“Borçalı Cəmiyyəti” İH sədrinin birinci muavini, əslən Faxralıdan olan Sabir Aşırov dünyasını dəyişdi

“Borçalı Cəmiyyəti” İctimai Hərakatının üzvü, sədrin birinci muavini, ehtiyatda olan polkovnik Sabir Aşırov 18.07.2020-ci il tarixində qəfil beyin qanaxmasından sonra vəfat etmişdir.

Faxralı.com saytı adından məhrumun ailəsinə, əzizlərinə Allahdan rəhmət, qalanlara səbir diləyirik.

Sabir Aşırov haqqında: (Daha geniş məlumatla buradan tanış  ola bilərsiniz)

Sabir Məcid oğlu Aşırov 1955-ci il dekabr ayının 17-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

1963-cü ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir.

1975-1977-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əsgəri xidmətdən tərxis olunduqdan sonra, 1978-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun hüquq fakultəsinə qəbul olunmuş, 1983-cü ildə həmin fakultəni bitirmişdr. Təyinatla Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin Sərəncamına göndərilmiş, o, burada müxtəlif vəzifələrdə çalışmışdır (1987-1991). 1991-ci ildə Sabir Aşırov xidmətini davam etdirmək üçün Azərbaycan DİN-ə işə düzəlmişdir.

1992-ci ildə Sabir Aşırov Daxili Qoşunlar idarəsində xidmətə başlamışdır. O, burada Kadrlar və İşlər idarəsinin rəisi vəzifələrində çalışmışdır.

Sonralar o, Baş İdarədə Beynəlxalq Hərbi Əməkdaşlıq şöbəsinin rəisi vəzifəsində işləmişdir.

Sabir Aşuraov Azərbaycan Respublikasının   ərazi bütövlüyü və süverenliyi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, komandanlıq tərəfindən verilən xüsusi tapşırıqları şərəflə yerinə yetirmişdir.

Nümunəvi xidmətlərinə görə dəfələrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar Komandanlığı tərəfindən mükafatlandırılmışdır.

Sabir Aşırov polkovnik rütbəli müharibə veteranıdır.

 

SABİR AŞIROV BARƏDƏ XATİRƏLƏRİM

Sabir Aşırovla şəxsi tanışlığımız 1991-ci ildən başlayıb. O müddətədək onunla bir kəndli, eloğlu olduğumu bilirdim. Lakin onu yaxından tanıyanda bu İnsana valeh oldum. Kristal kimi saf mənəviyyata malik səmimi İnsan, sözünə dürüst sədaqətli Dost, sözü ilə ilə hərəkəti həmahəng olan etibarlı Yoldaş,  elinə-obasına – doğma Faxralı kəndinə,  ümumülükdə Borçalıya vurğun olan təəssüfkeş Vətənpərvər İnsan…

Bu şəxs barədə müsbət keyfiyyətləri sadalamaqla qurtarmaq olmaz. O, həqiqətən müsbət dəyərləri özündə cəmləşdirən yüksək əxlaqlı Şəxsiyyət, təmizlik, ülvilik mücəssiməsi idi.

Sabir Aşırov 1991-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsininin Kadrlar və İşlər İdarəsinin rəisi vəzifəsində işləyirdi. Mənə bu barədə bir həmkəndlim demişdi. Mən elmi işlə məşğul olurdum. Həmin illərdə erməni qəsbkarları Dağlıq Qarabağda böyük iğtişaşlar və terror hadisələri törədirdi. Bir sözlə Vətənimiz Azərbaycanın ağır dövrləri idi. Mən elmi işi yarımçıq qoyub Ordu sıralarına daxil olmaq qərarına gəldim və Daxili Qoşunların Baş İdarəsinə – Sabir Aşırovun qəbuluna düşdüm.

Onunla ilk dəfə idi ki, üzbəüz oturub söhət edirdim. Sabir müəllim, məni böyük rəğbətlə qarşıladı və mənim şəxsi və iş məlumatlarımla yaxından tanış oldu.

“Hüseynov”, – dedi (sonralar da o mənə Hüseynov deyə müraciət edirdi), sən bizə çox lazım olan vacib kadrsan.

Sonra sözünə davam edərək: “Hal-hazırda Daxili Qoşunların Hesablama Mərkəzi yaradılıb. Onun rəisi eloğlumuz Mehrab Tükanovdur. Elə indi Daxili Qoşunlar Komandanının qəbul vaxtıdır. Gedək qəbuluna”.

Sabir müəllim məni Daxili Qoşunlar Komandanına təqdim etdi və məni Komandana müsbət xarakterizə etdi. Onun təqdimatından sonra məni Daxili Qoşunlara işə qəbul etdilər.

İşlədiyim müddət ərzində mən Sabir Aşırovla yaxında tanış oldum və münasibətlərimiz dostluq səviyyəsinədək yüksəldi.

İşlədiyim dövrdə onun necə sözünə bütöv, prinsipial İnsan olduğunu gördüm. O, həmişə düzgün olmayan qərarlara, haqsızlığa qarşı mübarizə aparırdı. Sabir Aşırovun bu məziyyətləri onu Daxili Qoşunlarada sevdirirdi. Kollektiv arasında Sabir müəllimin böyük hörməti vardı.

Sabir Aşırovun yüksək işgüzarlıq xüsusiyyətlərini, elit mədəniyyətini, sərbəst qərar qəbul etmə, idarəedicilik qabiliyyətini və elmi savadını nəzərə alaraq Daxili Qoşunlar Komandanlığı “polkovnik” rütbəsi vermiş və onu Daxili Qoşunların Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəisi vəzifəsinə təyin etmişdir. O, bu vəzifəni ləyaqətlə yerinə yetirərək Türkiyə, Gürcüstan və digər ölkələrin müvafiq hərbi strukturları ilə Daxili Qoşunlar Komandanlığının görüşlərini təşkil edirdi.

Sabir Aşırov işlədiyi bütün vəzifələrdə çox məsuliyyətli və intizamlı idi. Mən işlədiyim müddət ərzinə Sabir müəllim barədə bir dəfə də olsa mənfi söz-söhbət eşitməmişəm.

Mən onunla ikilikdə bir yerdə olanda, o, həmişə elimiz-obamız Faxralıdan, övladlarımızın təlim-tərbiyəsindən söhbət açardı. Yadımdadır o, qızı Vüsalənin təhsildə ilk uğurlarından mənə necə sevinə-sevinə danışardı. Onda mən Sabir Aşırovun gözəl ailə başçısı olduğunun şahidi oldum.

O, ekstremal vəziyyətlərdə özünü çox təmkinlə aparırdı. Bəzən xidmətlə bağlı xırda söz-söbətlərdən əsəbləşəndə Sabir müəllimin yanına gedərdim. O, gülərək məni sakitləşdirər və dəyərli məsləhətlər verərdi. Onun kabinetindən çıxanda özümü həmişə çox yüngül hiss edərdim. Mən Sabir Aşırovu qardaşım hesab edir, onunla ünsiyyətdən heç yorulmur və ondan həmişə müsbət enerji alırdım.

Onun yerişi, gülüşü, duruşu əsl azərbaycan kişisinə xas olan bir nümunə idi. Onun mayası Torpaq, Vətən sevgisi ilə yoğrulmuşdu. Qorxmazlıq, igidlilik Sabir Aşırovu fərqləndirən əsas atributlardan biri idi.

Sabir Aşırov barədə çox xatirələrim var…

Bu gün (18.07.2020)  Sabir Aşırovun qəfil beyin qanaxmasından sonra vəfat etməsini eşitdikdə çox sarsıldım, son dərəcə üzüldüm. Açı göz yaşlarıma hakim kəsilə bilmədim. Yaz yağışı kimi doldum, boşaldım… Heyif səndən Sabir, çox heyif… Sənin kimi mətin əqidəli insanlar bu dünyaya hər vaxt gəlmir…

Yerin behşit olsun, əziz qardaşım! Allah Sənə rəhmət eləsin! AMİN!

Rəşid Hüseynov (Amaşov)
18.07.2020

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur