BELƏ OĞULU UNUDARMI BORÇALI
“O kəs ki, qırx yaşına çatıb və yaxşı əməlləri pis əməllərini üstələməyib, qoy cəhənnəmə hazır olsun”. Hər dəfə İmam Qəzalinin bu müdrik kəlamlarını xatırlayanda qədim türk yurdu Borçalının ağır ellərindən olan Faxralı və bu kəndin kişilikdə, qeyrətdə, mərdlikdə, səxavətdə ad çıxarmış kişiləri gözlərim önündə canlanır. Xəyalən onlarla görüşür, söhbətləşirəm. Daha doğrusu, şirin, duzlu-məzəli söhbətlərinə qulaq kəsilir, öyüd-nəsihətlərini dinləyir, dünyanın gərdişi ilə bağlı fikirlərni öyrənirəm. Əslində mən onların çoxunu heç görməmişəm də. Yəni bu gün sözü-söhbəti şirin xatirə kimi yaddaşlarda yaşayan, nəsildən-nəslə ötürülən, xeyirxah əməlləri minnətdarlıqla xatırlanan bu kişilərin çoxu hələ mən dünyaya gəlməmişdən dünyalarını dəyişiblər. Və onların yaxşı əməllərinin sorağı aləmə car olanda nəinki İmam Qəzali demiş qırx yaşında, ondan da xeyli cavan olublar. Gənc yaşlarından igidlikləri, cəsurluqları, xeyirxahlıqları ilə ad-san qazanıblar, el içində sözləri keçib, məsləhətlərinə ehtiyac duyulub. Bu kişilər ölümün gözünə də dik baxmağı bacarıblar, Tanrının onlara bəxş etdiyi ömrü KİŞİ kimi yaşayıblar. Çünki yaxşı biliblər ki, böyük Türk şairi Yəhya Kamal demiş:
Ölmək deyildir ömrümüzün ən fəci işi,
Müşkül odur ki, ölmədən əvvəl ölür kişi.
Elimizin bu ağır-batman kişiləri haqqında düşünəndə yadıma bir də R.Taqorun bir fikri düşür: “Böyük torpaq adicə otun sayəsində qonaqpərvər olur”. Bəli, torpaq üstündəki adicə otların sayəsində qonaqpərvər olduğu kimi, el-oba da mərd oğullarının çiynində daha da yüksəklərə qalxır, onların sayəsində tanınır, səsi-sorağı hər yana yayılır, şöhrət qazanır.
Bu gün Faxralıda adı minnətdarlıqla xatırlanan, dövrünün tanınmış ziyalılarından olan həmin kişilərdən biri də Qara Hümbət oğlu Alməmmədlidir. O, 1914-cü ildə Faxralı kəndində dünyaya gəlib. Atası Hümbət kişi də kənddə sayılıb-seçilən kişilərdən olub. Aşıq Şenliyin Faxralıya həsr etdiyi şeirdə adıçəkilən Hümbət məhz Qara müəllimin atası Hümbət Alməmmədlidir (yeri gəlmişkən qeyd edim ki, Aşıq Şenliklə birlkdə Faxralıda cüyür ovunda olanlardan biri də məhz Hümbət Alməmmədli olmuşdur):
Usta Əhməd hər yanı hasar etdi,
Hümmət iqdam ilə tutmağa getdi.
Tüfəngin lərzəsi əflaka yetdi,
Cəng vurulmuş Nuh tufanı gördünmü.Səfil Şenlik bu lisanı gördü xoş,
Görüm Faxralınının biri olsun beş.
Abbas tülək tərlan, Musa qızıl quş,
Əhli-mərfət kamandarı gördünmü.
Hələ erkən yaşlarından zirəkliyi ilə yaşıdlarından seçilib. Ölkədə sovet hakimiyyətinin yenicə qurulduğu dövrə təsadüf edən gənclik illərində təhsil almağa böyük önəm verib və o vaxtlar yenicə açılmış Borçalı Türk Pedaqoji Texnikumunda oxuyub. Əmisi oğlu İsa Məmmədovla (həyatdan erkən köçməsəydi bu gün öz el-obasının işıqlı gələcəyi naminə yorulmadan fəaliyyət göstərən faxralılar sırasında onun adı da öncüllər sırasında çəkiləcəkdi) birlikdə həmin texnikumun ilk məzunlarından olub.
O zamanlar savadlı adamları barmaqla göstərirdilər. Millətin gələcəyini, onun inkişafını maarifdə, təhsildə görən Qara Hümbət oğlu Borçalıda yaşayan soydaşlarının savadlanmasına, yeniyetmə və gənclərin təhsilə cəlb olunmasına çalışıb. Bu, o zamanlar idi ki, həmin ərəfədə qardaş Türkiyəni azadlığa çıxarmış böyük dövlət xadimi, Mustafa Kamal Atatürk də cəhalətin, geriliyin aradan qaldırılmasında müəllimin öhdəsinə böyük vəzifələr düşdüyünü göstərərək deyirdi: “…Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəllimdən, maarifdən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir. Ona adi kütlə deyirlər. Bir kütlənin millət ola bilməsi üçün mütləq yaxşı müəllimlərə möhtacdır”.
Qara Hümbət oğlu da elə bu amalla müəllimlik peşəsini hər şeydən üstün tutub. Taleyini pedaqoji sahə ilə bağlayıb. Doğrudur, bundan öncə müxtəlif sahələrdə çalışmışdı. Bunu o vaxtlar adına yazılmış əmək kitabçası da təsdiq edir. Belə ki, 1937-ci ildə Borçalı rayonunun (onda indiki Marneuli rayonu belə adlanırdı) Candar kəndindəki natamam orta məktəbinin direktoru vəzifəsinə təyin olunanda onun artıq dörd illik əmək stajı vardı.
Bu gün müəllimlik bəlkə də çoxlarına asan peşə kimi görünür. Amma dünyada ən çətin peşə bəlkə də elə müəllimlikdir. Müəllimdən dərin biliklə yanaşı böyük pedaqoji ustalıq, hər şagirdə fərdi yanaşma qabiliyyəti, yüksək mənəvi-əxlaqi keyfiyyətlər tələb olunur. Böyük rus pedaqoqu A.S.Makarenko vaxtilə yazırdı: ”Mən yalnız o zaman həqiqi usta oldum ki, “bura gəl” sözunu 15-20 çalarda ifadə edə bildim, sifətimi, səsimi 20 formada ifadə etməyi bacardım”. Bu, doğrudan da belədir. Axı, bir sinifdə oturan müxtəlif xarakterli, müxtəlif sosial təbəqəni təmsil edən uşaqlarla işləmək o qədər də asan iş deyil. Yetmiş il bundan əvvəl isə bu işin nə demək olduğunu o dövrü görənlər daha yaxşı bilir.
Vaxtilə Qara Hümbət oğlunun şagirdi olmuş filologiya elmləri doktoru, professor Həsrət Həsənov öz müəllimini həmişə minnətdarlıqla xatırlayaraq deyir:
– Qara Hümbət oğlu savadlı və böyük pedaqoji ustalığa, zəngin həyat təcrübəsinə malik bir müəllim idi. Mən özüm müəllim kimi fəaliyyətə başlayandan sonra onun nə dərəcədə yüksək pedaqoji ustalığa malik olduğunun bir daha şahidi oldum. O, təkcə dərs deməklə kifayətlənmirdi, rayonun ictimai həyatında yaxından iştirak edir, yeniyetmələr və gənclər aarsında hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə böyük önəm verirdi. Çalışdığı Candar kəndində el arasında böyük hörmət və nüfuz sahibi idi.
Qara müəllimin yetirmələrinin hamısı həyatda öz layiqli mövqelərini tutdular, elmin müxtəlif sahələrində uğur qazandılar. Mənim bu günkü uğurlarımda Qara müəllimin xidmətləri əvəzsizdir.
Təkcə Faxralıda deyil, bütövlükdə Borçalıda adı həmişə fəxrlə çəkilən dəyərli ziyalı, el ağsaqqalı, dünyasını bu yaxınlarda dəyişmiş şair Əli Səngərli isə Qara müəllimdən söz düşəndə belə deyərdi:
– Qara Hümbət oğlu böyük ziyalı idi. Onun zəngin kitabxanası vardı və bu kitabxana hər kəsin üzünə açıq idi. Doğma kəndində də geniş maarifləndirmə işi aparırdı. Xüsusilə də çalışırdı ki, gənclər öz tarixi keçmişlərini öyrənsinlər, klassik şair və yazıçılarımızı daha yaxından tanısınlar. Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, Füzuli və digərləri kimi klassiklərinin Faxralıda ilk təbliğatçısı, ilk tanıdanı məhz Qara Hümbət oğlu olmuşdur.
Dörd il Candar məktəbində direktor işləyən və burada böyük uğurlara imza atan Qara müəllimin işgüzarlığını, təşkilatçılıq bacarığını nəzərə alan rəhbərlik 1941-ci ilin may ayında ona daha böyük etimad göstərərək Borçalı rayon partiya komitəsində məsul vəzifəyə irəli çəkdi. İndi onun fəaliyyət meydanı genişlənir, bacarıq və səriştəsini, gücünü, nəyə qadir olduğunu tam olaraq göstərmək üçün yeni imkanlar yaranırdı. Hələ hər şey qabaqda idi. Yeni zirvələr də, daha böyük nüfuz, hörmət-izzət də. Amma atalar yaxşı deyib, sən saydığını say… İkinci dünya müharibəsinin başlanması çoxları kimi Qara Hümbət oğlunun da arzularını yarımçıq qoydu, böyük həvəslə işə başladığı yeni təyinatında uzun müddət çalışa bilməyərək cəbhəyə yollandı. O vaxtlar deyildiyi kimi, Böyük Vətən müharibəsinə yola düşdü ki, Vətəni alman faşizmindən qorusun. Cəbhədən son məktubu 1943-cü ildə gəldi. Sonra isə bir soraq gəlmədi ondan. Müharibə qurtarandan sonra da onun yollarına dikilən gözlər sevinmədi…
Görünür onun qismətini də tale belə yazıbmış. Qara Hümbət oğlu yaşadığı bu qısa zaman kəsimində elə işlər görə bildi ki, aradan neçə onilliklər keçsə də bu gün adı minnətdarlıqla xatırlanır, haqqında xoş sözlər söylənilir. Özündən sonra elə ad qoydu ki, bu gün eloğluları, yaxınları bu adla fəxr edir, nəvə-nəticələri Qara Hümbət oğlunun nəsil davamçıları olmalırından haqlı qürur duyurlar.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.