Faxralının dəyərli ziyalısı, professor Mahal Qurbanovun vəfatından 40 gün keçir

Mahal Şaban oğlu Qurbanov 24 noyabr 2025-ci il tarixində, 68 yaşında xəstəlik səbəbilə dünyasını dəyişmiş və Sumqayıt şəhərində dəfn olunmuşdur. Mahal müəllimin vəfatı təkcə ailəsi üçün deyil, onu tanıyan, ondan dərs alan yüzlərlə insan üçün böyük itkidir.

1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olan Mahal Qurbanov bütün həyatını elmə və təhsilə həsr etmişdir. Faxralı orta məktəbindən başlayan bu yol onu Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə, oradan isə uzun illər pedaqoji fəaliyyətə aparmışdır.

O, Marneuli, Gəncə və digər şəhərlərdə müəllim, dosent, kafedra əməkdaşı, prorektor kimi çalışmış, minlərlə tələbənin formalaşmasında iştirak etmişdir. 2013-cü ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini almış, 2020-ci ildə professor adına layiq görülmüşdür.

Mahal Qurbanovun 15 elmi əsəri, çoxsaylı məqalələri və konfrans çıxışları onun elmə verdiyi töhfələrin yazılı sübutudur. Lakin onu tanıyanlar üçün o, sadəcə alim deyil – sakit, prinsipial, tələbkar və ədalətli bir müəllim idi.

Vəfatının 40-cı günündə Mahal müəllimin əziz xatirəsini hörmətlə anır, ailəsinə və yaxınlarına səbr diləyirik.

Allah rəhmət eləsin.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur