Şair Əli Qurban oğlu Məmmədov (Əli Faxralı)

Əli Faxralının şeirlərindən nümunələrə buradan tanış ola bilərsiniz.

ELİN ŞAİRİ

(“Ellər var olsun” deyən, ellə birgə var olan Borçalı şairi Əli Faxralının 85 illik yubileyi qarşısında)

Borçalı elinin ağsaqqal ziyalısı, xalq dilində yazan şairi Əli Faxralının qoşmaları, gəraylıları, gözəlləmələri, ustadnamələri, müxəmməsləri, divaniləri Azərbaycan oxucusuna tanışdır. O qədər ürəyə yatımlıdır ki, onları ilk dəfə oxuyan adam sanki çoxdankı tanışına rast gəldiyini zən edir. Amma tezliklə anlamaq olur ki, onların bənzəri yoxdur…..

Əli Qurban oğlu Məmmədov (Əli Faxralı) 1926-cı ildə Borçalının adlı-sanlı qədim kəndlərindən olan, mən deyərdim ki, Borçalının tacı sayılan, şair Nəbinin yurdu, çox böyük ziyalılar yetirmiş Faxralıda anadan olmuşdur. Özü uzun müd­dət Marneuli rayonunun Böyük Muğanlı (Qaş Muğanlı) kəndində yaşamışdır. Ancaq Əli Faxralının harada doğulmasından, harada yaşamasından asılı olmayaraq, fərqi yoxdur, Borçalının hər bir nöqtəsi onun üçün əzizdir, müqəddəsdir. Bu, Əli müəllimin şeirlərində öz geniş poetik əksini tapıb. Məsələn, şair “Borçalı” adlı şeirində yazır:

Göz açıb dünyaya gələnnən bəri,
Anamı – mən səni gördüm, Borçalım.
Laylalı beşiyim dillər əzbəri,
Yapışdım ayağa durdum, Borçalım.

Can demişəm, hər cəfana dözmüşəm,
Demirəm ki, oynamışam, bezmişəm.
Qarış-qarış sinən üsdə gəzmişəm,
Köhlənnər oynadıb yordum, Borçalım.

Əli Faxralı əsasən el şairidi, ömrünü elin içində keçirib. Elin xeyrindən-şərindən qalmaz, toylarda həmişə yeri başdadır. Hara gedirsə, ona yuxarı başda yer göstərir, hörmətlə yana­şırlar. Bütün bunlar ona xalqın təkcə bir şairi kimi deyil, həm də çox müsbət xüsusiyyətlərə malik bir insan kimi böyük qiy­mət verdiyini göstərir.

Əli Faxralı Allah adamıdır. Onun müəllifi olduğu, 2000-ci ildə işıq üzü görən “ Ellər var olsun” şeirlər kitabı “ Bismillah” “Allah”, “Məhəmməd”, “Ya Əli!” şeirləri ilə başlayır.

Əli Faxralı şair-rəssamdır. Ona görə də onun yaradıcılığında təbiətə həsr olunmuş şeirlər xüsusi yer tutur. “ Boyanıbdı”, “Dağlarım”, “ Ölməz” kimi şeirləri bu qəbildəndir:

Hər məclisdə söyləmişəm,
Muğanlıdan keçən ölməz.
Mən də niyyət eyləmişəm,
Faxralıya köçən ölməz.

Yolum düşə Til dağınnan,
Cüyür, ceyran oylağınnan,
Aşıx Hasan bulağınnan,
“Nəzik su” dan içən ölməz.

Məhəbbət lirikası Əli Faxralının  yaradıcılığında əsas istiqa­mət­lərdən birini təşkil edir. Söz yox ki, sevgi motivli şeirləri əsasən gənclik dövrünə təsadüf edir. 1948-ci ildə Süxumi şəhə­rində hərbi xidmətdə olarkən yazdığı şeirlər bu sıradandır. Məsələn:

Nə qədər qocalsa, şairin yaşı,
Xəyalı sevginin sorağındadı.
Yüz yerdən oxlansa bağrımın başı,
Əzbəri sinəmin varağındadı…..

Faxralı Əli, çəkmə ahu-zar nədi,
Yar yolunda boran nədi, qar nədi,
Kama yetdin, dövlət nədi, var nədi,
Ləzzəti dilində, dodağındadı.

Aşıq poeziyasının yaxşı bilicisidir, sazımızın-sözümüzün fanatıdır Əli Faxralı.

Həmişə xalqın arasında olduğundan xalq adət-ənənəsini gö­zəl bilir. Şeirlərində elə sözlər işlədir ki, oxuyan adama ləzzət eləyir. O, bütün yaradıcılığı ilə sübut edir ki, söz sənətində apa­rıcı xətt xəlqilikdir, xalqın təfəkkürüdür. Yaradıcılığındakı bu xüsusiyyət Azərbaycanın və Gürcüstanın görkəmli ziyalıları tə­rə­findən qeyd edilmişdir. Filologiya elmləri namizədi, İ.Ca­va­xaşvili adına TDU-nun Marneuli şöbəsinin prorektoru Mahmud Hacıxəlilov qeyd edir. “Bu yurdu qarış-qarış gəzən, onu sevə-sevə tərənnüm edən Əli Faxralı əsl el şairidir…. Eldə də özünün sadəliyi, şirinliyi, eyni zamanda, müdrikliyi ilə seçilən ağsaqqallardandır”. S.S.Orbeliani adına TDPİ-nin kafedra müdiri, professor Valeh Hacıyev isə Əli Faxralını Miskin Nəbidən sonra Borçalının ən böyük el şairi adlandırmışdır. Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlu Əli Faxralının təhsili olmasa da, “anadan  şair doğulduğunu”, Gürcüstanın əməkdar jurnalisti, şair Dünyamalı Kərəm Əli Faxralının “öz qələmindən çıxmış bütün şeirləri əzbər bilməsini” vurğulayırlar və bunu Allah vergisi, onun fitri istedada malik olması ilə əlaqələndirirlər. Bakıdakı 271 saylı məktəbin müəllimi, şairə Qönçə Qəribi Əli Faxralı barədə çox yüksək fikirdədir. “Borçalı mahalının müdrik ağsaqqalı, el şairi Əli Faxralının aşıq şeiri tərzində poeziyası ilə tanışam. Onun qələmindən çıxan hər bir şeiri mənim üçün çox əzizdir. Öz elinin ruhunda, sadə bir dildə yazılan qoşmaları, gəraylıları, gözəlləmələri insana hədsiz könül xoşluğu, qəlb rahatlığı verir. Əli Faxralı çox həssas, səmimi bir insandır. Bu səmimiyyət onun bütün yaradıcılğında qabarıq şəkildə özünü göstərir. Öz hiss və duyğularını bədii boyalarla əks etdirən Əli Faxralı obasından-elindən aldığı zövqlə qəlbinin lirik notlarını duyub yaşadığı dünyaya kökləmək istəyir. Bəli, bu, belədir. O, fitri, anadangəlmə istedada malik əsl sənətkar, şeirləri incə duyğular üstündə köklənmiş, el-obaya bağlı  sinədəftər bir adamdır”.

Əli Faxralınını özünün də ayrı-ayrı tarixi şəxsiyyətlər, Azər­baycanın, o cümlədən Borçalının görkəmli ziyalıları haqqında yazdığı şeirləri var. Onun Faxralılı şair  Qara Qəribə, qorqud­şünas alim Hüseynqulu Məmmədliyə, Elxan Məmmədliyə, aşıq Qəhrəmana, şair Osman Əhmədoğluna, Xalq şairi Zəlimxan Yaquba, Faxralı aşıq Şəmistana, aşıq Kamandara və başqa görkəmli şəxsiyyətlərə yazdığı şeirlər onun dostluqda mehri­ban, həm də qədirşünas bir insan olduğunu göstərir. Sevinirəm ki, Əli Faxralının diqqətinə layiq olanlardan, onun şerlərinin qəhrəmanlarından biri də mən olmuşam.

Bir məqamın üstündə dayanmağa da dəyər ki, Əli əmi mənim atam Eyvaz Məmmədovla  möhkəm dost olublar. Atam haqq dünyasına qovuşandan sonra da Əli Faxralı həmin dostluğa sadiqliyini mənimlə münasibətlərində davam etdirir. Əli Faxralının oğlu Binnət Borçalıda çıxan “Region press” qəzetinin redaktorudur, gözəl ziyalıdır, yaxşı publisistdir, Borçalı mövzusunda çox gözəl yazıların müəllifidir. Həm də atasına layiq gözəl övladdır.

Bu yaxınlarada Əli əminin 85 yaşı tamam olacaq. Mən Əli əmiyə cansağlığı, uzun ömür arzulayıram. İndiyə qədər sağ olub, bir yeri ağrımayıb, qoy, bundan sonra da ağrı-acı ondan uzaq olsun. Ona dadından doyulmayan ulu Oğuz ömrü arzu­layıram. İnşallah, səksən beş yaşını da yüksək səviyyədə qeyd edərik, “doxsanı”nı, “yüzünü” də.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur