Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

Tbilisi, 15 iyun, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində iyunun 15-də Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, komitə sədri Azərbaycan Prezidenti adından ictimaiyyət nümayəndələrini Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edib.

Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyev Fondu Bolnisi rayonuna yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edib.

Gürcüstan dövlətçiliyinin möhkəmləndirilməsində azərbaycanlıların rolunu yüksək qiymətləndirən F.Muradov sonra kənd əhalisinin qayğıları ilə maraqlanıb.

İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya, hədiyyəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlıq ediblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Fuad Muradov Faxralı kəndindəki məscidə də baş çəkib. Dindarların qayğıları ilə maraqlanıb, ibadətgaha “Qurani -Kərim” bağışlayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur