30.10.2022-ci il tarixində Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində (Faxralı restoranında) Əmirxan Mehralı oğlu Babaşovun Faxralının sayılıb-seçilən Babaşlı nəslinin hərb tarixindən bəhs edən “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı elmi-tarixi əsərinin təqdimatı keçirilmişdir.
Əsərin elektron variantı ilə bu link üzərindən tanış olmaq olar.
Tədbiri iqtisad elmləri namizədi Eldar Məmmədov açmışdır. O, əsər barədə tədbir iştirakçılarına geniş məlumat verərək onun gələcək nəsillər üçün vətənə sevgi, məhəbbət hissinin aşılanmasında böyük rol oynayacağını qeyd etmişdir.
Tədbirdə folklorşünas, filologiya elmləri namizədi Elxan Məmmədli, kimya elmləri namizədi Bahəddin Nəbiyev, 1-ci Qarabağ müharibəsi iştirakçıları Rəşid Əliyev, Rəşid Hüseynov, Babaşlı nəslinin nümayəndələri (Məhəmməd, Namiq, Haqverdi, Oruc, Müzəffər, Ayat, Səyyad, İmdad, Azad Babaşovlar, Eldar Səmədov) və Əmirxan Babaşovun yaxın qohumları (Sədrəddin Qasımov, Nadir Nəsibov, Möhübbət, Fərhad Əhmədovlar) dost və tanışları (Gürcüstanın Ormeşən kəndindən Xıdır Qaralov, Yırğançay kəndindən Əli Qasımov) kitab barədə öz təəssüratlarını bildirmiş və Əmirxan Babaşova möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.
Fizika-riyaziyyat elmləri namizədi Lalə xanım Əliyeva özü yazdığı “Bir qardaş axtarır öz qardaşını” şeirini tədbir iştirakçılarına oxumuşdur. Görüşdə müəyyən səbəblərdən iştirak etməyən Qədir Babaşovun göndərdiyi şeir Namiq Babaşov tərəfindən səsləndirilmişdir. Şirvan şəhərində yaşayan İsa Babaşovun həyat yoldaşı da Əmirxan Babaşovun ünvanına xoş sözlər söyləmişdir. Bundan başqa tədbirdə Babaşlı nəslinin digər nümayəndələri və qohumları (Mətin Bədəlov, Elnur Əzimov, Ələddin Babaşov, Əli Əliyev, Babək Qoca, Nazim İsa oğlu Babaşov) iştirak edirdilər.
Tədbirdə Əmirxan Babaşovun ailə üzvləri (həyat yoldaşı Sona xanım Babaşova, qızları, fəlsəfə doktorları Aynur və Aytən Babaşlılar, oğlu Mehralı, nəvələri Ərtoğrul və Sona) də iştirak etmişdir. Onlar kitabın ərsiyə gəlməsi zamanı Əmirxan Babaşovun necə əzab-əziyyətlərə qatlaşdığını və əsərin tez başa çatdırılması üçün stresli günlər keçirdiyini qeyd etməklə bərabər, onun qayğıkeş, səmimi, nümunəvi Ata olduğunu, Vətənə, doğulduğu Faxralı kəndinə sonsuz sevgisini və bağlılığını vurğulamışlar.
Görüşdə ustad aşıqlar Aşıq Cahangir, Aşıq Ramin tərəfindən şair Nəbi yaradıcılığından şeir nümunələri səsləndirilmiş və aşıq mahnıları ifa edilmişdir.
Əmirxan Babaşov kitabın yaranma tarixi barədə geniş nitq söyləmiş və sonda bütün tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
Tədbir tortkəsmə mərasimi ilə başa çatmışdır.
Əmirxan Mehralı oğlu Babaşov – 1947-ci il fevralın 5-də Gürcüstan SSR, Bolnisi rayonu Faxralı kəndində anadan olub. 1954-1955-ci tədris ilində Faxralı orta məktəbinin 1-ci sinfinə daxil olub. 1964-1965-ci tədris ilində həmin məktəbin XI sinfini bitirib. 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakültəsinə daxil olub. 1966-cı ildə həmin fakültə yeni təşkil edilmiş Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) verilmiş və 1969-cu ildə həmin institutun Əmtəəşünaslıq və sənaye malları ticarətinin təşkili fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1969-cu ildən 1971-ci ilə kimi Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisad İnstitutunda (ETİİ) kiçik elmi işçi işləyib. 1971-ci ilin may ayından 1972-ci ilin may ayına kimi həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra 1972-ci il oktyabr ayına kimi ETİİİ də kiçik elmi işçi işləyib. 1972-ci ilin oktyabr ayından 1975-ci ilin oktyabr ayına kimi istehsalatdan ayrılmaqla ETİİ-də aspiranturaya daxil olub və Moskvaya SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi Tədqiqat İnstitutuna ezam olunub. 1975-ci il oktyabr ayından 1994-cü ilin may ayına kimi ETİİ-də kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri və şöbə müdiri vəzifələrində çalışıb. 1994-cü ilin may ayından 2016-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində ekspert, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində iqtisadi qanunvericilik bazasının yaradılması ilə məşğul olub. Dövlət qulluğunun baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il iyun ayında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 2016 ilin sentyabr ayından Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent işləyir. İqtisad elmləri namizədidir, 78 elmi məqalənin və 8 kitabın müəllifidir.