“Zəfərimiz Qarabağ nisgilini ürəyimizdən sildi” – Tahir Qasımov

Tahir Məhəmməd oğlu Qasımov 1965-ci ilin oktyabrın 27-də Gürcüstanın Bolnisi rayo­nu­nun Faxralı kəndində anadan olub.  Əslən Amaşlı nəslindəndir.

Tahir Qasımovun 31 dekabr 2022-ci il tarixində “Xalq Qəzeti”nə verdiyi müsahibəni təqdim edirik:

“Hər dəfə Bakıya gələndə paytaxtımızın günü-gündən dəyişdiyini, daha da müasirləşdiyini görürəm. Qədimliklə müasirliyin möhtəşəm harmoniyasının şəhərimizə verdiyi özünəməxsus gözəllikdən həzz almamaq mümkün deyil”. Bunu ABŞ-da yaşayan əczaçılıq üzrə fəlsəfə doktoru Tahir Qasımov deyir. NEOMED Tibb Universitetində çalışan həmyerlimizin sözlərinə görə, imkan düşən kimi, Azərbaycana gəlir. Redaksiyamıza təşrif buyuran alimlə söhbətimizdə Tahir müəllim okeanın o tayına getməsinin səbəblərindən, İkinci Qarabağ müharibəsi zamanı keçirdiyi hisslərdən və Klivlend şəhərində yerləşən “Mədəniyyətlər bağı”ndakı Azərbaycan guşəsinə qarşı edilən təxribatdan danışdı. O, 70-dən artıq elmi məqalənin müəllifidir. Elmi məqalələri Rusiyada, Danimarkada, İngiltərədə, Almaniyada, Fransada və Amerikada elmi jurnallarda nəşr edilib.

─ Tahir müəllim, ABŞ-a aparan yol hansı təhsil müəssisələrindən keçib?

─ 1965-ci ilin oktyabrın 27-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşam. Səkkiz il orada oxudum, orta məktəbi Mingəçevir şəhərində bitirdikdən sonra 1982-ci ildə Bakı Dövlət Univesitetinin kimya fakültəsinə daxil oldum. İki il sonra Əfqanıstanda müharibə başladığına görə, hərbi qulluğa çağrıldım. Hərbi xidmətdən sonra bir il BDU-da oxudum, sonra Moskva Dövlət Universitetinin (MDU) kimya fakültəsinə oxumağa göndərildim. O zaman belə bir proqram vardı. Milli kadrların ixtisaslarını artırmaq məqsədilə nüfuzlu təhsil ocaqlarına tələbələr göndərilirdi. MDU-da təhsilimi bitirdikdən sonra aspiranturaya qəbul oldum. Akademik Nikolay Zefirovun rəhbəri olduğu fakültədə elmi fəaliyyətə başladım. N.Zefirov həm də Fizioloji Aktiv Maddələr İnstitutunun direktoru idi və məni elmi işçi kimi instituta işləməyə dəvət etdi. 1996-cı ildə doktoranturaya daxil oldum. O zaman hər yerdə olduğu kimi, Moskvada da iqtisadi vəziyyət çox çətin idi və mənə baş elmi işçi kimi 50 ABŞ dolları civarında təqaüd verilirdi. Həmin vaxt elm adamlarının seçimi də çox deyildi: ya elmdən uzaqlaşıb bizneslə məşğul olmalı, ya da elm yolunu seçərək daha yaxşı əməkhaqqı verilən xarici ölkələrə üz tutmalı idilər. Mən də bir sıra xarici ölkələrin ali təhsil müəssisələri ilə ünsiyyət qurmağa çalışırdım. Almaniyaya, Böyük Britaniyaya getməyə çox yaxın idim, lakin ABŞ variantı daha tez alındı və 1997-ci ildə okeanın o tayına getməyə qərar verdim.

─ ABŞ-dan birbaşa iş təklifi aldınız, yoxsa kimsə bu işdə vasitəçilik etdi?

─ Bu məsələdə azərbaycanlı tələbə dostum kömək etdi. O, ABŞ-da oxuyurdu və yerli institutların birində kimyaçı axtarılması barədə elan görmüşdü. Sonra mənə bununla bağlı xəbər yolladı. Mən də həmin instituta müraciət etdim, amerikalıların cavab reaksiyası da müsbət oldu. Amma onu deyim ki, ABŞ-da işə başlamaq o qədər asan olmadı. Çünki Rusiyada baş elmi işçi kimi çalışırdım. Aspirantım və laboratoriyam olduğu halda, ABŞ-da aşağı mərhələdən başlamalı idim. Amerikada yeni müdafiə edənlər kiminsə rəhbərliyi altında çalışmalıdırlar. Bundan başqa, ABŞ-da yeni sahədə işə başladım. Doğrudur, məni kimyaçı kimi dəvət etmişdilər, dərman maddələri üzərində çalışırdılar. Mən də kimyaçı kimi həmin dərman vasitələrini sintez edirdim. Bu prosesə də elmi maraq böyük olmur. Son olaraq sintez olunan dərman maddələrin təsir mexanizmini öyrənmək üçün yeni ixtisas─maddələr mübadiləsi ixtisasını öyrənməyə başladım.

─ İlk dəfə hansı institutda işlədiniz?

─ Ohayo ştatında yerləşən və elmi potensialına görə ən yüksək səviyyəli hesab olunan Klivlend “Case Western Reserve University”də çalışmağa başladım. Burada postdoktoral elmi əməkdaş, baş elmi əməkdaş, müəllim, professor assisteni kimi akademik karyeramı davam etdirdim. Bu proses on il çəkdi. Məşhur Klivlend klinikası da çalışdığım universitetin yaxınlağında yerləşirdi və arada əməkdaşlığımız da olurdu. Sonra klinikada qaraciyər xəstəlikləri üzrə elmi mərkəz yaratdılar və orada mənim çalışdığım sahəyə ehtiyac var idi. Klinika ilə əməkdaşlığım belə başladı. Bundan sonra artıq xəstəliklərlə bağlı araşdırmalar aparmalı oldum. Bilirsiniz ki, hərəkətsizlik, çox qida qəbulu və spirtli içkilər qaraciyərə mənfi təsir göstərir. Qaraciyərdə gedən piylənmə sonradan hepatosteatoz adlanan xəstəliyə çevrilir. Bu xəstəlik ABŞ-da çox geniş yayılıb, çünki, demək olar ki, əhalinin 30 faizə qədəri normadan artıq çəkiyə malikdir.

─ Bu, yəqin ki, yaşam tərzindən və mətbəxin zənginliyindən irəli gəlir?

─ Bəli, ilk növbədə yaşam tərzi burada böyük rol oynayır. Xüsusilə də hərəkətsizliyin bir çox xəstəliklərə yol açdığı məlumdur. Qida qəbuluna ciddi diqqət yetirmək lazımdır. “Biz nə yeyiriksə, oyuq” deyərlər. Sağlam qidalanırıqsa, deməli, sağlamıq və ya əksinə. Yağlı və şəkərlə zəngin qidalardan orqanizmə zərər daha çoxdur.

─ Hər dəfə Azərbaycana gələndə adamları necə görürsünüz? Şişmanlıq bizdə də varmı?

Azərbaycanda da köklüyə meyilliyin artdığını müşahidə etmək olar. 90-cı illərdə Bakıda şişman adam çox az idi. Ölkənin maddi vəziyyəti yaxşılaşan kimi, əhalinin bir qismində şişmanlıq problemi də baş qaldırdı. Qaraciyərdə yağ onun çəkisinin 5 faizinə qədər olmalıdır. Bir az şişman adamda bu rəqəm 30 faizə çata bilir. Həyat tərzi dəyişilərsə, bu faizi aşağı salmaq mümkündür. Əgər şişman adam vəziyyəti düzəltməyə çalışmırsa, qaraciyərindəki yağ sonradan iltihaba çevrilir.

─ Çox vacib sahədə çalışırsınız. Bəs bu müddət ərzində Azərbaycanın müvafiq orqanları ilə əməkdaşlıq etmisinizmi?

─ Əvvəllər Bakı Dövlət Universiteti ilə əməkdaşlıq edirdim. Amma, bu, uzunmüddətli əməkdaşlığa çevrilmədi. Bilirsiniz, ABŞ-a tələbə göndərilməsi vəsait tələb edir və bu məsələdə dövlətin köməyi lazımdır. Ancaq bir nəfər azərbaycanlı məzunu aldığım qrant sayəsində ABŞ-a dəvət edə bildim. İkincini də dəvət etmək istəyirdim, ancaq ona viza almaq mümkün olmadı.

─ ABŞ-dakı azərbaycanlı alimlərlə əlaqə saxlayırsınızmı?

─ Tez-tez görüşmək alınmasa da, əlaqə saxlayırıq. Doğrusu, təşkilatlanma baxımından qurum yaratmaq istəyirik. Ümid edirik ki, bu məsələ də həllini tapacaq.

─ Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəniz varmı?

─ Mənimlə əlaqə yaratmağa çalışıblar, o da Klivlend şəhərindəki “Mədəniyyətlər bağı” ilə əlaqədar olub. Bilirsiniz ki, məhz burada Con Rokfeller parkında “Mədəniyyətlər bağı” yerləşir. 40-dan çox ölkəni və mədəniyyəti təmsil edən peyzaj və heykəllərlə əhatə olunmuş unikal açıq hava muzeyidir. Dünyada yeganə olan bağda dünyanın əksər ölkələrinə aid sahələr var. Burada ərazinin təmsil etdiyi dövlətlərin tarixi ilə bağlı abidələr, tanıdıcı lövhələrlə zəngindir. “Mədəniyyətlər bağı”nda Azərbaycan guşəsi də var. Burada üstünə “Azərbaycan─Odlar Yurdu” yazılmış daş lövhə, milli birliyi əks etdirən böyük bir cam qoyulub, bağda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan bağı da 2008-ci il mayın 12-də açılıb. Milli bağımızın əsas abidəsi memar Xanlar Qasımovun yaratdığı “Ocaq” heykəlidir ki, kasavari abidənin büküklərində yerlə göyün çulğaşması əks olunub.

Xatırladım ki, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev Klivlend klinikasında müalicə olunarkən həmin parkla maraqlanıb. Ona məlumat verildikdən sonra Azərbaycan bağının da orada salınmasının məqsədəuyğun olduğunu bildirib. Amma həmin parkda bağı dövlət yaratmır, bu işi yerli icma nümayəndələri həyata keçirirlər. Onlar şəhər rəhbərliyinə müraciət edirlər və müvafiq araşdırmadan sonra bağın salınmasına icazə verilib-verilmədiyi barədə qərar qəbul olunur. O zaman da biz icma olaraq şəhər rəhbərliyinə müraciət etdik və çətinliklə də olsa, “Azərbaycan bağı”nın salınmasına icazə ala bildik. Nəyə görə çətin olduğunu deyirəm? Orada da ermənilər və onlarla yaxınlıq edənlər vardı və belə bir bağın yaradılmasını istəmirdilər. Ancaq şəhər rəhbərliyinə dedik ki, burada yaşayırıq və bizim də uşaqlarımız var. Biz də istəyirik ki, onlar azərbaycanlı olduqlarını bilsinlər və görsünlər ki, Azərbaycan xalqı, dövləti və irsi var. Sonda istəyimizə nail olduq. “Mədəniyyətlər bağı”nda tədbirlər təşkil olunur və hər bir xalqın nümayəndələri də öz bağlarında milli adət-ənənələrini, milli geyimlərini təbliğ edirlər. Ana vətənlərində dərc olunmuş kitabların, jurnalların sərgisini keçirirlər. Biz də həmin tədbirlər zamanı Qarabağa, Xocalı soyqırımına həsr olunmuş kitab, broşürlər nümayiş etdirir, milli adətlərimiz barədə məlumat verirdik. Onu da qeyd etmək istəyirəm ki, Türkiyədən olan qardaşlarımız bizi dəktəkləyirlər. Onların icması böyükdür. Bu yaxınlarda “Mədəniyyətlər bağı”nda tədbirdə də türklərlə birlikdə iştirak etdik. “Azərbaycan bağı”nın açılışında da türk icmasından 60- dan çox adam qatılmışdı.

