Gilliyin burnu. Faxralının yolu Gilliyin burnu deyilən yerdən başlayır. Faxralının ilk ocağı Molla Əhmədli təpəsininin yanında çatılıb. Sonralar otaracaq yeri darlıq eləyəndən sonra faxralılar ordan köçüb. O vaxtların qəbir yerləri – qəbrstanlığı indi də aydınca bilinir…
Bu yol Faxralının yoludu. Ad-sanı şan-şöhrəti, salğarı-sanbalı yaxın-uzaq ellərdə yetərincə bəlli olan Faxralını böyük dünyayla bu yol qovuşdurur. Tanrımız bu yolu da, bu yolun vaxtlı-vaxtsız yolçularını da neçə əsrlərdi pənahında saxlayır… Bu yol 30-cu illərdə aşağı kəndlərin, Sarvanın, Qazağın, Tovuzun hökumətdən gizlənən, üzə çıxmaq istəməyən, şura hökumətinə düşmən kəsilən qaçaqlarının hoyuna yetib, onları “qüdrətdən səngərli-qalalı dağlara” (Aşıq Ələsgər), atkeçməz meşələrə, buralarda qalmaq istəməyənləri Türkiyəyə yetirib…
Faxralı kimi ağır bir elin, həm də şəriksiz qonaqpərvərliyi ilə ad-san qazanmış obanın ziyarətinə Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif, Aşıq Şenlik, daha kimlər, kimlər bu yolnan gəlib. Təpənin üstünə çıxan kimi Faxralının yaşıllıqlar içində ağban evləri, əlvan sarayları görünür.
Təpələr. Bu həndəvərlər Təpələr adı ilə tanınır. Təpələr bir-birindən yaraşıqlı təpəliklər silsiləsidi. Yaz gəldimi, gül-çiçəyinin ətri yolçunu yolundan eləyir…
Saraclı yolu. Faxralının bir yanı ustad Aşıq Hüseyn Saraclının böyüyüb ad aldığı, ucaldığı Saraclı kəndidi. Faxralıya aparan yollardan biri elə belə də adlanır: Saraçlı yolu.
Karyer. Bu yol Karyerin (üzlük daş karxanasıdı, buranın daşı damar-damar zehlərlə, zolaqlarla zəngindi. Dünyanın 50-dən çox dövlətinin nümunəvi binaları, bu sıradan Tbilisidəki hökumət evi Faxralının üzlük daşı ilə bəzənib, ərsəyə gətirilib) yaxasından keçir.
Böyük Qaradaş və Kiçik Qaradaş. Əsrarəngiz təbiəti, bihuşedici gözəlliyi kifayət qədər bəlli olan Faxralının ziyarətinə bu yolnan gələnlərin diqqətini yolun solunda qalan daş gövdəli qayayabənzər iki təpə çəkir. Elə bu səbəbdən də onlar daş kimi tanınır:
Böyük Qaradaş, Kiçik Qaradaş (daş tərkibi qaya sözünün sinonimi, əvəzləyicisi kimi işlədilib). Bu adlardakı qara komponentini oğuzlarda olduğu kimi böyük, iri, azman anlamlarında da götürmək olar; bu qayalara bütöv bir daş kimi baxanda onlar həqiqətən də iridi, böyükdü, azmandı. Böyük Qaradaş da, Kiçik Qaradaş da əsmər daşdı – qarayaçalandı.
Bu yerlər əski tarixlərdə türk soylarının, qədim oğuzların ov yerləri, yurd yerləri olsa da Böyük Qaradaşın da, Kiçik Qaradaşm da adı rəngi ilə bağlıdı. Yaxın olduqlarına görə birinə böyük, digərinə kiçik deyilib: qara rəngli böyük daş (qaya), qara rəngli kiçik daş (qaya).
Könülaçan, gözdoyduran gözəlliyi ilə seçilən qara daşlar – Qaradaşlar kəkliklərin də yar-yaraşığı olub, həmdəmi, dərddaşı olub. İndi perikən, perikdirilən kəkliklərin məhrəm səslərinə sarı boylanır Qaradaşlar; könlü qubarlanır, bu üzüdönüklüyə yanıb-yaxılır. Yüz-yüz illərlə ayaqlarını xınaladığı kəkliklərinin yolunu gözləyır…
Qaradaşın türküsü:
Ürəyi kədərlə yüklənənlərinn,
Dərdinin adını qara daş bilər.
Urvası uçanı, baxtı yatanı.
Beli qırılanı qar adaş bilər.Çox düşübdü boşa, bərkə Faxralı,
Ömründə minməyib tərkə Faxralı.
Əzəldən qardaşdı türkə Faxralı,
Qaradağ çəkəni Qaradaş bilər…
Kərimin qəbri. Qaradaşın ətəyindən keçirsən, bir az qabaqda – yolun solunda bır tək məzar görürsən. Təklik, tənhalıq bu məzarın da baş daşının qəddini əyib. Kərimin qavrı (qəbiri) deyirlər orta. Kərim Saraclı kəndindən olub. Hökumətdən qaçaq düşübmuş. 30-cu illərdə “otryad” onu təqib eləyəndə anlayır ki, Saraclıda duruş gətirə bilməyəcək. Canını qurtarmaq üçün Faxralının qaçaqlarına qoşulmağı qərara alır. Atma süvar olub yola çıxır. Bundan xəbər tutan “otryad” onu izləyir və burda haqlayır. Kərim atışmada ölür. Elə öldüyü yerdə də dəfn edilir. Sonralar bura kəndin qəbristanlığı olub və Aşağı qəbrstanlıq adı ilə tanınır.
Gözəldağ. Qaradaşın yaxınlığından Gözəldağın ətəkləri başlayır. Xırdaca kolluqlar (Faxralıda bu bitgi tikən adıyla tanınır) dağın döşünə doğru sıxlaşır. Bu adaş-qardaş qayaları Faxralılar qürur, əzəmət rəmzi olan Gözəldağın daş qolları, daş yumruqları sanırlar…
Yüz-yüz illərdi Faxralının ad-sanı, şöhrəti ilə Gözəldağın gözəlliyindən, əzəmətindən, duruşundan birgə söz açılır. Gözəldağın ağayana duruşu söz nəhəngi olan ellər vurğununu – Səməd Vurğunu da valeh eləyib. Şair 1953-cü ildə dağ qardaşından söz – şeir qardaşını soraqlayıb:
Gözəldağ, Gözəldağ, de Nəbin hanı,
Hanı söz mülkünün sönməz ərkanı?
Növrağı pozulmuş o mərd insanın
Yoxsa unudulmuş ömür dastanı?
Uzaqdan baxanda döyüşdən çıxmış igidə bənzəyən Gözəldağ yaranışından Faxralının haqsız-muzdsuz keşikçisidi. Qulu Əhməd oğlu deyir ki, Gözəldağın adı 1880-1885-ci illərə kimi Qaradağ olub. Tanrıverdi oğlu Mehdi Allahmana elçi düşür, el adətincə onunla evlənmək istəyir. Arvadlar arasında razılıq olsa da qızın qohumları bu işə pəl vurur. Mehdi inada düşür və qızı qaçırdır. Əvvəlcədən nəzərdə tutduğu kimi, Qaradağı özünə sığınacaq bilir. Allahmanın anası Qaradağın döşündə haray çəkir, ağlayıb-sızlayır: Gözəlim heyyy! Bu haray, bu ana fəryadı, ana naləsi, ananın dərd şikəstəsi kənddə əks-səda verir. Elin ağsaqqalları, sözü tutulan kişiləri araya barışıq salır, qohumları barışdırır.
Bu hadisə Qaradağın adına ad qoyur: Gözəldağ. Bu hadisə, bu adqoyma öz yerində, Gözəldağın adının yozumu, insafı arada görəndə, yaraşıqlı, gözəl qamətli kəlmələrinə daha çox münasibdir; Qaradağ – Gözəldağ həqiqətən gözəl dağdı!..
Gözəldağdan baxanda kəndin özü bir yana, aşağı kəndlər də ovuc içi kimi görünür. Faxralının girəcəyindəki ilk evlə kəndin sonuncu evi arasındakı məsafə 6 kilometrdən çoxdu. Gözəldağdan baxanda gözlərin bu genişlikdən rahatlıq tapır.
Yeri gəlmişkən,
Hər il Novruz bayramında Arxac məhləsindən Cabbarın qənsəsinə kimi bütün cavanlar, ürəyi atdanan uşaqlar il boyu yığdıqları işdənmiş, köhnəlmiş maşın təkərlərini Gözəldağa çıxardır. Şər qarışan kimi hər qayada, hər iri daşda bir tonqal alışır; Novruz gecəsi Gözəldağ özü boyda bir bayram tonqalına dönür…
Qavır dərə, Sozulu dərə. Gözəldağın kəndəbaxar tərəfində iki dərə var: Qavır dərə, Sozulu dərə. Qavır dərəsi dərin dərədi. Dərin olduğu üçün də adına Qavır dərə deyirlər; qavır – qəbir sözünün təhrif olunmuş şəklidi. Sozulu dərə Qavır dərə ilə müqayisədə xeyli dayazdır…
Arxac məhəlləsi. Arxac məhləsi Gözəldağın ətəyindədi. Burdan Gözəldağa tərəf gedən yol İki təpənin arası-nda haçalaşır. Sol tərəf – Dərə yolu, sağ tərəf – Sarı yol adlanır.
Dərə yolunda iki bulaq var: Göz bulaq , ondan bir qədər aralıda, yolun solunda Bayda bulaq . Hər ikisi qaynama bulaqdı. İstilər düşəndə Bayda bulağın suyu azalsa da yazda, payızda özünə gəlir.
Əhvalat:
Maldan qayıdanlar yanğılarını söndürmək üçün özlərini verirlər Bayda bulağa. Alı öyünün Dünyamalı dolçanı doldurmaq istəyəndə duruxur, qanı qaralır: – Saa bir də Bayda bulax desəm atama nəhlət. Sən heç dolça bulax da döyülsən. Bir dolçalıq canın yoxuymruş…
Göz bulağın suyu göz yaşı kimi dumdurudu. Tanrı bir möcüzə də burda yarad1b; daşların bətnindən çıxan Göz bulağın suyundan ikicə qurtum içən yolçunun yanğısı sönür. Yayın bürküsündə təntiyən, tasalanan yolçuların hoyuna bu həndəvərlərdə Gözbulaq çatır. Adını da suyunun şəffaflığından alıb. Bir vaxtlar Arxac məhləsi içməli suyu Bayda bulaqdan, Göz bulaqdan aparardı (20-ci illərə kimi).
Gəzdək. Bu kiçik bir düzənlikdi. Təkəm-seyrək kolları, tikanları nəzərə almasaq, gözəl bir çəmənlikdi, könül açan seyrəngahdı. “Gülü-nərgizi açılanda” bura da “təzə murğuzar olur“ (Aşıq Ələsgər). Gözəldağa bu səmtdən çıxmaq daha asandı. Gəzdəkdən üzü aşağı baxanda göz tutduqca genişlik görünür. Çəmənlik görkəmində, çəmənlik biçimində olun bu genişlik Dağın ardı kimi tanınır. Kənd tərəfdən baxanda bu genişlik Gözəldağın arxasında qalır. Adı da elə Gözəldağa nəzərən yerləşməsi ilə baglıdı: Gözəldağın arxasındakı yer. Dağın ardı da Gəzdək kimi Qaramada binələnənlərin obaşdan örüş yeridi.
Yolçu keçən qaya. Gözəldağın köksünə sığınmış adlı qayalar da var. Dağın Saraclıya baxar səmtindəki qayalardan biri Yolçu keçən qaya adlanır. Tənbəllər qayanın o biri tərəfinə oval şəkilli oyuqdan keçirlər. Bu oyuğa qabuga sürtmüş Yolçunun kimliyini bilən yoxdu; qaya onun adına ad olub. Talvarşəkilli, maili quruluşa malik olduğundan altı etibarlı dal-dalanacaqdı. Bu həndəvərlerdə təntiyən yoluçuları da, sığırçıları, mal sirəsinə gələnləri də yağan yağışlardan Yolçu keçən qaya qoruyur. Bela quruluşlu bir qaya da Sallamaların güneyindədi: Talvar qaya.
Gözdəkdən aşağı enəndə qarşıya çıxan qaya Əhməd ölən qayadır. Sağdakı ərazi Böyük harava açılan (odunçuların arabalarının açdıqları yer) adlanır. Sağsağannı yala tərəf gedən yolun solundakı kiçik biçənək isə Balaca harava açılan adlanır. Gəzdəkdən sağ tərəfə ayrılan yol Qaramaya aparır.
Qarama. Bura binə yeridi. Arxac məhləsinin 3-4 kilometrliyindədi. Səfalı yer olsa da kəndəbaxar səmti ağac sarıdan kasaddı. Hər halda, Qarama camaatın köməyinə çatır. Yazda, payızda Qızıl qayaya (bu adda dağ da var), Səriynəyə, Tənəkliyə, Qoşa bulağa, Bejanazarana getməyə imkanı olmayanlar Qaramada binələnirlər.
Qarama sərin sulu qaynama bir bulağın zümzüməsiylə illər yorub. Bir vaxtlar bu həndəvərlərdə elə bu bulağın suyundan yaranmış gölməçələr, bataqlıqlar olub. Bu gölməçələr, bataqlıqlar yağan yağışların suyu ilə silələnib. Yaraşıqlı, məlhəm havalı dağavar bir yerə Qarama deyilməsi bununla əlaqədardır…
Əzgilli yal. Qaramanın üst tərəfindəki yal belə adlanır (bu adda yer kəndin yuxarısındakı Taxta körpünün yanında da var). Əzgilli yalın sağında bol otlu bir açıqlıq var. Burda bineyi-qədimdən Maral yatışan boyun adı ilə tanınır. Mehrini bu həndəvərlərə salan marallar bir vaxtlar bu boyunda gecələyərdi…
Daşın boynu. Qaramanın üst tərəfı belə adlanır. Daşın boynu dikdirdi. Adını qayım-qədim dayanmış iri bir daşdan alıb: bozumtul rəngli daşın arxa tərəfindəki yer. Daşın boynundan kəndin mərkəzi hissəsi, əsasən, Aşırlı, Kələşdi, Alğullar, Qazaxlı məhəllələri aydınca seçilir. Buradan yanan ocağın tüstüsünü də ayırd eləyə bilərsən, tüstüsü gələn o evin kiminki olduğunu da.
Tatın cığırı. Daşın boynundan on-on beş addım sağdan Tatın cığırı başlayır. Əkinçiliyi daha intensiv inkişaf etdirmək məqsədilə Knyaz Muxranski 1876-cı ildə İrandan Borçalıya rəncbərlər gətizdirmişdi. Onlar həm əkinçiliklə, həm də digər sahələrlə, bu sıradan kömürçülüklə məşğul olurdular. Niyəsə, camaat İrandan gələnlərə “tat” deyirdi. Tatın cığırı söz birləşməsinin “tat” sözü ilə bağlı olması da istisna deyil. Bu ətraflarda kömürçülüklə məşğul olan iranlı azərbaycanlılar azuqə almaq, kömürünün satışını təşkil etmək üçün kəndə burdan keçib gedirlərmiş. Onların ayaq izlərindən yaranan cığır sonralar Tatın cığırı adlandırılıb.
Digər bir versiya da diqqəti çəkir: bu cığır vaxtilə cələfsiz (nazik, arıq) bir cığır olub, burdan bir at güclə keçərmiş. Bu ad dəyişməsi At cığırı – Atın cığırı – Tatın cığırı şəklində dəyişmə ilə bağlı olan fonetik hadisədir.
Həmidin yeri. Bu yer bir düzənlikdi. Qoruya bilsən, otu kərəntiyə gələndi. Fərdilik vaxtı buranı Alı öyünün Həmid çəpərləyibmiş. Sonralar çəpər sökülüb-dağıdılsa da ad qalıb: Həmidin yeri.
Kosanın yolu. Həmidin yerinə Kosanın yolu (cığırı) ilə də getmək mümkündür. Bu cığır ağıla-şayına gəlməyən yerdən başlayır; cığırın başladığı yer yöndəmsiz bir kolluq olub, cığıra düşmək üçün bu kolların başına dolanılmalıdı. O kosa kim imiş, bilən yoxdu. Bəlli olan budur ki, həmin adam çoxbilmiş olub, yoxsa belə bir yerdən cığır salmazdı…
Kömürxanalı. Həmidin yerinin kəndəbaxar səmtində qalan xırdaca meşəlik Kömürxanalıdı. Buranın qulançarının, quzqulağının dadı-tamı öz yerində, nərgiz-bənövşəsinin ətri müşk-ənbərdən geri qalmır. Qasımıllının, Ayvaz öyünün, Arxac məhləsinin uşaqları quzqulaq, qulançar yığmaq, evlərini nərgiz-bənövşə ətrinə bələmək üçün çox vaxt bura gəlirlər. Kömürxanalı adı kömür hazırlanan yer anlamındadı: kömür və xana (bu məqamda xana sözü yer, məkan kimi işlədilib) komponentlərindən yaranıb. 30-cu illərə kimi burda odun doğrayıb kömür hazırlayar, arabalarla Sarvanın (indiki Marneuli), Tiflisin, Cəlaloğlunun (Stepanavan), Gümrünun (Leninakan) draxdınlarına (yemakxanalarına), çayxanalarına aparardılar. Çox zaman bu işlə xüsusi adamlar məşğul olardı. İndi Kömürxanalıda papaqsalan qollu-budaqh ağac qalmayıb; neçə onillərdi Kömürxanalıda kömür hazırlanmır…
İlkin yazda Kömürxanalıda göylərin göy gözlərini sürmələyən qaraca-qaraca tüstü topaları qullançardan qosara bişirən uşaqların qaladıqları ocaqların tüstüsüdü. Hər ocaq çatılanda neçə yemşən ağacının qabığını soyur, qol-budağını pis günə qoyur qosara həvəsliləri.
Haşiyə:
Cavan yemşən ağacının qol-budağından, bəzən körpəsinin gövdəsindən də bir qarış (15-20 santimetr) uzunluğunda qabıq soyulur. Onun alt hissəsi tuvluğu çubuğu ilə çarpaz şəkildə “tikilir”. Silindr (boru) şəkli almış qabığın alt hissəsinə xeyli quzqulağı yığdıqdan sonra qulançar xırdalanıb onun içinə doldurulur. Quzqulaqla doldurulduqdan sonra “borunun” üst hissəsi də alt hissə kimi “tikilir”. Bu müddət ərzində qalanmış ocaq əməlli-başlı köz tökür. Hazırlanmış forma közün içinə qoyulur. 25-30 dəqiqədən sonra qosara adlandırılan təam hazır olur; qosara çox dadlı, ləzətli təamdı…
Dımbıl dərə. Kömürxanalıdan bir az aralıda – əkin yerinin üst tərəfində “boynunu büküb“ mağmın-mağmın dayanan təpəyə deyirlər. Dımbıl-dımbılı, balaca anlamındadı: Balaca təpə. Yaz girəndən payızın son ayına kimi bu balaca təpənin döşündən şamartı əskik olmur; quzu otaran kim, nərgiz-bənövşə yığan kim, çilik-ağac, azbalı, mərəqazma… oynayan kim…
Mustafoğluçalağan. Gözəldağa bitişik qayanın ayrıca adı var: Mustafoğluçalağan. O, dağ duruşlu, dağ görkəmli qayadi. Əslində Mustafoğluçalağanı Gözəldağdan ayırmaq günahdı. Bu qayanın adında bir dolaşıqlıq var – anlaşıqlı deyil. Mustafa oğlu şəxs bildirir, çalağan yırtıcı quşdur. Bu iki sözdən yeni məzmun ifadə edən sözü təbii ki, anlamaq çətin olardı. Adın məzmununu nəzərə alsaq, aydın olur ki, onun ikinci tərəfi diləyatımlılıq baxımından təhrif olunub. Sözün ilkin forması “çalağan” deyil, “ot çalan” olub -yəqinki. Onda yer “Mustafa oğlu ot çalan yer“ anlamını verir. Yer ot çalmaq üçün uyarlı deyil. Məhz bu səbəbdən də camaat belə bir yerdə ot çalınmasını qəribəliklə qarşılayaraq Mustafa oğlunu bu adqoyma ilə atmacalayıb…
***
Sarı yarğan. Kəndi çıxırsan, bir qədər uzaqlaşdıqdan sonra qarşıya bir yarğan çıxır. Adına Sarı yarğan deyirlər. San yarğanın üst tərəfi Daşdı burun adı ilə tanınır.
Daşdı burun. Daşdı burun çox naqolay yerdi. Yolun bu hissəsi təbii sal daşlarla örtülüb. Daş örtüklü bu yoldan maşınla, arabayla keçənlər həmişə ehtiyatlanır. Yüklü arabalar burdan “Allah, Allah”la keçir. Ona görə də arabaçılar təkərlərin sürtünmə qüvvəsini artırmaq məqsədilə onlardan ya birini (arxa təkərini), ya da ikisini (sağ təkərləri) zəncirlə arabanın gövdəsinə (arabadakı iri ağacların birinə) bağlayırlar. Bu yol çisəkli, yağışlı ayamlarda daha sürüşkən olur.
Gavkeçid. Daşdı burundan keçən yol Gavkeçiddə dərəyə qarışır. Bir vaxtlar burda bir körpü olub: Əlinamazın körpüsü (Molla Maşadının körpüsü). Körpü 1930-cu illərdə qurulmuşdu. Körpü 70ci illərdə güclü selləmələrdən ciddi xəsarət aldı, az sonra uçub dağıldı. Üzü Tənəkliyə, Qoşa bulağa, Bejanazarana… doğru gedənlər yenə Gav keçiddən işləməyə məcbur oldular.
Əzgilli. Taxta körpünü keçəndən sonra sol tərəfdə qalan ərazi Əzgilli adlanır.
Qara qaya. Əzgillinin yuxarısındakı qaya Qara qayadı.
Qarağaclı. Sağ tərəf Qarağaclı adı ilə tanınır. Qarağaclı bineyi-qədimdən qoruq yeri olub. Otu biçildikdən sonra payız binəsinə çıxanların mal-qarasının, qoyun-quzusunun ələdüşməz örüş yeridi. 80-ci iilərdə bu biçənəyin ağaclarını kökündən kürüdülər, sinəsində şırımlar açdılar. Bu “yaralar” sonralar sağalsa da Qarağaclı kökündən qopardılan o ağaclarla daha gözəliydi, könülaçanıydı, gözoxşayanıydı.
Qızıl qaya. Bir az qabaqda, Bejanazaran yolunun sağında bir qaya görünür. Bu, Qızıl qaya adıyla tanınır. Qınından sıyrılmış qılınca bənzəyən, günəşin şoxundan par-par parıldayan bu azman qayanın əzəməti, duruşu duyumlu yolçunu yolundan eləyir. Özü boyda bir tamaşadı qızılı qaya – Qızıl qaya! Qızıl qayanın adı rəngi ilə bağlıdı; qızılı rəngli qaya. Qaya kimi tanınsa da Qızıl qaya dağdı, dağlıq massivdi. Ətrafı sıx meşəlikdi, zəngin bitki örtüyü var. Burda ürəyin istəyən yabanı meyvə tapa bilərsən. Bir vaxtlar əliklərin səsi ilə uyuyan Qızıl qaya indi az qala kəklik, turac, qaratoyuq… səsinə də həsrətdi – ovçular perikdirib.
Yeri gəlmişkən,
Qasımıllının Usub Oruc oğlunun tüfənginin qundağında 127 cızıq – xətt varıydı. Bu, onun vurduğu əliklərin sayını göstərirdi.
Qızıl qaya dağlıq silsiləsində adlı qayalar da var: Zağalı qaya, Quyulu qaya, Ballı qaya…
Zağalı qaya. Zağa kaha, mağara sözləriylə eyni mənalı sözdür. Bu qaya çox da böyük olmayan bir biçənəyin Maşadı Söyünün biçənəyi-nin altındadı. Girəcəyi zağa (kaha, mağara) görkəmində olduğuna görə belə adlandırılıb: “zağası (kahası, mağarası) olan qaya” anlamındadı. Zağalı qaya var olalı neçələrini qəfıl yağan yağışlardan, ölüm güllələrindən qoruyub, xilas edib, bir Allah bilir.
Quyulu qaya. Yarnağı olan bir qayadı. Qayanın bu hissəsi iti dəmir alətlə deşilib (!), quyu halına gətirilib. Hündürlüyü təxminən 3 metrə çatan bu quyudan içməli su quyusu kimi qaçaqların bəhrələndiyini güman eləmək mümkündür.
Ballı qaya. Zağalı qaya ilə üzbəüz dayanan, görkəmindən şirinlik yağan bəstəboy bir qayadi. Bu iki məhrəm qayanın baxışları hər səhər bir-birinə dikilir – hallaşırlar. Neçə-neçə yüz illərdi Zağalı qaya Ballı qayaya, Ballı qaya Zağalı qayaya hayançıdı. Ballı qayanın irili-xırdalı koğuşlarına, daş çıxıntılarının qoltuğuna neçə-neçə arı ailəsi sığınır, bəlli deyil. Bəlli olan budur ki, Ballı qaya arılara sinəsində səxavətlə yer verir.
Qırıq qaya, Amanat qaya. Qızıl qayada əsas gövdədən iri bir daş qopub. Əslində, ona daş demək günahdı. O, iri bir qayadı. Əsl möcüzədi! Daş üstündə qaya! Ana qayadan qopub (qırılıb) düşdüyünə görə ona Qırıq qaya , daş üstündə dayandığına görə Amanat qaya deyirlər. Adama elə gəlir ki, bir-iki çiyin vursan Amanat qaya bərkidiyi daşın üstündən düşəsidi. Ancaq belə deyil. Adı amanatdı. Özü bəlli olmayan illərdən bəri mərdi-mərdana dayanıb. “Ürəyi qırıqdı” Amanat qayanın. Hər ayaq səsinə uçunur-sevinir, hər təması oxşama, əzizləmə bilir. Bu dərdəcar qayanm rəngi də Qızıl qayanın rəngindən bir qədər solğundu…
Amanat qayanın Qızıl qayadan qopmasının, ayrı düşməsinin səbəblərini gümanlarda axtarmaq lazımdır. Yeri gəlmişkən, amanat sözü toxtamamış, yerini bərkitməmiş mənasındadır.
Birinci güman:
Tarixin hansı dönəmindəsə Qızıl qayanın gövdəsində çat əmələ gəlib. İsti-soyuq zaman keçdikcə bu çatı dərinləşdirib. Bunun nəticəsində də sonralar Qırıq qaya (Amanat qaya) adlandırılacaq daş (qaya) əsas gövdədən qopub, ayrılıb.
İkinci güman:
Amanat qayanın Qızıl qayadan qopmasına, ayrılmasına yerin tərpənməsi zəlzələ səbəb olub. Bu gümanda da çat önəmli rol oynayıb.
Hər iki halda ayrılmanın, qopmanın tarixi qədimdir. Tarixi qaynaqlar, salnamələr təsdiqləyir ki, Gəncə-Borçalı bölgəsində XVIII yüzillikdə nəzərə çarpacaq zəlzələ qeydə alınmayıb. İkinci versiyanı əsas götürsək, onda adı gedən qopmanın tarixi daha qədimlərlə bağlı olur… Tarix bizlərdən hələ çox hadisələri gizlədir…
* * *
Qızıl qaya 20-30-cu illərdə hökumətdən qaçanların qaçaqların ən etibarlı sığınacaq yerlərindən biri olub. “Otryad” səngər misallı bu dağ-qayaya sığınanlara bata bilməzdi… Həmin dövrdə Borçalının, Qazağın, Tovuzun əksər qaçağı həm etibarlılığına, həm duz-çörəkli olduğuna görə faxralılara pənah gətirər, özlərinin dediyi kimi, “qan çanağından” nisbətən uzaqlığına görə Faxralının dağlarına, meşələrinə sığınardılar. “Qaçağı el saxlayar” – deyiblər. Faxrall öz qaçaqlarını da, ona pənah gətirən qaçaqları da naümid qoymayıb – Şair Nəbi demişkən: səxavət kanıdı Faxralı, damarlarmda qan əvəzi qeyrət axan faxralılar…
XIX yüzilliyin adlı-sanlı qaçaqlarından biri də Qaçaq Kərəm olub. Yeri gəlmişkən, gürcülər Data Tutaşxiyanın qaçaqlıq bioqrafıyasını Qaçaq Kərəmin qəhrəmanlıqlarından bəhrələnərək zənginləşdiriblər.
Faxralıda adıbəlli Qaçaq Kərəmin adına ad edilən yer var: Kərəm talası. Tənəklidə, Fındıqlıqdan yolaçıxan yerdə gözdoyduran, könülaçan açıqlıq Kərəmin adını Faxralıda indi də yaşadır.
Haşiyə: Qaçaq Kərəm Faxralıda (Onun Güllərin Dəli Söyünlə dostluğu).
Növbəti bölməyə keçid : Faxralı kəndi ətrafındakı yer adları (hissə 2)
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”