini davam elətdirirdilər.

Belə maarifpərvər və ziyalı insanlar tək bir iş görməklə kifayətlənmirdilər. Qori Müəllimlər Seminariyasında tibbi biliklərə yiyələnən Mirzə Həbibulla bəy tibb sahəsində də xeyirxah işlər görüb və xalqına əvəzsiz köməkliklər göstərib. Vaxtı ilə Faxralıda çiçək xəstəliyi tüğyan eləyəndə bu ziyalının köməkliyi və maddi yardımı ilə uşaqlar çiçək xəstəliyinə görə peyvənd edilir və onlar ağır xəstəliyin təhlükəsindən xilas ediliblər.

Böyük filosof Martsini deyib: “Bir ideya uğrunda əzab çəkmək ən yüksək məziyyətdir. Buna insan şəxsiyyəti qabildir ”. Məhz böyük ziyalı Mirzə Həbibulla bəy də öz maarifçilik ideyaları uğrunda böyük əziyyətlərə, zəhmətə qatlaşıb. Vaxt olub ki, hansısa dairələr maarifçilik ideyalarını yaydığına görə, o ziyalı insana təpki göstəriblər, onu incidiblər. Amma bu təzyiqlər və təpkilər heç vaxt böyük ziyalı Mirzə Həbibulla bəyi tutduğu işıqlı yoldan uzaqlaşdıra bilməyib. Mirzə Həbibulla bəyin ürəyi həmişə alovlu, işıqlı və nurlu olub.

Dankonun ürəyi kimi, bu işıqlı ürəyi nə zamanın tufani, çovğunu, yeli söndürə bilib, nə də ayrı-ayrı xain və xəbiz adamların xəyanətləri. Bu əməllərin işığında Mirzə Həbibulla bəy 1929-cu ildə dünyasını dəyişir. Dünyasını dəyişsə də işıqlı və nurlu əməlləri onu yüz illər bundan sonra da yaşadacaq. Çünki onun tutduğu yol Allah yolu idi və xalqın yolu idi. Allahın və xalqın yolu ilə gedənlər isə cənnətə qovuşurlar.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Related Posts

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur