Mirzə Seyfulla Ələsgər oğlu Əlizadə

QISA MƏLUMAT

Mirzə Həbib Əlizadə kiçik qardaşı Mirzə Seyfullaya ata əvəzi qayğı göstərib, onun təhsil almasına yardımçı olub. O, 1914-cü ildə rus dilində Tiflis gimnaziyasını bitirib. Bir müddət müxtəlif yerlərdə müəllim, sonra isə Faxralı məktəbində müdir işləyib.

Mirzə Seyfulla ümumi savada malik ziyalı olub. Onu kənd təsərrüfatı şöbəsinə dəvət ediblər. 1950-1955-ci illərdə mühasib hazırlayan kurslarda dərs deyib.

1967-ci ildə vəfat edib.

Mənbə : Redaktordan

İŞIQ SAÇAN ZİYALI

Ağıllı, dünyagörüşlü və şəxsiyyətli insanların cəmiyyətdə həmişə öz yeri, öz mövqeyi və öz nüfuzu olub. Belə insanlar harda olmasından və işləməsindən asılı olmayaraq, dərin düşüncələri, məntiqi təfəkkürləri ilə həmişə fərqləniblər.

Gözəl ziyalı və el-obasının böyük hörmətini qazanan Mirzə Seyfulla Ələsgər oğlu Əlizadənin də həyat yolu həmişə mənalı, eləcə də çox maraqlı olub. Daha doğrusu, o dünyaya gəldiyi gündən həyatda düzgün yol tutub. Seyfulla Ələsgər oğlu Əlizadə 1892- ci ildə Tiflis şəhərində ziyalı-əsilzadə ailəsində dünyaya göz açıb. Onun göz açdığı məkan, öz maraqlı aurası və zəngin mədəniyyəti ilə seçilib.

Öncədən qeyd edək ki, Seyfulla Əlizadənin atası Qazı Axund Ələsgər öz kəndinin sayılan və seçilən ilk ziyalılarından olub. Onun elmi və fəlsəfi dünyagörüşü, istər-istəməz övladına da təsir edib. Çünki Axund Ələsgər İstanbul Universitetinin ilahiyyət fakultəsini bitirib. Allahı və insanları çox sevməyi həmişə onun həyatına bir işıq, bir nur gətirib. Elə bu işıqdan və nurdan oğlu Mirzə Seyfulla Əlizadəyə də pay düşüb.

O, Tiflisdə açılmış rus-tatar məktəbini bitirir. Gimnaziyanı bitirəndən sonra bir müddət məktəblərdə maarifçilik işi ilə məşğul olur. Gənc nəslin maarfiçilik ideyalarına yiyələnməsi üçün böyük işlər görür. Rus dilinə gənclərə dünyəvi elmlərin sirlərini öyrətməyə çalışır. Bir müddətdən sonra o, Boçalıda azərbaycalıların maddi və mənəvi həyat səviyyəsinin yaxşılaşdırılması  üçün xeyrixah işlər görür. Mirzə Seyfulla Əlizadə öyrəndiyi bilikləri və elmi yenilikləri başqalarına əxz eləmək üçün çox böyük əziyyətlərə qatlaşır. Görəndə ki, ondan nəsə öyrənir, nəsə bəhrələnirlər, bax onda Seyfulla Əlizadənin sevincinin həddi-hüdudu olmur.

Əlbəttə, insanın böyüklüyü odur ki, o sirli aləmin möcüzələrini kimlərəsə öyrətmək istəyir. Bax onda insan başqalarının gözündə böyüyür və ucalır. Seyfulla Əlizadə də insanlar arasında maarifçilik ideyalarıni yaydığına görə, zaman-zaman el-obada daha böyük nüfuzu qazanır. Böyük filosof Katon Starşin deyib: “ İnsan həyatı dəmirə bənzəyir, əgər ondan iş üçün istifadə edirsənsə, parlayır, istifadə etmirsənsə pas kəsir”.

Məhz Seyfulla Əlizadə həyatının bütün məqamlarında insanların həyatına və ömrünə yaxşı ideylar və toxumlar səpməyə çalışır. O inanırdı ki, onun səpdiyi bu maarifçilik toxumları  nə vaxtsa göyərəcəy və millətə fayda verəcək. O dövrün xalq müəllimləri Həsən Qabalov, Hüseyn Əfəndiyev, Seyfulla Əlizadə, Kazım Axundov həqiqi mənada öz bildiklərini başqalarına öyrətməyə çalışırlar.

İllər keçir bir müddətdən sonra Seyfulla Əlizadə Tiflisdə və yaxın rayonlarda mühasibat uçotu üzrə müfəttiş vəzifəsində işləyir. 1940-cı ildə isə gözəl ziyalı və maarifpərvər insan Seyfulla Əlizadə Bolnisi rayonuna köçür. O, rayonda baş mühasib vəzifəsində işləyir. Həmin dövrdə də o öz xeyrixahlığından və nəcib əməllərindən kənarda qalmır. Çünki bu cür əməllər ona irsən və qanla keçib. O, həmin dövrdə yeni mühasib kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərir. Və yaxşı bilir ki, insan öz peşəsini, sənətini və bildiklərini başqalarına öyrədəndə savab yiyəsi olur.

Bütün bunlar onun amalına və həyat mübarizəsinə çevrilir. Bu mübarizənin sonunda isə həmişə uğur, sevinc və fərəh durur. Uğurun, sevincin və fərəhin arxasınca addımlayan ziyalı insan Seyfulla Əlizadə ömrünün sonuna kimi, Bolnisi rayonu İcrayyə Komitəsinin kənd təsərrüfatı şöbəsində mühasib işləyir. Bir sözlə, həyatının mənasını ancaq yaxşılıqda və xoş əməllərdə görən bu insan heç vaxt başqalarına əl tutmaqdan və kömək göstərməkdən yorulmayıb.

Mirzə Seyfulla Əlizadə 1967-ci ildə öz doğma kəndi Faxralıda dünyasını dəyişir və torpağa tapşırılır. Bu cür insanların həm el-oba, həm də vətən qarşısında çox böyük xidmətləri var. Ona görə də onlar uyduqları qəbirstanlıqda rahat yata bilirlər.O insan ki, xoş əməllər sahibidir və sağlığında yaxşı işlər görüb, istər-istəməz dünyasını dəyişəndən sonra da çoxlarını yadından və hafizəsindən çıxmır. Belə insanların ruhları da sakit olur. Çünki, onlar heç kimin qəlbini sındırmayıb və heç kimin könlünə dəyən söz deməyib.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Related Posts

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur