Şeyx İsgəndər (Göyüş öyü) (naməlum, 1953) – Xorasanın nüfuzlu ali-dini məktəbini bitirib.
“HAQQ SÖZ İNCİ DƏ OLSA…”
Faxralı məscidinin bərpası zamanı yaradılan süni əngəllər istər-istəməz məni bir az əvvəllərə apardı. Kəndimizin tarixinə bir də nəzər saldım. Bu dəfə başqa yöndən. Azərbaycan elminə, ədəbiyyatına görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər bəxş etmiş doğma Faxralımın din adamlarının sorağına düşdüm. Tarixi mənbələrdən, yaşlı nəslin nümayəndələrindən öyrəndiklərim məni yaxşı mənada heyrətləndirdi. Qürur duydum ki, Faxralıdan məşhur elm, ədəbiyyat adamları, ictimai-siyasi xadimlərlə yanaşı, tanınmış din xadimləri də çıxıb. Bu yazıda onlardan biri – Şeyx İsgəndər haqqında söhbət açmaq istəyirəm.
XIX əsrin sonları, XX əsrin birinci yarısında yaşayıb fəaliyyət göstərmiş İsgəndər Göyüş oğlunun doğum tarixi dəqiq məlum deyil. Ondoqquzuncu yüzilliyin 70-ci illərində Borçalının Faxralı kəndində anadan olub. Kiçik yaşlarından gözüaçıqlığı, fərasəti və qabiliyyəti ilə fərqlənib. Bu qabiliyyətlər onda get-gedə daha qabarıq şəkildə özünü göstərib. Hələ gənc yaşlarından dərin hafizəsi, hadisələrə özünəməxsus yanaşma tərzi və təhliletmə qabiliyyəti, elmə böyük maraq göstərməsi və mütərəqqi fikirliliyi ilə yaşıdlarından seçilib. Ailəsinin maddi durumu təhsil almasına imkan verməsə də, onun qabiliyyəti, istedadı, bacarığı, elmə olan həvəsi diqqətdən yayınmayıb və o, yerli ruhanilərin yanında yazıb-oxumağı öyrənməyə başlayıb.
Təhsilə marağı ilə yanaşı, eldə-obada nümunəvi davranışı, ədəb-ərkanı ilə də seçilib, yaşıdlarına örnək olub. Tay-tuşları arasında sözü keçib, nüfuzu olub, onu eşidiblər, məsləhətlərinə əməl ediblər. Gününü mənasız işlərlə keçirən bir neçə gənc onun təsiri sayəsində düzgün yola qayıdıb ki, bu da gənc olmasına baxmayaraq, Faxralıda və ətraf kəndlərdə onun hörmətini və doğmalarının ona olan inamını artırıb.
Vaxtı ilə Nizami Gəncəvi yazırdı:
Haqq söz inci də olsa, haqsız üçün acıdır,
Haqq acı, fəqət hamı həqiqət möhtacıdır.
Şeyx İsgəndər həmişə inci olan haqq sözü müdafiə edib, haqqın tərəfində olub. Haqqın tərəfində olanları da xalq bir qayda olaraq həmişə sevib. Və belə adamlar xalq içərisində xüsusi nüfuz sahibi olublar. Şeyx İsgəndər həm də Allah adamı olduğu üçün insanlığı, xeyirxahlığı təbliğ edirdi. Həmişə insanın kamalına üstünlük verirdi. İnsan kamalı əvəzsiz əxlaqi fəzilətdi, deyirdi. Bütün mürəkkəb məsələlərin açarı kimi baxırdı insan kamalına. Dini dəyərlərimizə hörmətlə yanaşıb, onu məqsədyönlü şəkildə təbliğ edirdi. Bütün bu yüksək əxlaqi keyfiyyətlərə görə Şeyx İsgəndər bu gün də hörmət və minnətdarlıqla xatırlanır. Çünki həyatında tərəddüdlü anlar olsa da, büdrəmədi, yıxılmadı. Yıxılmadı ona görə ki, Allahın “əlini sıxmışdı”. Allahın “əlini sıxan” isə heç vaxt yıxılmaz. Böyük söz fatehimiz Zəlimxan Yaqub demişkən:
Ağlayar yıxılan, sevinər yıxan,
Yıxılmaz Allahın əlini sıxan.
Faxralıda və ətraf kəndlərdə getdikcə artan nüfuzu onu daha böyük işlərə sövq edir, qəlbində yeni-yeni arzular doğururdu. Arzularını həyata keçirmək üçün isə daha geniş meydan, ilk növbədə isə yüksək təhsil lazım idi. Doğma kəndindəki ruhanilərdən aldığı ilk təhsil təbii ki, kifayət etmirdi. Odur ki, XX əsrin əvvəllərində o, mükəmməl dini təhsil almaq üçün İranın Xorasan şəhərinə gedib, burada təhsil alaraq dinin əsaslarını öyrənib, dünyəvi elmlərlə maraqlanıb. Yeni mühit ona çox şey öyrədib, dünyagörüşü daha da zənginləşib, həyat təcrübəsi artıb. Bəlkə də Xorasanda təhsil aldıqdan sonra doğma Borçalıya qayıdıb burada bir din xadimi kimi böyük nüfuz qazanmaq olardı. Axı, o vaxtlar başqa ölkədə dini təhsil alanlar o qədər də çox deyildi. Amma hansı sahədə olursa olsun yarımçıqlığı sevməyən, daim inkişafa meylli olan İsgəndər Göyüş oğlu bir müddət də İranda qalaraq təhsilini davam etdirməyi hər şeydən üstün tutdu. Elmi-dini biliklərini daha da artırmaq üçün Tehran şəhərinə gələrək burada ikinci ali ruhani təhsili aldı. Artıq onun qarşısında yeni üfüqlər açılmışdı. Dərin savadı, qabiliyyəti, hadisələrə özünəməxsus analitik təfəkkürlə yanaşması burada da ona böyük hörmət qazandırdı. Bir müddət burada çalışaraq şeyx dini rütbəsinədək yüksəldi. Kim bilir, bəlkə də sona qədər burada qalıb fəaliyyətini davam etdsirsəydi bu gün onun adı dünyanın ən böyük dinşünas alimləri cərgəsində çəkilərdi. Amma hər zamanın öz hökmü olur. Bəzən insan arzularının dalınca sona qədər getmək istəsə də, bu, müəyyən səbəblərdən alınmır. Ya ailə vəziyyəti, ya da başqa bir səbəb buna mane olur. Doğma vətəndən, eldən-obadan, doğmalardan uzaqda olanlar üçün isə bu, ikiqat çətin olur. Vətən xiffəti, doğmaların həsrəti istər-istəməz səni məcbur edir ki, bir çox istəklərindən vaz keçəsən.
Şeyx İsgəndərin valideynləri də hər dəfə onun xoş sorağını alıb eldə-obada qürur duysalar da, onun yanlarında olmamasının xiffətini gizlədə bilmirdilər. Əllləri çatmasa da, gəlib-gedəndən İsgəndərə ismarıc edirdilər ki, oxuduğun daha bəsdir, doğma yurd-yuvana qayıt.
O vaxtlar hələ Oktyabr inqilabı baş verməmişdi və xarici ölkələrə gediş-gəliş çətin deyildi. Faxralıdan da İrana gedib-gələnlər olurdu. Günlərin bir günü faxralıların Molla Maşadı kimi tanıdığı Əli Namaz İrana gedərkən Şeyx İsgəndərlə görüşüb valideynlərinin arzusunu ona çatdırıb. Onsuz da vətən, el-oba, doğmalar üçün çoxdan darıxan şeyx bu görüşdən sonra Faxralıya qayıtmağı qərara alıb. Faxralılar onu dövrünün yüksək bilikli və rütbəli ruhanisi və varlı bir şəxs kimi qarşılayıb. O, burada ailə quraraq dörd oğul, bir qız böyüdüb. Oğlu Qulamhüseyn sovet-alman müharibəsi zamanı cəbhəyə gedib və geri qayıtmayıb.
Yaşlıların dediyinə görə, bolşeviklər hakimiyyətə gələndən sonra kəndin digər imkanlı və nüfuzlu şəxsləri kimi, Şeyx İsgəndərin də malı və pulu əlindən alınıb, dəfələrlə müxtəlif bəhanələrlə onu sürgün etməyə çalışıblar. Amma özünün savadı, dərin biliyi, uzaqgörənliyi, ölkədə baş verən hadisələri düzgün qiymətləndirməsi sayəsində hər dəfə sürgündən canını qurtara bilib.
Yaşlılar xatırlayır ki, Şeyx İsgəndər qarşısındakı şəxslə söhbət zamanı fikirlərini elə aydın, səlis, inandırıcı və məntiqi şəkildə əsaslandırıb çatdırırmış ki, müsahibinin onunla razılaşmaqdan başqa yolu qalmırmış. Hətta bir dəfə NKVD işçisinin dinlə bağlı bir qədər ironik suallarına özünəmxsus şəkildə elə tutarlı cavab verib ki, onun fəlsəfi fikirləri, geniş dünyagörüşü müstəntiqi valeh edib, bir daha onu narahat etməyəcəyini söyləyib.
1953-cü ildə dünyasını dəyişmiş Şeyx İsgəndərlə bağlı eldə-obada belə yaddaqalan, maraqlı əhvalatlar olduqca çoxdur. Bu xatirələr dillərdən dillərə, nəsillərdən nəsillərə keçərək onu əbədi yaşadacaq.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.