─ Tahir müəllim, İkinci Qarabağ müharibəsinin əks-sədası okeanın o tayına necə yayılmışdı? Xəbərləri izləyə bilirdinizmi?

─ Əlbəttə ki, bütün azərbaycanlılar kimi, biz də böyük həyəcanla və qürur hissi ilə ordumuzun şücaəti barədə xəbərləri izləyirdik. Onu da deyim ki, Vətən müharibəsi zamanı “Azərbaycan bağı”na hücum olmuşdu. Hər bir bağın qarşısında lövhə olur və biz şubhələndik ki ermənilər avtomobil ilə həmin lövhəni sındırmışdılar. Eyni zamanda, avtomobil ilə bayraq dirəyini də zədələmişdilər. Biz polisə hadisə ilə bağlı şikayət elədik, səfirliyə məlumat verdik. Araşdırma apardılar, hadisəni törədənlər müəyyən edilmədi, ancaq şəhər rəhbərliyi sındırılmış lövhəni bərpa etdi. Mən belə bir vandalizmə yol verilməsi barədə orada azərbaycanlılardan da, yəhudi əsilli soydaşlarımızdan da imza topladım. İmzalanmış müraciəti yerli qəzetlərə, polisə, şəhər merinə göndərdik.

─ Həmin “Mədəniyyətlər bağı”nda ermənilərin də yeri var?

─ “Azərbaycan bağı” açılandan sonra ermənilər də əl-ayağa düşdülər. Orada yer alıb abidələrini qoyublar. Klivlenddə erməni çoxdur, orada hətta onların kilsəsi də var. İkinci Qarabağ müharibəsi zamanı bağımıza edilmiş hücumu istisna etsək, ermənilərlə aramızda hər hansı bir münaqişə qeydə alınmayıb. Bununla belə, müharibə zamanı ermənilər ABŞ-ın digər şəhərlərində Azərbaycana, Türkiyəyə qarşı vandal hərəkətlər etmişdilər. Türk restoranına hücum etdiklərini, yəqin ki, siz də bilirsiniz. Buna görə də, belə bir gərgin zamanda bizim bağa olunan hücumun arxasında ermənilərin dayandıqlarından şübhələndik. Dəlil-sübut olmadığından şəhər rəhbərliyi ancaq dəymiş zərəri aradan qaldırmaqla kifayətləndi.

─ Azərbaycanın Qarabağ Zəfərini necə qarşıladınız?

─ Gecə-gündüz müharibə xəbərləri ilə yaşadıq. Hər gün Azərbaycandan gələn xəbərləri oxuyurduq. Torpaqlarımızın azad olunması hər birimizdə qürur və sevinc hissi oyatdı. Qələbə xəbərini Nyu-Yorka gedərkən yolda eşitdim. Vətən müharibəsində Qələbəmiz hər birimizin qürur mənbəyi oldu. Zəfərimiz Qarabağ nisgilini ürəyimizdən sildi, buna görə çox xoşbəxtik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa diləyirəm. Biz də qalib xalqın nümayəndələri kimi, ABŞ-da Azərbaycanımızı layiqli təmsil etməyə çalışacağıq.

Müsahibəni apardı:

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur