Həyatda nə qədər yer gəzirsən gəz, dünyanın hansı gözəl guşəsinə gedirsən get, yenə uşaqlığını keçirdiyin doğma ocağı, o ocaq başında sevincini, qayğını bölüşdüyün doğmaları axtarırsan. Həyat zirvəsinə addımladığın yollar bir gün səni illər öncə ən gözəl günlərin xatirəyə çevrildiyi ocağa, doğulduğun o kəndə, o obaya aparar. Tanrının boylandığı mavi səma altında bu dünyanın mənəvi çirkinliklərindən, etibarsızlığından uzaqlaşıb Gözəldağının yamacındaca saflaşarsan. Hər daş-kəsək, gül-çiçək sənə gözəl biçimdə görünər. Gəzəldağın ətəyində gözəl bir məkan var – adına Faxralı deyilir. Torpağı münbit və bərəkətli, havası gözəl, insanları xeyirxah, xoş məramlı, qonaqpərvər… Bu gözəl diyarda dünyamıza göz açan bütün xeyir əməl sahibləri ehtirama layiqdir. Onların bir çoxu bədii əsərlərin qəhrəmanına çevrilməyə layiqdirlər. Çünki, bu qəhrəmanlar Faxralının hər bir yerini, qarışını gəzib, dolaşıb, onun otunun, çiçəyinin, sularının dilini bilir, insanları ilə həmdərd, həmsevincdir.

Bəlkə də, özlüyündə qeyri-ixtiyari “Ən xoşbəxt olduğum yerdir bura”-pıçıldayarsan. İçində neçə əsrlərin sirlərinin, tarix xəzinəsinin uyuduğu Faxralı kəndində hər narın yağışdan sonra torpaq ətri paylanar evlərə. Bacalardan tüstü uzanar kəndin o başına. Təndirin həniri qohum-qonşuları mehribanlaşdırar, kəsilən hər çörək ruzini artırar.

Dağların arasında, sanki bir kasanın dibində yerləşən kəndimizdə illər uzunu harayına səs verə bilmədiyim yollar var. Mənə böyuk vədlər verən, bir ucu dünyanın sirlərinə yetən yollar. Yollar dünyada çoxdur. Hər yolun öz sehri, öz nağılı var. Hər yol ürəyi bir havaya kökləyir. Lakin ata yurduma doğulub boya – başa çatdığım yerlərə uzanan yollar mənim gözümdə dünyanın ən gözəl yollarıdır. Yol möcüzədir. Yolun bizi qoynuna çəkdiyi dünya da möcüzədir. Bunu ilk dəfə bu dolamalarda başa düşmüşəm. Yaşadığım günlərin ən şirinini axtarası olsam həmin yollarda, Faxralı səmasına təkəm – seyrək səpələnmiş doğma işıqlara doğru aparan xatirələrdə tapa bilərəm. Xəyalımda bəzən bütöv bir mahal, bir kənd bir çırağın işığına sığınıb yaşayır.

Təbiət – hikmət anasıdır. Hər dəfə nə isə öyrədəcək sənə. Hər fəsildə bu yolların nəğməsi yeniləşir. Hər dəfə bu nəğməni dinləyəndə hiss edirəm ki, biz təbiətin balaca modelindən başqa bir şey deyilik. Meşələrin ilk baharı və payızını sevirəm. Çünki hər ağacın öz çiçəyi, öz rəngi, öz taleyi görünür. Yazda ağaclar hərəsi bir cığırla gələn kənd uşaqlarına bənzəyir. Bir də görürsən meşələr tala – tala ağ – çəhrayı güllərə bürünür: alçalar çiçəkləyir. Bu, yazın ilk addımıdır.

Çılpaq ağacların arasında torpağın rəngi dəyişilir. Baharı qarşılamağa tələsən novruzgülləri, bənövşələr öz zərif əlləri ilə ağacların iri gövdələrini qıdıqlayır, güclə eşidilən nəğmələri ilə onları çağırıb yuxudan oyatmaq istəyir. Sonra bir qovhaqov başlanır ki…. Meşənin tutqun kətanına gündə bir rəng yaxılır. Adi bir yaşıl rəngin min – min çaları doğulur. Sonra onlar da bir – birinə qovuşub eyniləşəcək.

Faxralı meşələrində mer – meyvə çoxdur. Bəlkə elə buna görə əvvəllər kənddə bağ – bağat ənənəsi olmayıb. Çünki meşələr elə başdan – başa nəhəng bağa bənzəyir. Kəndmizin meşələrində meşə əmələ gətirən əsas ağac cinslərindən gövdəsinin diametri 4-5 metrə çatan çoxlu palıd, fısdıq, vələs, cır meyvə və giləmeyvələr, çəmənlərində çoxlu dərman bitkiləri bitir. Bu ağaclar kənddə ta qədim dövrlərdən son zamanlara qədər bütün tikinti işlərində, müxtəlif alət və avadanlıqların düzəldilməsində istifadə edilir. Ağcaqayın, göyrüş, dəmirağac, cır meyvələrdən alma, armud, alça, yemişan, qaragilə, əzgil, dovşan alması və s. meyvə ağacları və kolları meşələrin bəzəyidir.

Meşələrdə yaşayan heyvanlar aləmi də öz rəngarəngliyi ilə fərqlənir. Qonur ayı, vaşaq, canavar, çaqqal, tülkü, porsuq, gəlincik, cüyür (əlik), çöl donuzu, dovşan, kirpi və s. heyvanlar bu meşələrin daimi sakinləridir. İlin hər fəslinə uyğun şəkildə meşələrdən quşların həzin nəğmələri eşidilir. Zığ-zığ, qaratoyuq, bülbül, ağacdələn, cur-cur, şanapipik, bayquş, sərçə, qaranquş, qartal, quzğun, qızılquş, qırğı, çobanaldadan, bildirçin, alacəhrə, qırmızıdöş, alabaxta, arıquşu, alaqarğa, qaraqarğa, çalağan, sar və digər quşlara tez-tez rast gəlmək olar.

Kənd ərazisində hər kiçik sahənin özünəməxsus adı və bu adların yaranma səbəbi var. Burada ayrı-ayrı yer və yurd adlarının hər biri türk toponimləridir.

May ayının ortalarında bizim dağlar gözəlliyə meydan oxuyur: sözdən, heyrətdən, hətta, nəğmə harayından yüksəkdə dayanan bir möcüzəyə dönür. Çəmənlərin, zümrüd rəngli zəmilərin, biçənəklərin ətri adamın huşunu başından alır. Dünyaya elə bir vaxtda göz açmışam və bəlkə elə buna görə də biçənək ətri, kövşən ətri mənə çox doğmadır, həmişə ürəyimi yerindən oynadır.

Zirvəsi daima dumanlı, ağ örpəkli uca dağları, qışda ağappaq, yayda yam-yaşıl yorğana bürünmüş meşələri bulaqlarsız təsəvvür etmək günah olardı. Burada təbiət heç nəyi əsirgəməyərək hər bulağa bir dad, soyuqluq, hər birinə özünəməxsus ad və mənzərə, şəffaf və saf su bəxş etmişdir. Qoşa bulaq, Qarama bulağı, Təhməz bulağı, İlqarın bulağı, Torenin bulağı və s. çeşmələri buna misal göstərmək olar. Kənd əhalisi soyuducu olmayan bir dövrdə buz bulaqlardan soyuducu kimi istifadə etmişdir. Hətta günlərlə orada qalan məhsul öz keyfiyyətini, təravətini olduğu kimi saxlayırdı.

Nə vaxtsa oxumuşam: gündoğan ölkələrindən hansındasa qəribə bir rəssam ağac var. Gövdəsində ətraf mühitin şəkli yaşayır. Doğulduğum yerin – Faxralının əsrarəngiz, gözəl təbiətini düşünəndə yadıma həmin ağac düşdü. Bəlkə biz adamlar da beləyik?. İçimizdə dünyaya göz açdığımız yerlərin rəsmini yaşadırıq. Elə həmişə fikirləşirəm: Təbiət sezilməz bir ahənglə, zərgər zərifliyi ilə ürəyimizdə hansı naxışları həkk edib, biz təbiətə nə qədər borcluyuq?…

Çingiz Haley oğlu Qasımov

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur