Sabir Aşırovun vəfatının ildönümü ehtiramla yad edilir

18.07.2021-ci il tarixi, Sabir Aşırovun vəfatının ildönümüdür. Bütün Sabir sevərlər bu yoxluğu kədər, dərin hüznlə yad edirlər. Dostlar, tanışlar onun Ruhu qarşısında öz mənəvi borclarını yerinə yetirməyə çalışır (qəbrini ziyarət edir, anım günləri keçirir, ruhuna dualar oxutdurur, ehsan verirlər) və hətta onunla bağlı öz xatirələrini yazanlar da vardır.

Onlardan biri, əslən gürcüstanlı olan və Sabirlə daxili işlər orqanlarında uzunmüddət çiyin-çiyinə çalışmış, ehtiyatda olan polis polkovniki Mehrab Tukanovdur. O, Sabir Aşırovla bağlı xatirələrini qələmə almış və öz kədər hissini bizimlə bölüşdürmüdür. Məqaləni aşağıda olduğu kimi təqdim edirik.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

REDAKTORDAN

 

Şərəf dostu

Əziz dostum polkovnik Sabir Aşırovun əziz xatirəsinə

Mən bilmirəm Sabir məni özünün ən yaxın dostu hesab edirdimi, amma bildiyim odur ki, o mənim 54 illik yaşam dövrümdə ən yaxın dostum olub. Odur ki, əziz oxuculardan xahişim odur ki, mənim bu cizma-qaramı iki dostun həyat hekayəsinin yarımçıq epizodları kimi qəbul etsinlər…

Mənim Sabirlə tanışlığım 1992-ci ilin iyun ayının əvvələrində baş tutub. O zaman 25 yaşım vardı, hərbi rütbəm leytenant idi. Digər hərbi qurumdan Daxili işlər nazirliyinin Daxili Qoşunlarına keçməyimlə əlaqədar Daxili Qoşunlar baş idarəsinin kadrlar xidmətinə gələndə ilk rastlaşdığım şəxs məhz o oldu – baş leytenant Aşırov Sabir Məcid oğlu, ciddi simalı, məğrur baxışlı bir zabit. O zaman ağlıma belə gətirməzdim ki, yeni xidmət yerimdə ilk rastıma çıxan, heç vaxt barəsində eşitmədiyim bu ağır təbiətli zabitlə ağrılı-acılı müharibə günlərinin şəriki olacağıq, atəşkəsdən sonrakı qoşun quruculuğunda birgə xidmət aparacağıq, Daxili Qoşunların beynəlxalq aləmdə tanınmasına və layiqincə təmsil olunmasına birgə əməyimizi sərf edəcəyik, hərbidən ehtiyata buraxıldıqdan sonra da eyni təşkilatlarda bir yerdə işləyəcəyik, nəhayət 28 il boyunca ayrılmaz dostlara çevriləcəyik…

Mən Daxili Qoşunlarda xidmətə başlayan ilk günlərdən döyüş bölgəsinə ezam olundum. Daxili Qoşunların şəxsi heyəti 12 mart 1992-ci il tarixdən döyüş əməliyyatlarına cəlb olunsa da, döyüş bölgələrində daimi yerləşən hərbi hissələr yox idi, zabitlər müxtəlif hərbi hissələrdən növbəli şəkildə döyüş bölgələrinə ezam olunurdular. Daxili Qoşunların rəhbərliyinin məqsədi döyüş bölgələrində dislokasiya olunan nizamlı hərbi hissələrin yaradılması idi ki, ilk olaraq belə bir alay Ağdam-Ağdərə istiqamətində 1992-ci ilin iyul ayında yaradıldı. Alayın zabit heyətilə tam komplektləşdirməsi işi çox vacib idi. Bu məqsədlə, eləcə də komandanlığın vacib döyüş tapşırıqlarını yerinə yetirmək üçün Daxili Qoşunlar baş idarəsinin Kadrlar şöbəsinin rəisi Sabir Aşırov tez-tez döyüş bölgələrində olurdu. Döyüş bölgəsini müvəqqəti ezamiyyə yeri kimi yox, daimi xidmət yeri kimi görmək istəyənlərə Vətənin böyük ehtyacı vardı. Odur ki, qürur duyuram ki, yeni təşkil edilmiş həmin alaya ilk əmrlə təyin olunan az sayda könüllü zabitlərin sırasında mənim də adım olub. Döyüş bölgəsində görüşlərimiz zamanı Sabirin qorxmazlığı, çətin vəziyyətlərdəki təmkini, Vətən sevgisiylə dolu fikirləri məndə ona qarşı elə böyük rəğbət hissləri oyatdı ki, həmin ağır günlərdə uzun sürən dostluğumuzun təməli qoyuldu…

