Mirzə Rza və oğlu Hidayət Turan

Mirzə Rza barədə video rolik

Yanar ürək

Qədim Borçalıda Mirzə Həbiblə yanaşı, Mirzə Rzanın da maarifçilik ideyalarından çox danışırlar. Bunu ən çox da o döv­rün şahidi olan insanlar dillərinə gətirirlər. Belə ki, Mirzə Rza Qori seminariyasını bitirikdən sonra 1934-cü ilə qədər müxtəlif məsul vəzifələrdə çalışıb. Və həmin vəzifələrdə olarkən o, el-obasına çox arxa durub. Yəni bu kişinin gərgin əməyi nəticə­sin­də Faxralıda və digər yerlərdə əhalinin maariflənməsi və sa­vad­lanması üçün əsaslı addımlar atılıb. Mirzə Rza öz dövrünün tanınmış ziyalıları ilə yaxından dostluq edib. Elə yazıçı Əbdür­rə­him bəy Haqverdiyev də onun yaxın dostlarından biri olub. Aydındır ki, Əbdürrəhim bəy Haqverdiyev mütərəqqi düşün­cə­ləri və işıqlı əməlləri ilə həmişə xalq arasında böyük nüfuz sa­hibi olub. Məhz Mirzə Rza da bu cür ziyalılardan çox şey öyrənib və öyrəndiyi müsbət məziyyətləri zaman-zaman həyata keçirib.

Təsadüfi deyil ki, Əbdürrəhim bəy Haqverdiyev 1917-ci ildə fevral inqilabından sonra Tiflis İcrayyə Komitəsinin Mərkəzi Seçki Şurasının üzvü seçilib. Elə həmin ilin mart ayında Bor­ça­lı qəzasına müvəkkil təyin edilib. Mirzə Rza da burda çalışdığı il yarım ərzində onun müavini olub. Onu da qeyd etmək istə­yirik ki, Mirzə Rza kimi maarifçi bir insan 1922-ci ildən 1930-cu ilə kimi Zaqafqaziya Federasiyası Maarif Komisarlığının türk məktəbləri üzrə nazir müavini vəzifəsində çalışıb. Bu müd­dətdə o, Azərbaycan məktəblərinin şəbəkəsinin artmasında ma­arifçi ideyalarının yayılmasında, milli kadrların seçilmə­sində və hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Mirzə Rzanın Azərbaycan Milli Demokratik hökümətinin lideri M.Ə.Rəsulzadə və Gürcüstan Milli Demokratik hökümətin li­deri Noe Jordaniya ilə çox yaxın dostluq əlaqələri qurub. Tiflisdə və Borçalıda ayrı-ayrı texnikumları qurtaran müəllim­lər xüsusi komissiya qarşısında imtahan verməli idilər. Həmin komisiyanın sədri çox vaxtlar Mirzə Rza Əlizadə olardı. Gənc müəllimlərə ilk olaraq xeyr-duanı da o verərdi. M.Əlizadə sinə­sində yanar ürək gəzdirən belə işıqlı ziyalı idi.

Sonradan 1934-cü ildə Sovet ha­ki­miyyətinin onu təqib etməsi ilə əla­­qədar ola­raq, o Türkiyəyə gedir. Və ali mühəndis təhsilli oğlu Hida­yəti, qızı Səl­tənəti də özü ilə aparır. Elə buradaca qeyd etmək lazımdır ki, Zaqafqaziya Yol Tikintisi İnstitutunu bitirmişdi. Bir müddət Tiflisdə Layihə İnstitutunda çalışmışdı. Qərbi Gürcüstan yolunu layihələşdirmiş, Tuapsedə bir körpü və bir tunel də onun layihəsi əsasında tikilmişdir.

Sonralar Hidayət Turan Türkiyədə çox bö­yük hörmət və nüfuz sahibi olur, özü də uzun müddət energetika naziri işləyir. Tə­zəcə təşəkkül tapan Türk Cum­hu­riy­yəti tarixinə adını yazan Faxralı balası Hidayət Tu­ra­nın gör­düyü işləri bir anlığa göz önünə gətirin. Onun oğlu Ənvər bəy hazırda ABŞ-da yaşayır və məsul vəzifədə çalışır.

Bir sözlə, bu cür ziyalılar  zamanından və məkanından asılı ol­mayaraq bütün dövrlərdə öz el-obasına, millətinə və məmlə­kə­tinə xeyir verir. Bu xeyir heç vaxt pulla ölçülə bilməz. İn­san­ların beynində, düşüncəsində və həyat tərzində inqilab eləmək, onları yeni bir həyata doğru aparmaq heç də asan iş deyil. Cəhalətdən işığa, nadanlıqdan ağ günə çıxmaq yolunda millətə düzgün yol göstərən bu cür ziyalılar həmişə özündən çox ətrafına işıq saçıb. Böyük ziyalı Hidayət Turan da böyük Türk dövlətini də öz dövləti sanır və onun çiçəklənməsi üçün əlindən gələni əsirgəmir. Özünü əsl türk oğlu türk kimi gös­tə­rir. Elə bununla da özünün həmşəyaşar adını Böyük Türk dövlətini şərəf kitabına yazır. El-el, ölkə-ölkə tanınan belə oğullarla Faxralılar həmişə fəxr edir.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Related Posts

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur