Uşaqlıq xatirəmdir, doğulub boya-başa çatdığım Borçalı elinin Faxralı kəndinin sakinləri yayı yaylaqda keçirərdilər. Yaylaqda hamının iti vardı. Ümumən orada kimisə itsiz təsəvvür etmək olmazdı. Məlum, qoyun-quzu, mal-qara qorunmalıydı.
Necəsə oldu kəndçimiz Mürsəl kişinin itlərin gözü sayılacaq iti öldü. Hadisə kişiyə çox pis təsir göstərdi. Günün birində baxdıq ki, qapıda-bacada veyllənən kimsəsiz iti ölmüş itinin yerinə bağlayıb. Hamı məəttəl qaldı. Çünki Mürsəl kişi elə birini öz itinin yerinə bağlamışdı ki, ona heç it demək də olmazdı. Qorxaq, quyruğunu qısıb orda-burda artıq-urtuq yeyən. O qədər qorxaq idi ki, hətta balaca uşaqlar belə üstünə asanlıqla gedib onu qovurdular.
Bu cür, belə desək, mənfi xarakteristikaya malik iti Mürsəlin həyətində görmək təəccüb doğurmaq nədi, əsl şok yaratmışdı. Hamı bilirdi ki, kişi nəsə düşünür, ancaq nə düşünür, maraqlısı bu idi…
Zamanla həmin o qorxaq it hürməyə başladı. Hiss edirdin ki, özünü son dərəcə arxayın aparır, digər itlərin cərgəsinə qoşulur. Bir də gördük ki, başqa itlər Mürsəlin itindən çəkinməyə başlayıblar. Artıq balaca uşaqlar da əvvəl qorxmadıqları itin yanında sərbəst gəzə bilmirdilər, ehtiyatlanırdılar. Baxışları, tüklərinin düzülüşü, duruşu belə dəyişdi, hürməsinə yeni ahəng gəldi. Bir-iki uşağın üstünə hücum da çəkdi.
Baş verənlərin səbəbi hamıda maraq doğurdu. İlk baxışdan düşünülə bilərdi ki, it qudurub. Artıq uşaqlarla yanaşı böyüklər də ondan aralı gəzməyə başladılar. Amma qudurmuşdusa, Mürsəl kişi kimi təcrübəli biri neynirdi onu?
Reallıq isə bu idi ki, Mürsəl kişi iti yaxşı-yaxşı yemləməklə kifayətlənmirmiş. Eyni zamanda yaylaqdakı nə qədər gözə dəyən it var idisə, fürsət tapdıqca itini onlarla boğuşdururmuş. Boğuşma anında özünün qorxaq iti ilə üz-üzə gələn itləri döyürmüş. Döyülən itlər qaçmaq üçün fürsət, gizlənmək üçün deşik axtarırmışlar. Həmin bu qorxaq it isə Mürsəlin zopasından canını qurtaran digər itlərin arxasınca düşür, sanki onları qovurmuş kimi davranırdı.
Bu minvalla yaylağın digər itləri Mürsəl kişinin itindən qorxmağa başladılar. İt isə o qədər harınladı ki, özünü yaylağın baş iti kimi apardı. Sürünün qabağında getməsi, başqa itlərə hücum çəkməsi, bir növ, qoçuluq etməsi adi hal aldı.
***
Ermənilərin zaman-zaman başımıza açdıqları oyunlar barədə düşünəndə yadıma həmin qorxaq itin sonradan necə əndazəni aşması düşür. Ermənilər də it xislətlidirlər. Tarixin bütün dövlərində bəsləniblər. Bu bəslənmə bizim böyük güclər tərəfindən əzilməyimizlə müşaiyyət olunub. Və ermənilər bizim əzilməyimizi görüblər və məhz bundan çıxış edərək onlarda belə bir təsəvvür yaranıb ki, azərbaycanlılar döyüşə bilmir, onlar yalnız ticarətlə məşğuldurlar və s. Görməyiblər axı döyüşməyimizi. Hər zaman yanlarında belə desək, mürsəlləri olub və onlar imkan verməyiblər ki, biz təkbətək qarşılaşaq. Nəticədə ağalarının hesabına özlərini yüksək tutublar. Necə ki, it kölgəsini böyük görür, ermənilər də özlərinə eləcə yanaşıblar. Biz Vətən müharibəsində ermənilərlə təkbətək döyüşdük. Cəmi 44 gün bəs elədi ki, onları məhv edək. Bu yerdə haqqında söz açdığım qorxaq itin aqibətini yada salmaq istəyirəm.
***
Günlərin birində sürüyə canavar hücum çəkdi. Təbii ki, it nə qədər güclü olsa da, canavar canavardır. Digər itlər canavarı görüb pərən-pərən düşdülər, hərəsi bir tərəfə qaçdı. Mürsəl kişinin iti də qaçdı, ancaq canavarın üstünə. Bilmirdi axı canavar nə deməkdir. Həm də görünür sahibinin tərbiyəsi nəticəsində o qədər qudurmuşdu ki, elə sanırdı qabağında dayanan olmayacaq. Əlqərəz, itin canavara çatmağı ilə yoxa çıxmağı gözqırpımlıq oldu. Adamlar səhər açılanda onun yaylağın kənarına səpələnmiş qalıqlarına rast gəldilər.
İndi Qarabağda da səhər açılıb. Mürsəl kişinin itinin qalıqları ətrafa səpələnib.
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
Mənbə: https://baki-baku.az/az/news/interesting/2173-mursel-kisinin-iti