Şair Nəbi Oruc oğlu (1873-1945) barədə məlumat (şeirlərindən qısa nümunələrə buradan tanış ola bilərsiniz)
Şair Nəbi 1873-cü ildə Faxralı kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Yeni doğulan körpənin ailəyə gətirdiyi sevinc, təəssüf ki, bir az sonra kədər və göz yaşları ilə əvəz olunub. Təsadüfən Nəbinin böyük qardaşı Hasanın əlindən xata çıxır: o, qonşu kəntdə yaşayan hörmətli bir adamın yaxın qohumunu öldürdüyünə görə ömürlük sürgünə göndərilir. Böyük oğlu Hasanı ömürlük itirdiyini hiss edən Oruc kişi gələcək ümidini Nəbiyə bağlayırsa da onu öz istədiyi kimi böyüdə bilmir. Çətin və acınacaqlı günlər yaşayan Nəbi ehtiyac içində böyüyür.
Hələ Nəbinin 10-12 yaşı olanda ailənin bütün ağırlığı onun üzərinə düşür. Ağır zəhmətə qatlaşaraq, ailənin qayğısını çəkməli olur.
15 yaşına çatandan sonra isə bir neçə il İmir kəndində Məşədi Hüseyn adlı bir varlı şəxsə nökərçilik edir. Nəbinin ilk qoşqularının yaranması da həmin illərə təsadüf edir.
Şair Nəbi 1890-cı ildən 1910-cu ilədək müxtəlif yerlərdə nökər, çoban, varlıların malikanəsində qarovul, Allahverdi mis mədənlərində fəhlə işləmiş, savad almağa, yazı-pozu öyrənməyə heç bir imkanı olmamışdır.
20-25 yaşlarından peşəkar bir sənətkar kimi Borçalı kəndlərinin toy və yığıncaqlarında çıxışlar edib, el şairi kimi ad-san qazanmış, ömrünün axırına kimi anadan olduğu Faxralı kəndində yaşamışdır.
ikinci cahan savaşına dörd oğul yola salan və iki oğlunun qara kağızını alan, el-oba ilə birlikdə çox ağır günlər yaşayan şair Nəbi 1945-il ilin oktyabr ayında, 72 yaşında doğma Faxralı kəndində vəfat etmişdir.
Qeyrətli eloğlularımız, alimlərimiz, tədqiqatçı-folklorşünaslar
Aşıq şeirinin bütün formalarında əsərlər yazan şair Nəbi həm də gözəl dastanlar yaradan sənətkarlardan biri idi. Bu günün özündə də onun deyişmələri Borçalı məclislərində dastanlaşmış rəvayətlərlə cilvələnərək həmişəyaşarlıq vəsiqəsi alıb.
“Ağılla eşqin deyişməsi” , “Uzunbaşoğlunun toyunun tərifi”, əmisi oğlu Hüseynlə, İbrahimlə, göyçəli Dost Pirməmmədlə, Təhlə Novruzla, oğlu Nadirlə, şagirdi Şabanla və s. deyişmələri bu gün də dastanlaşmış sənət incilərimiz sırasındadır.
Mənbə: Borçalı Aşıqları kitabından, 2005.
Şair Nəbi ilə Quşçi kəndindən olan Aşıq İsmayılın deyişməsi
Səməndər Məmmədov Şair Nəbi haqqında
Əzəl andım, son məkanım – Faxralı
“Mən Nəbiyəm, aşıqların zəriyəm”
Ustadı sən idin pir ozanların,
Şeiri-sənəti anlayanların.
Alxas ağaların, Ağacanların
Öndər sırasında əbədi varsan,
Ay Nəbi baba, sən daim yaşarsan!Dünyamalı Kərəm
Türk dünyasının böyük söz fatehi Zəlimxan Yaqubun bir müdrik kəlamı var: “Bizə, qalın kitablar yox, qalan kitablar lazımdır”. Bu mənada, təkcə Borçalıda deyil, Azərbaycanda, Türkiyədə və Cənubi Azərbaycanda da sevilə-sevilə oxunan şair Nəbi Miskinin bütövlükdə yaradıcılığı başdan-başa qalan şeir nümunələri, ədəbi abidələrdir.
Elə bir təhsili olmasa da, şair Nəbi o qədər məzmunlu, məntiqli şeirlər yazıb ki, istər-istəməz onun şeirlərini oxuyanda adamın ruhu qanadlanır. Xalq şairi Zəlimxan Yaqubun dediyi kimi, şair Nəbi Azərbaycan aşıq şeirinin bütün növlərində bir-birindən gözəl, qiymətli ədəbi nümunələr yaradıb. Onun şeirləri bizim sümüyümüzə, iliyimizə işləyib. Onu bu gün hər yerdə böyük bir el nəğməkarı kimi xatırlayırlar. Bu, ona verilən ən böyük qiymətdir.
Borçalının elə bir rayonu, elə bir kəndi olmaz ki, ən azından ağsaqqallar şair Nəbinin şeirlərini əzbərdən bilməsinlər. Şair Nəbinin şeirlərini ən çox oxuyan, təbliğ edən və yayanların sırasında başda unudulmaz ustad aşığımız Hüseyn Saraçlı dayanır.
Nəbi Oruc oğlu 1873-cü ildə Borçalı mahalının ağır ellərindən olan Faxralı kəndində yoxsul kəndli ailəsində anadan olub. Körpə Nəbinin dünyaya gəldiyi gündə bu kasıb ailə eyni zamanda bir kədərə də düçar olub: Nəbinin böyük qardaşı Həsənin əlindən xəta çıxıb, yerli bəylərdən birinin yaxın adamını öldürdüyünə görə ömürlük sürgün edilib. Ehtiyac içində böyüyən Nəbi erkən yaşlarından zəhmətə qatlaşmalı olub. Qonşu kənddə varlı bir şəxsə nökərçilik edib. İti hafizəsi, hazırcavablığı ilə fərqlənən yeniyetmə Nəbi axşamlar kənd toylarına gedib aşıqları maraqla dinləyirmiş. İlk qoşma, təcnis və müxəmməslərini yaradan gənc Nəbi toylardan birində öz dövrünün tanınmış sənətkarlarından olan Aşıq İsmayılla deyişməyə girişib və ona qalib gəlibmiş…
Şair Nəbi 1890-cı ildən 1910-cu ilə kimi müxtəlif yerlərdə nökər, çoban, mülkədar malikanəsində gözətçi, Tiflisdə, Allahverdi mis mədənlərində fəhlə işləyib. Yazı-pozu öyrənməyə vaxtı və imkanı olmadığı və gürcü dilini yalnız güclü hafizəsi sayəsində mükəmməl mənimsədiyi bildirilsə də, dərin savada və geniş dünyagörüşünə malik olması onun yaradıcılığından aydınca görünür.
1910-cu ildən etibarən peşəkar bir sənətkar kimi toy və el şənliklərində xalqa mənəvi xidmət göstərən şair Nəbi ömrünün axırına kimi Faxralı kəndində yaşayıb-yaradıb. 1945-ci ilin mayında alman faşizmi üzərində qələbənin qazanılması xəbəri isə onun üçün az təsəlli olub. Çünki buna qədər o, cəbhəyə göndərdiyi dörd oğlundan ikisinin qara kağızını almışdı. Yeri gəlmişkən qeyd edək ki, cəbhədən qayıtmayan oğlanlarından biri – Nadir də şeir qoşurdu. Hətta onun atası ilə deyişməsi də var.
Elə həmin ilin oktyabr ayında 72 yaşında dünyasını dəyişib Nəbi Miskin.
Şair Nəbinin poetik irsinə, ədəbi həyatına işıq tutulmasının əsas səbəbkarı böyük şairimiz Səməd Vurğun olub. Osman Sarıvəlli ilə birlikdə 1955-ci ilin oktyabr ayında Faxralı kəndinə təşrif buyuran Səməd Vurğun elimizdə müqəddəs sayılan Molla Qurban ocağında iki gün qonaq qalıb. Qonaqların şərəfinə düzənlənən məclisdə o vaxtlar Faxralı kənd orta məktəbində direktor vəzifəsində çalışan ədəbiyyat müəllimi, sonralar Azərbaycanda görkəmli folklorşünas kimi tanınan, Dədə Qorqud haqqında sanballı tədqiqat əsərləri yazan Hüseynqulu Məmmədli, Hacı Həsənov və digər ziyalılar iştirak edirdi. Həmin məclisə Aşıq Nəsib də dəvət edilib. Aşıq Nəsibin şair Nəbidən oxuduğu şeirlər Səməd Vurğunun dərin marağına səbəb olub, xüsusən də bir beyt diqqətini çəkib:
…Qılıncın qınsızdı, qolun qüvvətli,
Baxmadın qocaya, cavana, dünya!
“Dünya” rədifli həmin qoşmanı bir daha oxutdurub dinlədikdən sonra Səməd Vurğun həmin beyti “Kazbek” siqaret qutusunun üstünə yazır, üzünü hörmətli Hüseynqulu müəllimə tutub: “Çox gözəl ədəbi nümunələrdi, – deyir, – yaradıb şair Nəbi Miskin. Özünüz ədəbiyyat müəllimisiniz, mən sizə tapşırıram, şair Nəbinin şeirlərini toplayın. Bunların itib-batmasına yol vermək olmaz. Gözəl şeirlərdir, qoy ədəbi ictimaiyyətə təqdim olunsun. Siz toplayın, nəşrinə Osman müəllim kömək edər”.
Şair Nəbinin yaradıcılığı Azərbaycanın üç böyük xalq şairini – Səməd Vurğunu, Osman Sarıvəlini və Zəlimxan Yaqubu heyrətə gətirmişdir. Azərbaycanın bu üç dahi şairinin heyrəti Şair Nəbinin yaradıcılığına verilən ən böyük qiymətdir. Bunların hər ücü şair Nəbinin taleyinə işıq tutanlardır.
Elə o illərdən Hüseynqulu müəllim şair Nəbinin şeirlərini toplamağa başlamışdır. Həmin şeirlərin aqibəti barədə Hüseynqulu müəllimin oğlu, AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli belə yazıb: “Şair Nəbinin irsinin müəyyən qismi hələ S.Vurğun vəfat etməmişdən bir qədər əvvəl toplanmışdır. S.Vurğunun vəfatından sonra Hüseynqulu Məmmədov tərəfindən toplanılan bu şeirlər bir qədər Azərbaycan SSR EA Ədəbiyyat İnstitutunun folklor şöbəsində, bir neçə il Yazıçılar İttifaqının seyflərində, on ildən artıq “Yazıçı” nəşriyyatında qaldıqdan sonra nəhayət, 1991-ci ildə nəşr olunmuşdur. Kitabın nəşrinə qədər və ondan sonrakı illərdə Hüseynqulu müəllimin bir sıra məqalələri “Ədəbiyyat və incəsənət” və “Sovet Gürcüstanı” qəzetlərində dərc olunmuşdur. Daha sonra şair Nəbinin “Bilmədi”, “Gözəl” rədifli şeirləri 1964-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən nəşr olunan, Əhliman Axundovun tərtib etdiyi “Telli saz ustadları” kitabına daxil edilmişdir”.
Hüseynqulu Məmmədlidən sonra Şair Nəbinin yaradıcılığı folklorşünas alim Elxan Məmmədli tərəfindən daha geniş şəkildə tədqiqata cəlb edilib, eləcə də, mərhum akademik Valeh Hacılar, dosent Pənah Mahmudov, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli, Arif Əmrahoğlu, professor Mahmud Kamaloğlu və tədqiqatçı-dissertant Arzu xanım Bayramlı və digər tədqiqatçılar da onun yaradıcılığına müraciət edibər.
Hüseynqulu Məmmədli tərəfindən toplanılmasına başlanılan şeirləri Nəbi Miskinin anadan olmasının 130 illiyi ilə bağlı olaraq 2003-cü ildə AMEA Folklor Mərkəzinin Elmi Şurasının qərarı ilə nəfis tərtibatda işıq üzü görmüşdür. Kitabın tərtibçisi və nəşrə hazırlayanı Elxan Məmmədlidir.
AMEA Folklor İnstitutunun Elmi Şurasının 29 yanvar 2013-cü il tarixli 1 saylı qərarı ilə nəşr olunan “Sığındım Mövlaya” adlı kitab isə Nəbi Miskinin 140 illiyinə layiqli hədiyyədir. Bu kitabın araya-ərsəyə gəlməsində də Elxan Məmmədlinin zəhməti böyükdür. Burada qeyd etmək lazımdır ki, Hüsyenqulu Məmmədli Şair Nəbinin bütün külliyyatını toplasa da, 1991-ci ildə nəşr olunan “Yazılanlar gəldi başa” adlı kitabda şairin dini mövzuda olan şeirləri yer almamışdı. Bu kitabda isə həmin şeirlər də öz əksini tapıb.
Xalq şairi Zəlimxan Yaqubun dediyi kimi, şair Nəbinin şeirləri arasında elə tutumlu, elə dolu nümunələr vardır ki, hər biri bir kitaba dəyər.
Səhərdən bəklədim mən yollarını,
Bir gəlib qarşımdan ötəsən, gözəl!
Sən özün bilmirsən öz murazını,
Mən yaxşı bilirəm, butasan, gözəl!
Yetmişə yetsən də, mən səni allam,
Dərgah-ilahiyə min dua qıllam.
Aylarnan xəstə düşsəm, sağallam,
Sən gəlib qolumdan tutasan, gözəl!
Mən Nəbiyəm, aşıqların zəriyəm,
Yanıram oduna, eşq əsəriyəm.
Gəlmişəm qapına, bil, müştəriyəm,
Ləbinin balından satasan, gözəl!
Bir başqa misal:
…Ləblərimlə ləblərindən gül üzəm,
Ac arıtək qonam, soram, bal çəkəm.
Yaxud:
…Günü-gündən bu gözəllik kəmələr,
Bar verib sinəndə bir cüt məmələr.
Lazım budu, tamarzılar əmələr,
Fəsildə qızarmış qönçə nar kimi.
Göründüyü kimi, nə qədər tutumlu, mənalı, məzmunlu beytlərdir.
Şair Nəbi bizim o vaxt yazıb-yaradan digər aşıqlara təkan, qol-qanad verib. Təsadüfi deyildir ki, şeirlərinin birində deyirdi: “Mən Nəbiyəm, aşıqların zəriyəm”. Deyilənlərə görə, şair Nəbi deyişmə zamanı bir dəfə də olsun məğlub olmamış, qalib gəldiyi rəqibinin də heç vaxt sazını əlindən almamışdır, əksinə, məğlub olanlara ürək-dirək vermiş, onları pərt olmağa qoymamışdır. O, cılız maraqlardan, paxıllıq hisslərindən yüksəkdə dayanan bir şair olmuşdur. Şeirlərindən birində o dövrdə nisbətən cavan şairlər haqında belə deyib:
Səxavət əhlidi, Alıynan Şaban,
İnşallah, çatallar bizə şairlər.
Şeirdən də göründüyü kimi, Miskin Nəbi həmkarlarının hər ikisini şair kimi qiymətləndirir, eyni zamanda onların hələ cavan olduqlarını xəfifcə vurğulayır. Həmin gənclərdən biri – şair Alı II dünya müharibəsində həlak olub – yaradıcılığının çıçəklənən vaxtında ömrü yarıda qırılıb. Şaban isə Allah verən ömrü tam yaşadı, gözəl şeirlər, deyişmələr yaratdı.
Folklor İnstitutunun dissertantı Arzu Bayramlının araşdırmasına görə, XIX əsrin sonu və XX əsrin ilk iki onilliyini əhatə edən dövrdə, yəni şair Nəbinin yaşayıb-yaratdığı dövrdə Borçalıda fəaliyyət göstərən 116 poeziya təmsilçisindən 36 nəfəri şair, 61 nəfəri el şairi, 19 nəfəri isə yaradıcı aşıq olub. A.Bayramlı “El şairi Nəbi Faxralının həyat və yaradıcılığına baxış” məqaləsində yazır: “Bu qədər söz adamının arasından şair Nəbinin ustad məqamına çatması, şöhrətlənməsi əlbəttə ki, yalnız böyük istedadın nəticəsi ola bilərdi. Əhəmiyyətli olan bir məqam da budur ki, şair Nəbi kimsəyə şəyirdlik etməmiş, kimsədən söz sənətinin sirlərini öyrənməmişdi, amma özünün bir neçə yetirməsi vardı ki, onlara Allah vergisi olan şairliyinin sirlərinə vaqif olmağa imkan vermişdir”.
Məhəbbət mövzulu qoşmaları şair Nəbinin yaradıcılığında mühüm yer tutur və bu şeirlərində ülvi duyğuların vəsfinə geniş yer verilir. Filoloq-alim Elxan Məmmədli çox düzgün qeyd edir ki, şair Nəbi bu qəbildən olan qoşmalarında lirik qəhrəmanın zahiri və daxili gözəlliyinin vəhdətdə olmasını vacib sayır. Məhəbbətdə xəyanəti, vəfasızlığı, riyakarlığı pisləyir.
Nəbim deyər, nədən oldu yar ası,
Yaman olu yarın qəlbiqarası.
Könlümün sevdiyi, ömrüm çarası,
Sərin gizlər, gözüm qaldı bu dərdə.
Diqqətiçəkən bir məqam da şair Nəbi poeziyasının təbiətlə harmoniya təşkil etməsidir. Onun Aşıq Ələsgərin “Dağlar” şeirinə iqtibası bu nöqteyi-nəzərdən çox maraqlıdır:
…Səhər-səhər dan yelləri əsəndə,
Şərbət bulaqların tən edər qəndə,
Yığılar gözəllər, dövr edər səndə,
Çiçəkli, çəmənli gül olu, dağlar…
…Şair Nəbi səndə gəzdi bir zaman,
Çəkilməz sərindən çiskinli duman.
Çuxur, Günavarda bənövşə, reyhan,
“Süsənli, sünbüllü, lalalı dağlar”.
Şair Nəbi dövrünün haqsızlıqlarına, cəmiyyətdə gördüyü ədalətsizliklərə qarşı da öz etiraz səsini ucaldıb.
Nəbi Miskinin şeirləri, cinaslı təcnisləri, divaniləri, müxəmməsləri ilə yanaşı, rəvayət və deyişmələri, bir-birindən gözəl dastanları da var. Ədəbiyyat uzmanları şair Nəbinin mənzum yaradıcılığında özünü az qala hər addımda büruzə verən ürfani mətləbləri, müəllifin təsəvvüf dünyagörüşünü xüsusi qeyd edirlər. Bu dünyanın faniliyi, axirət üçün rəhmət qazanmağın daha vacibliyi onun şeirlərinin əsas qayəsini təşkil edir:
Şair Nəbi, pür kamalı yaxşı bil,
Zikr eylə, sən gecə-gündüz, ilbəil.
Ədəb-ərkanına qayıtmayan qul,
Cəhənnəm hazırdı, cənnəti olmaz.
Şair Nəbi yaradıcılığını izləyəndə bir həqiqətin də təsdiqini tapırıq: mükafat layiq olduqda stimula çevrilir. Şairin qoşduğu məşhur “Mehdi bəyin dastanı”nın aqibəti məhz belə olmuşdur. Haqqında yazılmış kitablarda şair Nəbinin bir gecədə düzüb-qoşduğu həmin dastanın mükəmməlliyi barədə yüksək fikirlər, yaranma tarixçəsi barədə maraqlı əhvalatlar yer alıb. Daha maraqlısı budur ki, şair Nəbinin dastanları necə eşidilibsə, eləcə də şirin Borçalı ləhcəsi ilə yazıya alınıb.
Heç təsadüfi deyil ki, Müzəffər Şükür doğru olaraq Faxralını yox, bütün Borçalını şair Nəbinin yurdu adlandırırdı:
Qayaları dönməz ordudur,
Dərələri duman udur,
Şair Nəbinin yurdudur,
Müqəddəsdir Borçalımız.
Şair Nəbinin Aşıq Ələsgərin qıfılbəndinə cavabı da onun zəngin biliyindən və həyat təcrübəsindən, geniş dünyagörüşündən xəbər verir:
Ələsgər:
Dünya altı gündə neçə don geydi,
Nə üstə əyləşdi, bərqərar oldu?
Əzəli kimiydi ərşin bənnası,
Ulduzlar nə təhər yerbəyer oldu?
Nəbi:
Dünya altı gündə dörd don geyindi,
Ab üstə əyləşdi, bərqərar oldu.
Xey-xalığım haxda ərşin bənnası,
Ulduzun yeddisi səyahətkar oldu.
Ələsgər:
Nə qədərdi müğərrəbin mələyi?
Onların içində kim idi bəyi?
Canlıdı, cansızdı ərşin dirəyi,
Nə ilə çalındı, mötəbər oldu?
Nəbi:
Pənc-yek ayədi müqərrəbin mələyi,
Onların içində Cəbrayıl bəyi.
İsmi-əzəm cansızdı, ərşin dirəyi,
Çaldı lövhü-qələm, mötəbər oldu.
Ələsgər:
Ələsgər əl üzməz etiqadından,
Yer də xəbər verir göy büsatınnan.
Haqqınan peyğəmbər əhvalatınnan,
İslamam deyənə nə xəbər oldu?
Nəbi:
Nəbi də əl üzməz etiqadınnan,
Xilqəti hafizdi göy büsatınnan.
Haqqınan, peyğəmbər əhvalatınnan,
Mərifət İslama o xəbər oldu.
Nəzərdən keçirdiyimiz nümunə həm də onun göstəricisidir ki, şair Nəbi dindar, Allaha yaxın adam olmuşdur. O, mömin kimi ömür sürmüş, ömrünün sonunacan İslamın qanunlarına riayət etmiş, orucundan-namazından qalmamışdır. Xalq arasında şair Nəbinin istedadı “Haqq vergisi”, “Allah vergisi” hesab olunurdu. Şairin həyat yolunu öyrənən tədqiqatçıların da qeyd etdiyi kimi, ruhanilərin Miskin Nəbi yaradıcılığına münasibəti birmənalı olmamışdır. Onlardan bəziləri şair Nəbini sınaqdan keçirməyə cəhd göstərmiş, amma uğursuzluğa düçar olmuşdur. Bəli, yalnız qəlbi Tanrıya bağlı olan müsəlman və dərin iman sahibi olması dünyaya gəldiyi gündən (qardaşının əlindən xəta çıxması səbəbindən ailəsinin zillətə düçar olduğu gündən) ölənədək (ömrünün son beş ili iki oğul itirdiyi Böyük Vətən müharibəsi dövrünə təsadüf edib) onu müşayiət edən ağrı-acıya sinə gərməsinə kömək etmişdir.
Zəmanəmizin böyük söz ustadı, Xalq şairi Zəlimxan Yaqub da istər yaradıcılığında, istər çıxış və məqalələrində şair Nəbinin yaradıcılığını həmişə yüksək qiymətləndirib. “Borçalıda qalan izlər” poemasında şair Nəbinin də adını əbədiləşdirməsi dediklərimizə canlı sübutdur:
Deyəndə Nəbinin “Dünya” şeirini,
Aşıq lap Vurğunu sehirləmişdi,
“Tapar qiymətini, tapar yerini,
Elin sənətkarı ölməz”, – demişdi.
“Qılıncın qınsızdı, qolun qüvvətli,
Baxmadın qocaya, cavana dünya” –
Ay Osman, gör şair nə gözəl deyib,
Ağlının barıdır, qəlbinin səsi.
Çatdıraq ellərə, heyifdir, heyif,
İt-bata düşməsin bircə kəlməsi.
Nəbi Miskinin anadan olmasının 140 iliyini Xalq şairi Zəlimxan Yaqubun rəhbərliyi altında Azərbaycan Aşıqlar Birliyi layiqincə qeyd etdi. Və elə buradaca özümün və və şair Nəbini yetirən Faxralı kəndinin – faxralıların bir arzusunu da dilə gətirmək istəyirəm: bu yubiley şairin adına layiq onun doğma yurdunda da qeyd olunsun. Onun ruhuna hörmət kimi adının əbədiləşdirilməsi, Faxralı kəndində ona abidə ucaldılması isə saza, sözə verilən qiymət kimi təkcə faxralıların yox, bütün borçalıların arzusudur. Nəbi Miskin bu ehtirama, bu diqqətə haqqı olan şairdir.
Bu yazını Borçalının ağsaqqal şairi Dünyamalı Kərəmin şair Nəbiyə həsr etdiyi şeirdən bir parça ilə tamalayıram:
Şenliklə dost kimi girişdin bəhsə,
Heylini bağlayıb saldın “qəfəsə”.
Sığal çəkdin divanəyə, təcnisə,
Lirik şeirlərin tacıdarıydın.
Şagirdlərin oldu dövlətin-varın,
Hüseyn Saraçlıydı əziz simsarın.
Aşıq Əmrahların, Kamandarların.
Ən böyük hünərvər kamandarıydın.
2014-cü il.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab
Rəşid Faxralı Şair Nəbi haqqında
Şair Nəbi 1890-1910-cu illərdə nökər, çoban, Tiflisdə, Allaferdidə fəhlə işləyib. Savad ala bilməyib. İti hafizəsi olub. İlk qoşmalarını 1884-85-ci illərdə yazıb. Borçalı ədəbi məktəbinin ən işıqlı nümayəndələrindan biri olub. H.Məmmədlinin tərtibatında “Yazılanlar gəldi başa” kitabı nəşr olunub (B.1981 ).
Şair Nəbi aşıq poeziyasının divani, təcnis, qoşma, müxəmməs və s. formalarından bacarıqla istifadə etmişdir. Onun qoşmalarında nəcib, təmiz, müqəddəs məhəbbətin tərənnümünə geniş yer verilir. Şair belə qoşmalarında lirik qəhrəmanın zahiri və daxili gözəlliyinin vəhdətdə olmasını vacib sayır. Məhəbbətdə xəyanəti, xainliyi pisləyən sənətkar gözələ müraciətlə deyir:
…Camaldan göyçəksən, qəlbindən xain,
Naşı düşdüm, gəl eyləmə naz, gözəl.
Başqa bir qoşmasında
Nəbim deyər, nədən oldu yar ası,
Yaman olur yarın qəlbiqarası.
Könlümün sevdiyi, ömrün çırası,
Sərin gizlər, gözüm qaldı bu dərdə.
Və yaxud
Naz satırsan özgələrə, bizə nə,
Məni saldı min xəyala zülflərin.
Şair Nəbi şeirlərinin əsas xüsusiyyətlərindən biri də bu şeirlər də insanın mənəvi aləminin, onun nəcib hisslərinin, təmiz və xeyirxah arzularının sənətkarlıqla tərənnüm olunmasıdır. Belə şeirlərdə sevinc də var, kədər də. Bu kədər oxucunu sarsıdır, sevinc isə onu yaşamağa, sevinməyə ruhlandırır:
Səhərin günəşi, tərlan havası,
Elə pərvaz eylər, qaşda dayanmaz.
Yandırdı cismimi, döndərdi közə,
Pünhanı ağlaram, yaş da dayanmaz.
Nəbi yaradıcılığında təbiətin bütün gözəllikləri insanın mənəvi aləmi ilə müqayisədə canlandırılır. Şair lirik qəhrəmanın daxili dünyasını, onun əhvalını təbiətlə qarşılaşdırmağı bacarır:
Al-yaşıl bəzənib hənalı dəsti,
Havalı telləri yel vurdu, əsdi.
Qabaqdan boranı səbrimi kəsdi,
Dumanlı-çiskinli qar gəldi, keçdi.
Şair Nəbinin məhəbbəti təbiətlə, torpaqla qırılmaz tellərlə bağ lıdır. Onun sevdiyi real gözəllərdir. Bulaq başında, bağlarda, tarlalarda, toy-nişan məclislərində, bir sözlə, el gözəlləri Şair Nəbi lirikasının əsas qəhrəmanlarıdır. “Güllü” rədifli qoşmaya nəzər yetirək:
Mən Nəbiyəm, eşidəsən ünümü,
Hiss edəsən, sən biləsən günümü.
Müxtəsər, nə deyim, şirin canımı,
Cəlladsız, fərmansız alıbdı Güllü.
Yaradıcılığında məhəbbət mövzusu üstünlük təşkil edən şair, tərbiyəvi-didaktik mövzulara da biganə qalmamışdır. O, “Qiyməti olmaz”, “Faydası nə”, “Könül”, “Olmamış”… rədifli ustadnamələrində insanlarda ağıl, kamal, dünya malına tamahsızlıq, doğruçuluq və s. kimi keyfiyyətləri yüksək qiymətləndirir.
Şair Nəbi zəmanəmizin açıq gözlü sənətkarı idi. Həyatın bir sıra ziddiyyətləri, ictimai toqquşmaları ilə şəxsən üz-üzə gəlmiş şair, ictimai-siyasi məsələləri şeirlərində bu və ya başqa dərəcədə əks etdirmişdir.
Bəy və mülkədarların hökm sürdüyü bir dövrdə zamanın ağır qanunlarından, insanların dözülməz həyatından şikayətlənən şair,
Fələk, gəldik biz əlindən amana,
Dil verirsən aralıqda yamana,
– deyə ictimai quruluşa münasibətini bildirir (“Yazılanlar gəldi başa” kitabına Elxan Məmmədlinin yazdığı ön söz (ixtisarla)).
OLMAMIŞ
Könül, dolan bu dağları zimistan qar olmamış,
Gər dolansan əfsanədi sevgili yar olmamış.
Axtarsan bəlli olar, əsli-zatı bəlləni,
Bivəfaya bel bağlama, əhdi-ilqar olmamış.
Ziynət verib zülflərinə tökülüb soldan-sağa,
Göz yaşım qətrələnə, buluddan leysan yağa.
Üz qoyub üzərinə vədəsiz girsən bağa,
Agah ol ki, nəf etməzsən şəcərdə bar olmamış.Şair Nəbi, aç matahın, sal vəsfıni bəyana,
Rəftar elə, salam yetir hər gördüyün insana.
Dəftər elə sözlərini adın düşsün cahana,
Haçan bülbül səda verər fəsli-bahar olmamış?
DÜNYA
Doğrudan, yalandan dərs verdin bizə,
Çıxmadı işlərin bir yana, dünya.
Nə mənzilin bəlli, nə də məkanın,
Cadalar düşübdü hər yana, dünya.Xudam ziynət verib dağınan daşa,
Nə sultan tanıdın, nə xan, nə paşa.
Çoxları cəhd etdi, çıxmadı başa,
Gəlibdi əlindən amana, dünya.Ruzidə bəllidi fəsildə yaylar,
Keçir ömrümüzdən həftələr, aylar.
Keçir xəyalımdan əlvan saraylar,
Dönübsən qızıla, mərcana, dünya.Dağların dayaqdı, ləngərdi düzə,
Kimsənin eybini vurmadm üzə.
Şərbətin şəfaət veribdi bizə,
Axır həsrət qoydun cahana, dünya.Əzəli görəndə eylədin rəftar,
Münasib olmadı yapdığın divar.
De görüm nejoldu verdiyin ilqar,
Qalmadı onlardan nişana, dünya?Gələnlər gəlincə bir səni bildi,
Çoxunda ağladı, azında güldü.
Nə gedənlər gəldi, nə gələn qaldı,
Budur etibarın insana, dünya.Murazı-mətləbdə diliboz atdı,
Axırda körpülər qıldan siratdı.
Qılıncın qınsızdı, qolun quvvatdı,
Baxmırsan qocaya, cavana, dünya.Ağır səltənətdi taxtı-divanlar,
Övliya, ənbiyə, dini-imanlar.
Turaba qarışdı neçə min canlar,
Xaka bülənd oldu yeksana, dünya.Şair Nəbi cəhd elədi cəfana,
Ömür keçdi, sığınmadı səfana.
İnnən belə inanmaram vəfana,
Sıtqınan sığındım sübhana, dünya.
ƏL ÇƏKƏM
Gedən gözəl, ayaq saxla bir saat,
Arzum budur ağ üzünə xal çəkəm.
Altun kəmər incə belin libası,
Zərgər olam, sırğalara ləl çekəm.Bülbül olam, qonmaq üçün dal gəzəm,
Mast edəsən, danışmayam, lal gəzəm.
Ləblərimlə ləblərində gül gəzəm,
Ac arı tək çəkəm, soram, bal çəkəm.Sinən üstə eşq odunu qalayam,
Göz yaşını şərbət bilib yalayam.
Həsrətimi həsrətinə calayam,
Ta sübhədək saçlarına əl çəkəm.Sevən çəkər sevgisinin ahını,
Müjganların bu sinəmə toxunu.
Mən Nəbiyəm, gördüm hüsnün şoxunu,
Az qaldım ki, bu dünyadan əl çəkəm.
DAGLAR
Getdim gördüm bir səfalı yurd olub,
Əməli, aqbəti düz olan dağlar.
Hər şeyə bərabər gülab suları,
Qaynar bulaqları göz olan dağlar.Sanasan bağçada saynşır güllər,
Bir ayna qabaqlı səbbikar söylər.
Tələsmə, nazənin, tez olar ruzgar,
Gün çıxar buluddan, yaz olan dağlar.Yaxşı bildim növrağını, işini,
Vaxt olanda yurddan yurda daşını.
Duman-çiskin bürümüşdü başını,
Açılmaz qabağı, naz olan dağlar.Mən Nəbiyəm, gəlib burda yaylaram,
Səyyad olsam bina salıb oylaram.
Bu cah-cəlalını tərif eylərəm,
Düşərsən dillərə söz olan dağlar.
Rəşid Faxralı Şair Nəbiyə
Borçalı nur içindədi,
Çıraq- Nəbimin sözləri.
Duyğumuza sığal çəkən
Daraq – Nəbimin sözləri.Oyan, dəli sevdam oyan,
Oyan, al qanına boyan.
Ərən əlində parlayan
Yaraq– Nəbimin sözləri.Qıyma, ömrüm-günüm itə,
Ömür gəlib başa yetə.
Tut əlimdən, axirətə
Varaq, Nəbimin sözləri!
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”
Çingiz Haley oğlu Qasımov Şair Nəbi haqqında
Saz,söz sərrafı – şair Nəbi
Azərbaycan aşıq sənətinin uzaq keçmişlərdən soraq verən qədim tarixi vardır. Lakin uzun zaman bu sənətin öyrənilmə və öyrətmə metodu öz məhvərindən uzaq olmuşdur. Xalq ədəbiyyatında və folklorşünaslıq elmində aşığın müxtəlif önəmli xarakteri təhlil edilib sürəkli şəkildə təqdim olunma mexanizminin mövcudluğu bu və digər alimlərin araşdırmalarında qeyd olunmuşdur. Azərbaycan aşıq sənətinin tam şəkildə öyrənilməsi üçün ayrı-ayrı mühitlərin araşdırılması və tədqiqata cəlb olunması məqsədə uyğundur.
Şifahi xalq ədəbiyyatının janr özünəməxsusluğunu, milli adət-ənənələrini bu gün də qoruyub saxlayan, xalq sənətini zaman-zaman yaşadan, formalaşdıran mühitlərdən biri də Borçalıdır. Bu mühitin tarixən müəyyən ənənələrə malik olması, ustad və ifaçı aşıqları ilə seçilməsi Borçalı aşıq mühitindən kifayət qədər söz açmağa imkan verir. Ulu müdriklərimiz demişkən, torpağın müqəddəsliyi, gözəlliyi onun yetirdiyi barında, bərəkətindədir. Barın təamı qüvvətli, yararlı olanda ondan dadıb – tamsınanlar da güclü, qüvvətli, namuslu, qeyrətli, istedadlı və müdrik olurlar. Belə müdriklər, istedadlar o torpağın başını ucaldır, şöhrətini el – obalarda yayır – yaşadır və müqəddəsləşdirir. Bu baxımdan, Borçalı da müqəddəs torpaqdır. Onun əzəmətli dağları, loğman laylaqları kimi, saz – söz sənətkarları da vüqarlıdır. Borçalı aşıqları xalqın şad günündə (el bayramları, toy məclisləri), həmişə xalq arasında olmuş, xoş avazları, şən havaları ilə elin-obanın ruhunu oxşamış, xeyir-dualarını xalqdan əsirgəməmişlər. Belə ki, bu sənət formalaşdığı dövrdən, insan aləmini, onun istək və arzularını, ağrısını, acısını, sevincini, kədərini, sevgi və iztirablarını tərənnüm edir.
Azərbaycan aşıq sənətində bir çox məktəb mövcuddur. Hər bir məktəbə məxsus aşığın da ifa tərzi, bölgə xüsusiyyətləri ilə bağlıdır. Qeyd edim ki, bu bölgələrin arasında Borçalı aşıq məktəbi öz üslubu ilə çox fərqlənir. Belə ki, Borçalı aşıqları ancaq təklikdə ifaya üstünlük verirlər. Borçalı mahalında, eləcə də digər bölgələrdə aşıq yaradıcılığının inkişafında el şairlərinin də xidməti az deyil. Belə üslubda şeir yazan şairlərə bəzən haqlı olaraq “saz şairləri” də deyirlər.
Borçalı ədəbi mühitində Aşıq Oruc, Aşıq İsmayıl, Aşıq Həsən, Dost Pirməmməd, Alxasağa, Güllər Pəri, Aşıq Şenlik, Aşıq İbrahim, Qul Allahqulu, Şair Ağacan, Aşıq Sadıq, Sarvan Bayram, Xındı Məmməd kimi saz-söz ustaları olub.
XIX əsrin sonu, XX əsrin əvvəllərində özünün “qızıl dövrü” nü yaşamış Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri də el şairi Nəbi Orucoğlu-Faxralıdır (1873-1945). Şair Nəbi yaradıcılığı ilə kökü minillərin dərinlikliklərinə gedən qədim ozan-aşıq sənətinin əsrlər boyu formalaşmış ənənələrinə, aşıq poeziyasının Qurbani, Qaracaoğlan, Abbas Tufarqanlı, Dadaloğlu, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər kimi qüdrətli nümayəndələrinin yaradıcılığına, Vaqif ədəbi məktəbinin poetik imkanlarına söykənir. Şairin əlimizə gəlib çatan 250-yə yaxın şeiri, eləcə də deyişmələri və yaratdığı “Mehdi bəyin dastanı” onun məhz aşıq poeziyası üzərində yüksəldiyini, öz əsərləri ilə aşıq poeziyası xəzinəsini zənginləşdirdiyini, özündən sonrakı el şairlərinin yaradıcılığına əhəmiyyətli təsir göstərdiyini təsdiqləyir.
1873-cü ildə Borçalı Mahalının Faxralı kəndində kasıb kəndli ailəsində anadan olan şair Nəbi savad almağa imkan tapmasa da, fitri istedadı sayəsində 14-15 yaşlarından aşıq poeziyasının müxtəlif formalarında bir-birindən gözəl şeirlər yaratmışdır. Buna görə də şair Nəbi elə həmin illərdən el şairi kimi şöhrət qazanmış, gəraylı, qoşma, divani, müxəmməsləri… dildə-ağızda dolaşmış, dövrünün saz-söz xiridarlarının diqqətini cəlb etmişdir. Borçalıda və ətraf bölgələrdə keçirilən toy məclislərinə dəvət alan, güclü poetik nəfəsi, mükəmməl şeirləri ilə könülləri rövnəqləndirən, bədahətən qoşqular söyləyən Şair Nəbi dövrünün ən müqtədir el sənətkarları arasında özünə-məxsus yer tutmuşdur. Onun Aşıq Ələsgərin bağlamasını açması, Çıldırlı Aşıq Şenlik, Göyçəli Dost Pirməmməd, Təhləli Şair Novruz və başqa sənətkarlarla deyiş-mələri, “Mehdi bəyin dastanı” kimi gözəl dastan yaratması, zəmanəsinin Şair Ağacan, Qaraçöplü Aşıq Musa, Aşıq Sadıq Sultanov, Miskinoğlu Allahverdi, kimi saz-söz ustaları ilə dostluq və yaradıcılıq münasibətlərində olması təkcə Borçalı ədəbi və aşıq mühitində yox, həm də XIX əsrin sonu-XX əsrin əvvəllərində klassik aşıq poeziyasında özünəməxsus yer tutduğunu göstərir.
Xöşbəxtlikdən Borçalı Şair Nəbinin yaradıcılığının bir hissəsi özünün sağlığında yazıya köçürülmüşdür. Bununla belə, Borçalının digər el şairləri kimi, Şair Nəbinin yaradıcılığı da uzun illər tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Deyilənlərə görə, Şair Nəbinin çox zəngin ədəbi irsi olmuşdur. Onun bu irsinin əhəmiyyətli hissəsi hələ də hafizələrdə və arxivlərdə yaşayır. Şair Nəbi oxumaq-yazmaq bilmədiyindən bədahətən dediyi şeirləri yazıya köçürə biməmiş, həmin əsərlər ağızdan-ağıza keçərək başqalrı tərəfindən qələmə alınmışdır. Beləliklə, şairin ədəbi irsinin bir hissəsi itib-batmış, müəyyən hissəsi isə bugünümüzə gəlib çatmışdır.
Poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində, işıq içində görür – şair Nəbi kimi. Şair Nəbi qəlblərdə məskən salan, könüllərə işıq saçan əbədi bir xatirədir. Şar Nəbi poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlik məziyyətlərini itirər. Onun şeirlərini oxuduqca misralar sanki ana südü kimi, bulaq suyu kimi içilir, mənəviyyatımız nurla, şəfqətlə qidalanır.
Şair Nəbi öz şeirlərində vətənin ucsuz-bucaqsız düzlərindən, başı göyləri dələn dağlarından, dibi gün görməyən meşələrindən, lilparlı buz bulaqlarından söz açır, xınalı qayaları, naxışlı daşları, yalçın qayaları, laləli, nərgizli çəmənləri böyük iftixar hissi ilə vəsf edir.
Getdim gördüm bir səfalı yurd olub,
Əməli, ağbəti düz olan dağlar.
Hər şeyə bərabər gülab suları,
Qaynaq bulaqları göz olan dağlar.
Və ya,
Şair Nəbi səndə gəzdi bir zaman,
Çəkilməz sərindən çiskinli duman.
Çuxur, günavarda bənövşə, reyhan,
Süsənli, sünbüllü, laləli dağlar.
Şair Nəbi yaradıcılığında klassik aşıq şeirinin bütün formalarından istifadə etməklə qiymətli ədəbi nümunələr yaratmışdır. Onun divani, təcnis, gəraylı, qoşma, müxəmməs və s. biçimli şeirləri mükəmməlliyi, ifadə və təsvir vasitələrinin təzəliyi ilə seçilir. O, incə aşiqanə vəsfləriylə məhəbbət lirikasının gözəl nümunələrini yaradıb:
Gizlincə dərdinə düçür olmuşam,
Etmərəm sirrini bəyan gözəlin.
Canımı oxlara qoydum nişana,
Gözü cəllad, qaşı kaman gözəlin.
Şair Nəbinin yaradıcılığında gözəllərin aşiqə etdikləri işvəsi-nazı, qəmzəsi də bədii ifadəsini sadə, aydın şəkildə tapıb:
Sallanıb gedişin od salır cana,
Zülfün havalanıb düşür hər yana.
Layiqdi dəstində olaydım şana,
Yapışaydım ətir-ənbər telindən.
Şair Nəbi haqq, dilək adamı, din, təriqət yоlçusudur. Qəlbindən Allah eşqi, dilindən haqq duası əskilmir. Hər an ulu yaradana sitayiş, dərin etiqad, haqqa inam, insanlığa mərhəmət, halallıq, хeyirхahlıq şeirlərinin ana хəttini təşkil edir. Yaradıcılığının çоxunu dərin, hikmətli ustadnamələr, dini səpgili şeirlər, bağlamalar, təcnislər, təхmislər təşkil edən şair Nəbinin şeirləri məna və məzmununa görə insanlığı kamilliyə səsləyən, hikmət dərslərini andıran həyat həqiqətləridir.
Yazılanlar gəldi başa, qələminə çox şükür,
Cümləmizə muraz verən, kərəminə çox şükür.
Göydən dörd baş kitab endi, əzəl başdan İncili,
Biz götürdük ol Quranı, kəlamına çox şükür.
Şair Nəbi dövrünün ustad sənətkarlarından idi. Onun görüb-eşitdiklərini fitri istedadla mənimsəməsi, məclis aparmaq qabiliyəti, natiqliyi, şairliyi, hazırcavablığı, dastan danışmaq və yaratmaq bacarığı xüsusilə qeyd edilmişdir. Borçalı el şairlərinin aşıqla bərabər məclis aparması yalnız bu aşıq mühitində müşahidə olunur. Şair Nəbi də ozan-aşıq ənənəsində özünəməxsus yeri olan bu keyfiyyəti çox uğurla davam etdirən ustadlardan olmuşdur.
İkinci məqamsa Şair Nəbinin saz çala bilməməsi ilə bağlıdır. Elə bilirik ki, bu, sırf texniki ifaçılıqla bağlıdır. Çünki, şair havacatlara vaqif idi. Havaları sinəsindəki deyil, könlündəki sazda çalırdı. Görünür, sözə qarşı həddən artıq həssaslığı onu ifanın texniki tərəfləri ilə bağlanmağa qoymurdu. Buna görə də həmişə Şair Nəbinin yanında müşaiyətçilər- “saz tutanlar” olmuşdur ki, onlar sözlə havanın vəhdətini yaratmağa xidmət etmişlər. Görkəmli sənətkarımız Aşıq Hüseyn Saraclı da 3-4 il Şair Nəbinin yanında “saz tutmuşdur.”
Şair Nəbi özündən əvvəlki xələflərinin söz-sənət səltənətini özünəməxsus mükəmməl şeirləri, söz sınağından üzüağ çıxan deyişmələri, yaratdığı əhvalatları və dastanı ilə zənginləşdirmiş, dövrünün qüdrətli sənətkarı, bənzərsiz söz ustadı kimi tanınmışdır. Şair Nəbinin gəraylı, qоşma, müхəmməs və s. şeirlərində dərin hikmət, həyat həqiqətləri, sabaha inam vardır. Elə buna görə də оnu söz sərrafı sanırıq. Şeirləri dillər əzbəri, öyüd-nəsihətləri qulaqlardan getməyən Şair Nəbinin həyat və yaradıcılığı hələ çox araşdırılacaq, haqqında çox yazılacaq və onunla bağlı xatirələr heç vaxt unudulmayacaqdır.
Mənbə: Çingiz Haley oğlu Qasımov
Müşfiq BORÇALI Şair Nəbi haqqında
“ZİM.AZ” saytından : ŞAİR NƏBİ FAXRALI (1873-1945)
Şair Nəbi Oruc oğlu – 1873-cü ildə qədim Borçalı mahalının saz-söz beşiklərindən sayılan, el şairliyi, aşıq sənəti ənənələrinin zənginliyi və yaşarlığıyla seçilən Bolusun (indiki Gürcüstanın Bolnisi rayonunun) məşhur Faxralı kəndində yoxsul bir ailədə dünyaya göz açıb.
Bu kənd aşıq-söz sənəti ənənələrini tarixən yaşadan ocaqlardandır. Burada Borçalı saz-söz mühitində çox məşhur olmuş sənətkarlar yetişib.
Şair Nəbi isə özündən əvvəlki xələflərinin söz-sənət səltənətini özünəməxsus qüdrətli şerləri, deyişmələri, yaratdığı dastanları ilə daha da zənginləşdirib. Bununla da o, öz dövrünün ən qüdrətli sənətkarı, böyük söz xiridarı kimi tanınıb.
Yeni doğulmuş və Nəbi adlandırılmış körpənin ailəyə gətirdiyi sevinc, təəssüf ki, bir az sonra kədər və göz yaşları ilə əvəz olunub. Təsadüfən Nəbinin böyük qardaşı Həsənin əlindən xəta çıxıb: o, qonşu kəndin nüfuzlu şəxslərindən birinin yaxın qohumunu öldürdüyünə görə ömürlük sürgünə məhkum edilib. Böyük oğlu Həsəni əbədi itirdiyini hiss edən Oruc kişi gələcək ümidini Nəbiyə bağlayırsa da, onu öz istədiyi kimi böyüdə bilməyib. Ağır günlər yaşayan Nəbi ehtiyac içində böyüyüb…
11-12 yaşa çatandan sonra Nəbi ailədə illərdən bəri hökm sürən ehtiyacın bütün müsibətlərinə şərik olub.
Ağır zəhmətə qatlaşıb, ailə, ata-ana qayğısı çəkməyə başlayıb.
15 yaşa çatandan sonra isə bir neçə il İmir kəndində Məşədi Hüseyn adlı bir varlı şəxsə nökərçilik edib.
Həmin illər nökərçilik etməklə yanaşı, o, ilk qoşma, təcnis və müxəmməslərini yaradıb.
Şair Nəbi 1890-cı ildən 1910-cu ilədək müxtəlif yerlərdə nökər, çoban, mülkədar malikanəsində gözətçi, Allahverdi mis mədənlərində fəhlə işləmiş, savad almağa, yazı-pozu öyrənməyə heç bir imkanı olmamışdır. Ancaq hafizəsinin itiliyi sayəsində saz çalmağı və gürcü dilini mükəmməl öyrənmişdir.
1910-cu ildən etibarən peşəkar bir sənətkar kimi Borçalı kəndlərinin toy və yığıncaqlarında çıxışlar edib, el şairi kimi ad-san qazanıb, ömrünün axırına kimi anadan olduğu Faxralı kəndində yaşamışdır.
Özü saz çala bilməsə də, çox gözəl, məlahətli səsi, avazı olan Şair Nəbinin yanında həmişə bir neçə sazçalanı olub. Ömründə əlinə saz almayan Nəbi hələ yeniyetmə yaşlarında olarkən təbi gəlib şeir dediyi zaman əlinə bir ağac alıb ona toxunaraq ilhamını kökləyirmiş. Ancaq illər ötüb Şair Nəbi sözü, sənətilə şöhrət tapandan, tanınandan sonra belinə xəncər asıb və şeir deyəndə xəncərini saza çevirirmiş, saz kimi istifadə eləməyə başlayırmış. O səbəbdən də, xəncər heç vaxt şairin belindən əskik olmazmış.
Əli Faxralının söylədiyinə görə, şair Nəbinin ilk saz tutanı Aşıq Həsən olub. Sonralar Aşıq Dünyamalı, Aşıq Müsəllim, Sarvan Bayram, Xındı Məmməd, Hüseyn Saraclı onun yanında saz çalıblar. Ona ən yaxın dost olan və uzun illər məclislərdə yanında saz çalan isə Aşıq Mürsəl olub. Fitri istedadı və danışığı ilə könülləri ovsunlayan Şair Nəbi yazmaq, oxumaq bilməsə də, ancaq çox gözəl və iti hafizəsi olub. Şair Nəbi heç bir ustada şəyirdlik etməyib. Özünün isə bir neçə yetirməsi olub. Onlardan şair Şaban, şair Alı, Bəkir oğlu Əlləzi göstərmək olar. Bu yetirmələri şair Nəbiyə hədsiz hörmət və ehtiramla yanaşardılar. Onun adını hər məclisdə uca tutardılar. Şair Nəbi də bu yetirmələrinə qayğı ilə yanaşar, onların yazdıqlarını yüksək qiymətləndirərdi. Özünü Şair Nəbinin son şagirdi hesab edən Əli Faxralının söylədiyinə görə, Şair Nəbinin ömrünün son illərində saz-söz məclislərinə birlikdə qatılıblar. Əli Faxralının yaddaş dünyasında Şair Nəbiylə bağlı çoxlu xatirə yaşayır. Sözə, sənətə xidmət edən müəllim-şagird arasında deyilenə görə bir deyişmə də olub və o deyişmə ancaq Əli Faxralının yaradıcılıq arxivində qorunmaqdadır.
Şair Nəbinin ən önəmli xüsusiyyətlərindən biri də odur ki, o, özündən əvvəlki xələflərilə sələfləri arasında güclü bir körpü rolunu oynayıb. O, şeirlərini “Miskin” təxəllüsüylə yazıb.
Xalq arasında Şair Nəbinin istedadı “haqq vergisi” hesab edilirmiş. Ona görə də ruhanilərin Şair Nəbinin yaradıcılığına münasibəti birmənalı olmamışdır. Bu səbəbdən bəzi din xadimləri Şair Nəbini sınaqdan keçirməyə cəhd göstərmişdilər.
İkinci dünya müharibəsinə dörd oğul yola salan və iki oğulunun ölüm kağızını alan, el-oba ilə birlikdə ağır günlər yaşayan şair qələbədən sonra, 1945-ci ilin oktyabr ayında, 72 yaşında doğma Faxralı kəndində vəfat etmişdir.
Allah rəhmət eləsin.
Təəssüflə qeyd etməliyik ki, Borçalının digər el şairləri kimi, Şair Həbinin yaradıcılığı da uzun illər tədqiqatçıların nəzərlərindən yayınmış, diqqətindən kənarda qalmışdır. Ancaq xoşbətçilikdən, Azərbaycan poeziyasının ustadı, qüdrətli söz sərrafı, xalq şairi Səməd Vurğunun 1955-ci ilin oktyabrında Faxralı kəndinə gəlişi Şair Nəbinin ədəbi taleyində yeni bir mərhələnin başlanğıcı olub. O, Şair Nəbinin şeirlərini aşıqlardan eşidib, şəxsiyyəti, yaradıcılığıyla maraqlanıb. Şair Nəbinin yaradıcılığı ilə yaxından tanışlıq onu heyran qoyub, xüsusən də “Dünya” şeiri şairdə xüsusi bir ovqat yaradıb. Elə oradaca onun əsərlərinin toplanması, nəşri və yayılması üçün kənd ziyalılarına, xüsusən də, o vaxt kənddəkiorta məktəbin direktoru və dil-ədəbiyyat müəllimi işləyən Hüseynqulu Məmmədliyə bu işi görmək üçün məsləhət və tövsiyələrini verib.
Elə o illərdən başlayaraq Qorqudşünas alim Hüseynqulu Məmmədli Şair Nəbinin yaradıcılıq nümunələrini toplayıb.
Eyni zamanda, alimin oğlu, folklorşünas alim Elxan Məmmədli də bu xeyirxah işdə öz xidmətlərini əsirgəməyib. Beləcə, bu təəssübkeş alimlərin zəhməti, gərgin əməyi sayəsində Şair Nəbinin şeirlərinin toplandığı “Yazılanlar gəldi başa” (Bakı, “Yazıçı”, 1991) və “Eləsi var…” (Bakı, “Ağrıdağ”, 2003)adlı şeirlər kitabları işıq üzü görərək oxucuların, şeirsevərlərin ixtiyarına verilib.
Son illərdə Şair Nəbinin həyat və yaradıcılığı daha ətraflı şəkildə öyrənilməyə başlanılıb.
Onun yaradıcılığıyla bağlı Valeh Hacıyev, Şuraddin Məmmədli, Razim Məmmədli, Müşfiq Mədədoğlu, Şahbaz Şamıoğlu, Tinatin İsabalıqızı, Arzu Bayramova və başqa tədqiqatçılar məqalələrində, monoqrafiyalarında fikirlər söyləyib, onu Borçalının böyük şairlərindən biri kimi dəyərləndiriblər.
“Yazılanlar gəldi başa” adlanan birinci kitaba “Borçalı nəğməkarı” sərlövhəli ön söz yazmış Elxan Məmmədli Şair Nəbinin şeirlərindən bir qismini vaxtilə öz dəftərlərinə köçürmüş Faxralı kəndinin maarifpərvər sakini Qurban Həsən oğlunun, şairin Böyük Vətən müharibəsində həlak olmuş oğlu Nadirin, vaxtilə Faxralı kənd orta məktəbində müəllim işləmiş, Qazax rayonunun Kəmərli kənd sakini Vəli Ləzgiyevin, Şair Nəbi şeirlərini illərcə hafizələrində yaşatmış rəhmətlik Məmməd Hüseynqulu oğlunun, Aşıq Müsəllimin, Sarvan Bayramın, Aşıq Nəsibin, ustad Aşıq Hüseyn Saraclının və b. adlarını böyük minnətdarlıqla xatırlayır, ruhları qarşısında baş əyir, onlara “rəhmət olsun” deyir. Biz də öz növbəmizdə çoxsaylı oxucular adından Elxan Məmmədliyə bu xeyirxah iş üçün “çox sağ olun!” – deyirik!
Aşıq poeziyasının divani, təcnis, gəraylı, qoşma, müxəmməs və s. formalarından bacarıqla istifadə etmiş Şair Nəbinin yaradıcılı özünəməxsusluğu, poetik zənginliyi ilə diqqəti cəlb edir. Şairin əldə olan 200-dən çox müxtəlif məzmunlu şeirlərinə nəzər saldıqda görürük ki, onlar içərisində qoşma və divanilər xüsusi yer tutur. Qoşmaların bir qismi məhəbbət mövzusuna həsr olunmuşdur. Həmin qoşmalarda nəcib, təmiz, müqəddəs duyğuların tərənnümünə geniş yer verilmişdir. Şair belə qoşmalarında lirik qəhrəmanın zahiri və daxili gözəlliyinin vəhdətdə olmasını vacib sayır. Məhəbbətdə xəyanəti, vəfasızlığı, xainliyi pisləyən sənətkar gözələ müraciətlə deyir:
…Camaldan göyçəksən, qəlbindən xayın,
Naşı düşdüm, gəl eyləmə naz, gözəl.
Və yaxud:
…Naz satırsan özgələrə, bizə nə,
Məni saldı min xəyala zülflərin.
Gözəldən sədaqət, mərhəmət, eşqdə vəfalılıq tələb edən şair, özü də ilqarına düz olmağa söz verir:
Əgər dönsəm ilqarımdan, el məni qınar, gözəl,
Sən gəc olma xəyalında, xatirim sınar, gözəl!
Bulaq başında, bağlarda, tarlalarda, toy-nişan məclislərində şairə rast gələn gözəllər, bir sözlə, el gözəlləri Şair Nəbi lirikasının qəhrəmanlarıdır. Bu şeirlərdə Zöhrə, Güllü, Leyli, Sənəm və b. kimi qızlar sadə kənd qızlarıdır. “Güllü” rədifli qoşmaya diqqət yetirək:
Mən Nəbiyəm, eşidəsən ünümü,
Hiss edəsən, sən biləsən günümü,
Müxtəsər, nə deyim, şirin canımı
Cəlladsız, fərmansız alıbdı Güllü.
Məhəbbəti təbiətə, torpağa qırılmaz tellərlə bağlı olan Şair Nəbi yaradıcılığında ana təbiətin bütün gözəllikləri insanın mənəvi aləmi ilə müqayisədə canlandırılır. Şair lirik qəhrəmanının daxili dünyasını, onun əhvalını təbiətlə qarşılaşdırmağı bacarır:
Al-yaşıl bəzənib, hənalı dəsti,
Havalı telləri yel vurdu, əsdi.
Qabaqdan boranı səbrimi kəsdi,
Dumanlı, çiskinli qar gəldi, keçdi!
Göründüyü kimi, Şair Nəbi şeirlərinin əsas xüsusiyyətlərindən biri də bu şeirlərdə insanın mənəvi aləminin, onun nəcib hisslərinin, təmiz və xeyirxah arzularının sənətkarlıqla tərənnüm olunmasıdır. Belə şeirlərdə sevinc də var, kədər də. Bu şeirlərdəki kədər oxucunu sarsıdır, sevinc isə onu yaşamağa, sevinməyə ruhlandırır:
Səhərin günəşi tərlan havalı,
Elə pərvaz eylər, qış da dayanmaz.
Yandırdı cismimi, döndərdi közə,
Elə pərvaz eylər, qaş da dayanmaz.
Yaradıcılığında məhəbbət mövzusu üstünlük təşkil edən şair tərbiyəvi-didaktik mövzulara da biganə qalmamışdır. O, “Dünya”, “Könül”, “Eləsi var”, “Faydası nə”, “Qiyməti olmaz”, “Olmamış”, “Əvvəli insanda gərəkdi bir sov” və s. rədifli ustadnamələrində insanlarda ağıl, kamal, dünya malına tamahsızlıq, doğruçuluq və s. kimi keyfiyyətləri yüksək qiymətləndirir. ”Dünya” rədifli ustadnaməsində:
Şair Nəbi cəhd eylədi çafana,
Ömür keçdi, sığınmadım safana.
İnnən belə inanmaram vəfana,
Sıtqınan sığındım sübhana, dünya.
-deyən sənətkar, “Eləsi var” rədifli, 26 bəndlik ustadnaməsində isə insanı, insanlığı 77 cür xarakterizə edir:
…Eləsi var, güvənər öz qoluna,
Eləsi var, qalar qonşu halına.
Eləsi var, gedər haram yoluna,
Axır günü yurdu viran çöl olu……Eləsi var, yüz üzünün asdanı,
Eləsi var, işə getməz, pastanı.
Şair Nəbi tamam etdi dastanı,
Görüm insanlıqda neçə yol olu.
Şair Nəbi “Faydası nə?” rədifli nəsihətnaməsində aşağıdakı keyfiyyətləri insan oğluna irad tutur:
Mənasız, münasibsiz sözü bilmənin faydası nə?
İzinsiz, təklifsiz yerə gəlmənin faydası nə?
Uzaq dolan hərcayidən, düşmə qəm girdabına,
Əql ucundan sonra peşman olmanın faydası nə?
Ustad şeirlərinin bir qismində mərdlik, igidlik və dostluq şərəfini tərənnüm etmişdir. Bu şeirlərdə gəncliyimizə babalardan yadigar qalan gözəl sifətləri qoruyub saxlamaq tövsiyə olunur…
Şair Nəbi açıqgözlü sənətkar idi. Öz mənalı ömrünün ağrılı-acılı günlərini ağır güzəran içərisində yaşayan şair dövrün, zamanın eybəcərliklərinə göz yuma bilmir, haqsızlıq və ədalətsizlikdən, xalqa edilən ağır zülmlərdən şikayətlənir, kimdənsə, nədənsə imdad istəyir, bəzən “fələk”dən, “pərvərdigar”dan rəhm gözləyir. Bəy və mülkədarların hökm sürdüyü bir dövrdə zamanın ağır qanunlarından, insanların dözülməz həyatından şikayət edən şair:
Fələk, gəldik biz əlindən amana,
Dil verirsən aralıqda yalana.
və s. kimi ictimai quruluşa qarşı münasibətini bildirir.
Həyatın bir sıra ziddiyyətləri, ictimai toqquşmaları ilə şəxsən üz-üzə gəlmiş şair bu və ya digər şeirlərində ictimai-siyasi məsələləri bu və ya başqa dərəcədə əks etdirmişdir.
Şair Nəbi həm də gözəl dastanlar və bir-birindən maraqlı dastan-rəvayətlər yaradan sənətkarlarımızdandır. Bu günün özündə də onun deyişmələri Borçalı məclislərində dastanlaşmış rəvayətlərlə cilvələnərək həmişəyaşarlıq vəsiqəsi alıb. Həmin dastan-rəvfyətlər Borçalı dastan yaradıcılığının spesifikliyini özündə əks etdirir və Azərbaycan dastançılığının maraqlı səhifələridir. “Ağılla eşqin deyişməsi”, “Uzunbaşoğlunun toyunun tərifi”,Şair Nəbinin əmisi oğlu Hüseynlə, İbrahimlə, Aşıq Şenniklə, Göyçəli dostu Pirməmmədlə, şair Təhlə Novruzla, oğlu Nadirlə, şagirdi Şabanla, Ağstafa səfərində Abdulla ilə, Aşıq İsmayılla, Cənubi Azərbaycan aşığı Heyli ilə deyişmələri bu gün də dastanlaşmış sənət incilərimiz sırasındadır.
Mənbə: Müşfiq BORÇALI
UZUNBAŞOĞLUNUN TOYUNA ŞAİR NƏBİNİN TƏRİFİ
(Bu toyun səs-sorağı, şan-şöhrəti bu gün də hələ danışılır, köhnə kişilərin heç dilindən düşmür)
Keçmişdə Arıxlıda iki toydamı vardı. Onlardan biri Şərfillər məhləsində, digəri isə kəndin əks tərəfində yerləşirdi. Birinci Haqverdiyə, ikinci isə Mollahasanlara (Mollahasanlar) məxsus idi. O vaxtlar toyun ilk günü oğlan evinə aşıqlar dəvət olunardı. Bəzən aşıqlar el şairlərini müşayiət edərdilər. El şairləri toyun tərifini söylər, toyda iştirak edənləri tərifləyər, bəyin-gəlinin ünvanına xoş sözlər söyləyər, bir sözlə, tərifi əskik etməzdilər. Aşıqlar isə ustadnamə, divani və təcnisdən sonra dastanlara başlardı. Hansı dastanların nəql edilməsi isə məclisdəki ağsaqqalların hamısının rəyi nəzərə alınaraq müəyyənləşdirilərdi. Aşıqlar dastanları bəzən səhər açılanadək danışardılar. Bəzən bir neçə gün davam edən məclisdə dastan diqqətlə dinlənərdi.
Uzunbaşoğlu Məhəmmədin qardaşı Nəsibə etdiyi toy uzun illər Borçalıda danışılıb. Bu toyda Borçalının bir çox məşhur adamları iştirak ediblər. Bu toy haqqında məlumat mərhum Aşıq Hüseyn Saraçlının dilindən yazılıb.
“Hər zamanın özünün adlı-sanlı qəhrəmanları, vurub-tutan, haqqı-nahaqqa verməyən igidləri olub. Belə igid kişilərdən biri də həmişə süfrəsi dost üzünə açıq olan, ürəyi ilə əməli düz gələn Uzunbaşoğlu Məhəmməd idi. Uzunbaşoğlu özü bizim bu aşağı Arıxlı kəndindən idi. Həmin kənd Bolnisi rayonunun ərazisində yerləşir, eyniadlı kənd Dmanisi rayonunun (keçmiş Başkeçid r-nu) ərazisində də var. Onu deyim ki, Uzunbaşoğlu Məhəmmədin ad-sanı, hörməti, izzəti bir yanı Gəncəbasar, Tovuz, Qazax, bir yanı Göyçə, Ağbaba, Cəlaloğluna kimi yayılmışdı. Günlərin bir günü bu Uzunbaşoğlu Məhəmməd öz qardaşı Nəsibə (Nəsiv) toy eləyir. Bu toyun səs-sorağı, şan-şöhrəti bu gün də hələ danışılır, köhnə kişilərin heç dilindən düşmür.
Məclisi idarə edən Şair Nəbiynən Faxralı aşığı Hasan (Həsən) olur. Bu toy haqqında da çox eşitmişəm, rəhmətlik Şair Nəbi də danışıb mənə. Çünki mən ona 3 – 4 il saz tutmuşam, həmişə hər bir məclisdən sonra ondan bir dəyərli şey öyrənməmiş ayrılmazdım. Uzunbaşoğlunun toy əhvalatını da məclislərdə söyləyəndə yadımda saxlamışam. İndi həmin toy necə keçib, bu toyda kimlər iştirak elib, Şair Nəbi toya necə tərif qoşub – mən nağıl eləyim siz də halı olun:
– Niqolay vaxtıymış, hələ bu təzə hökmət (sovet) qurulmayıbmış. Uzunbaşoğlu kiçik qardaşı Nəsibə toy eləyir: mağarlar qurulur, erkəklər, tuncular kəsilir, aşpaz qazanları işə düşür. Deyərlər, bu həndəvərdə belə bir toy heç dastanlarda da görünməyib. Məclis yeddi gün – yeddi gecə çəkir. Məclisin yeddinci günü Aşıq Hasan Şair Nəbidən soruşur ki:
– Aya, a Nəbi, sən-sənin Allahın, ömründə belə cəlallı toy görmüşdünmü?
Şair Nəbi cavab verir ki:
– Aşıq Hasan, düzü, görməmişəm.
Aşıq Hasan deyir:
– Bə Allah götürərmi, belə bir toya, heç olmasa, bir tərif qoşmuyasan?
Şair Nəbi qayıdır ki:
– Düzü, bu toyun cah-cəlalı məni elə oysunlayıb ki, ha fikrimi cəmləyirəm ki, bir yaxşı tərif qoşum, bir şey hasil olmur ki, olmur. Necə çətinliyə düşsəm də, gərək Allahın köməyinnən bu məclisə yaraşan bir duvaqqapma ərsiyə gətirəm. Aşıq Hasan deyir:
– Mən bilmirəm, sən ki bu məclisə bir layiqli tərif qoşmasan, mənimlə səninki tutmayacaq. Özün bil, ya mən deyəni yaradacaqsan, ya da bu gündən sənin şairliyinə də inamım itəcək. Bundan sonra get özünə ayrı saz tutan tap.
Aşıq Hasanın sözü Şair Nəbiyə yer eləyir. Rəhmətlik bu haqda belə danışardı:
– Həmən gecə hamı yatdı, mən yata bilmədin. Ha əlləşdim, ha vuruşdum, heç yerə bir şey çıxara bilmədim. Fikirləşdim ki, bə nə qayırım? Gördüm sübhün açılmasına az qalır, camaat yuxudan durmamış tez yerimdən qalxdım, iki rükət ayat namazı qıldım. Genə geyincəkli yerimə uzandım. Öz-özümə fikirləşdim: “Aya, ortaya bir şey çıxmadı, bə Aşıq Həsənə nə cavab verəcəm?”
Beləcə fikirləşə-fikirləşə gözümə yuxu getdi… Təzəcə gözümə yuxu getmişdi ki, bir də gördüm, özüdü, uşaqlıqda yuxuma gəlib mənə üç bənd söz öyrədən dərvişdi, gənə də gəldi, durdu başımın üstündə. Sözün birini qoyub o birinə keçim: Şair Nəbiyə uşaq vaxtı vergi verilmişdi. Bir dəfə özü danışırdı, deyirdi ki:
– Mənə vergi verilməyi belə olub, oğul: bir dəfə payız vaxtı cüt ulağını alaflayırdım. Özüm də çox uşağıydım. Gecə xoruz manına az qalmışdı. Mal damında bir vəlimiz varıydı. Vəlin üstünə yıxılıb uzandım, gözümə yuxu getdi. Yuxuda gördüm ki, bir dərviş qarşımda durdu, məni yerimnən qaldırdı, saçıma sığal çəkdi. Dedi:
“Sana üç bənd söz öyrədəjəm” – öyrətdi. Həmən o üç bənd sözün indi də nə əvvəli tükənir, nə də sonu. Bu dəfə də köməyimə gəlmişdi həmən dərviş. Əlini çiynimə qoydu, dedi:
– Oğul, işin nə yaman çətinə düşüb, niyə belə darılırsan, bala? Toyun tərifini bu sözlərlə başla, qorxma, dalı gələcək.
Dərviş bu sözü dedi də gözdən itdi. Birdən ayıldım: bu, yuxu da deyil, gerçək də deyil, bə bu hancarı şeydi? Başdadım o deyən sözləri öz-özümə zümzümə eləməyə. Bir də onda gördüm düz yeddi bənd müxəmməs yarandı. Amma bu müxəmməs əvvəllər qoşduqlarıma oxşamırdı. Bu müxəmməsin birinci bəndi on altı, o biriləri gah on səkkiz, gah iyirmi, gah da iyirmi dörd alınmışdı. Fikirləşdim ki, həlvət bu da dərvişin hökmündən belə olub. Bəli, sabah tamam açıldı. Aşıq Hasan da, o birilər də qalxdılar.
Aşıq Hasan məni qırağa çəkib dedi:
– Dadaş, de görüm, bir şey hasil elədinmi, yoxsa üzümüzü qaramı edəcəksən? Dedim:
Dadaş başıma belə bir iş gəldi….Necə olmuşdu ona da eləcə danışdım. Bir azdan samavarlar qaynara düşdü, beçələr qırıldı: balnan kərə bir yanda, əmlik kababı bir yanda, bir söznən, elə bil cənnət guşəsindəsən. Qonaqlar hərə bir tərəfdə oturdular, “pismillah” eliyib süfrəyə əl uzatdılar. Bu vaxt Aşıq Hasan üzünü Uzunbaşoğluna tutub dedi:
– Bəyim, Şair Nəbi sizin bu cəlallı toyunuza layiq bir tərif qoşub, izin verin, oxusun. Uzunbaşoğli əlini qoltuq cibinə apardı, cibinnən Niqolayın bir qızıl yüzdüyünü çıxartdı. Şair Nəbinin çuxasının vəznəsinə sancdı. Dedi:
– İndi söz sənindi, Şair. Bəli, Aşıq Hasan sazı “Müxəmməs”ə gahladı, Şair Nəbi götürdü görək Uzunbaşoğlunun toyunu necə tərif elədi, onlara rəhmət, sizlərə cansağlığı, inşallah.
Məhəmməd bir od yandırıb,
Sədası hər yana düşər
Səltənəti başdan-başa,
Tərifi dastana düşər.Gecə-gündüz açıq süfrə,
Tamamən ehsana düşər.
Gündə gəlsə yüz qonağı,
Çəkinməz, mərdanə düşər.Zililər zinyət verir,
Naxşı Bədəxşana düşər.
Dillərdə dastan olub,
Rəsmi “Bustan”a düşər.Deyilən söz yerdə qalmaz,
Güllü Dağıstana düşər.
Dağıstanı dövr eliyib,
Bəlkə Hindastana düşər.Min tümən tutub otağı.
Sidqini haqqa bağlayıb,
Qışda bar verir budağı.
Gecə-gündüz əysiy olmur
Hər yandan gəlir qonağı.
Hər çeşiddən nizam gəlir,
Döşənir qumaş yatağı.Nökərlər bəhsə düşür,
Pişvaz edəndə qonağı.
Mehtərlər dəstə tutur,
Nizamdı gümüş yarağı.Düyüsünü biləmmədim,
Özündən işləndi yağı.
Bir həftə erkək qırıldı,
Sönmədi aşbaz ocağı.Qırmızı çay axar kimi,
Məclisdə gəzirdi aşığı.
Səhrada görməmişəm,
Şəhri-İsvahana düşər.Sözünə yaxşı baxır,
Sağ olsun qardaşları.
Bənzəyirlər bəyzadəyə,
Hər babatdan hünərləri.Baxçanın qızıl gülü,
Mustafadı dil əzbəri.
Dəstəni tamam edib,
Üstündə var haqq nəzəri.Xərcindən qorxusu yox,
Aşıb-daşır xəznələri.
Hərəsi bir tərəfdən,
Artırırlar dövlət-varı.Halal olsun bu dolanmaq,
Qismət olsun mülkü-malı.
Səxavətdə Hatəm taydı,
Əsirgəmir kəsbi-karı.Beş min manat pul yığıldı,
Xoşhal etdi sənətkarı.
Mən bir desəm, siz beş deyin,
Belə ad cahana düşər.
**
Bu toya yığıldılar,
Arıxlının cümlətanı.
Duz-çörəkdə şöhrət var,
Bəllədim, yoxdu duşmanı.Dilicanın sanı yoxdu,
On gün dolandı obanı.
İki firqon cehiz gəldi,
Yüklədilər zər-zibanı.Qız evindən oğlan evinə,
Kəsdilər yeddi qurbanı.
Sandım ki, beş yüz manat,
Əldə dağıtdı ehsanı.
Pəhləvanlar güləş tutdu,
Gen açdılar o meydanı.
**
Yolçu kişiyə mən bələdəm,
İyitlikdə tayı hanı?
Paşa ağaynan Molla Qara,
Onlar kəsirdi divanı.Sözünə yaxşı baxır,
Arıxlının cəhəl-cavanı.
Məmmədəli bəy, Qurban ağa,
Onlarda var xan nişanı.Hər tərəfə əmir verir,
Tüfəngi nişana düşər.
Hər şenlikdən adam gəldi,
Kəpənəkçiynən, Faxralıdan.Molla Hacı əvvəlindən,
Dolanıbdı qeyrət yolu.
Dəli Nəsib, Molla İsə,
Rəyis idi Təhməzqulu.Hətəmi dövran verdilər,
Xəzələ saydılar pulu.
Haqverdiynən, Saraçlı Qurban,
Ayvaznan İsmayılı.Mahmudnan Molla Namaz,
Münasibdi İmirzalı.
İsə kişiynən Rüstəm ağa,
Astannan, Bayramalı.Hansı məclisə girəndə
Ciblərinə düşməndi əli.
Hər şair bir söz deyər,
Tərifi dastana düşər.Qızılhacılı Almaz ağa,
Yanında Cöyüroğlu Qara.
Haqq özü kərəmindən
Xoş nəzər salıb onlara.Aslan ağa sərrafıdı,
Qiymət qoyur ləl-gövhərə.
İsrafil ağanın murazı,
Qılınc ağası Heydərə.Süleyman ağanı sevmişəm,
Təhlədən məşədi Əsgər,
Nişan saldı bu diyara.
Diləmişəm o kimsədən,
Məhşərdə yanmasın nara.O vergidə insan olmaz,
Qulaq verir mahallara,
Səxavətdə qəhrəmandı,
Cənnəti-Rizvana düşər.Uzunbaşoğlu bir toy elədi,
Siz bilin xublar əlası.
Görənlər məətəl qaldılar,
Verildi xeyir-duvası.Doğruluqda belə xərcə,
Dayanmaz Qarsın qalası.
Yağılcada yatağı var,
Sürüdaşda mal binəsi.Yaxınlara vəsf elədim,
Uzaxlara çatsın səsi.
İstanbula xəbər getsin,
Eşitsin İran ölkəsi.Məclisin mətanəti,
Moyroy Quludu yeznəsi.
Bəylərdə Səməd ağa,
Onun var açıq süfrəsi.Sədrəddin layiq olub,
Bir mahalın qlavası.
Çəkisində ağır gəldi,
Muğanlı Hüseyn kirvəsi.Şair Nəvi yaxşı deyir,
Aşıx Hasan müxəmməsi.
Sığalda naxışkardı,
O gövhəri kana düşər.
Söz tamama yetdi, hərə bir tərəfdən “Əhsən”, “Afərin” dedilər. Uzunbaşoğlu uşaqlara (nökərlər) əmr elədi, dedi:
– Gedin töylədən atlarımın yaxşısından dördünü seçin gətirin.
Nökərlər gedib töylədən dörd yaxşı at gətirdilər. Uzunbaşoğlu dedi:
– Şair, tək bir at çıxarsaydım, fikirləşərdin ki, bəlkə pisini çıxartmışam. İndi bu dörd atdan ürəyinə yatanın birini seç, sənin xələtindi.
Atın ürəyimə yatanını, bir ceyran kimi kəhəri seçdim. Uzunbaşoğlu gənə də göstəriş verdi, bir qafqay yəhər, bir də bir qafqay yüyən gətirib atı yəhərləyib-yüyənləyib bir səmtə bağladılar. Dalınnan da iki dənə tuncu cöngələr gətirib onları da bir səmtə qısnıyıf boyunlarından bağladılar. Uzunbaşoğlu dedi:
– Şair, bu cöngələrin də hərənizə biridi, aparın, halal xoşunuz olsun, kəsin yeyin.
Dedim:
– Ay Məhəmməd, bizə çox böyük xəcalət verdin. Mən də cöngənin o birini də Aşıq Hasana verirəm. Bu toyun tərifini məndən o tələb etmişdi.
Bəli, Uzunbaşoğlunun toyu belə bir cah-calalnan başa çatdı. Uzunbaşoğlundan, Arıxlı camaatından, hamıynan halallaşıb ayrıldıq.
Toydan beş-on gün keçmişdi. Uzunbaşoğlu Şair Nəbinin qapısına həmən bu tərifə görə təzədən əlli baş qoyun, nə qədər də pul göndərir.
Mənbə : Məqalə Punhan Əfəndiyevin Facebook səhifəsindən götürülmüşdür