Çaylar
Faxralı kəndinin ortasından keçən çay Dələver adlanır. Bu çayın mənbəyi kəndin arxa tərəfində olan yuksək dağlardan başlayır, mənsəbi kəndin içində başa çatır.
Yaz, payız aylarında yağıntıların gur vaxtında “selləmə”lər baş verdiyi zaman çay öz yatağına sığışmır və ətraf sahələri su basır.
İsti aylarda isə Dələver çayı quruyur. Çayın yatağına xalq arasında Dələver dərəsi deyirlər.
Bulaqlar
Ana bulaqlar
Faxralıda ilk dəfə içməli su probleminin həlli 1919-cu ildə 7 ədəd bulağın çəkilməsi ilə başlanmışdır. Həmin bulaqlar aşağıda göstərilən “Ana bulaqlar” kimi tanınır:
- “Noy bulağı” – 1919-cu ildə Koxallı nəsli (Hövüd Məhəmməd) tərəfindən çəkilib. Sonralar həmin bulaq Bahəddin Qənbərov tərəfindən nakam həyatdan köçmüş oğlunun şərəfinə əsaslı təmir olunmuşdur.
- “Koxallı məhəlləsindəki bulaq” – 1919-cu ildə Hövüd Məhəmməd tərəfindən çəkilib.
- “Duzdaxlı bulağı” – 1921-ci ildə Hasanöyü nəslindən Veysəlin vəsaiti hesabına Məmi kişi çəkdirib. Bulağın “əymə hissəsi” isə Qasımıllı nəslindən Məhəmməd kişi tərəfindən inşa olunub.
- “Qənsə bulağı” – 1921-ci ildə Aşır oğlu Həci tərəfindən çəkilib.
- “Əhmədallılar məhəlləsindəki bulaq” – 1920-ci ildə Məhəmməd Əhmədalı oğlu və Oruc Omar oğlu (Uğurlu Hüseynovun atası) tərəfindən çəkilib.
- “Kaxının bulağı” – Kaxılar məhəlləsində yerləşir və 1947-ci ildə Gön Alının oğulları (İlyas, Məhəmməd, Əhməd, Nadir) və Yetər Məhəmməd qızı tərəfindən çəkilib.
- “Molla Qurbanın bulağı” – “Qurbanov İlyas Qurban oğlunun (ləqəbi: Şandıl) evinin qabağı”nda yerləşir (bu yer kənddə belə tanınır). 1922-ci ildə Molla Qurbanın rəhbərliyi ilə Kəblayi Qara (şair Qara Qərib) və Dəryahlının Dəryah tərəfindən çəkilib.
Fərdi şəxslərin hesabına çəkilən bulaqlar
- “Şahbuzlunun bulağı” – Tistel Mustafa tərəfindən çəkilib və nəvəsi Arzu tərəfindən isə təmir etdirilib.
- “Usubun bulağı” – “Dambatın evinin qabağı”nda yerləşir (bu yer kənddə belə tanınır) və Şeşəpapaqlıların Usub tərəfindən çəkilib.
- “Mehrəlinin bulağı” – “Təhlə Kazımın evinin qabağı”nda yerləşir (bu yer kənddə belə tanınır) və Babaşlının Mehrəli tərəfindən çəkilib.
- “Kamranın bulağı” – “Şərifov Məmmədəlinin evinin yaxınlığındakı körpü”nün (bu yer kənddə belə tanınır) yanında yerləşir və Kamran Şükür oğlu Eyyubov tərəfindən çəkilib.
- “Arxac bulağı” – Arxac məhəlləsində yerləşir və 1963-cü ildə Allahverdi Şahmuradov tərəfindın çəkilib.
- “Aşırlının bulağı” – Veysəl Aşırov tərəfindən öz evinin qarşısına çəkilb.
Rəhbər şəxslərin göstərişi ilə və ya məhəllənin hesabına çəkilən noylu bulaqlar
- Kasıb Hümbətin evinin yanındakı bulaq – kəndin rəhbərliyi və kəndin vəsaiti hesabına çəkilib.
- “Amaşlının bulağı” – Amaşlı məhəlləsinin yuxarı hissəsində yerləşir və məhəllənin vəsaiti hesabına çəkilib.
- Pircələrin Əlinin evinin qabağındakı bulaq – kənd sovetinin sədri Mahal Əliyevin rəhbərliyi ilə çəkilib.
- Qubuşöyü məhəlləsində yerləşən bulaq – məhəllənin vəsaiti hesabına çəkilib.
- Xosurlar məhəlləsində yerləşən bulaq – məhəllənin vəsaiti hesabına çəkilib.
- “Ocağın” yanındakı bulaq – Hümbət müəllimin rəhbərliyi ilə məhəllənin vəsaiti hesabına çəkilib.
- “Cabbar pres” deyilən yerdəki bulaq – Kərim Gülməmmədovun rəhbərliyi ilə məhəllənin vəsaiti hesabına çəkilib.
- Məşədi Hüseynin evinin yanındakı bulaq – Əli Xəlilovun rəhbərliyi ilə məhəllənin vəsaiti hesabına çəkilib.
- Kərimov Səməndərin evinin arxasındakı bulaq – Kərimov Allahverdinin rəhbərliyi və Kərimov Bayraməlinin vəsaiti hesabına çəkilib.
- Musayev Tahirin evinin yanındakı bulaq – Musayev Tahirin rəhbərliyi ilə məhəllənin köməyi ilə çəkilib.
- Qədirin (ləqəbi: Qəqi) evinin qabağındakı bulaq – bulaq Qurbanov Seyran (Alqullar nəsli) tərəfindən çəkilmişdir. Bulağa Seyranın bulağı da deyirlər.
Kənddə iri həcmli bulaqlardan başqa, kiçik həcmli məhəllə bulaqları da var. Bunlara misal olaraq
- Həbilov Allahverdinin
- Babaşov Rəşidin (Şümü)
- Həsən Hüseyn oğlunun
- Quyraxlı məhəlləsinin
- Dadaşların Bayramın
- Nəbilərin
- Balaməmmədlinin
- Ayvazov Şuranın
- Maşadıferanların
- Zənci (ləqəb) Eldarın
- Xudiyev Əlinin
- Budaqov Sabirin və s.
məhəllələrdə olan kiçik həcmli bulaqları göstərmək olar.
Yuxarıda göstərilən bulaqlardan başqa, 1971-1972-ci illərdə kolxozun vəsaiti hesabına və kolxoz sədri Kərim Kərimovun rəhbərliyi ilə kənddəki hər bir ailənin həyətinə içməli su çəkildi. Bununla demək olar ki, kənd əhalisi içməli su ilə təmin olundu. Təəssüflər olsun ki, sonraki rəhbərlik həmin təminatı saxlaya bilmədi.
Binə bulaqları
- “Ayvazın bulağı” – Qızılqayada Yahaların binə yerlərinin yaxınlığında Yahaların Ayvaz tərəfindən çəkilib.
- “Qoşa bulaq” – Ayvazov Nəbi tərəfindən əsaslı təmir olunub.
- “Şamilin bulağı” – Tənəklidə həkim Şamilin şərəfinə Əlizadə Oruc və onun övladları tərəfindən çəkilib.
- “Allahmanın bulağı” – Tənəklidə Güllərin Rüstəm tərəfindən çəkilib.
- “Miyirdişdəki bulaq” – Çöllüöyünün Aydın tərəfindən çəkilib.
- “Təhməzdəki qoşa dağdağanın yanındakı bulaq” – Koxallının Bayraməli tərəfindən çəkilib.
- “Bejanazarandakı bulaq” (“Sarı bulaq” deyirlər) – Bayrışdarın Oruc tərəfindən çəkilib.
- “Miyirdişin Başbulaq deyilən yerindəki bulaq” – Babaşov Rəşid (Şümü) tərəfindən çəkilib.
- “Qaramadakı bulaq” – Çöllü öyünün Oruc və Məhərrəm Qasımov qardaşları tərəfindən çəkilib.
- “Qaramanın altı, çöl yerindəki bulaq” – Qasımov Məhərrəm tərəfindən çəkilib.
- “Daşkəsənin arxasındakı bulaq” – əsası Aşırov Usub tərəfindən qoyulub, sonra isə Qazaxlılar tərəfindən nizama salınıb.
- “Dumaneşəndəki bulaq” – Əli Xəlilovun rəhbərliyi və kənd sovetinin vəsaiti hesabına çəkilib.
- “Darvaz bulağı” – Kəndin içində yerləşir.
- “Torenin bulağı” – Darvazdan yuxarı Darvaz dərəsinin üzərində yerləşir.
- “Moşdunun bulağı” – Darvaz dərəsinin baş hissəsində yerləşir.
Xatirə bulaqları
- “İlqarın bulağı” – Xəmmətdidə 20 Yanvar şəhidi İlqar Əhmədovun şərəfinə çəklimiş bulaq.
- “Səyyadın bulağı” – Gavkeçiddə Səyyad Ələkbərovun şərəfinə çəklimiş bulaq.
- Təhməzdə “Daşınaltı”ndakı bulaqlar: 1.Fəxrəddin Yasin oğlu Xəlilovun bulağı 2. Məhəmməd Abbasovun (ləqəbi: Qaqarin) bulağı
- “Fikrətin bulağı” – yuxarı kənd qəbrstanlığında Məmmədov Fikrətin şərəfinə çəkilib;
- “Nabadov Dünnünün bulağı” – Kiçik Qaradaşdakı bulaq.
Bu xatirə bulaqlarının hamısının yanında üstü örtülü istirahət stolları da qurulmuşdur.
Mənbə: Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“.