Vətənimiz dara düşəndə igid oğullarına arxalandı. Vətənini öz canından əziz tutan igid oğullarımız bir deyil, beş deyil, yüzlərlə, minlərlədir.
İkinci Qarabağ savaşında – Vətən müharibəsində döyüşlər gündən-günə alovlanıb qızışırdı. O günlərdə respublikamızın müxtəlif bölgələrindən olan vətənpərvər və igid oğullarımız bir amal – torpaqlarımızı yağı düşməndən təmizləmək uğrunda yumruq kimi birləşdilər. Özlərini odun-alovun içinə atdılar, güllə qabağına yeridilər, vuruşdular, qəhrəmancasına şəhid oldular, qazi oldular. Əzəli-əbədi cənnətməkan torpaqlarımız igid əsgər və zabitlərimizin sayəsində düşmən tapdağından azad edildi. Onlar öz hünərləri ilə Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsini yazdılar. Belə oğullarımızdan biri də qazi Cavid Aşırovdur.
Cavid 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Borçalının Faxralı kəndindəndir. O, Bakı Dövlət Universitetinin Turizm və otelçilik fakültəsini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. Ötən il sentyabrın 27-dən oktyabrın 20-dək müharibənin qaynar nöqtələrində vuruşub. Füzuli, Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlı ərazisində gedən qanlı döyüşlər zamanı düşmənin qırıcı təyyarəsi tərəfindən vurulub. Cavid keçib gəldiyi qanlı döyüş yollarından bəhs edən epizodlardan söz açdıqca, yaralandığı anı və yaralı vəziyyətini təsvir etdikcə ağrıları qəlbimi göynətdi.
İnsan bəzən öz içindəki ağrılarla qıvrıla-qıvrıla qalır. Amma Cavid bu dəhşətli ağrıların içində necə də dözüm göstərib. Bax, buna heyrətlənməyə bilmirsən! Cavid ağır yaralandıqdan sonra sağ qaldığına görə min dəfə şükr edib. Çünki neçə-neçə igid əsgər və zabit dostlarının qəhrəmancasına şəhid olduğunu öz gözləri ilə görmüşdü. Elə buna görə də düşmənə qarşı qəzəbi və nifrəti hələ də sönməyib. Bu cür igid əsgərlərimizin döyüşgənliyi nəticəsində düşmən uduzdu. Qələbə ilə yekunlaşan günümüzə şükür!
Cavid deyir:
Artilleriya tərkibində idik. D-44 toplarından istifadə edirdik. İxtisasım baş tuşlayıcı olub. Əsas vəzifəmiz düşmənin hücumunun qarşısını almaq idi. Yaralandığım ana kimi Xocavənd, Cəbrayıl və Qubadlı rayonlarının ərazilərində vuruşmuşam. Oktyabrın 20-də SU-25 qırıcı təyyarəsindən atılan mərmilər nəticəsində yaralandım. Mərmi bir metrliyimə düşmüşdü. Yanımdakı əsgər yoldaşım və komandirim şəhid oldu. Mən isə ağır yaralandım.
Mərmi partlayışından sonra hər tərəf tüstü-duman içində idi, göz-gözü görmürdü. Mən heç nə hiss etmirdim. Bir qədər sonra ayağımda ağrı hiss etməyə başladım. Gözümü açdıqda əsgər yoldaşımın və komandirimin yerində olmadığını gördüm. Partlayışın dalğası onları aşağı tərəfə atmışdı.
Arxası üstə uzananda gördüm ki, qəlpə diz qapağımı aparıb. Sümüyün üstü açıq idi. Ayağımda hissiyyatınolub-olmadığını yoxlamaq üçün barmaqlarımı hərəkət etdirdim. Həmin an Allahıma min dəfə şükr etdim ki, hissiyyatım itməyib. Düşmən isə minamyotlardan hələ də atəş açmaqda davam edirdi.
Xoşbəxtlikdən, yaxınlığımızda yerləşən digər briqadanın artilleriyasında həkim var idi. Məni min bir çətinliklə həmin həkimin yanına çatdıra bildilər.
Həkim mənə ağrıkəsici vurduqdan və ilk tibbi yardım göstərdikdən sonra yoldaşlarım məni götürməyə gəldilər. Sağ ayağım qatlanmırdı. Əgər qatlansaydı sına bilərdi. Buna görə, məni götürən dostlarıma tez-tez xatırladırdım ki, dizimi qatlanmağa qoymasınlar…
Döyüş səngərində, təcili yardım maşınının olmadığı bir yerdə, yaralarını qan apardığı anlarda döyüş yoldaşları tezliklə köməyə gəlməsəydilər, bəlkə həkimlər də onu ölümün pəncəsindən xilas edə bilməyəcəkdilər. O mənzərəni göz önünə gətirdikcə insan heyrətlənməyə bilmir. Təsəvvür edin, Cavidin vurulduğu yerdən yol qırağına 250-300 metr məsafə olub. Həmin məsafəni də asanlıqla getmək mümkün deyildi. Onu əsgər yoldaşları həkimə aparmaq istəyərkən, azğın düşmən onları minomyot atəşinə tuturdu. Təhlükədən qorunmaq üçün yoldaşları Cavidi xeyli aralıda görünən, uçuq bir daxmaya çatdırmaq istəyiblər. Həmin vaxt qırıcı təyyarə yenidən göründüyü üçün Cavid öz əsgər dostlarına deyib ki, siz məni burada qoyub, özünüzü qorumaq üçün bir sığınacaq tapın. Yəni yarımcan bir nəfərdən ötrü siz beş nəfər öz həyatınızı təhlükəyə atmayın. Heç olmasa siz salamat qalın. Əsgər yoldaşları razılaşmasalar da, Cavid təkid edir. Həmin anda bir yandan minomyot atəşləri, bir yandan qırıcı təyyarədən atılan mərmiləri görüncə əsgər yoldaşları 5-10 dəqiqə ərzində gizlənə bilib və yenidən yaralı vəziyyətdə olan Cavidin yanına qayıdıblar. Həmin dəqiqələrdə təhlükəli məqamlar o qədər dramatik xarakterdə olub ki, indi o vəziyyəti bütün detalları ilə qələmə almaq da mümkünsüzdür. Bir sözlə, Cavid yaralanmamışdan əvvəl də həyatla ölüm arasında çarpışıb. Saatlarla düşmən mühasirəsində qalıb. Cavidin ölümün caynağından qurtulması sanki Allahın möcüzəsi nəticəsində mümkün olub.
Cavidin ağrı-acılı, qanlı-qadalı və qələbə sevinci ilə keçib gəldiyi ömür yolu Vətənin hər qarış torpağını müqəddəs bilən bir gəncin ömür yoludur. Torpaqlarımızı Cavid kimi qoruyan oğullarımızı xalqımızın gözündə ucaldan onların vətəndaşlıq qeyrətidir. Xalqımız belə igid oğulları ilə fəxr edir.
Zaman keçdikcə bütün həqiqətlər xatirəyə dönür. Cavidin döyüş səngərlərindəki xatirələri də, yaraları da hələ təzədir. O, düşmənə öz gücünü göstərən müzəffər ordumuzun qalib əsgəri kimi bu gün öyünür. Sabah isə öz döyüş xatirələrindən danışacaq.
Cavid Aşırov Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərancamlarla “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunması” və ”Qubadlının azad olunması” medalları ilə təltif olunmuşdur. Onun keçdiyi qısa həyat yolu, Vətən uğrunda döyüşlərdə göstərdiyi sücaət doğrudan da gənclərimiz üçün bir örnəkdir.
Cavid ali bir məqsəd uğrunda döyüşüb, yaralanıb, sağlamlığını itirib. Allahdan ona şəfqət və şəfalar diləyirəm. Günlər öz axarı ilə gedir, Cavidin yaraları qaysaq bağlayır və sağlamlığının bərpası prosesi davam edir. O, hələ gəncdir, cəmi 21 yaşı var. Arzularının çiçək açan dövrüdür. Cavid öz arzularının işığında nurlu sabahların eşqi ilə yaşayır. O, deyir:
Vətənin bir qarış torpağı yüz ömrə yetər!..
Həzi Həsənli,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
şair – publisist.