Bolnisi bələdiyyəsinin Faxralı və İmirhəsən kəndləri üzrə icra nümayəndəsi Novruz Ayvazov Faxralı kəndinin sakinlərinə müraciət edib.
Əziz və hörmətli Faxralı kənd sakinləri!
Yəqin ki, bütün dünyada yayılan koronavirusundan xəbəriniz var. Mən də bunu özümə borc bilib bir daha sizə müraciət etmək istəyirəm.
Sizdən koronavirusunun əleyhinə tədbirlər görməyi xahiş edirəm. Bildiyiniz kimi, Bolnisi və Marneuli rayonları karantin zonası elan olunub. Kəndimizdə yaşayan bütün ailələrdən, hər kəsdən xahiş edirəm ki, imkan daxilində evdən küçəyə çıxmasınlar, kütlə şəklində bir yerə yığışmasınlar və gigiyenik qaydalara əməl etsinlər. Əgər sağlamlığınızda bir narahatçılıq olarsa, dərhal ailə həkiminə və mənə müraciət edə bilərsiniz (+995 599 85 99 26).
Nəzərinizə çatdırım ki, koronavirus təhlükəsi qonşu kəndlərdə aşkar olunub. Bir daha xahiş edirəm “Evdə qal” prinsipinə əməl edəsiniz.
Bir vacib məsələni də nəzərinizə çatdırım ki, ərzaq məhsullarında heç bir qıtlıq olmayacaq. Heç bir təşvişə, narahatçılığa səbəb yoxdur. Kəndimizin hər bir problemi dövlətin nəzarətindədir. Gəlin birgə çalışaraq özümüzü və sevdiklərimizi bu virusdan qoruyaq.
Allahın köməkliyi ilə bu virusdan sağ-salamat qurtaracağıq.