Şair Kərbəlayi Qara Qərib

El şairi Qara QƏRİB (1902-1978). Şairə Güllər Pərisi onun ana nənəsi, şair Nəbi isə ustadıdır.

Onun şeirləri barədə buradan tanış olmaq olar.

El arasında Kablayı Qara kimi tanınıb. Güclü hafizəsi olub. Fitri istedadı ilə fərqlənib. Güclü hafizəsi  və bədahətən şeir söyləmək qabiliyyəti olub. Öz yaradıcılığını tam əzbər bilib. Fərdi təhsil alıb. 30-cu illərdə Faxralı kənd məktəbində müəllim işləyib. Borçalının əksər şair və aşığı ilə deyişib. Yaradıcılığı, əsasən, şifahi şəkildə yayılıb.

Qara Qərib klassik aşıq ədəbiyyatının bütün janrlarında şeirlər yazmış söz sərraflarındandır. Onun yaradıcılığında təbiətin əsrarəngiz gözəliyi də, insanın yüksək əxlaqi keyfiyyətləri də eyni sevgilərlə tərənnüm edilir.

Bülbülləri uçmuş budaqlar kimi,
Hicran dəryasına dalıb yurd yeri.
(“Yurd yeri”)

kimi mənəvi ağrı-acılar yaşayan şair təbiətin ecazkarlığından təsəlli tapır. Bu yerlərdən qürur duyur. Ürəyi “bənövşələrin üzə çıxması”, “ahuların dağdan enməsi” (“Döndü”) ilə açıldığından, düyğularının oylağı olan Qaraxaçı xatırlayır, bu cənnət məkanı xəyalən “əriş-arğac” eləyir, Qaraxaçın poetik təsvrini verir:

Qayaları qatar-qatar düzülən,
Daşlarından abi-kövsər süzülən,
Çiçəkləri dərman üçün gəzilən
Loğmanlara çatan yetdi Qaraxaç.

Qara Qərib oxucusunu xeyirxahlığa, xeyir əməllərə çağırır, dünyadan köçəndə yaxşı ad qoyub getməyin fəzilətlərini xatırladır. Ümumiyyətlə, Q.Qəribin yaradıcılığı insanın daxili aləminin – duyğularının, duyumlarının poetik güzgüsü hesab edilə bilər.Burda giley də var, üsyan da, sevgi də var, hicran da, təəsüf də var, qürur, qürrə də.

Dünyaya xitabən,

Məm az atəşə, qala qoyma gəl,
Olma cana zülmət, qala, qoyma gəl, –

deyən şair adıbəlli Faxralının igid kişilərinin, ər oğullarının sorağındadır:

Çəkə xancalını, kəsə aranı,
Duşmənın bağrını yaranım ola.
(“Dalımda duranım ola”)

Q.Qəribin sevgi şeirlərinin əksəriyyəti ünvanlıdır. Gördüyu gözəllərin gözəllyinə biganə qala bilməyən şair onlardan “müjgan oxu ilə aşiqin qanını tökməməyi”, “könül sarayını sökməməyi” xahiş edir, görümünü, duyğularını şeirləşdirir. “Qızyetər”, “Bu yandadır” və s. bu qəbildəndir.

 

Rəşid Faxralı – Dardı ( Qara Qəribə)

Sonulayıb seçdiyim,
Dağdan, düzdən biçdiyim,
Birnəfəsə keçdiyim
Yol gözümü daradı.

Əsdi, təzə-ter əsdi,
Vermədi xətər, əsdi.
Dərdimdən betər əsdi
Yel, közümü daradı.

Hələ qövr edir yaram.
Varam, bu dərdnən varam!
Səni oxudum, Qaram.
Söz, sözümü daradı.

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur