MƏĞRUR KİŞİ
Özümü dərk edib yaxşını yamandan, xeyiri şərdən seçməyə başladığım andan eldə-obada həmişə böyüyə hörmət görmüşəm. “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” deyimi sanki borçalıların həyat devizinə çevrilib. Bircə kəlməsi qanlar yatıran, dəyərli məsləhətləri və xeyir-duaları ilə cavanların yoluna nur çiləyən el ağsaqqallarına, hər kəlməsi alqışla başlayıb alqışla da bitən ağbirçəklərə hər yerdə böyük sayğı göstərilib, məclislərdə yuxarı başda əyləşdiriliblər.
Həyatda rastlaşdığım, bəziləri ilə yaxından münasibətdə olub tez-tez ünsiyyət qurduğum, bu gün isə tarixə çevrilərək yaddaşlara hopan ağsaqqallar çox olub. Özü də onlar təkcə mənim yox, eldə-obada hər kəsin yaddaşında müdriklikləri, xeyirxahlıqları və alicənablıqları ilə əbədiləşiblər. Mən də onların xatirəsini həmişə əziz tutmuş, imkan olduqca onlardan bəziləri haqda bədii oçerklər yazmışam. Əslində bunu özümə bir mənəvi borc saymışam. Hesab etmişəm ki, xeyirxah əməlləri ilə yolumuza nur çiləyən, hər zaman bizi düzlüyə, sədaqətə, etibarlı olmağa, yurdu sevməyə, haqqı nahaqqa qurban verməməyə çağıran, daha doğrusu, bu keyfiyyətləri tərbiyə edən, bəzən hətta heç bir təhsilləri olmasa belə həyat məktəbinin ən böyük müəllimləri olan bu insanlar üzərimizə həm də böyük məsuliyyət qoyub. Bu məsuliyyətin tərkib hissəsinin biri də məhz onları unutmamaq, qədirlərini bilmək, tarixdən gələn varislik ənənəsini yaşatmaqdır. Və bu gün haqlı bir qürur hissi duyuram ki, nəşr olunmuş kitablarımın demək olar ki, hamısında el ağsaqqalları haqda yazılarım özünə yer tapıb. Hər dəfə bu kitabları əlimə alıb yenidən nəzərdən keçirəndə də hesab etmişəm ki, onların xeyir-duası bu gün də mənimlədir.
Borçalının ağır ellərindən olan Faxralı kəndində xeyirxah əməlləri ilə yaddaşlarda yaşayan belə ağsaqqallardan biri də Oruc Qərib oğludur. 1903-cü ildə anadan olan Oruc kişi sən deyən elə bir təhsil ala bilməsə də, savadı, bacarığı, iti ağlı və dərin zəkası, ən başlıcası isə qoçaqlığı, qorxmazlığı, cəsarəti ilə tanınıb. Ömrü at belində keçən bu gözəl insan hələ gəncliyindən at sürməsi ilə eldə-obada adla tanınıb. El şənliklərində həmişə cıdır təşkil edib və təbii ki, hər dəfə də nəmər ona çatıb. Onun mahir ovçuluğundan, sərrast güllə atmasından bu gün də danışırlar. Bircə gülləsi hədəfdən yayınmaz, ovdan heç zaman əliboş qayıtmazmış.
Oruc kişinin qoçaqlığından, qorxmazlığından və cəsurluğundan onu görənlərin yaddışında onlarla şirin xatirələr var. Faxralının ünlü ziyalısı, folklorşünas alim, mərhum Hüseynqulu Məmmədli özünün “Görüm Faxralının biri olsun beş…” adlı kitabında onunla bağlı bir epizodu belə xatırlayır:
“Yaxşı xatırımdadır, 1936-cı ildə Borçalının Aşağı Saral kəndində yaşayan atamın maması oğlanları Mirzəli və Baxşəli (Allah hər ikisinə rəhmət eləsin) bizə qonaq gəlmişdilər. Bu iki qardaş ipə-sapa yatmayan dəliqanlı cavanlar idi. Onların xatakarlığı və qorxmazlıqları bütün Borçalıda məlum idi. Qardaşların biri digərindən bir yaş fərqli idi. 26-27 yaşları olardı. Orta boylu, tökmə bədənli, ennikürəkli idilər. Həmyaşlarından onların arxasını yerə gətirən olmamışdı.
…Qardaşlar bizdə olduqları vaxt kəndin yuxarı hissəsində toy var idi. Bu vaxtı meydanda gənclər qızğın güləşirmiş. Kənddə nə qədər qabağından yeməyən, mənəm-mənəm deyən varsa hamısı toya yığılıbmış. Toya çatmamış qohumlar Baxşəlidən xahiş edirlər ki, təklif etsələr də güləşməsin, sonra dava-dalaş olar, peşmançılıq baş verər.
Toya çatanda görürlər ki, Qazaxlı tayfasından Hətəm adlı bir gənc meydana tək sahib olub. “Kimin hünəri var meydana çıxsın”, – deyə əl-qol ata-ata var-gəl edir. Ancaq meydana heç kəs çıxmaq istəmir. Vəziyyəti belə görən Baxşəli qeyrətinə sığışdırmır, cəld meydana atılır. Hamı təəccüblə bu qərib oğlana baxır və kim olduğunu soruşurlar. Baxşəli elə ilk əlbəyaxada Hətəmin arxasını yerə vurur. Toya çaxnaşma düşür, gənclər bir-birinə dəyir. Güləş iki-üç dəfə təkrar olunur. Baxşəli hər dəfə Hətəmin sarmasından məharətlə çıxır və onun kürəyini yenidən yerə vurur. Bu arada Hətəmin yaxın adamları, qohumları, xənçərə əl atır, dava-dalaş salmağa cəhd göstərirlər, ancaq ağsaqallar işə qarışır, məclisi sakitləşdirirlər, güləşənləri əl verib barışdırırlar.
Az keçmədən yallı başlayır. Halayın (cərgənin) bir başına Hətəmi, o biri başına Baxşəlini yallı başı seçirlər. Yallı başlanır, çubuqlar işə düşür. İntiqam hissi ilə ürəyi dolu olan Hətəm fürsət düşən kimi qəfıldən Baxşəlinin qıçına elə zərbə endirir ki, çubuq onun şalvar qarışıq çəkmələrinin boğazını bıçaq kimi kəsir və qıçı qapqara yanır. Baxşəli özünü o yerə qoymur, ağrıya dözür. Ancaq növbəti dairədə Baxşəlinin güclü çubuq zərbəsi Hətəmi sarsıdır, əlindəki çubuq yerə düşür. Dərhal yallı pozulur, Hətəmin qohum-əqrabası yenidən Baxşəliyə hücum çəkir, kimi xəncər, kimi tapança çıxarır. Bu vaxt toybabası, kənddə ad-san sahibi, qanından belə qorxmayan Oruc Qəriboğlu meydana atılır və Baxşəlinin tərəfınə keçir. Qəzəbli-qəzəbli: “Hər kəsin hünəri var, əl qaldırsın”, – deyərək xənçərini sıyırır. Rəhmətlik Oruc kişinin səsi çıxan kimi elə bil “qurbağa gölünə daş atılır”, asıb-kəsməkdən, vurub öldürməkdən dəm vuran cavanlar sakitləşir. Baxşəlini qohumlar məzəmmət edə-edə bizə gətirirlər. Bu vaxt mən IX sinifdə oxuyurdum, hadisələrin də canlı şahidi olmuşam”.
Həyatının ən qaynar, enerjili vaxtı Sovet hakimiyyətinin qurulması illərinə, kənddə kolxoz quruculuğu dövrünə təsadüf edib. Kolxozda briqadir işləyib. Özünün alın təri, halal zəhməti ilə oğul-qız böyüdüb ərsəyə çatdırıb. Üzərinə düşən hər işə vicdanla, məsuliyyətlə yanaşıb. Bu səbəbdən də el içində alnıaçıq olub, qürurla gəzib. Onu seviblər, hörmət ediblər. Çünki o, səhər işə gedib, axşam evə dönməklə işini bitmiş hesab etməyib. Elin xeyir-şərində fəal olub, kəndin abadlaşdırılması işlərində çəkilib gendən seyrçi mövqeyində durmayıb. Bu mənada onun özünün həyata keçirdiyi və yaxından iştirak etdiyi işləri sadalamaqla qurtaran deyil. Qədirbilən faxralılar onun Qaraarxac yaylağında “Qaranlıq dərə”nin qılıcından keçən yolu düzəltməsini də, kəndə yol çəkilişi zamanı “Təpələr” deyilən ərazidə çətin sahənin yarılmasındakı xidmətini də, qəbristanlığın hasarlanmasındakı zəhmətini də minnətdarlıqla xatırlayırlar.
Əlinin səxavəti, alnının təri, sözünün bütövlüyü, dosta sədaqəti, elinə-obasına dərin məhəbbəti ona böyük hörmət qazandırıb, həmişə başını uca edib. Dedi-qodudan uzaq olub, aravuranları, söz gəzdirənləri sevməyib. Yerində dediyi bircə kəlməsi bəzən qan tökülməsinin qarşısını alıb, küsülülər barışdırıb. Aşıq Müsəllim, Gönalların Nədir, Alməmmədlinin Eyvaz (el arasında Aba kimi tanınıb, onunla həm də kirvə olub), Alqazax oğlu Mahmud və digərləri ilə onun dostluğu əsl dostluq nümunəsinə çevrilib.
Təəsssüf ki, belə elcanlı, yurda bağlı bir ağsaqqal ömrünün ən gözəl çağında – 1966-cı ildə dünyasını vaxtsız dəyişib. Amma təsəllimiz ondadır ki, bu gün o, sadəcə cismən aramızda deyil. Xeyirxah əməlləri ilə hər birimizin qəlbində yaşayır.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.