Borçalı mahalının Faxralı kəndində tanınmış el şairi və pedaqoq İsmayıl Güllərin xatirəsinə həsr olunmuş anım mərasimi təşkil edilib. Tədbirdə onun həyat və yaradıcılıq yolu, ədəbiyyatımıza və doğma yurduna verdiyi töhfələr xatırlanıb.
1914-cü ildə Faxralıda anadan olan İsmayıl Güllər pedaqoji təhsil alaraq uzun illər müəllim kimi fəaliyyət göstərib. Borçalı Pedaqoji Texnikumunu, daha sonra Tiflis Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirən şair 1940–1990-cı illərdə Gürcüstanın Kaspi rayonunda və Faxralı orta məktəbində dərs deyib. Böyük Vətən müharibəsinin iştirakçısı olan İsmayıl Güllər müharibədən sonra da ömrünün sonuna qədər doğma kəndində müəllimlik edib.
“Faxralının torpağıdır bu yerlər” (1998) adlı şeirlər kitabının müəllifi olan İsmayıl Güllər yaradıcılığında torpaq və yurd sevgisini, el-oba bağlılığını əsas xətt kimi qoruyub. Onun qoşma və gəraylıları xalq ruhunda yazılmış, ata nəsihəti və ağsaqqal müdrikliyi ilə seçilən poetik nümunələr kimi oxucuların yaddaşında qalıb.
1993-cü ildə folklorşünas alim Hüseynqulu Məmmədli tərəfindən respublika ədəbi ictimaiyyətinə təqdim edilən şairin yaradıcılığı sonrakı illərdə də müxtəlif toplularda yer alıb. İsmayıl Güllər 2003-cü ildə vəfat etsə də, Faxralı elinin yaddaşında sözünə və şəxsiyyətinə göstərilən hörmət bu gün də yaşayır. Keçirilən anım günü də bunun bariz ifadəsi oldu.

