Rəhim Molla Qurban oğlu Həsənov

BÖYÜK ÜRƏKLİ ZİYALI

O insanlar ki, ömürlərini şam kimi əridirlər və millətin yolunda canlarından keçirlər, onları heç vaxt nə xalq nə millət unudur. Çünki yaşadıqları bütün dövrü kişi kimi alnıaçıq üzüağ başa vururlar. Bu cür  insanlar dünyaya gələndə özləri üçün yox, el-oba üçün, millət, xalq üçün yaşayırlar.

Dünyanın elə sirləri var ki, heç də insan övladı onun hamı­sından baş aça bilmir. O sirlərdən biri də, həyata gələn və dün­yaya göz açan insanın həqiqi mənada bütün insanlar tərəfindən böyük sevgi və məhəbbətlə əhatə olunmasıdır. Yəni belə insan­lar harada olmasından asılı olmayaraq, özündən, ailəsindən çox başqalarının ömrünə işıq salırlar. Təsadüfü deyil ki, bu cür adamlara el üçün yanan insanlar deyillər. Rəhim Molla Qurban oğlu Həsənov da məhz belə sayılıb-seçilən və tanınan şəx­siy­yətlərdən olub, Borçalının Faxralı kəndində dünyaya gəlsə də yaxşı əməlləri və xeyirxah işləri ilə bu kəndi və bu mahalı çox yerlərdə tanıdıb. Daha doğrusu o, Faxralının oğlu olmaqla qü­rur duyduğu kimi, Faxralı eli də onunla fəxr edir. Rəhim Həsə­nov elə bir ailədə dünyaya göz açıb ki, o ailənin ağsaqqalının tutduğu yol haqq yolu, əməli isə insanlara xidmət olub. Çünki atası Molla Qurban öz dövrünün ağıllı uzaqgörən, müdrik və maarifpərvər ziyalısı kimi tanınıb. Elə bu şölə bu işıq da zaman-zaman Rəhim Həsənovun həyatına və fəaliyyətinə təsir göstərib.

O, ilk təhsilini doğma kəndində alıb. Sonra Tiflisdə gimna­zi­yada oxuyub. Təbii ki, bu kəndin yeni yetişən savadlı insan­ları aldığı təhsillə kifayətlənmir və Rusiyada təhsil almağa can atırdı. Rəhim Həsənov da məhz belə bir yol tutaraq Peterburqa gedib Maaliyyə Akademiyasına daxil olur. Peterburq Maaliyyə Akademiyasını bitirdikdən sonra 1929–1934-cü illərdə Gürcüs­tan Dövlət Bankında müdir müavini, daha sonra 1934-1937-ci illərdə Bolnisi rayonunda maaliyyə şöbəsinin müdiri vəzi­fə­sin­də işləyir. Alman dilini gözəl bilirmiş. Elə bu dili bil­məsi ona bir çox məsələlərin həllində və məqsədinə çatma­sında yaxın­dan köməklik göstərir. Əlbəttə, insan nə qədər dil bilərsə, bir o qədər də həmin millətlərə, onların mədəniyyətinə, tarixinə və əxlaqına daha yaxından bələd olur. Rəhim Həsənov da alman dilini mükəmməl mənimsəməklə o xalqın mədəniyyətini, tari­xini və dəyərlərini daha yaxşı öyrənib.

Bir faktı da qeyd edək ki, Rəhim Həsənovun atası Molla Qur­banın çox zəngin kitabxanası və folklor nümunələri olub. Təsadüfü deyil ki, Hüseynqulu Məmmədli “Görüm Faxralının biri olsun beş” kitabında yazdığına görə, Molla Qurbana məx­sus folklor  və başqa sənəd nümunələri akademik Həmid Aras­lı­nın şəxsi arxivində saxlanılıb. Təəsüf ki,  1937-ci ildə qırmızı terror tərəfindən ata və oğul hər ikisi həbs edilir.

Təbii ki, 1937-ci ilin  kabusu o adamların başı üstündə do­la­nırdı ki, onlar millətə xeyir verir, yol çəkdirir, körpü salır və insanları maarifləndirirdi. Maarifçilik ideyaları və düşüncələri Rəhim Həsənova atası Molla Qurbandan keçmişdi. Rəhim Hə­sənov tək Faxralıda deyil, Borçalı mahalında yaşayan azər­bay­canlıların yaşadığı bir çox kəndlərdə də məktəblərin açıl­ma­sı­na, azərbaycanlı uşaqların savad almasına və onların oxuma­sına böyük yardım göstərib. Kəndin ağsaqqalları bil­dirirlər ki, Rəhim Həsənovgilin nəsli-nəcabəti həmişə millətə və xalqa öz sevgisini əməli işi ilə göstərib. Yəni onlar söz deməklə deyil, konkret iş görməklə məktəb açmaqla, yol salmaqla, su çək­mək­lə savab işlər görüblər. Hüseynqulu Məmmədli  kitabında Rə­him Həsənovun xeyirxahlığı və insanlığı haqqında ya­zır: “Dayım mənə 30 manat yol xərcliyi verdi və Lüksemburqa (Bolnisiyə) yola saldı. O illərdə Lüksemburqda maaliyyə şöbəsinin müdiri işləyən Rəhim Həsənova məktub yazdı. Xahiş etdi ki, dayımın aylıq məvacibi müqabilində mənə əl tutsun və Tiflisə getməyimə kömək göstərsin. Dayım xoşbəxt adam idi. Onun dostları da özü  kimi xeyirxah, mərdanə və sədaqətli adamlar idi.

Rəhim Həsənov məni çox mehriban, gülərüzlə qarşıladı. Dayımın xahişini yerinə yetirib mənə öz cibindən xeyli pul verdi. Yaxşı oxumağımı, gələcəkdə böyük adam olmağımı arzu etdi. Həmin günü məni Tiflisə yola saldı. İndi artıq o günlərdən 63 il keçir.

Belə insanları necə unutmaq olar. Əgər həyatda yaxşı adam­lar olmasaydı, yəqin ki, dünya çox yoxsul və eybəcər görü­nərdi”.

Axı o da faktdır ki, “ötən sənələr sevdalı başında şimşəklər çaxan, Aygünün qovğası könlünü sıxan” XX əsrin dahi şairi Səməd Vurğun bu ocağın qonağı olmuşdu. Təsadüfü deyil ki, öm­rü boyu Borçalıda yaşayan həmişəyaşar şairimiz Əli Sən­gər­li Səməd Vurğunun Faxralıya gəlməsinə gözəl şeir yaz­mışdır. Həmin şeirin bir beytində deyir:

Sənəm anamızın gözləri gülüb,
Başına bir dünya sevinc tökülüb,
Açıb qollarını Vurğun bükülüb,
Şəhərdən bir təzə oölan gəlibdir,
Ana, görüşünə Vurğun gəlibdir.

Şeirdə adı çəkilən Sənəm ana Rəhim Həsənovun anasıdır.

Həqiqətən də Rəhim Həsənov Tiflisdə, Lüksemburqda işlə­diyi dövrdə neçə-neçə azərbaycanlı tələbəyə arxa durub, dayaq olub və onlara maddi köməklik göstərib.

Sonuncu qəpiyini və pulunu millətin maariflənməsi yolunda xərcləməkdən belə çəkinməyib. Axı, bu cür insanlar olmasaydı təbii ki, savadlı gənclər heç vaxt gedib başqa ölkələrdə təhsil ala bilməz və yendiən el-obasına qayıdaraq, xalqına xidmət etməyi bacarmazdı. O yerdə ki, insanın böyük ürəyi var, onun işıqlı arzuları, əməlləri yaşayır, deməli bu cür insanlar həmişə xalqın, elin içində olmaqla bacardıqları xeyirxahlıqları və yaxşlıqları heç vaxt kimdənsə əsirgəməyəcəklər.

Böyük ziyalı və maarifpərvər insan Rəhim Molla Qurban oğlu Həsənovu da bu gün xalq arasında yaşadan gördüyü xeyir­xah işlərdi. İşıqlı ideyalar və əməllər isə gün işığı kimi, heç vaxt sönmür, əksinə zaman keçdikcə daha da parlayır və ətrafa nur saçır.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur