İmarət adı ilə tanınan tikili Tənəklinin qayası tərəfdə, meşənin ətəyindədi. Yan-yörəsindəki şirəxanalıqların (el arasında uçub-dağılmış tikililərin qalaqları – xarabalıq belə adlandırılır) geniş ərazini əhatə eləməsi, yaxınlığında bulaq olması (sonralar həmin bulağı sel-su batırıb) yüz-yüz illər əvvəl imarətin yaşayış məntəqəsi olduğunu təsdiqləyir.
İmarət tarixi abidədir; damı primitiv də olsa xüsusi texnologiya ilə işlənərək bir-birini tamamlayan plitə formalı daşlardan düzəldilib. Pəncərə kimi qəbul edilməs mümkün olan oytuqları iç tərəfdən geniş, çöl tərəfdən isə nazikdir. Bunların orta əsr qalalarına xas xüsusiyyət olduğunu nəzərə alsaq, onun orta əsrlərdə qala-şəhər kimi tikildiyini, qapısının Qibləyə baxdığını nəzərə alsaq, bu dövrün VIII-X əsrlərlə səsləşdiyini güman edə bilərik.
Faxralının 6-7 kilometrliyində çox-çox qədim zamanlarda Dumaneşən adlı yaşayış məntəqəsi sıx meşəliklə əhatə olunubmuş. Yuz illər boyunca qırılıb, seyrəlib. Dumaneşənin qalıqları – xarabalığı, dağılmış hasarlarının izləri indi də qalmaqdadır (belə xarabalıq Almalığın solunda, dərənin kənarında və İmarətdə də var). Xarabalığın əhatə etdiyi ərazi bu yaşayış məntəqəsinin kiçik olmadığına guman yaradır. Dumaneşən tarixin hansı çağında şen, abad olub, hansı çağında dağılıb (və ya dağıdılıb), bəlli deyil. Arxeoloji qazıntılar aparılarsa torpaq altında qalmış əşl tarixi (tariximizi) görərik. Bəlkə Dumaneşənin xarabalıga çevrılməsinə əhalinin bu və ya digər səbəbdən köçməsi, baxımsızlıq səbəb olub? Maraq doğuran gümandır Güman isə əsl tarix deyil.
Güman – türkü:
Dərd nədi, qəhər nədi,
Gecə nə, səhər nədi,
Bar nədi, bəhər nədi,
Dərzdən, köşəndən soruş.Kəhər atım kişnədi,
Yad atını döşdədi.
Ruzi nədi, iş nədi? –
Dərdə düşəndən soruş.Sirri çoxdu qalanın,
Qala yaman talanıb.
Tarix nədi? – olanı
Dumaneşəndən soruş!.
Türksoylu xalqların əksəriyyətində şenlik sözü kənd, el, oba, yaşayış məntəqəsi anlamını ifadə edir. Bu baxımdan Dumaneşən adını “Dumanın şenliyi”, “Dumanın el-obası” kimi yozmaq mümkündür. Bəs onda Duman kim olub?
Tədqiqatçı Hüseynqulu Məmmədli Dmanisi və Dumaneşən adlarının kökündə eyni sözün – adın (Tuman) dayandığını bildirir və onun adı b.e.ə. III yüzillikdə çəkilən Tuman xan olduğunu ehtimal edir. Bu ehtimalı qəbul etmək olar. Dumaneşənin Tuman xanla olmasa da onun adını daşıyan sələflərindən birinin adı ilə bağlı olduğunu güman etmək olar.
Faxralı Gözəldağ adlandırılan dağa söykənib. Onun Dumaneşənə baxar tərəfi sıldırımlıqdır. Bu sıldırımlığın hündür yerlərindən biri Qazanqaya ad1 ilə tanınır. Adətən, bu və ya digər mürəkkəb adın yozumunda, başlıca olaraq, birinci tərəf (komponent) əsas götürülür. Bu baxımdan Qazan qaya adının birinci tərəfi maraq doğurur. “Qazan” sözü ilə məişət əşyası olan qazan arasında heç bir məzmun əlaqəsi yoxdur – Qazan qaya qazana bənzəmir.
Qazan qayada kiçik bir mağara var. Yeganə giriş-çıxışı olan bu mağaradan qədim dövrlərdə qazamat (bu sözün məhbəs, qala çalarları da var) kimi də istifadə oluna bilərdi. Bu gümana əsaslansaq, Qazan qayanın adının ikinci tərəfinin “qaya” deyil, “qala” olduğunu gümanlamaq mümkündür. H.Məmmədlinin “…Qazan xan bəlkə də qədim Dmanisidə deyil, Dumaneşəndə düstaq saxlanmışdır?” fikrində tarixi reallıq çalan görsək, Qazan qayanın Qazan qalası adlandırıldığını, sonralar təhrif olunduğunu (y-l səs dəyişməsi fonetik hadisədir) ehtimal etmək olar.
Bu mövqedən yanaşdıqda, öz zamanında Dumaneşənin iri yaşayış məntəqəsi olduğunu da gümanlamaq mümkündür. Belə ki, kiçik yaşayış məntəqəsində qala (qazamat) ola bilməzdi. Burda qala (məhbəs) olubsa, onda Dumaneşən kifayət qədər iri şenlik imiş. Digər tərəfdən, iri yaşayış məntəqəsinin hərbi yürüşlərə ünvan seçilməsi də təbiidir. Sonuncu tezisə əsaslansaq, Dumaneşən yaşayış məntəqəsinin xarabalığa çevrilməsinə hərbi yürüşlərin səbəb olduğunu güman etmək olar.
***
Bəziləri təhrifə, dəyişilməyə məruz qalsa da görümlə, relyeflə bağlı yer-yurd adlarına Faxralıda da təsadüf olunur…
…Qızıl qayanın üstündə, Port-porta çıxan yolun sağında qalan təpə Tüklü təpə adlanır. Bu adda təpə Ağcaqala (Marneuli rayonunun ərazisində XV əsrə aid qala) tərəfdə də var. 1809-cu ilin payızında Fətəli şahın oğlu Məhəmmədəli bu təpənin ətrafına çadır qurmuş, hərbi yürüşü müddətində buranı özünə ordugah eləmiş, Dmanisdən Godayacan çapıb talamışdı. Borçalılar ciddi müqavimət göstərsələr də nizami ordu hissələrinin hücumunun qarşısını almaq mümkün olmamışdı…
Tüklü təpənin bitki örtüyü Qızıl qayanın üstü ilə, Bejanazaranla müqayisədə xeyli fərqlidi – buranın ağacları bəstəboydu. Elə bu səbəbdən də onun görkəmində bir nizamsızlıq var. Təpəyə çıxan kimi açıqlığın – böyük bir biçənəyin güney tərəfindəki bulaq da təpənin adaşıdı – Tüklü təpənin bulağı.
…Kor – dünya işığına həsrət qalan, görməyən adama, canlıya deyilib (Kor Alı, Kor ilan və s.). Bu söz bəzən məcazi mənada da işlədilib. “Gözü” tutulanda, suyu quruyanda bulağa, çeşməyə də kor deyilib. Gözünün nuru azalan adama, suyu azalan bulağa, çeşməyə də kor deyildiyini bilirik. Daşkəsənin dalında bir bulaq var. Kor bulaq adı ilə tanınır.
Bu bulağın üstünü Aşıroğlu Usub götüzdürüb. Suyu bir qədər kəm olduğundan belə adlandırılır. Kor bulağın güneyləri camaatın mal-qarasının otaracaq yeri olub. Kor bulağın azırğa suyundan ancaq sığırçılar yarınıb.
…Faxralının torpaqları çox münbitdi. Bu torpaqlara “qum da atsan bitəsidi”. Qədərdən, Keçəl təpəyə sitəm olub. Bu təpədə kol-kos da, ağaclar da azdı. Eyni relyefə (quruluşa) malik olan digər ərazilərlə – təpələrlə müqayisədə onun bitki örtüyü hiss ediləcək dərəcədə kasıbdı, seyrəkdi. Seyrək sözünün bir çaları da “keçəl”di. Bitki örtüyü – ağacı, kol-kosu seyrək olan təpəyə bu anlamda Keçəl təpə deyilib…
Bitki örtüyünə görə adlandırılan təpələrdən biri də Miyirdişdəki Kollu təpədi. Həndəvərləri ürəyin iştəyən biçənəklərdi – otu kərəntiyə gələn olub, indi də belədi. Ozünün otunu isə biçmək mümkün deyil; Kollu təpə sıx kollarla əhatələnib. Kolların arasından ilişmədən keçmək mümkün deyil – çətindi. Elə bunun təsiridi ki, uşaqlar nərgiz-bənövşə ilə, quzqulaq, qulançarla zəngin olan Kollu təpəyə az-az, seyrək, könülsüz gedərdi; uşaqlar üç-dörd qoma nərgiz·bənövşəyə, qulançara görə pal-paltarını, əllərini kol-kosa yem eləməzdi. Kollu təpənin tikanları dəhrələnib kəndin çəpərlərinə vurulandan sonra uşaqların “dini dirilərdi”…
***
Kənd mühitinə yaylaqlara, oylaqlafa, seyrəngahlara yaxmdan bələd olanlar bilir ki, bəzi daşları yaşlayıb şumal daşla sürtındə ya maviyə çalan, ya da sabalıdı-qırmızımtıl rəngli qatı maye alınır. El arasında bu mayeyə xına deyilir.
İnanc.
Kəkliklərin ayaqları daşlarda xınalanır. Xınalı kəklıyin beşiyi xınalı daşlardı…
Yazın ilk aylarında – torpaq cana gələndə uşaqlar Dəll Smeylin (Dəli İsmayılın) dərəsinə – bir tərəfi Xosur oğlunun binəsi, sağ tərəfi Nurməmmədin gölməsi olan bozumtul daşın yanına yön tutur, əllərinə, dırnaqlarına, barmaqlarına xına qoymağa gəlır. Xınası uşaqların barmaqlarında günlərlə sevinc közünə dönən Xına daşının – Xınalı daşın həndəvərlərində cığır cığıra qarışır. Orda köhnə cığır, köhnə iz tapmaq mümkün deyil. Xına daşının xınasının yanında İranın-Turanın xınası əfsanədi…
Neçə mənim kimisinin əlləri, barmaqları Xına daşının xınasından ötrü göyüm-göyüm göynəyir.
Qəriblik bayatıları:
Həsrətim yaşda qaldı,
Kirpikdə, qaşda qaldı.
Qayğısız uşaqlığım,
Xınalı daşda qaldı.Gəlləm, ağıla gəlləm,
Dönüb nağıla, gəlləm.
Əlim, kəkliyə dönüb,
Xınamı saxla, gəlləm!Daş, daşdan xına çıxart,
Baxtımı sına, çıxart.
Uzaqdayam, gələrəm,
Yolları qına, çıxart!
Xına daşının türküsü:
İllər başım üstündə,
Tufan qopardı, getdi.
Saxladığım payını,
Yadlar apardı, getdi…
***
Üçtəpə adı ilə tanınan Təpələr bir-birinin qoynuna sığınmış təpəliklərdi. Yar-yaraşığı, könülaçan gözəlliyi öz yerində, bura həmişə ovçuların üzünü də ağ eləyib. Dobrı Şəmil deyirdi ki, yüzlərnən bərə görmüşəm, ov gözləmişəm, ancaq Üçtəpə kimi uyarlısına rast gəlməmişəm; sürəknən qaldırılan ov mütləq ovçunun tüfənginin altından keçir.
Əhvalat:
Kənddə bir nəfərin işi işgilə düşür. Onu KPZ-yə salırlar. Xəbər kənd Sovetinin sədri Musa Həsənova da çatır (ona el arasında Malay deyirdilər). Musa kişi eloğlusuna kömək eləmək məqsədi ilə cinayət-axtarış şöbəsinin rəisinin yanına gedir. Xoş-beşdən sonra gəlişinin səbəbini bildirir:
– Arada ölüm-itim olmayıb. Şikayətçi də yoxdu. Düz-qoş, düzəlt. Borclu qalmarıq.
Rəis bir qədər duruxur. Sonra asta-asta dillənir: – Musa, sən gəlibsənsə bu iş düzəlməlidi. Kəndə qayıt, sabaha, uzağı o birisi günə bir cüyür gətir, rəisə verək, işi həll eləyər.
Musa kişi: – Sən işi düzəlt, cüyür asan məsələdi, – deyə onu əmin edir…
Musa kişi cuyur vurmağı Dobrı Şəmildən xahiş eləyir.
– Arxayın ol!, Musa kişi, Üçtəpə bizi xəcalətdi eləməz,– deyir Dobrı Şəmil.
– Səhərisi gün rəis cüyürü görəndə gülümsünür: – Sən gələnə kimi dediyin oğlanı buraxdırdım…
***
Səryinə gözəl təbiətə malik olan binədi. Bulağının suyu diş dondurur. Havası da ki, dilnən deyiləsi deyil.
Adın birinci hissəsi (sər) baş, yuxarı, üst tərəf anlamındadır. Təhrif olunmuş iynə sözünün ilkin şəkli bəlkə binə olub? Belədirsə, Səriynənin adı baş binə, binələrdən yuxarıdakı binə yeri, məkan, ərazi kimi yozulmalıdır. Çadır-çadır binələrin arasından keçib Səriynə adıynan tanınan cənnət misallı məkana çatırsan. Əsrarəngiz bir gözəlliklə əhatələnirsən. Mehmanlarına həmişə könül xoşluğu verən bu gözəllik yüz-yüz il bundan əvvəl də türksoylu xalqların könlünə yatıb. O tarixin izləri, nişanələri indi də qalmaqdadır. Dinşəsən bulağının pıçıltısını aydınca eşidərsən…
Səriynədən bir az aralıda Saxundura (saxunsakın, çəkin tərkibi türksoylu xalqların leksikasındandır. Bu fakta istinad eləsək, Saxundurda da türksoylu xalqlar yaşadığını güman edə bilərik) gedən yolun üstündə qəbristanlığı xatırladan bir ərazi var. Pərakəndə şəkildə dayanan daşların (baş daşlarının? – R.F.) əksəriyyətinin rəngi misəçalandı. Daşlardan biri elə bil daşlaşmış dəvədi, bu saat ayaq açıb yeriyəcək. Digər daşlardan fərqli olaraq onun rəngi ağımsovdu. Daşların heç birinin üstündə ortaçağ və müasir başdaşlarında olduğu kimi yazı, qeyd (ad, soyad, tarix) yoxdu. Daşların üzərində ancaq şəkillər (müxtəlif heyvan rəsmləri) oyulub. Bu rəsmlər qəbirdə uyuyan adamın – türksoylu xalqlardan birinin ölüsünün ölümündən əvvəlki məşğuliyyətini göstərən şimvoldu bəlkə? Qəbirlərdə onun şəxsi əşyalarının (silahlarının, zıynət əşyalarının) da olacağını güman etmək olar; qədim şumerlərdə, hunlarda, Turan boyu yayılmış digər qədim tayfalarda olduğu kimi. Belədirsə, Faxralının ərazisində türksoylu xalqların məskunlaşması, yaşaması tarixi miladdan əvvəlki dövrlərlə səsləşir!..
Bu versiya Səriynə toponiminin yeganə yozumu deyil.
İranda, Ərdəbillə Astaranın arasında gözdoyduran gözəlliyi, məlhəm havası, sərin suları ilə tanınan Səreyn adlı yaşayış məntəqəsi ilə Səriynə arasında həm ad oxşarlığı var, həm də coğrafi şərait uyğunluğu (relyef, iqlim, bitki örtüyü). Bunlar da gümanları bir məcraya yönəldir.
Tarixi faktlar təsdiqləyir ki, VII əsrin II yarısında yadellilərin Borçalıya da hərbi yürüşləri çox olub. İstər belə yürüşlərdə, istərsə də miqrasiya ilə bağlı bu və ya digər əraziyə xatırlatdığı, bənzəri olduğu ərazinin adının verildiyi istisna deyil (Mosul kimi – İraqda və Qaxda). Səriynədə orta əsrlərə aid yaşayış məntəqəsinin xarabalığı indi də qalmaqdadır. H.Məmmədli gürcü müəllifinə istinadən yazır ki, “1932-ci ildə Gürcüstandakı kəndlərin siyahısında Sərginə (Səriynə) xaraba ərazi kimi göstərilib.” Xatabalığı XIV əsrə aid olan yaşayış məntəqəsinin özünün tarixi XII–XIII əsrlərlə səsləşməlidir. Deməli, Faxralının hüdudları daxilində XIII–XIV əsrlərdə Səriynə adlı yaşayış məntəqəsi – kənd olub. İynə-iyn-eyn (yaxud eyn-iyn-iynə) fonetik dəyişməsi Səriynənin Səreyn (yaxud Səreynin Səriynə) kimi ifadə olunmasına səbəb olub. Səreyn, Səriynə adlarından hansı ilkindir? – tarix hələ ki bu suala cavab vermir.
“Sər” tərkibinin baş, yuxarı mənaları ilə bərabər uca, üstün çalarları olduğunu, eyn tərkibinin ərəbcə göz anlamı verdiyini (tarixdə sakinləri türk olan əraziyə yadellilərin ad verdiyi istisna deyil) nəzərə alsaq, Səreyn toponiminin (bu anlamda Səriynənin) “gözəl, gözəgəlimli yerlərin yuxarı hissəsi” (ərəb poeziyasında göl; həm də yaraşıq, gözəllik rəmzlərindən biri kimi qəbul edilib) mənasını verdiyini yəqinləşdirərik. Səriynə də olduqca səfalı yerdir, təbiəti etibarıilə heç Səreynə də bac verən deyil – Səryinə təbiətin gözdoyduran gözəllik tablosudur!
Növbəti bölməyə keçid : Faxralı kəndi ətrafındakı yer adları (hissə 4)
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”