Bu gün Elxan Məmmədlinin doğum günü, 80 illik yubileyidir

Bu gün görkəmli folklorşünas alim Elxan Məmmədlinin doğum günü, 80 illik yubileyidir. Təəssüf ki, bu günü görmək, onu sevənlərlə bərabər qeyd etmək özünə qismət olmadı. Onun yubileyinə ərməğan kimi 3 kitab nəşrə hazırladım: elmi məqalələləri və müsahibələrindən ibarət “AŞIQ SƏNƏTİ: DÜNƏN, BU GÜN VƏ SABAH”, şeirlərindən ibarət “SAZ ÜSTÜNDƏ KÖKLƏNMİŞƏM” və respublikamızın elm və sənət adamlarının, dostlarının, doğmalarının onunla bağlı xatirlərinin, ithaf etdikləri şeirlərin yer aldığı “SARITEL ÜNVANLI ELXAN MƏMMƏDLİ”. Təqdim etdiyim bu yazı da sonuncu kitaba ön söz kimi yazılmışdı. Ancaq baxmayaraq ki, kitabı özüm hazırlayırdım, məndən asılı olmayan səbəblərdən yazı kitaba düşəsi olmadı. Ona görə də burada diqqətinizə çatdırıram.

Ruhun şad olsun, ELXAN MƏMMƏDLİ!

ELXAN MÜƏLLİM CANLI FOLKLOR ENSİKLOPEDİYASI İDİ

Böyük rus yazıçısı L.N.Tolstoyun belə bir müdrik kəlamı var: “Yaşamaq vacib deyil, amma yaxşı yaşamaq vacibdir”. Yaxşı yaşamaq isə təkcə özü üçün bol sərvət toplamaq, zəngin həyat tərzi keçirmək demək deyil. Yaxşı yaşamq qəlbində Vətən, millət, torpaq sevgisiylə yaşmaq, bu sevgini əməli işdə göstərmək, elin-obanın xeyir-şərində yaxından iştirak etmək, bir sözlə, el adamı olmaqdır. Axı, bir az tez, bir az gec, hamımız bu dünyadan köç edəcəyik. Aşıq Şenlik demiş:

İstər ixtiyar ol, istər növcavan,
Bu dünyada baqi qalan öyünsün.
Maraqsız, fikirsiz, qəmsiz hər zaman
Başatan şad olub gülən öyünsün.

Bəli, bu dünyada heç kəs əbədi deyil. Ona görə də, elə bir ömür yaşamaq lazımdır ki, bir gün bu dünyadan köçəndə sənin ölümündən təəssüflənənlər olsun, yaddaşlarda xoş xatirən, könüllərdə mənəvi abidən qalsın, adın əzizlənsin. Xalq şairi Zəlimxan Yaqub demiş:

El yadda saxlamaz evdən gedəni,
İnsan əzizlənər eldən gedəndə.

Elxan Hüseynqulu oğlu Məmmədli məhz belə ləyaqətli və şərəfli ömür yaşayıb. Respublikamızın görkəmli elm və sənət adamlarının, müxtəlif peşə sahiblərinin onun əziz xatirəsinə həsr etdikləri məqalələr, şəninə ithaf olunmuş şeirlər də dediklərimizin əyani sübutudur.

Elxan Məmmədli Azərbaycanda, Borçalıda, Türkiyədə, İranda, bir sözlə, sazın sədaları dolaşan hər yerdə yaxşı tanınıb və sevilib hər zaman. Təsadüfi deyil ki, harada sazdan danışılırsa, orada Elxan Məmmədlidən də söz düşür, Elxan Məmmədlinin sözü düşən yerdə sazdan, aşıqdan danışılır.

Elxan müəllim el-el, oba-oba gəzərək xalqımızın söz xəzinəsini toplayıb, ipə-sapa düzərək onlara ikinci həyat verib. Elə buna görədir ki, bu gün Elxan müəllimdən danışmaq sazdan danışmaqdır, sözdən danışmaqdır. Dünənimizdən, bu günümüzdən, ulu sözün qüdrətindən danışmaqdır.

Elxan müəllim qazandığı şöhrətin təməlini gənclik illərindən qoyub. Hələ tələbəlik illərindən folklorumuzun tədqiqinə başlayıb. Orta və yaşlı nəslin nümayəndələri onu hələ ötən əsrin altmış-yetmişinci illərindən – Azərbaycan radiosunun “Bulaq” verilişindən tanıyırlar. Sonradan isə, istər radioda, istərsə də televiziyada yayımlanan “Sarıtel”, “Ustadnamə”, “Gözəlləmə” və digər verilişləriylə könüllərə yol tapıb. Elin xəzinəsini yenidən elə qaytarmaq yolunda böyük əmək sərf edib.

Elxan müəllimin bir folklorşünas kimi yetişməsində, tanınmasında böyüyüb boya-başa çatdığı Borçalı mahalı, onun ağır ellərindən olan Faxralı kəndi və təbii ki, təkcə bir ata kimi yox, həm də tanınmış bir folklorşünas kimi Hüseynqulu Məmmədlinin də böyük rolu olub.

Elxan müəllimin bunca şöhrət qazanmasının, hər yerdə hörmət və ehtiramla qarşılanmasının, bu gün isə haqqında ancaq xoş sözlər söylənməsinin başlıca səbəbi ondan ibarətdir ki, o, sadəcə ömrünü-gününü kitabxanlarda elmi araşdırmalara həsr edən alim deyildi. Elm adamı olduğu qədər də el adamıydı. Elin-obanın xeyir-şərində iştirak edən, məclislərdə hər zaman yeri görünən ziyalı idi. Xalq şairi Zəlimxan Yaqubun da vaxtilə dediyi kimi, Elxan Məmmədli elmə kitabxanadan yox, bulaqların zümzüməsindən, şəlalənin səsindən, təbiətin əsararəngiz gözəlliyindən gəlmişdi. Daim xalqın içindəydi. Əslində, başqa cür ola da bilməzdi. Kabinetdə oturmaqla, kitabxanalardakı müxtəlif mənbələrə üz tutmaqla əsl folklorşünas alim olmaq, sadəcə olaraq mümkün deyil. Folkloru öyrənən alim daim xalqın içində olmalı, şifahi xalq ədəbiyyatı nümunələrini toplamalı, xalqın adət-ənənəsini öyrənməli və eyni zamanda onların yaşadılmasına çalışmalıdır.

Elxan Məmmədli bütün həyatını folklorumuza, saza, aşıq sənətinin tədqiqinə həsr edib. Saza tapınıb, sözə tapınıb. İlahi sözün qüdrətindən güc alıb. Neçə-neçə ustad aşığın repertuarını qələmə alıb. Aşıq sənətinin nəzəri əsaslarıyla yanaşı, bütün aşıq havalarına da dərindən bələd idi. Ayrı-ayrı aşıq mühitlərinin özəlliklərini yaxşı bilirdi, ustad sənətkarların ifaçılıq dəst-xətti ilə yaxından tanış idi. Hər hansı bir havanı dinləyərkən bircə xalından-gülündən deyirdi ki, bu, filan aşığın ifasıdır. Folklorçular arasında hər hansı bir ustad aşığın həyatı və yaradıcılığı, eləcə də, sazda ifaçılığı ilə bağlı bir mübahisə yarananda son söz Elxan Məmmədlinin olurdu. Belə məqamlarda etibarlı mənbə kimi ona üz tutulurdu.

Elxan müəllim canlı folklor ensiklopediyası, folklor arxivi idi desək, heç də mübaliğəyə yol vermiş olmarıq. Onun aşıq sənətinə və ustad aşıqların yaradıcılığına dair zəngin bir səs arxivi var idi. Bu arxivdə XX əsrin 60-cı illərindən bu yana ustad aşıqlarla həmsöhbət olub, özünün lentə aldığı nadir səs inciləri ilə yanaşı, digər unikal nümunələr də vardı. Elxan müəllim bu zəngin sənət nümunələrini təmənnasız olaraq Dövlət Səs Arxivinə təhvil verdi.

Elxan Məmmədli adını Azərbaycan folklorşünaslıq elminin tarixinə yazdıra bilmiş görkəmli alim olmaqla yanaşı, həm də müdrik bir el ağsaqqalı, sədaqətli dost, daim haqlının yanında olan, haqqı nahaqqa qurban verməyən bir KİŞİ, ləyaqətli ataydı. Övladlarını da məhz bu ruhda böyüdüb.

Məhsuldar bir alim ömrü yaşayan Elxan Məmmədli folklorla məşğul ola-ola özü də dastanlaşıb, folklorlaşıb, xeyirxah əməlləri ilə ölməzlik qazanaraq minlərin, milyonların qəlbində özünə mənəvi abidə ucaldıb.

Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur