Məhəmməd Yunus kimdir?
Məhəmməd Yunus oğlu Yusubov 20.05.1946-cı ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun qədim kəndlərindən olan, bir tərəfdən Gözəl dağı, bir tərəfdən Yovşanlı dağı, bir tərəfdən Səngər dağı ilə əhatə olunmuş, tanınmış alimlərin, şairlərin, aşıqların və bəylərin yurdu olan Faxralı kəndində (Qədim-qayım Borçalı mahalında) zəhmətkeş bir ailədə anadan olmuşdur. 1955-ci ildə Faxralı kənd orta məktəbinin (indiki Arif Əliyev adına 1 nömrəli tam orta məktəb) 1-ci sinfinə daxil olmuş və 1966-cı ildə doğma kəndində orta təhsilini yaxşı və əla qiymətlərlə başa vurmuşdur.
Məhəmməd Yusubovun ən böyük arzusu həkim olmaq olub. Lakin müəyyən səbəblərdən arzusuna çata bilməyib. 1966-1967-ci illərdə Sumqayıt şəhər 5 saylı texniki peşə məktəbində təhsil almışdır. Daha sonra 1968-ci ildə gənclər şəhəri olan Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmışdır. Çexiyanın Esenik şəhərində hərbi xidmətdə olmuşdur. 1970-ci ildə hərbi xidmətini layiqincə başa vurduqdan sonra Bakı şəhərinə qayıtmışdır.
Təbiət elmlərini çox sevdiyindən qərara gəlib ki, ali təhsilli bioloq olsun. 1970-ci ildə sənədlərini toplayaraq V. İ. Lenin adına “Qırmızı Əmək Bayrağı” ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (İndiki Azərbaycan Dövlət Pedoqoji Universitetinin) Biologiya fakultəsinə qəbul üçün sənəd vermişdir. Qəbul imtahanında yaxşı və əla qiymətlər alan Məhəmməd Yusubov Biologiya fakultəsinə qəbul olur. 1974-cü ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmiş, biologiya müəllimliyi ixtisası üzrə diplom almışdır. Elə həmin il təyinatla İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə biologiya müəllimi olaraq pedoqoji fəaliyyətə başlamışdır.
1977-ci ildən 2010-cu ilə qədər isə pedoqoji fəaliyyətini öz doğma yurdunda – Faxralı kənd orta məktəbində (indiki Arif Əliyev adına 1 nömrəli tam orta məktəb) biologiya müəllimi olaraq davam etdirmişdir.
Məhəmməd Yusubov 2021-ci ilin sentyabr ayında əbədiyyata qovuşmuşdur. ”Həyat bir məşəlmiş” və “Ana yurdum Faxralıya bağlıyam” adlı kitablarının müəllifidir. Dörd övladı, yeddi nəvəsi, bir nəticəsi var.
Məhəmməd Yusubov sazı, sözü, ədəbiyyatı çox sevirdi. Vətəninə, torpağına, el-obasına, qohumlarına bağlı bir insan idi. Tanınmış şairlərin, yazıçıların kitablarını oxuyurdu. Həmçinin aşıq poeziyasına, muğama və musiqiyə çöx üstünlük verirdi. Çox qapalı insan olub. Hər kəsə söz deməz, hər kəslə fikirlərini bölüşməzdi. Çox sadə, gözütox və zəhmətkeş bir insan idi. Məhəmməd Yusubov gözəl ailə başçısı, qayğıkeş bir ata kimi, həm də yazdığı şeirlərlə hər kəsin qəlbində daima yaşayacaqdır.
İndi isə gəlin Məhəmməd Yunusun kitabları haqqında bir qədər danışaq:
1-ci kitabı çapdan çıxana qədər onun şeir yazdığını çoxları bilmirdi. Həmin kitabdlarda şairin həyatda gördüyü hadisələr, vətən, vətənpərlik, ünvanlı, məhəbbət, satirik və müxtəlif mövzularda şeirlər yer almışdır. Həmçinin hər iki kitabda xatirə şəkilləri yer alır.
Məhəmməd Yunusun “Həyat bir məşəlmiş” adlı 1-ci kitabı 2022-ci ilin iyul ayında “Parlaq imzalar” nəşriyyatında çap olunmuşdur. Həmin kitabının təqdimatı 13.08.2022-ci ildə doğulduğu Faxralı kəndində əmisi oğlu Faxralı kənd 1 nömrəli tam orta məktəbin direktor müavini Hümbət Yusubovun, həmin məktəbin riyaziyyat müəllimi Alı Xudiyevin və mənim təşkilatçılığım ilə baş tutmuşdur. Təqdimat Faxralı kənd Arif Əliyev adına 1 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəlliməsi, baş müəllim, “Qızıl qələm” media mükafatı laureatı, şair-publisist Fatma Əliyevanın hazırladığı proqram əsasında keçirilmişdir. Təqdimatın aparıcısı Fatma Əliyeva mərhum şair Məhəmməd Yunus haqqında geniş məlumat vermişdir. Təqdimatda Məhəmməd Yunusun yaxın qohumları, ziyalılar, müəllim yoldaşları, dostları, şairlər çıxış edərək şair haqqında öz gözəl fikirlərini bildirmişlər. Borçalının tanınmış aşığı Kamandar Lətifoğlu və 1 nömrəli orta məktəbin tarix müəllimi Rizvan Qurbanov öz ifaları və sözləri ilə məclisə rəng qatmışdır.
Məhəmməd Yunusun “Ana yurdum Faxralıya bağlıyam” adlı 2-ci kitabı 2023-ci ilin avqust ayında “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur. Kitabda vətən, vətənpərvərlik, satirik, ünvanlı və müxtəlif mövzularda şeirlər yer almışdır. Kitabının təqdimatı 21.10.2023-cü ildə Bakı şəhərində keçirilmişdir. Təqdimat mənim təşkilatçılığım və Azər İqrarın hazırladığı proqram əsasında geniş formada keçirilmişdir. Tədbirin aparıcısı şair-publisist Azər İqrar olmuşdur. Məhəmməd Yunusun ailə üzvləri, yaxın qohumları, sinif yoldaşları, tələbə yoldaşları, dostları, ziyalılar, alimlər, Borçalının tanınmış şairləri çıxış edərək şair haqqında öz gözəl fikirlərini bildirmişlər. Təqdimatda ilk söz mərhum şair Məhəmməd Yunusun sinif yoldaşı, iqtisadçı alimimiz Əmirxan Babaşova verilmişdir. Əmirxan Babaşov çıxışında məktəb illərində olan uşaqlıq xatirələrindən danışmışdır. Məclis boyu ustad aşığımız Cahangir Quliyev və elimizin tanınmış gənc ustad aşığımız Dünya Şair və Yazıçılar İttifaqının “Xalq aşığı” diplomunun sahibi Ramin Qarayev öz gözəl ifaları və məlahətli səsləri ilə məclis iştirakçılarını feyziyab etmişlər. Mərhum şair Məhəmməd Yunusun ailə üzvlərindən onun böyük oğlu Famil Yusubov çıxış edərək xoş sözlərə görə çıxış edənlərə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir. Sonda Azər İqrar çıxış edərək “Ana yurdum Faxralıya bağlıyam” şeirini səsləndirmişdir:
Çox ellər dolaşıb, gəzib görmüşəm,
İllərdir vətəndən ayrı düşmüşəm.
Sanmayın ki el-obadan küsmüşəm,
Qürbətdə qalmışam, qəlbi dağlıyam,
Ana yurdum Faxralıya bağlıyam.Süfrəsində hər nə olsa ləzizdir,
Suyu dərman, havası çox təmizdir,
Elim, obam hər diyardan əzizdir,
Qürbətdə qalmışam, qəlbi dağlıyam,
Ana yurdum Faxralıya bağlıyam.Bu qərib diyarda san usanmışam,
Özümü kədərə, qəmə salmışam,
Hər keçən günümü bir il sanmışam,
Qürbətdə qalmışam, qəlbi dağlıyam,
Ana yurdum Faxralıya bağlıyam.Mən o eldə dünyaya göz açmışam,
Mən o eldə boya, başa çatmışam,
Mən o eldən ilhamımı almışam,
Qürbətdə qalmışam, qəlbi dağlıyam,
Ana yurdum Faxralıya bağlıyam.Qərib eldə yaxşı keçsə də günüm,
Qohuma, qardaşa heç çatmır ünüm,
Ay Allah qismət et vətənə dönüm,
Qürbətdə qalmışam, qəlbi dağlıyam,
Ana yurdum Faxralıya bağlıyam.Şair Məhəmmədəm, Yunus oğluyam,
Hər sözümdə səmimiyəm, haqqlıyam,
Dözəmmirəm az qalıram ağlıyam,
Qürbətdə qalmışam, qəlbi dağlıyam,
Ana yurdum Faxralıya bağlıyam.
Sonda aşıq Cahangir Quliyevin müxəmməs havası ilə məclisimiz başa çatdı.
Mərhum şair Məhəmməd Yunusun kitablarının işıq üzü görməsində Rəşid Faxralıya, Azər İqrara, Elxan Məmmədliyə, Fatma Əliyevaya, Allahverdi Əliyevə və ustad aşıqlarımız Cahangir Quliyevə, Ramin Qarayevə, təqdimatların keçirilməsində zəhməti olan, hər iki kitabın təqdimatında iştirak edən hər bir kəsə, həmçinin bu məqaləni paylaşan Faxralı.com saytının rəhbərliyinə öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirirəm.
Fariz Yusubov
Müəllifin oğlu