…Hökumət Qaçaq Kərəmi izləyirdi, tutub Sibirə göndərmək, imkan düşsə öldürmək istəyirdi, səsi-sədası Peterburqacan çatmış bu cəsur, igid, tədbirli qaçaq nə Qazaxda duruş gətirə bilirdi, nə də Qarayazıda. Onun Faxralı və faxralılar haqqında kifayət qədər məlumatı varıydı. Güllərin Dəli Söyünlə dost idilər. O, belə bir vəziyyətdə məhz Faxralıya getməyi qərara alır. İnanmr ki, Faxralıda onu heç bir təhlükə hədələyə bilməyəcək…
Fərman Eyvazlının “Qaçaq Kərəm” kitabında qeyd edilir (səh. 53) :
“… Onlar meşə ilə xeyli yol gedib “Qala bozu”ndan aşağılarda Kürə endilər. Suları yara-yara o taya keçib Ceyran- çölə qalxdılar. Balasöyün təklif elədi ki, burdan birbaşa Biləndərlilərin yatağına getsinlər. Kərəm razı olmadı.
– Ora bir az uzaqdır – dedi. Gözdən tez iraq olmalıyıq. Yaxşısı budur, Qara Kazım oğlu Qəhrəmanın yanına gedək.
– Hə, nə olar, 0 da etibarlı adamdı.
Əlindəki tüfəngi dizləri üstünə qoyan Kərəm sözünə davam etdi:
– O, həm bizə bir az güllə verər, həm də bir-iki gün onun yanında qalarıq. Sonra da Allah kərimdir.
Balasöyün əlavə etdi:
– Gürcüstana gedərik, o tərəflərdə dost-tanış çoxdur.
– Faxralıda Güllər tayfasından Dəli Hüseyn adlı mənim də bir çoban dostum var, – dedi Kərəm… ”
Qaçaq Kərəm Faxralıda əziz qonaq kimi qarşılanır. “Casus” (o vaxtlar hökumətə xəbər çatdıranları belə adlandırırdılar) nə ölüb, nə də öləcək” – Faxralı deyimlərindəndir. Faxralının igid, qeyrətli oğulları bura dost adına gəlmiş Qaçaq Kərəmi casusun gözündən yayındırmaq üçün onu Tənəklidə, Qızıl qayada yerbəyer edir.
O, faxralıların qonaqpərvərliyindən vəcdə gəlir. Kərəm kimi igid, qorxu bilməz, mərd bir cavan guşənişin ola bilməzdi və o, Tənəklidə olanda tez-tez sonralar adı veriləcək bu talaya enərdi, bu gözəlliklər məskənini göz dolusu seyr edərdi, dərd-qəmini, qübarını dağıdardı. Faxralının qəçaqları, qaçaqlara arxa-dayaq olan faxralılar Qaçaq Kərəmi layiqincə yola salır. Ona kifayət qədər güllə, ehtiram kımi Qırat misallı bir kəhər, bəynişan bir arxalıq bağışlayırlar.
Qaçaq türküsü:
Çox dedilər, şirin dilə uymadım,
Qisasımı qiyamətə qoymadım.
Ev-eşikdən doymadım ki, doymadım,
Dağ da, daş da mənə evdi, eşikdi.Qovğa günü minəmmərəm hər ata,
At büdrəyə, gədə-güdə söz ata.
Yağı mənə bata bilməz, ay ata,
Taleyimə Qızıl qaya beşikdi!..