Mənim xidmət yerim Baş idarəyə dəyişildikdən sonra daha tez-tez görüşürdük. O zaman Baş idarə döyüş bölgəsindən təkcə silah səsinin eşidilmədiyinə görə fərqlənirdi. Gündəlik ağır rejim, tükənməz sayda tapşırıqlar, döyüş bölgələrindən gələn hər adi xəbərə verilən ciddi qarşılıqlı reaksiya gündəlik xidmətimizin əsasını təşkil edirdi. Həftələrlə xidməti otaqlarımızda gecələyirdik. Yatmazdan öncə zabitlər qrup-qrup bir otağa cəmləşər, baş verənləri müzakirə edərdik. Bizim qrupun yığıncaqlarının əsas fiqurlarından biri Sabir idi. O, həqiqəti və nöqsanları insanların üzünə deməkdən çəkinmirdi. Odur ki, öz nöqsanlarını gözəl bilənlər ondan uzaq durmağa çalışır, bizim qrupun yığıldığı kabinetdən yan gəzərdilər…

Öz işimiz həddən artıq çox olsa da komandanlıq hər ikimizə etimad göstərib, tutduğumuz vəzifələrə aid olmayan digər vacib işlərə, o cümlədən, qərargahın, döyüş hazırlığının və digər xidmətlərin müxtəlif əsasnamə və xidməti sənədlərinin hazırlanması işinə cəlb etmişdi. Daxili qoşunlar Azərbaycanda latın qrafikalı əlifbaya keçən ilk qurumlardan idi. Qoşun quruculuğunun yeni tələblərə uyğun təşkili, şəxsi heyətin milli ruhda tərbiyə olunması, yeni normativ sənədlərin yaradılması işində Sabir kimi savadlı və vətənpərvər kadrlara böyük ehtiyac duyulurdu…

Atəşkəsdən sonra da eyni Baş idarədə, lakin müxtəlif xidmət sahələrində qulluq etdik. 2000-ci ilin fevralında mənim xidmət yerim Daxili işlər nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə dəyişdirildi. Mənim o vaxtadək rəis olduğum Daxili qoşunlar baş idarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi vəzifəsinə isə Sabir Aşırov təyin edildi. Həmin vaxtdan xidməti işlərimiz gündəlik olaraq kəsişməyə başladı. Azərbaycan Daxili qoşunları və Türkiyə Jandarm quvvələri arasıdakı dostluq və işgüzar münasibətlərin inkişafıda Sabirin böyük rolu olmuşdur. Təpədən dırnağadək türkçülük ideyalarına sadiq olan dostum bu münasibətlərin daha da genişləndirilməsi üçün əlindən gələni edirdi. Məhz bu fəaliyyətinə görə Sabirin Türkiyə Jandam qüvvələrinin adlı-sanlı generalları və zabitləri arasında hörməti böyükdür. Sabirin vətənpərvərliyi, yüksək insani keyfiyyətləri və xidməti qabiliyyəti barədə xoş sözləri Türkiyədə rəsmi səfərlərdə olarkən həmin şəxslərin özlərindən dəfələrlə eşitmişəm…

2002-ci ilin yayında Sabirlə birlikdə Amerika Birləşmiş Ştatlarında bir aylıq xidməti ezamiyyətdə olduq. Müxtəlif ştatlardakı otellərdə eyni nömrələri bölüşurdük. Etiraf edim ki, ilk dəfə idi ki, dünyanın ağrı-acısından, fasiləsiz xidmət illərinin ciddi rejimindən dincəlmək imkanı yaranmışdı. Lakin biz hər axşam oteldə sabahkı görüşləri müzakirə edir, Azərbaycanı təbliğ və layiqli təmsil etmək üçün ciddi hazırlaşırdıq. ABŞ Dövlət departamentində, Federal təhlükəsizlik bürosunda, Vaşinqton, Nyu-York, Texas, Aşağı Korolina, Oreqon və sair ştatların polis, eləcə də digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşlərimizdə bu hazırlıq öz bəhrəsini verirdi. Yadımda olan ən xoş xatirələrdən biri də Sabirlə birgə Vaşinqtonda yerli polis əməkdaşları ilə birlikdə gecə vaxtı avtomobildə patrul xidməti aparmağımızdır…

Belə xatirələrin sayı olduqca çoxdur. Bizim çoxlu sayda xarici səfərlərimiz, eyni zamanda Azərbaycanda keçirilən aidiyyəti beynəlxalq tədbirlərin təşkilində birgə əməyimiz olub…

Tale elə gətirdi ki, ehtiyata buraxıldıqdan sonra İsmayıllı və Siyəzən rayonlarında bir neçə il müxtəlif şirkətlərdə bir yerdə işlədik, eyni xidməti mənzillərdə yaşadıq. Hərbidən gətirdiyimiz ciddi təşkilatçılıq və nizam-intizamı iş yerlərimizdə tətbiq etdik, tabeçilikdə olanlara xüsusi diqqət və qayğı göstərilməsini və ədalət prinsipini bərqərar etdik…

Biz cəmiyyətdə, ailə məslələrində də həmişə bir yerdə idik. Azərbaycanın və Gürcüstanın müxtəlif bölgələrində keçirilən istər xeyir-şər məclislərində, istərsə də ictimai tədbirlərdə birgə iştirak edirdik. Mən həyatımdan çox razıyam ki, mənim ailə üzvlərim, qardaşlarım və digər yaxın qohumlarım Sabiri öz doğmaları kimi sevirlər. Özümə qarşı eyni münasibəti də onun yaxınlarından görmüşəm və görürəm…

Sabir çox əqidəli bir şəxsiyyət idi. Mövqeyini tez-tez dəyişən şəxslərə qarşı amansız mövqeyi vardı. Doğma elə-obaya böyük sevgisi və ilginc bağlılığı vardı. “Borçalı” ictimai cəmiyyəti xəttilə keçirilən tədbirlərin təşkilində böyük əməyi olmuşdu. Ənənəvi olaraq hər ilin 26 iyul tarixində keçirlən tarixi Elat bayramlarının ikisində onula bir yerdə iştirak etmək mənə də nəsib olurdu. Bayram tədbirləri bitdikdən sonra doğma Faxralı kəndində gözəl vaxt keçimək, doğulduğu ata evində onun qonağı olmaq da qismətimdə olardı…

Sabir ağır xəstələndikdən sonra keçirdiyim ağır hisslər, doğmaların cavabsız sualları qarşısında əlacsız vəziyyətim, mümkün olmayanı mümkün etmək üçün etdiyim cəhdlər barədə danışmaq mənə çox ağırdır….

Bizim son görüşümüz 2020-ci ilin yayında, Sabirin bizi tərk etməyindən bir neçə gün əvvəl xəstəxanada baş verdi. Sabir xüsusi tibbi kresloda oturmuşdu, danışa bilmirdi, amma bizim xahişlərimiz əsasında hərdən ayağını və sağ əlini tərpədirdi. Mən vəziyyətin ciddiliyini bütün varlığımla anlayır, göz yaşlarımı içimdə zorla boğurdum. Bu ağır görüşün sonunda qapıdan çıxarkən özümdən ixtiyarsız geri dönüb əlimi gicgahıma apardım, dostuma, zabit həmkarıma son əsgəri salamımı verdim. Üzünün cizgiləri dəyişdi, oturduğu yerdən özünü toparlayıb əlini gicgahına apararaq mənim salamıma cavab verdi. Bu adi əsgəri salam deyildi, bu ömrünü vicdanla yaşayan, ədalət qılıncını heç zaman əlindən yerə qoymayan, türkçülüyü, Vətən sevgisini dünyada hər şeydən yüksək tutan qeyrətli türk zabitinin sonuncu Şərəf salamı idi…

Mehrab Tukanov, ehtiyatda olan polis polkovniki
İyul 2021-ci il

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur