Alim təfəkkürlü Qarabağ qazisi Rəşid Əliyev

Onun alın yazısı…

İlk dəfə onun adını milli-azadlıq hərəkatının öncülləri sırasında eşitmişdim. Yaxşı deyiblər, “igidin adını eşit, üzünü görmə”… Eyni kənddən olsaq da, haqqında çox eşitsəm də, onu şəxsən tanımırdım. Amma vəfatından bir neçə ay əvvəl görüşüb söhbət etdik. Hər cür şöhrətdən, sərvətdən uzaq duran, içi və çölü işıqla dolu olan bir şəxsiyyəti qarşımda görürdüm. Ağır xəstəliklə çarpışsa da, özünəməxsus məğrurluğunu qoruyub saxlayırdı.  Müharibə ilə bağlı xatirələrini danışanda adam özünü döyüş səngərlərində hiss edirdi. Onun ovqatı, düşüncəsi qarşısındakı insana da sirayət edirdi. Hər sözündən, söhbətindən sanki barıt qoxusu gəlirdi. Bu da səbəbsiz deyildi. Çünki qanlı-qadalı müharibənin içindən keçib gəlmişdi. Şərəfli və əzablı ömür onun alnına yazılmışdı. Elə əzab-əziyyətlərə də inamla, qətiyyətlə dözürdü.

…Rəşid Əliyev 1954-cü ildə, Borçalının Faxralı kəndində doğulub boya-başa çatmışdı. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (Azərbaycan Dövlət Universiteti) Fizika fakültəsinin axşam şöbəsinə qəbul olub. Tələbə yoldaşları arasında bilik və bacarığına görə fərqlənən Rəşid  elmi-tədqiqat işlərinə cəlb edilib və təcrübə keçməklə fizika elminin sirlərinə dərindən yiyələnməyə başlayıb. Axşam şöbəsində oxuduğuna görə, Sovet ordusu sıralarında əsgəri xidmətə çağırılıb. Əsgərlikdən sonra təhsilini davam etdirib və 1979-cu ildə universitetin Fizika fakültəsinin tam kursunu bitirərək, orada  əmək fəaliyyətinə başlayıb.

BDU-da 35 ildən artıq çalışıb. İşinin öhdəsindən vicdanla gəlib. Baş laborantlıqdan aparıcı mühəndis vəzifəsinə yüksəlib. Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laborato­riyasında aparıcı mühəndis vəzifəsində özünü yüksək ixtisaslı mütəxəssis kimi tanıdıb. Bir çox elmi məqalələrin, ixtiraların, səmərələşdirici təkliflərin müəllifi idi. Müasir texnika və texnologiyanı mükəmməl bilirdi. Eksperimentlərin incəliklərini dərindən duyurdu.  BDU-nun nəzdindəki həmin İnstitutda, AMEA-nın Genetik Ehtiyatlar və digər institutlarındakı ən mürəkkəb rentgen, lazer, optik qurğuların sazlanmasında, “LAZER” Elmi-texniki Mərkəzində işlənib hazırlanmış xü­su­si təyinatlı texnikanın N saylı hərbi hissədə sınaqlarının keçirilməsində ya­xından iştirak etdi. BDU-dakı elmi fəaliy­yəti ilə yanaşı, respublikada gəmi təmiri üzrə də əhəmiy­yə­tli işlər gördü.

Rəşid müəllimin qaynar qəlbi dopdolu idi. Söhbət edəndə bir vətəndaş–ziyalı kimi narahatlığını və ürəyində nələr düşündüyünü, nələr çəkdiyini hər sözündən duymaq olurdu.    O, Birinci Qarabağ müharibəsinin iştirakçısı idi. Elm adamı kimi orduda da biliyini və təcrübəsini əsirgəmirdi. Yüksək intellekti ilə zabitlər arasında yaxşı tanınırdı. Əslən Borçalıdan olsa da, Azərbaycanın hər qarış torpağına bələd idi və ürəkdən sevirdi. Vətən, torpaq sevgisi onun canında, qanında yurd salmışdı. Həyatın hər cür sınağını və savaşını böyük iradə və yüksək ideallarla qarşılayırdı.

O, 1992-ci ilin may ayında dissertasiya işi üzərində çalışmalarını dayandırdı. Vətənin müdafiəsi üçün könüllü cəbhəyə yollandı. Ağdam, Ağdərə, Qubadlı, Tərtər və Murov uğrunda gedən qanlı döyüşlərdə iştirak etdi. Orduda öz təyinatına uyğun çox işlər gördü.  Xüsusi Təyinatlı batalyonun bütün rabitə sistemini yenidən qurmuşdu və mülki  şəxs kimi rabitə rəisi vəzifəsini yerinə yetirirdi. Milli Orduda 7 illik xidmətdən sonra səhhətinə görə tərxis edildi.  Döyüş səngərlərindən keçib, Birinci Qarabağ müharibəsi veteranı və ehtiyatda olan zabit kimi işinin başına qayıtdı.

Rəşid Əliyev Litvada bir neçə aylıq ezamiyyətdə oldu və oradan ixtira patenti ilə qayıtdı. 2007-ci ildə isə İran tərəfindən edilən elmi əməkdaşlıq  təklifi aldı. BDU-nun rəhbərliyinin razılığı ilə İranın “Sazan Electonics İndustry” şırkətində  mühüm işlər gördü. Səhra şəraitində laboratoriya qurduğuna görə İran şirkətinin rəhbərliyi Rəşid Əliyev kimi yüksək səviyyəli mütəxəssisi əldən buraxmaq istəmirdi. Ona dəfələrlə İranda qalıb işləmək, İran vətəndaşlığını qəbul etmək təklif olunsa da, canından artıq sevdiyi Vətənə qayıtmağı hər cür şirnikləndirici təklifdən üstün tutdu. İran tərəfinin məkrli niyyətini anlayıb onlara tutarlı cavab verdi və təkliflərini qətiyyətlə rədd etdi. İran rejimi başqa yola əl atdı. Rəşid müəllimi şərləyib girov götürdülər, 1il 10 ay həbsdə saxladılar. O, sınmayan iradəsi ilə İran tərəfin hər cür təzyiq və təhdidlərinə qalib gəldi və girovluqdan qurtuldu. Onun hüquqlarının müdafiə olunması üçün Azərbay­can alimlə­rindən ibarət Müdafiə Komitəsi yara­dıl­dı, hüquq müdafiəçi­ləri­nin və Milli Məclisin deputatlarının iş­tirakı ilə dəfələrlə mətbuat konfransı, İranın Azərbaycandakı sə­firliyinin qarşısında mitinqlər keçirildi. Ölkəmizin rəsmi döv­lət qurum­ları, Azərbaycanın İrandakı səfirliyinin, Xarici İşlər və Ədliyyə nazirliklərinin əməkdaşları, Rəşid müəllimin döyüş dost­ları ona dəstək ol­du. Nəhayət o, İran reji­minin əlindən qurtula bildi.

Rəşid Əliyev Vətənin azadlığı yolunda qurban gedən şəhidlər qarşısında özünü borclu bilirdi. Hər bir gənc Azərbaycan övladını öz əməyi, yüksək təhsili ilə ana Vətənin çiçəklənməsinə, güc və qüdrətinin artmasına xidmət etməyə çağırırdı. Gənc nəslin mühəndis biliklərinə yiyələnməsinə xüsusi önəm verir və gələcəkdə yeni-yeni ixtiraların məhz Azərbaycanda yaranmasına ümid bəsləyirdi. Özü də bu proseslərdən kənarda qalmırdı. Əvəzçilik üzrə işlədiyi Azərbaycan Texniki Universitetində neçə-neçə magistr yetişdirdi. Təəssüf ki, səhhətində yaranmış problemlər ümdə arzularını həyata keçirməyə imkan vermədi. Amansız ölüm onu doğmalarından ayırdı. Alın yazısına görə, fiziki ömrü bura qədərmiş… Nə yaxşı ki, Rəşid müəllimin mənəvi ömrünü zaman ölçüsünə uyğun qəlbində yaşadan insanlar var.

İndi Rəşid müəllim öz ailəsi, doğmaları ilə yanaşı, yurddaşlarının, cəbhə yoldaşlarının – qazilərin və müharibə veteranlarının, digər dostlarının qəlbində yaşayır. Hər ürəkdə qazi Rəşid Əliyevin öz yurdu, öz yuvası var…  Artıq qırx gündür, onun haqqındakı ölümsüz xatirələr ürəkdən-ürəyə yol açır…

 

Həzi HƏSƏNLİ,

Şair – publisist

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur