Faxralının tanınmış folklorşünas alimi Hüseynqulu Məmmədlinin 100 illik yubileyi qeyd olunub

Tiflisdə əslən Bolnisinin Faxralı kəndindən olan və ömrünün 50 ilini elmə, maarifə həsr edən görkəmli folklorşünas alim Hüseynqulu Məmmədlinin 100 illik yubileyi qeyd olunub. Tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilib. Tədbiri açan Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, muzeyin direktoru Leyla Əliyeva ziyalı alim Hüseynqulu Məmmədlinin ömür yolu və elmi fəaliyyəti haqqında fikirlərini bildirib.

Tədbirdə çıxış edən şair Osman Əhmədoğlu, AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri Ramazan Qafarlı, Arif Əliyev adına Faxralı 1 saylı ictimai məktəbin ədəbiyyat müəllimi, şairə Fatma Aslanqızı, Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşı Yalın Kılıç və digər çıxışçılar H. Məmmədlinin ziyalı və folklorşünas alim kimi keçdiyi təqdirəlayiq həyat yoluna, yaradıcılığına, uzun illər apardığı araşdırmalarına yüksək qiymət veriblər.

Tədbirdə hər il noyabrın 23-ü gününü “Ziyalı Günü” kimi qeyd edilməsi təklif olunub.

Sonda məktəblilər H. Məmmədli poeziyasından nümunələr səsləndiriblər və Aşıq Nargilə Mehdiyeva isə aşıq mahnılarını ifa edib.

Tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin rəsmi şəxsləri, AMEA-nın Folklor İnstitutunun əməkdaşları, Tiflis, Qardabani, Marneuli, Bolnis və Dmanisidən gələn ziyalılar, görkəmli alimin yaxınları, oğul və qızları, məktəb müəllimləri və məktəblilər, elm adamları iştirak ediblər. Sonda H. Məmmədlinin ailə üzvləri yubileyin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, məşhur tədqiqatçı alim, elm xadimi, pedaqoji sahədə ad-san qazanmış H. Məmmədli özünün elmi axtarışlarında həm “Kitabi- Dədə Qorqud” dastanına, həm də məşhur el şairi Şair Nəbi Faxralının poeziyasına geniş yer verib. Əsasən Qorqudşünas alim kimi elm aləmində böyük iz qoymuş H. Məmmədli tədqiqatlarında əslən Faxralıdan olan və istər Borçalı, istərsə də Azərbaycan və Türkiyə və Cənubi Azərbaycan aşıqlarının dilində əzbər olan və bədahətən şeirlər söyləyən və dastan müəllifi olan, Şair Nəbi Faxralının bədii yaradıcılığını yorulmadan toplayıb və onun axtarışları sayəsində istedadlı şairin 200-dən çox şeirləri kitab halında nəşr olunub.

Xatırladaq ki, bir neçə dəfə Faxralı kəndinə səfər edən Xalq şairi Səməd Vurğun ilk dəfə olaraq 1955-ci ildə onun şərəfinə qurulan məclisdə Şair Nəbi Faxralı yaradıcılığı ilə və onun aşıqlar tərəfindən oxunan qoşmaları, gəraylı və şeirləri, deyişmələri ilə yaxından tanış olur. Şair Nəbi yaradıcılığına böyük qiymət verən S. Vurğun şairin yaradıcılığını toplamağı o zaman kənddə müəllim işləyən Hüseynqulu Məmmədliyiə tapşırır və Hüseynqulu müəllim görkəmli Azərbaycan şairinin tapşırığını layiqincə yerinə yetirir və el şairinin yaradıcılığını toplayır və 1991-ci ildə H. Məmmədlinin oğlu, folklorşünas alim Elxan Məmmədlinin tərtib etdiyi və Zəlimxan Yaqubun redaktorluğu ilə el şairinin “Yazılanlar gəldi başa” adlı ilk kitabı təxminən 50 ildən sonra nəşr olunur.

Mənbə: Qaxa.ge

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur